Səmayə Məmmədova: “Mətbuat katibi medianı hiss etməli, jurnalistikanın mahiyyətini anlamalıdır”

 

GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNİN MƏTBUAT XİDMƏTİNİN RƏHBƏRİ BU FİKİRDƏDİR Kİ, ÇALIŞDIĞI QURUMUN RƏHBƏRLİYİNİN ETİMADINI QAZANMASI ONUN İŞİNƏ MÜHÜM TƏSİR GÖSTƏRİR

 

Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti şöbəsi nazirlik fəaliyyətə başladıqdan bir müddət sonra yaradılıb. Şöbənin əsas vəzifələri nazirliyin fəaliyyətinə dair məlumatları ictimaiyyətə çatdırmaq, mətbuat konfransları, brifinqlər, ictimaiyyəti daha çox maraqlandıran mövzular üzrə dəyirmi masalar və diskussiyalar təşkil etməkdir. Gənclər və İdman Nazirliyi rəhbərliyinin və digər məsul əməkdaşların KİV-də çıxışlarının təşkili, nazirliyin keçirdiyi tədbirlərdə mətbuat nümayəndələrinin iştirakının təmin edilməsi də şöbənin əsas vəzifələrindəndir.

2007-ci ildən Gənclər və İdman Nazirliyinin mətbuat xidməti şöbəsinə tanınmış jurnalist Səmayə Məmmədova rəhbərlik edir. S.Məmmədova Bakı Slavyan Universitetinin filologiya fakültəsini bitirib. 1999-cu ildən 2003-cü ilə qədər “Space” telekanalında çalışıb. 2003-cü ildən 2004-cü ilə kimi Vergilər Nazirliyinin piar şöbəsində, 2005-dən 2007-ci ilə kimi isə Səhiyyə Nazirliyinin mətbuat xidməti şöbəsində fəaliyyət göstərib.

S.Məmmədovanın sözlərinə görə, Gənclər və İdman Nazirliyi mətbuatın maraq dairəsində olan nazirliklərdən biridir. Mütəmadi olaraq KİV-lərə nazirliyin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumatlar verilir. Nazirlik tərəfindən təşkil olunan bütün tədbir və mətbuat konfranslarına ölkədə fəaliyyət göstərən bütün KİV nümayəndələri dəvət olunur: “Mənim üçün çox xoş olur ki, mətbuat nümayəndələri bizimlə əməkdaşlıqdan məmnunluqlarını daim dilə gətirirlər. Mətbuat nümayəndələri bildirirlər ki, nazirliyin fəaliyyəti ilə bağlı onları maraqlandıran bütün suallar hər zaman vaxtlı-vaxtında mətbuat xidməti tərəfindən cavablandırılır. Nazirliyin digər şöbələrinin fəaliyyəti haqda da mətbuat xidmətinin vasitəsilə məlumat əldə etmək mümkün olur. Mən çalışıram ki, mətbuat nümayəndələri tərəfindən mənə ünvanlanan sualları cavabsız qoymayım”.

Mətbuat katibi deyir ki, o çalışır ki, Gənclər və İdman Nazirliyinin bütün məlumatlarını KİV-lə yanaşı sosial şəbəkələr vasitəsilə də yayılsın: “Elə insanlar var ki, imkanı yoxdur mütəmadi olaraq qəzetləri izləsinlər, agentliklərin yaydığı məlumatları oxusunlar. Ancaq bu gün insanların çoxu Facebook istifadəçisidir. Facebook istifadəçilərinin çoxu dostlarının səhifəsinə yerləşdirdiyi məlumatı avtomatik olaraq oxumaq şansı əldə edir. Bu gün sosial şəbəkələrdən istifadə edən gənclərin sayı həddən ziyadə çoxdu. Bu gənclərin böyük əksəriyyəti də xəbərləri sözügedən şəbəkələrdən əldə edirlər. Bütün bunları nəzərə alıb mən nazirliyin bütün məlumatlarını sosial şəbəkələrdə yerləşdirirəm. Çalışıram ki, sosial şəbəkələr vasitəsilə yeni məlumatları, nazirliyin fəaliyyətini, həyata keçirdiyi layihələri insanlara çatdıram. Biz gənclər arasında hansısa bir müsabiqə elan edəndə sözügedən müsabiqə haqda ətraflı məlumatı Gənclər və İdman Nazirliyinin internet səhifəsində yerləşdiririk. Mən eyni zamanda müsabiqə barədə sosial şəbəkələrdə də məlumat verirəm. Sosial şəbəkələrin əhatə dairəsi geniş olduğundan nazirliyin elan etdiyi müsabiqə barədə daha çox insan xəbərdar olur. Əməkdaşlıq etdiyim qəzetlərin, agentliklərin sayını artıram. Telekanallarla, radiolarla əməkdaşlığımı genişləndirirəm. Mənim üçün çox maraqlıdır ki, radiolarda da bizim xəbərlər yayımlansın. Çünki radio əhalinin çox böyük hissəsini özünə cəlb edir. Televiziya izləmək imkanı olmayan insanların çoxu radioya qulaq asır, orada səslənən bütün xəbərləri dinləyir. Bu səbəbdən də radiolarla əməkdaşlığımı daha da genişləndirməyə çalışıram. Bu gün online TV- lər də çox böyük professionallıqla fəaliyyət göstərir və həddən ziyadə böyük tamaşaçı auditoriyası var. Məsələn, mən özüm hansısa bir əcnəbi ölkədə olduğum zaman ölkədə baş verən prosesləri agentliklər vasitəsi ilə yanaşı, eyni zamanda online tv vasitəsi ilə də əldə edə bilirəm. Odur ki, daim işimdə hər bir yenilikdən bacardığım qədər yararlanmağa çalışıram”.

S.Məmmədovanın dediyinə görə, mətbuat katibinin mediaya olan münasibəti çox önəmli faktorlardan biridi. Əgər mətbuat katibi medianın önəmini, dəyərini anlayırsa, bu çox təqdirəlayiq haldır: “Mətbuat katibi medianı hiss etməli, jurnalistikanın mahiyyətini anlamalıdı, monitorinq aparmağı, ona verilə biləcək sualları öncədən hiss etməyi bacarmalıdır. Mətbuat katibinin nazir, nazir müavinləri və digər rəsmlərlə münasibəti də çox önəmli faktordur. Əgər mətbuat katibi nazirlə və nazirliyin digər rəsmləri ilə münasibətləri normal şəkildə qurubsa, şöbələr tərəfindən məlumatlar ona vaxtında ötürülürsə bu zaman heç bir problem yaranmır. Mətbuat katibinin birbaşa çalışdığı şəxsin mətbuata olan münasibəti də önəmli faktorlardan biridir. Əgər nazirin özünün mətbuata xoş münasibəti varsa, nazir özü mətbuatın işinin önəmini, dəyərini bilən adamdırsa bu zaman təbii ki, mətbuat katibinin işi yüngülləşir. Bu barədə mənim heç bir problemim yoxdu. Gənclər və idman naziri Azad Rəhimovun mətbuata, mətbuat nümayəndələrinə münasibəti çox yüksəkdir. A.Rəhimovun mətbuata münasibəti yaxşı olduğu kimi mətbuat xidmətinə də münasibəti müsbətdi. Fikrimcə, mətbuat katibi çalışdığı rəhbərliklə mətbuat arasında yaxşı münasibət qurmalıdır ki, mən də daim buna çalışmışam”.

S.Məmmədova vurğulayıb ki, o, mətbuat katibi kimi mətbuat nümayəndələri ilə əməkdaşlığa çox böyük önəm verir: “Bəzi mətbuat katibləri belə bir fikir işlədirlər ki, mətbuat nümayəndələrindən o qədər zənglər gəlir, bu səbəbdən də onların boş vaxtı olmur. Zənglərin çoxluğu onları narahat edir. Mənə hələ də bu faktor aydın deyil ki, mətbuat katibinin mətbuatdan başqa hansı işi ola bilər. Əgər mətbuat katibinin mətbuata ayırmağa vaxtı yoxdursa, onda bu adam bəs nə işlə məşğuldur? Mətbuat katibinin əsas işi daim mətbuatla əlaqə saxlamaq, mətbuatı maraqlandıran suallara cavab verməkdi. Mətbuat katibinə mətbuat nümayəndələri səhər saat 8-də zəng vura bilərlər, gecə saat 11-də də. Mən Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışanda quş qripi virusu geniş yayılmışdı. Mətbuat nümayəndələri hətta gecə saat 12-də də mənə zəng edib münasibət öyrənirdilər. Xarici ölkələrdən gecə saat 3-də zəng edib məlumat ötürürdülər. Mən telefonu söndürüb deyə bilmərəm ki, 7-dən sonra zəng edib məni narahat etməyin. Hesab edirəm ki, mətbuat katibi mətbuata daim açıq olmalı və ona edilən bütün zənglərə cavab verməlidir. Bu onun vəzifə borcudur. Mən mətbuatla işləməkdən, münasibət qurmaqdan, əməkdaşlıq etməkdən zövq alıram. Mən özüm də vaxtilə mətbuat işçisi olmuşam. Mətbuatda gələn insan mətbuatı daha yaxşı anlayır, onlara konkret hansı məlumatın lazım olduğunu bilir. Onlara daha çox önəm, dəyər verir. Mən məlumatın mətbuata ötürülməsi strategiyasını bilirəm. Əgər mətbuat katibi mətbuatı lazımi məlumat vaxtında təmin edə bilirsə, mətbuatla əlaqələri açıq şəkildə qurubsa bu zaman heç bir problem yaranmır. Mətbuatda mən sözün əsl mənasında yaxşı dostlar tapmışam. Mən onlardan çox maraqlı məlumatlar öyrənirəm. Çünki biz nazirlikdə oturub burda baş verənləri ictimaiyyətə çatdırırıq. Ancaq onlar daim hadisələrin içindədirlər və bir çox insanlarla ünsiyyətdə olurlar. Mən hər zaman çalışıram ki, tədbirlər zamanı mətbuat nümayəndələrinin yanında olum. Onlarla ünsiyyətdə olan zaman dünyada, cəmiyyətdə baş verən hadisələrlə bağlı çox maraqlı məlumatlar əldə etmək olur. Mətbuat nümayəndələri müəyyən məsələlərlə bağlı çox maraqlı ideyalar verirlər. Mənim işim mətbuatla, mətbuat nümayəndələri ilə münasibətlərin daha yüksək səviyyədə qurulmasına nail olmaqdır. Nazirliyin mətbuat katibi kimi mətbuat nümayəndələri ilə münasibətləri yüksək səviyyədə qurmağabu münasibətləri qoruyub saxlamağa çalışıram. Heç kəs heç bir işdə əbədi deyil, bunu nəzərə almaq lazımdır. Bunu ona görə demirəm ki, mən televiziyadan gəlmişəm və yenidən televiziyaya qayıda bilərəm. Yox. Sadəcə həyatda hər şey ola bilər. Ancaq insan gərək ucalanda da gəldiyi yerə qayıdanda da simasını itirməsin. Əgər sən əvvəllər televiziyada, qəzetdə, agentlikdə çalışmısan, hazırda isə mətbuat xidməti işləyirsənsə dünənini unutmamalısan. Mətbuat nümayəndələri ilə münasibətdən, onlarla ünsiyyətdən qaçmamalısan. Çünki yenidən mətbuatda çalışmaq məcburiyyətində qala bilərsən. İnsani keyfiyyətləri, insani münasibətləri itirmək olmaz”.

Mətbuat katibi deyir ki, əməkdaşlıq etdiyi jurnalistlərin peşəkarlıq səviyyəsi onu qane edir: “Mən həmişə deyirəm ki, pis, yaxşı jurnalist yoxdur. Sadəcə işini sevən və sevməyən jurnalist var. O jurnalist ki, həqiqətən bu sahəni sevir, bu sahədə inkişaf etmək istəyir bu çox dəyərli jurnalistdi. O jurnalist ki, bu sahəni maliyyə qazancı əldə etmə üçün seçib, belə insanla ünsiyyətdə olmaq, onunla işləmək yersizdir. Çox sevinirəm ki, mənim ətrafında işinin öhdəsində layiqincə gələn, bu sahəni sevən jurnalistlər toplaşıb. Mən çox rahatlıqla, əminliklə əməkdaşlıq etdiyim jurnalistlərlə əlaqə yaradıb deyirəm ki, biz yeni bir layihə həyata keçiririk və istəyirəm ki, bu layihə haqqında ictimaiyyətə ətraflı məlumat verilsin. Təbii ki, bu mənim üçün önəmlidir ki, KİV-də bu layihə haqqında məlumat getsin. Amma mən bilirəm ki, əməkdaşlıq etdiyim mətbuat nümayəndələri buna böyük maraqla yanaşacaq. Böyük maraqla yanaşdığı halda təbii ki, yazı da çox maraqlı alınacaq. Ona görə çalışdığım jurnalistlərin bilik səviyyəsi, intellektual səviyyəsi, eyni zamanda işə, mövzuya yanaşması mənim üçün çox önəmlidir. Sevindirici fakt ondan ibarətdir ki, yerli KİV ilə yanaşı ölkəmizə təşrif buyuran əcnəbi jurnalistlər də daim gənclər və idman sahələrinə böyük maraqla yanaşırlar. Təbii ki, bu faktorların kökündə idman və gənclər sahəsində gedən inkişaf durur”.

S.Məmmədova bildirib ki, nazirliyin mətbuat katibi olmaq olduqca məsuliyyətli bir işdi: “Mən televiziyada müəllif, aparıcı, müxbir kimi fəaliyyət göstərmişəm. Mən televiziyada müxtəlif mövzular üzərində çalışırdım. Hər biri də biri-birindən fərqli, biri-birindən yaradıcı. Çalışırdım ki, aparıcı kimi öz üzərimdə çalışım, yeniliklər edim. Müəllif proqramlarımda həm dokumental nöqteyi-nəzərdən, həm mövzu nöqteyi-nəzərdən yeni yanaşmalar olsun. Bütün bunlar təbii ki, yaradıcılıq tələb edirdi. Dövlət qurumunda çalışmaq isə bir qədər fərqlidir. Burdakı işim məndən çox böyük məsuliyyət tələb edir. Nazirliyin mətbuat katibi olmaq çox məsuliyyətli bir işdir. Burada sən nazirliyin mətbuatla bağlı işlərinə cavabdeh bir şəxssən. Televiziyada olanda efirə və hazırladığım materiala cavabdeh idinsə, burada böyük bir şöbənin işinə cavabdehsən. Düzdü televiziya işinin öz məsuliyyəti var idi. Proqramı diqqətlə izləyənlər var, efirdə gedən materiala görə aparıcı həm tənqid oluna həm də təriflənə bilər. Ancaq nazirlikdəki işim məndən daha böyük məsuliyyət tələb edir”.S.Məmmədovanın sözlərinə əsasan, Gənclər və İdman Nazirliyi tərəfindən görülən işlər, həyata keçirilən layihələr, tədbirlər hər zaman mətbuat nümayəndələri tərəfindən ətraflı işıqlandırılıb: “Düzdür, nazirliyin məlumatlarının KİV-də işıqlandırılma səviyyəsi məni qane edir. Qəzetlərə göndərdiyim bütün materiallar çap edilir, agentliklərə göndərdiyim məlumatlar dərhal saytlarda yerləşdirilir. Televiziya və radioların xəbərlər proqramında da bizim məlumatlar yer alır”.

S.Məmmədova bildirib ki, media ilə uğurlu əməkdaşlıq qurmaq üçün mətbuat katibi səmimi, öz işinə dəyər verdiyi qədər çalışdığı jurnalistlərə də böyük diqqət və hörmətlə yanaşan, Azərbaycan dilini , müxtəlif məlumatların əldə olunması, çalışdığı sahədə baş verən yenilikləri, dünya təcrübəsini öyrənməsi üçün digər əcnəbi dilləri də bilən, ünsiyyətcil, daim öz üzərində çalışan, mütaliə sevən, daim yeni ideya və layihə təkliflərilə zəngin bir insan olmalıdır: “Mətbuat katibi Azərbaycan dilini mükəmməl bilməlidir ki, mətbuata məlumatı ötürərkən, press-reliz hazırlayarkən səhvə yol verməsin. Çalışdığı dövlət qurumunda mətbuat katibinə inamın, etibarın olması da çox vacibdir. Nazirliyin digər şöbələrində çalışan əməkdaşların mətbuat katibinə etibarı olmalıdır ki, hazırladıqları məlumatları ona ötürsünlər. Mən mətbuat katibləri görmüşəm ki, onlar əməkdaşlıq etdikləri jurnalistləri üzdən tanımırlar. Hətta əməkdaşlıq etdikləri qəzetlərin televiziya, radio, agentlik və qəzet rəhbərlərini tanımayan mətbuat katibləri də var. Fikrimcə, mətbuat katibi əməkdaşlıq etdiyi bütün jurnalistlərlə birbaşa ünsiyyətdə olmalıdır. Necə ola bilər ki, mətbuat katibi məlumatı göndərdiyi, müsahibə verdiyi jurnalisti üzdən tanımasın. Mətbuat katibinin əməkdaşlıq etdiyi jurnalisti üzdən tanımasının başqa özəlliyi var. Mətbuat katibinin mütaliəli olması da çox vacibdir. Danışıq zamanı, fikirlərin çatdırılması zamanı mütaliə önəmli rol oynayır”.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.-2011.- 24 avqust.- S.2.