ORALARDA KİMLƏR
VAR: YAZAR AİLƏLƏR
Publisist Rəsul
Mirhəşimli - publisist Səadət Cahangir
Bu işin müxtəlif tərəfləri
var.Bir ailədə eyni sənət və eyni iş
adamlarının öz aralarında dil tapması və sakit
günlər yaşaması məncə bir o qədər də
asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri
olanda yanlışlar o saat aradan götürülə bilir.Vay
o gündən ki, bizim bu günlərin yazar ailələri
kimi olasan və işlərin də yağ kimi gedə.Ən
azından mənəvi təsəlli tapmasanız da, maddi durum
heç zaman yetər dərəcədə ola bilməyib məncə.
Bunu mən apaydın bilirəm.Amma bir-birini başa
düşmək baxımından bunun həm də zor tərəfləri
də var.Xatırlayıram: dünyaca məşhur yazarlardan
birindən soruşublar ki,sizin üçün ən acı,ən
ağır olan nədir? Deyib : ən çox ona yanıram ki,
mənim bu uzun ömrüm boyu nə işlə məşğul
olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib :
çünki mən ingilis dilində yazdım anam isə
ingilis dilində heç bilmədi.
Şükürlər Allaha ki, mənim
bu proyektimin sahibləri nə işlə məşğuldular
özləri də bilirlər.Və düşünürəm
ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma
bunların da ən qorxulu tərəfi, birinin
yazısını o birisi bəyənməməsi və
inkarlığıdır.
Bir oğlan uşağı var: – Mirəli,
Bakı Slavyan Universitetinin 3-cü kurs tələbəsidir.
Sual: Yuxarıdakı mənim təxminim
olan “Belə mehriban ailələrdən biri” ifadəsinə
münasibətiz?
Səadət: – Tolstoy deyir ki,
bütün xoşbəxt ailələr bir-birinə bənzəyir,
hər bədbəxt ailənin isə özünə məxsus
bir səbəbi var. Şübhəsiz, bir ailəni idarə
etmək bir dövləti idarə etməkdən heç də
asan deyil. Həyatı çətinləşdirən də,
gözəlləşdirən də insanlar özləridir. Bu
mənada, qarşılıqlı anlaşma və hörməti
ailənin ömrünü uzadan əsas amillərdən hesab
edirəm. “Mehriban ailə” ifadəsinə gəlincə, əgər
fərqli mühitlərdə böyümüş insanlar həyatlarını
birləşdirdikdən sonra 20 il bir “dam altında” bərabərliyini
sürdürmüşsə, demək ki, onları bağlayan
bir çox önəmli ortaq nöqtələr var.
Rəsul: – “Mehriban ailə” ifadəsi, məncə,
ən xoşbəxt ailələr üçün şərti
anlayışdır. Necə ki, xoşbəxt ailə
anlayışı da şərti olduğu kimi. Çünki insan
ömrünü başdan-başa xoşbəxt yaşaya bilməz.
Xoşbəxtlik anlara bağlıdı. Bu anların çoxu
və azı ola bilər. Mehribançılıq da bu mənada
anlarla yaşanır. Əsas odur ki, bütün çətinlikləri
birlikdə müzakirə edib, anlaşıb
çözümünü tapmaqdır. Bizim ailədə bu mənada
mehriban ailələr siyahısına daxil ola bilər.
Sual: – İlk dəfə harada və nə
vaxt tanış olmusuz?
Rəsul: – Eyni rayonda
yaşamışıq. Elə rayonda da tanış
olmuşuq. Bir təsadüfdən doğan tanışlıq
20 illik ailə həyatının başlanğıcı
olub.
Səadət: – İyirmi il əvvəl
öz yaşadığımız rayonda tanış
olmuşuq.
Sual: – Ailə quranda sizə mane olan
vardımı?
Səadət: –Ailə quranda bizə
heç kəs mane olmayıb, əksinə dəstək verən
çox olub.
Rəsul: – Ailələrimiz bir-birini
tanıyırdı. Bu baxımdan seçimimiz ailələrimizi
də sevindirə bilə hadisəyə çevrilə
bilmişdi.
Sual: – Hər halda siz indiki həyat
yoldaşınızla evlənəndə bilirdiniz ki, o, da yazar
dünyasının insanıdır və
açığını deyək ki, bu jurnalist qadınlara
baxış bir az ayrı cürdür. Ortama baxıb bu
sualı verirəm.Məntiqsiz çıxırsa üzr istəyirəm.Mənə
elə gəlir ki,məni başa düşərsiz.
Səadət: –Əgər Azərbaycan
ictimai şüurunda hələ də bu düşüncə
qalırsa, çox təəssüf edirəm. Mən mətbuatla
orta məktəb illərindən əməkdaşlıq etməyə
başlamışam. Anam Qarabağda məşhur olan
Cavanşirlər nəslindəndir və onun ulu babaları
şair Məhəmməd bəy Aşiq və Əbüssəməd
bəy Aşiqin xan qızı Natəvan, Ağabəyim
Ağa kimi yazar qadınlarla yaxın qohumluğu var. Buna
görə də, həm böyüdüyüm ailədə,
həm də yaxınlıq etdiyim çevrədə bu sənətə
böyük hörmət olub. Eyni münasibət bu gün
öz ailəmdə də davam edir və nə vaxtsa onu
kölgələyəcək bir şey baş verəcəyini
düşünmürəm. Məncə, insanların əxlaqi
dəyərlərini birmənalı olaraq onların peşəsiylə
müəyyən etmək ən yanlış
düşüncədir.
Rəsul: – Cəmiyyətdə bu qədər
mənasız düşüncə sahibləri varsa, onda həmin
xəstə təxəyyüllə müəllim, həkim və
s. peşə sahibləri olan xanımlara da eyni cür
yanaşa bilərlər. İnsan özünü əxlaqı,
düşüncəsi, həyata baxışları ilə
ucaldıb, alçalda bilər. Peşənin insan əxlaqında
neqativlər yarada biləcəyini düşünən
insanların psixologiyasında ciddi problemlər var.
Sual: – İlk uşağınız olana
qədərki dövrlə, uşaq doğulandan sonrakı vaxt
nə ilə fərqlənir?
Rəsul: – Ailədə övladın
dünyaya gəlməsi sevgi payının bölüşə
biləcəyin ailə fərdinin birinin də artması deməkdir.
Hər şey paylaşdıqca azalır, amma ailə
içində sevgi bölüşdükcə artır. Biz də
bu mənada əlimizdə olanları
paylaşmışıq.
Səadət: –Məncə, övlad
dünyaya gələnə qədər ailə daha sərbəst
və qayğısız olur. Övlad doğulduqdan sonra isə
məsuliyyət, qayğı və yük artır. Amma
şübhəsiz ki, bu, insana zövq verən bir məsuliyyət
yüküdür.
Sual: – Çox vaxt siz ikiniz də evdə
olmursuz. Belə vaxtlarda uşağınıza kim baxır və
ya baxardı, vaxtı necə bölürsüz?
Səadət: –Uşağa baxmaq hər
zaman mənim öhdəliyim olub, amma bu işdə bizə
analarımızın çox köməyi dəyib. Allah
onlardan razı olsun!
Rəsul: – Bu məsələdə daha
böyük yük Səadətin üzərində olub.
Sual: – Ən çox incik
gününüz nə vaxt olub? Nə üstündə?
Küsəndə necə barışırsız?
Səadət:-Mən küsməyi
bacarmıram, inciyən zaman da o incikliyi içimdə
saxlayıb, üstündən keçməyə
çalışıram. Nə zaman çox incidiyimi həqiqətən
xatırlamıram.
Rəsul: – Bizim aramızda olan inciklik ailəni
sarsıdacaq problemlərə yol açmayıb. Bunun da səbəbi
bir çox məsələlərə eyni cür
yanaşmağımızdan irəli gəlir. Xarakterimdə
güzəştə getmək istəkləri o qədər də
geniş miqyası əhatə etməsə də, bir
çox məsələdə güzəştə getməyi
bacarıram.
Sual: – Yaradıcılıq və
uşağınızın tərbiyə məsələsini
necə qurmusuz? Uşağınızla vəya
uşaqlarınızla çoxmu vaxt keçirirsiz?
Səadət: –Nə olur-olsun,
uşağın tərbiyə məsələsini heç
vaxt arxa plana keçirməmişəm. Çox olmasa da,
oğlumla normal vaxt keçirməyə həmişə
imkanım olub.
Rəsul: – Uşağın tərbiyəsinə
münasibət bildirənlər deyirlər ki,
çalışın övladlarınıza
uyğunlaşın, övladınızı özünüzə
uyğunlaşdırmağa çalışmayın. Biz bir
çox məsələdə övladımıza istiqamət
verməyə çalışmışıq. Nəticəni
özü çıxara bilən övladlar sonradan cəmiyyətdə
uğur qazana bilirlər.
Sual: – Həyat yoldaşınızdan bir
ana və bir qələm sahibi kimi razısızmı?
Rəsul: – İnsan razı
qalmadığı insanla 20 il bir yerdə yaşaya bilməz.
Qələm sahibi kimi isə Səadəti təkcə mən
dəyərləndirmirəm. Onun jurnalistlik istedadına bir
çoxları qibtə edə bilərlər.
Sual: – Siz necə?
Səadət: –Razıyam.
Sual: – Ailə
qayğılarınızı necə
bölüşürüz?
Səadət: –Tipik Azərbaycan ailələrində
olduğu kimi.
Rəsul: – Etiraf edim ki,
qayğıların çoxu Səadətin üzərinə
düşür.
Sual: – İkili imzayla yazınız
çıxıbmı və bu yazı nə yazıdı?
– Belə yazı olmayıb.
Sual: – Ailəvi bayramlarınız
hansılardı və onu kimlərlə keçirirsiz?
Səadət: –Adətən milli
bayramlarımızı ailə bayramları kimi
yaxınlarımızla qeyd edirik.
Sual: – Xanım əfəndi Siz həyat
yoldaşınızdan nə soruşmaq istərdiz?
Səadət: – Onsuz da nələrisə
bir-birimizdən soruşuruq...
Sual: – Bəyəfəndi, Siz
Xanımınızdan nə soruşmaq istərdiz?
Rəsul: – Soruşmaq istədiklərimi
hər gün soruşuram. Çalışıram ki,
soruşduqlarımı ictimailəşdirməyim.
Tofiq ABDİN
525-ci qəzet.-
2011.- 27 avqust.- S. 23.