Flora Xəlilzadə: “Mətbuata
sənət kimi, mənəvi
ehtiyacları ödəmə mənbəyi kimi
baxmalıyıq”
“MƏTBUATIMIZIN
UĞURLU GƏLƏCƏYİ ÜÇÜN BU SAHƏYƏ
GƏLƏNLƏRİN ƏSL PEŞƏKARLAR OLMASI VACİB
ŞƏRTDİR”
“Balıq susuz yaşaya bilmədiyi kimi,
mən də jurnalistikasız yaşaya bilmərəm. Bəziləri
deyir ki, bu sənəti seçməkdə səhv edib.
Jurnalistika doğrudan ağır peşədir. Amma
düşünürəm ki, mən yalnız bu sənətdə
olmalı idim. Həmişə sənətimlə fəxr
etmişəm. Çünki mənə oxucu məhəbbəti,
ehtiram gətirən, məni tanıdan, dünyanı
dolandıran bu sənət olub”. Bu fikirlərin müəllifi
– tanınmış jurnalist, Azərbaycan Yazıçılar
Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Tərəqqi”
medalı və digər mükafatların laureatı
hazırda “Azərbaycan”qəzetində mədəniyyət
şöbəsinin müdiri işləyən Flora Xəlilzadə
ömrünün nə az, nə çox düz 40 ilini sevdiyi
sənətinə həsr edib.
Jurnalist fəaliyyətinə rəsmən
1978-ci ildə, Bakı Dövlət Universitetini bitirdikdən
sonra “Azərbaycan təbiəti”jurnalından başlasa da,
imzası tələbəikən tanınır və oxucular tərəfindən
sevilirdi.
Flora xanımın məqalələri
orta məktəbdə oxuyandan mətbuatda çap olunub. Deyir
ki, kənddə baş verən hər hansı hadisə,
bulağın açılması, yol çəkilməsi barədə
qəzetə məqalələr yazıb. O zaman Bakı
Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil
olmaq istəyənlərdən yaradıcılığı əks
etdirən məqalələr tələb olunurdu. Həm də
bu səbəbdən Flora xanım orta məktəbdən
yazmağa başlayıb.
“Özümü Məmməd Araz məktəbindən
çıxmış hesab edirəm. Hər dəfə bunu
deyəndə çox xoşbəxt oluram. Universiteti bitirəndə
təyinatımı “Azərbaycan müəllimi”qəzetinə
vermişdilər. Amma orda yer olmadığı
üçün əmək fəaliyyətinə “Azərbaycan
təbiəti” jurnalından başladım. Əvvəl burda
redaktor Həsən Əliyev, sonra isə Məmməd Araz
oldu. Sonra “Azərbaycan müəllimi”ndə yer oldu və mən
bu qəzetə qayıtdım. 15 il burda işlədim,
dövlət müstəqilliyimizi qazandıqdan sonra
böyük Üzeyirdən yadigar qalan “Azərbaycan” qəzeti
bərpa edildi və böyük məmnuniyyətlə burda
işə başladım. 96-cı ildə “Azərbaycan
qadını” jurnalında redaktor işlədim, amma 98-ci ildə
yenidən “Azərbaycan” qəzetinə qayıtdım.
Bacım
kitabxanaçı olub, mən də ömrü boyu kitaba bağlı olmuşam,
oxumağa meylim çox güclü olub. Evimizdə, ailəmizdə, nəslimizdə
iki mənəvi işıq var idi: Qulu
Xəlilov və Məmməd Araz.
Onların mənəvi işığını tutub, sözün həqiqi
mənasında bu sənəti sevib, seçib gəlmişəm.
Baxmayaraq ki, son illər Azərbaycan mətbuatı çox çətinliklərdən keçdi. Yəni bura
qeyri-peşəkarlar səlib yürüşü
etdi. Amma mən həmişə
Əzizə Cəfərzadənin gözəl sözlərini
xatırlayıram. O deyirdi ki,
sel gələndə əvvəlcə çör-çöp gətirir, sonra durulma gedir,
nəhəng köpüklər gəlməyə
başlayır. Bu mənada mən o durulmanı gözləyirəm. Jurnalistika yeganə sahədir ki,
mənə dənizi xatırladır. Heç
zaman dəniz tullantını öz sinəsində saxlamaz.
Həmişə onları öz ləpələri
vasitəsilə kənara atır. Jurnalistika
da belədir, həqiqi sənəti
saxlayır, o birilərini atır. Bu mənada arxayınam ki,
jurnalistikamız durulacaq. Çünki
öz nöqsanını deməyi bacaran bir sənət
mütləq durulmalıdır. Mən sənət
deyirəm, ona görə ki,
jurnalistikaya peşə deyəndə mənim
acığım tutur. Əgər jurnalistika ədəbiyyatla əkizdirsə,
yaşıddırsa, əgər mən hardasa
qaranlıqda qalan böyük
bir xadimin həyatını
araşdırıramsa, onun
yaradıcılığı haqqında öz
sözümü deyirəmsə,
kölgədə qalan insanın həyat
və fəaliyyətini üzə çıxara bilirəmsə,
bu, sənətdir. Əksinə, bir də görürsən ki,
hansısa hadisə baş verib,
xəbər çatdırırsan, onda bəzəyə-düzəyə
ehtiyac yoxdur. Jurnalistika çoxşaxəlidir, burda artıq o peşəyə
yönəlir”.
“HƏR KƏSƏ SAĞLIĞINDA
QİYMƏT VERİLMƏLİDİR”
Sovet dövrü ilə
müstəqillik dövrünün
jurnalistikasını müqayisə edən Flora
xanım deyir ki, jurnalistika sovet
dövründə müəyyən diktələrə, qayda-qanunlara tabe idi: “Onda qəzet, jurnal azlığı var idi, jurnalist də öz yerində idi. Jurnalistikaya təsadüfi adamlar
deyil, peşəkarlar gəlirdi.
İçində vətənpərvərlik, milli
təəssübkeşlik olan, həqiqəti
deməyə meyilli olanlar
sözü elə ustalıqla işlədirdilər
ki, nəsə deyə bilərdilər. O dövrdə qəzet səhifələrində pafoslar, ritorikalar,
yalançı şüarlar olub, bunlar öz
yerində, amma publisistika
da yaranırdı. Səyavuş Sərxanlı,
Yusif İsmayıl, Məmməd Aslan, Şahmar Əkbərzadə,
Müşfiq Dadaşovun,
Rizvan Cəbiyevin o
dövrdəki yaradıcılığını necə atmaq olar? Onlar publisistikamızın şah
əsərlərini yaradıblar. Yəni həqiqətləri
deyə bilərdilər. Bizim böyük ədəbiyyatımız da, təhsilimiz də, hamısı sovet dövründə yaranıb. O dövrün üzərindən xətt
çəkmək olmaz. Onun
yaxşı cəhətlərini bu gün də inkişaf
etdirmək lazımdır. Bu gün isə sanki bir anarxiya var.
Bu qədər qəzet bolluğunun
içərisində, bəzən 40 il
çalıb-çağıran qalır kənarda, dünən
mətbuata gəlib 2-3 yazı ortaya
çıxarmayan, ali təhsili tamamlanmayan, jurnalistikanın hərfindən
başı çıxmayana adlar, təltiflər
verilir. Mən Ali Media mükafatını aldım. Buna görə çox təşəkkür
edirəm. Düzdür, ətrafımdakı
dostlarım bir qədər
sıxıldılar. Allaha əllərini tutub yalvarırdılar ki,
mənim adım üçüncü dərəcənin
içində çıxmasın. Mən onların həyəcanını
başa düşürdüm”.
Flora xanıma görə, hər bir jurnalistin qabiliyyətindən,
səviyyəsindən, dünyagörüşündən, öz arzu-istəyindən və çalışdığı
qəzetin profilindən, şöbəsindən asılı olaraq, həyata keçirməli olduğu missiyaları var.
“Görünür ədəbiyyata
bağlılığımdan irəli gəlib ki, mən mətbuata gələndən ədəbiyyat,
mədəniyyət sahəsində olmuşam.
Bəlkə də
JURNALİSTİKA MƏNİ
YAZIÇILIQDAN, ŞAİRLİKDƏN KƏNARDA SAXLAYIB.
Sırf jurnalistikaya bağlandım. Gözəl
ziyalımızı Qəzənfər Paşayevin
bir sözü var, təvazökarlıqdan uzaq
olsa da, onu xatırlatmaq istəyirəm. Qəzənfər
müəllim deyir ki,
siz jurnalistikamızda bədii
publisistikanın banilərindən birisiniz.
Bu söz o qədər xoşuma gəlib.
Ömrümdə tərifi sevməmişəm. Amma xoş söz
elədir ki, adamın ürəyindən tikan çıxarır. Sevinirsən ki, deməli. sənin yazıların hədəfə
tuşlana bilib. Hər
bir jurnalistin öz missiyası var. Mən
mədəniyyətlə, ədəbiyyatla bağlı olsam da, eyni
zamanda bir vətəndaş
olaraq torpaqlarım işğal
olunub, qaçqın, köçkünüm
var. Mənim sinəmdə doğulduğum
yurdun dərdi, həsrəti
yaşayır. Bunlar da
yazılarıma təsir edir, bunlar mənim ağrı-
acılarımdır. Çox istəyərdim
ki, biz o
dərdlərdən azad olaq”.
Flora xanım həyatda hər şeyi misqal-misqal
qazandığını söyləyir: “Deyə bilmərəm
ki, hansısa yazım bomba
kimi partladı və buna
görə tanındım. Mənim birdən
qazandığım uğur 94-cü ildə
baş verdi. Həmin il Türkiyə Diyanet
Vaqfının türkdilli xalqlar
arasında keçirdiyi “Peyğəmbərin
nəthi” (tərifi) yarışmasında Türkiyədə
beynəlxalq mükafat aldım. Baxmayaraq ki, orta məktəbdən mətbuatda çap olunurdum, amma 94-cü ilə qədər heç bir mükafat almamışdım, təltifim yox idi.
Mən maraq üçün 100
misralıq bir şeir
göndərdim, bir ay
sonra Türkiyə səfirliyindən dəvətnamə
aldım ki, müsabiqədə yer tutmuşam. Bu mənim üçün
ikiqat sevinc idi. Çünki ilk mükafatı Məhəmməd Peyğəmbərin
adı ilə aldım. Həmin ilin sonunda isə Məmməd Arazın
yaradıcılığı ilə bağlı publisistik yazıma görə mükafat
aldım. Hər iki mükafatımın Məhəmməd
adı ilə bağlı olması mənə çox qeyri-adi təsir
bağışladı. Ondan sonra “Qızıl qələm”, Həsən bəy
Zərdabi mükafat və
başqalarını aldım”.
Həmkarımız
deyir ki, insanın əməyinə,
zəhmətinə qiymət verilməyəndə həmişə
onun içində bir
qırılma olur: “Yəni təkcə özünün deyil, ailənin,
uşaqların da önlü
qırılır ki, nədən
anamız yada düşməsin. Koroğludan gəlmə və mənim dilimin əzbəri olan bir deyim var:
“100 il köhlən atı çapdım
beləcə, amma bir
yapıcan mənzil keçmədim”. Bu giley deyil, həyatım budur. Mən şikayət edəcək insan deyiləm. Daxilən azad
və güclü insanam.
Amma daxilən azad və
güclü olmaq sən
demə hələ çox şeyi həll etmir”.
Mən nə
yazdığını və necə yazdığını
bilən adamam və bir
devizim var:
QƏRƏZİN, BÖHTANIN VƏ
MƏDHİYYƏNİN ƏLEYHİNƏYƏM.
Əgər tənqid
edirəmsə, o obyektiv
bir tənqiddir, orda qərəz
olmamalıdır. Yaxud tərif edirəmsə,
o da doğru
tərifdir, oxucunun etiraz
etməyə yeri olmalı deyil
ki, bu mədhiyyədir,
tərif etdi”. Flora
xanım deyir ki,
oxucuların onun yazılarına reaksiyaları,
yazdıqları məktublar da bunu göstərir. “Məktublar
bəzən məndə bir nostalgiya hissi yaradır ki, hələ də məktub yazmaq
varmış. Mən çox vaxt fikirləşirdim ki,
yəqin daha məktublar öləcək.
Çünki İnternet
bir kənara, qoyaq, ən
primitiv şəkildə mobil
telefon var və mesaj göndərmək çox
asandır. Mən isə məktub alıram və onda fikirləşirəm ki,
bu mənim nəslimin nümayəndəsidir,
çünki cavanlar oturub məktub yazmaz. Mən
məktub yaza bilmirəm. Məktub
yazsaydım, anama, doğulduğum
kəndə – Zəngəzur mahalının Urud
kəndinə yazardım. İndi nə o kənd var, nə o ana. Ona
görə məktub yazmaq mənim üçün ən ağır bir cəza növüdür.
Doğmalarımı itirəndən sonra
məktub yazmıram. Amma məktub alanda sanki
keçmişimlə görüşürəm”.
Flora xanım həm də
yazıçıdır. Bu günə kimi 15 kitabı çıxıb. Bunların üçü şerlər, biri
uşaq hekayələri, qalanları publisistik kitablardır. “Yolum
düşə Zəngəzura” adlı tarixi-etnoqrafik
kitabının çox böyük
maraqla qarşılandığını bildirir: “Bu kitabı çox adam alır və
deyirlər ki, qəlbə daha
çox təsir edir,
çünki bədii üslubdadır. Jurnalistikaya aid isə yeddicildliyimi çapa hazırlayıram. Bunlar son 10 ildə yazdıqlarım olacaq. Birinci cild artıq
çıxıb və
“Yazdıqlarım” adlanır.
Mən onları məzmununa görə müəyyənləşdirib
bir yerə toplayıram. Məsələn, birinci cilddə ədəbiyyat və əbədiyyata aiddir.
İkincisi, mədəniyyət və mənəviyyat, üçüncüsü vətən haqqında, dördüncü
cild xarici səfərlərimə həsr
olunacaq. Bədii yazılarla
bağlı da bir kitab olacaq,
orda şer və hekayələr əks olunacaq”. F.Xəlilzadə çapa
o qədər can atmadığını,
şer yazmağın
onun üçün bir ürək pıçıltısı olduğunu
deyir.
40 illik jurnalist
fəaliyyətində yaradıcılığı,
qarşılaşdığı gözəl insanlarla, müəllimi Əzizə
Cəfərzadə ilə
bağlı silinməz
xatirələri var. “Əzizə
Cəfərzadə ilə
müəllim-tələbə münasibətindən başqa
yaxın dost idik. Mütəmadi olaraq görüşürdük,
mənə gecənin
bir aləmində zəng edib deyərdi ki, səsini eşitmək istəyirəm. Böyük
rəğbət hissi
ilə gözəl sənətkarımız Sara Qədimovanı
xatırlayıram, onunla
dost idik. Həyatımda mənəvi işıq
yandıran Məmməd
Arazla işlədiyim günləri xatırlayıram.
Bu gün Flora xanımın ailəsində
onun yolunun davamçıları da
var. Həyat yoldaşı
uzun illər mətbuatda senzor olub. Orta və ali
məktəbi erməni
dilində bitirdiyinə
görə, erməni
mətbuatına nəzarət
edib. Sonra da tərcüməçi
kimi fəaliyyət göstərib. Ailəsində iki övlad böyüyüb. Böyük oğlu
BDU-nun jurnalistika fakültəsini
bütün pillələr
üzrə bitirib, “Lider” televiziyasının əməkdaşıdır, kiçik
oğlu isə Mədəniyyət və
İncəsənət Universitetinin
televiziya rejissorluğu
fakültəsini bitirib.
Mədəniyyət kanalında çalışır.
Flora xanım deyir ki, özünün
jurnalistikaya bağlanmasına
baxmayaraq, övladlarının
jurnalist olmasını
istəməyib. Amma evdəki
ab-hava o qədər təsir edib ki, övladları başqa sənətin arxasınca getməyiblər.
İndi evində iki qız nəvəsi böyüyür. Beş yaşlı
nəvəsi kitab şkafının qarşısında
ora-bura baxıb deyir ki, nənə,
bu kitabların hamısını özüm
oxuyacam, heç kəsə vermərəm.
Ömrünün 40 ilini mətbuata
həsr edən, qarşıdakı illərini
də bu yola həsr edəcək Flora xanım
deyir ki, nə baş verməsindən asılı
olmayaraq mətbuatımızın
uğurlu gələcəyi
üçün bu sahəyə gələnlərin
əsl peşəkarlar
olması vacib şərtdir. Mətbuata bazar
köşkü kimi baxılmamalıdır. “Mən bunu qəbul
edə bilmirəm.
Ədəbiyyat bazar ola bilir
ki, mətbuat da bazar olsun?
Buna sənət kimi, mənəvi ehtiyacları ödəmə
mənbəyi kimi baxılmalıdır. Sovet dövründə
insanlar mətbuata nicat mənbəyi, maarifçilik məktəbi
kimi kimi baxırdılar. Həm öyrənirdilər,
həm dərdlərini
deyirdilər, yazılardan
bir təsəlli tapırdılar. İstəyərdim, Azərbaycan mətbuatı
o nüfuzunu özünə
qaytarsın”.
P.SULTANOVA
525-ci qəzet.-
2011.- 30 iyul.- S. 10; 11.