ORALARDA KİMLƏR
VAR: ŞİRMƏMMƏD NƏZƏRLİ
ŞİRMƏMMƏD
NƏZƏRLİ KİMDİR
( Bu sualın cavabı
yazının içində)
Bədii
yaradıcılıq səni nə dərəcədə məşğul
edir?
Ş.Nəzərli:
Bədii yaradıcılıq həyatımın bir
parçasıdır.Gələcək əsərlər məni
qarabaqara izləyir, rahatlıq vermir. Yaza bidiklərim əsərlərə
isə minnətdaram ki, məni rahat buraxıblar.
Azərbaycan
müstəqillik qazananda və başımızın
üstündə üçrəngli bayraq dalğalananda
bilirsiz bu azadlığı mən ilk dəfə harada və
necə hiss elədim? Əvvəllər cənub zonasına
gedəndə 2-3 yerdə hərbi postlarda gərək
xüsusi buraxılış (arayış) təqdim edəydin.Bir
sütül rus soldatı çiynidəki avtomatı
oynada-oynada səndən soruşurdu ki, doğma torpaqlara adlamaq
üçün icazən var, ya yox?... Sonralar bu yolu ilk dəfə
soldatsız, postsuz görəndə, müstəqilliyin
şirinliyini daddım –gözəlmiş! Yaranmış bu
ab-hava yazmaq üçün əl-qolumu bir az da açdı.
Yazıçılar
Birliyinin üzvüsən, amma nədənsə
yaradıcılığının tanınması
qayğısına qalmırsan.
Ş.Nəzərli:
Özünü tanıtdırmaq böyük bacarıq tələb
edir, mən isə bu işdə çox aciz adamam. Bir işi
başlamazdan gərək ürəyində niyyət ola, sonra
planlarını dilə gətirəsən və axırda
onun icrasına başlayasan. Axı, tanınmaqla bağlı
niyyətim olmayıb, həmişə həya eləmişəm,
çəkinmişəm.Nə isə, bizim tərbiyəmiz
görünür başqa cürdür... Madam söz
düşüb,deyilə biləcək bir-iki faktı
aça bilərəm.
Hekayələrim
var. Moskvada yaşayanda “Yusifin qəmi” kitabımı
(tamaşa mətnini) rus və Azərbaycan dillərində
çap etdirdim. Amma Azərbaycan teatrları bu əsəri hələ
də “həzm edə” bilmirlər.Halbuki, Mədəniyyət
və Turizm Nazirliyinin ötənilki pyes müsabiqəsində
seçilib mükafatlandırılan iki əsərdən biri
də “Yusifin qəmi” idi. Ondan əvvəl 6-7 kitabım
çap olunub.Onların sırasında “Nur sırası”
kitabı maraqlı bir nəsil haqqında yazılmış
publisistik əsərdir. Kitabı işləmək
üçün Moskva – Tehran-Qum-Masallı-Bakı-Moskva
marşrutunu keçmişəm...Çünki kitab müctəhid
Fazil Lənkərani, onun müctəhid atası və müctəhid
oğlu barəsindədir. Material toplayan zaman qəribə
faktlarla üzləşdim və onlardan biri də buydu ki,
müctəhid nəslinin-lənkəranilərin Lənkəran
şəhərilə heç bir əlaqəsi yoxmuş...
“Çəkilməyən
film” romanına 1995-ci ildə başlamışam.İlk iki
hissəsini elə həmin il, 3-cü hissəni isə bu ilin əvvəlində
bitirmişəm. Əsər təxəyyül qəhrəmanı
olan kinorejissor Həmid Səfalının həyatından bəhs
edir. ...Həmid kafedə bir neçə cavan oğlan
arasında gedən söhbəti qeyri-iradi eşidir.Bir gözəl
xanımla olan eşq macərasının bütün faktlara
görə öz həyat yoldaşına aid olduğunu yəqin
edən Həmid onu qətlə yetirməyə qərar verir.
Rejissor bunun üçün çox məharətlə
ssenari ,hazırlayır.Beləliklə,evləndikləri on ilə
yaxın müddətdə uşağı olmayan
xanımı onun iş yoldaşlarının gözü
qarşısında həlak olur. Bu qətl heç kimdə
şübhə oyatmır.Amma o, təsadüfən biləndə
ki, xanımının heç bir günahı yoxmuş, kafedə
eşitdikləri isə sadəcə bir fakt uyğunluğudur
və ən dəhşətlisi – arvadı boylu imiş, Həmid
möhkəm psixoloji sarsıntı yaşayır.Dərin
sarsıntı onu ruhi xəstəxanaya gətirib
çıxarır. Xəstəxana isə onun
yaşayıb-yaratdığı dünyadan tamam fərqli bir
aləm imiş...(Romanın bu yerini yazmaq üçün bir
müddət ruhi xəstəxanada “həkim” işləməli
oldum). Müəyyən dövrdən sonra kino rejissoru Həmid
yenidən əvvəlki sağlam həyata qayıdır.
”Çəkilməyən film” romanının
üçüncü hissəsində o, tamam yeni
düşüncəli, fərqli mənəviyyat sahibi kimi
oxuculara təqdim edilir. Bu hissə mətbuatda yaxın zamanda dərc
olunacağından haqqında dnışmaq istəmirəm, rəy
söyləməyi oxucuların öhdəsinə
buraxıram.
Amma
mən ixtisasca jurnalistəm. Jurnalistlik elə
yazıcılıq deməkdir.Fərq, məncə, onun operativliyindədir.Bir
hekayə, povest... ola biləcək hadisəni elə həmin
gün mətbuat üçün xəbər kimi
hazırlamağa jurnalistika deyilir (məncə).Azərbaycan
Jurnalistlər Birliyində işləyəndə respublika
komsomolunun mərkəzi komitəsi Əfqanıstanda həlak
olmuş hərbçilərimizin xatirəsini əbədiləşdirmək
məqsədilə kitab tərtibatı üçün rəsmi
qərar qəbul etdi (1989-cu ildə) və həmin qərara
görə xatirə kitabını mən tərtib etməli
idim. Kitab üzərində 3 il işlədim. Haqlarında məlumat
və ya heç fotoşəkli belə olmayan gənclərimiz
haqqında faktlar, şəkillər toplayıb kitabı tərtib
edərək çapa hazırladım (Əfqanıstanda
döyüşmüş təkcə bir azərbaycanlı
zabitin sağ olub-olmamasını aydınlaşdırmaqdan
ötrü iki dəfə öz hesabıma Moskvaya getməli
oldum ). Ayrı-ayrı rayonlarda yaşayan həmkarlarım da
kitab üçün material toplamaqda mənə yaxından
kömək etdilər.Sanballı bir kitab alındı.Di gəl...həmin
kitabın çapı hələ də reallaşmayıb – nə
əlaqədar təşkilatlar, nə komsomolun varisi olan
qurumlar, nə də imkanlılar bu işi əhəmiyyətli
hesab etdilər.Kitab qalır...
–Fotoşəkil
dedin, yadıma düşdü ki, sən həm də foto ilə
məşğul olursan.
Ş.Nəzərli:Bəli,
foto işini çox sevirəm. Fotoqraflar Birliyinin üzvüyəm.Son
iki ildə iki dəfə sərgi təşkil etmək də
qismətim olub. Doğrusu, fotosərgimdə rəssam
Toğrul Nərimanbəyovu, yazıçı Anarı və
digər istedadları görəndə fərəhlənmişəm.
Eyni zamanda çox təəssüflənirəm ki, ölkəmizdə
fotoqrafı və Fotoqraflar Birliyini) hələ də bir
yaradıcı ( subyekt ) kimi qəbul etməkdə problemlər
yaşanır.
–Deməli,
sən üç yaradıcılıq birliyinin- Jurnalistlər,
Yazıçılar və Fotoqraflar Birliklərinin
üzvüsən. Üç peşənin öhdəsindən
necə gəlirsən? Və ya bu təşkilatların
üzvü olmaq sənə nə verir?
Ş.Nəzərli:
Birliklərə məni birdən-birə və ya eyni zamanda
üzv götürməyiblər. Jurnalistlər birliyinə
1977-ci ildən üzv olmuşam. Bədii
yaradıcılığım ciddiləşəndə AYB-yə
üzv oldum-1999-cu ildə. Foto işlərim bəyəniləndə
AFB məni öz sıralarına götürdü. Amma mən
bu üç sahənin hərəsində varam və
yaradıcılığıma davam edirəm.Jurnalistikada
gündəlik sözümü deyə bilirəm.Deyə bilmədiklərim
olanda fotoaparat köməyimə çatır.Bədii əsərlər
də öz yerində.Qaldı bu təşkilatların mənə
nəsə verməyi. Onlardan ummaq özünü zəlalətə
salmaq kimi bir şeydi. Mən hər şeydən əvvəl
bu təşkilatlarda necə təmsil olunduğum barədə
düşünürəm. Bax, Jurnalistlər Birliyində
işləyəndə Rusiya paytaxtında yaxşı əlaqələr
yarada bilmişdim. Təşkilatımız üçün
mütəmadi olaraq bu ünsiyyətdən istifadə edirdim.
Qismət oldu, üç il əvvəl bütün
dünyada baxıla biləcək bir telekanalın Moskvada rəsmi
qeydiyyatına nail oldum. Bu işin çətinliyi sözlə
izah olunası deyil. Məqsədim o idi ki, gözəl, eyni
zamanda da problemlər sırınmış Azərbaycanımızı
bütün dünyada tanıtdırmaq üçün bir
beynəlxalq tribunamız olsun. Telekanalın nizamnaməsinə
görə, burada rus, Azrbaycan və ingilis dillərində rəngarəng
proqramların yayımına imkan yaranmışdı.
Aydın məsələdir ki, mənim maddi vəsaitimlə
bu kanalı işə salmaq mümkün deyil. İmkanım
yalnız Moskvada rəsmi qurumlara telekanalın işi ilə
bağlı (statistika, vergi, sosial sığorta və s.) hesabat
təqdim edən mühasibimə maaş veməyə
çatır. Amma hər ölkədə olduğu kimi,
Rusiyada da yeni təsis edilmiş təşkilatların işədüşmə
müddətinin də bir həddi, limiti var...Ölkəmizdə
bu telakanalı işlədə biləcək insanlara
müraciətim nəticəsiz qaldı. Bundan sonra mən
faydalı təşəbbüsün dəyəri haqqında
nə fikirləşməliyəm?
–Şübhəsiz
ki, həyatda zəhmətin həmişə zay olmayıb,
sevindirici anlar da var yəqin?
Ş.Nəzərli:Şübhəsiz.
Bakıda “Zaman” adında bir teatr var. Repertuarını
yalnız din, əxlaq, mənəviyyat mövzusunda yazılmış
əsərlər təşkil edir. O teatr ilk
tamaşasını mənim əsərimlə başlayıb
və sonra yenə yaradıcılığıma müraciət
edib. Sevinc hissləri məni hələ də tərk etmir.
Axı, səhnəmizin qapıları dini etiqadın
üzünə bağlılığından keçən
70 illik fasilədən sonra ilk dəfə mənim birpərdəlik
pyesimlə açıldı.
–Dost sarıdan necə, bəxtin gətirib?
Ş.Nəzərli: Bilirsən, Tofiq,
indi bir çox şeylər əvvəlki məzmun və dəyərini ya itirib, ya
da dəyişib. Mənim üçün
dost həmişə o adam hesab olunub ki, sənin
halını sən bu barədə danışmamış bilsin.
Bu cür insanlar ötənlərdə az idi, indi
heç soruşmuram da, var, ya
yox. Təsəvvür
elə ki, peşə fəaliyyətimlə
bağlı olan (şəxsi işimlə yox ha !) qurumların
rəhbərləri arasında
keçmiş iş yoldaşarı, tanışlar,
həmkarlar var. Ümumi
işlə bağlı
bir yaxşı təklif, təşəbbüs
irəli sürməli
oluram. Dərhal “oldu, baş
üstə” eşidirsən.
Sonrakı bir-iki xatırlama
da beləcə havadan asılı qalır. Belə anlarda məyus
olmuram, əksinə, düşünürəm Allaha
şükür olsun ki, şəxsi işlərimə görə
bu bürokratlara möhtac deyiləm.Deyilənlərə
baxmayaraq dostsuz da deyiləm — bir-iki dostum var.
Sənin oğlunun xeyir işində, qismət oldu, iştirak elədim.Hətta toy haqqında
“525-ci qəzet”də bir
yazım da çıxdı. Paklığı,
təmizliyi, lap deyərdim
ruhaniliyi ilə fərqlənən bir toy idi. Yoxsa məni nə
məcbur edirdi ki, götürüb toydan qəzetə yazım. Bu, toya görə əqidə nümayişiniz idi, yoxsa?..
Ş.Nəzərli: Xeyr, bu, toya görə əqidə nümayişi
deyildi, əqidəmizin
toyda görüntüsü
idi. Bizim ailə dünyanın
dünyəviliyini yox,
əqidənin, imanın
vacibliyini əsas tutur. Əxlaqımız İslam əxlaqıdır.
İslamın bünövrəsi isə “oxu!” əmri olə qoyulub. Oxuyan öyrənər, elmli, bilikli olar. Bilik isə həm də mərifətdən,
ədalətdən , sağlam həyat
tərzindən ibarətdir.Təsadüfi
deyil ki, İslamda deyilir: ”Hər açılan məktəb bir həbsxananın bağlanması
deməkdir.” Ona görə də
bu dünyaya “tranzit ölkə” kimi baxmağımızın
yeri var. Yer planetində bir neçə dəfə sivilizasiya mövcud olub. Nə vaxtsa daha yenisi olacaq. Amma mən əminəm ki, o zaman maddiyyat
olmayacaq. Yəni
insanlar maddi sərvətlər naminə
yox, mənəviyyat qazancı üçün
yaşayacaqlar.(Bunu mən yox,
ALİMLƏR deyir). Xoş
həmin zaman əhlinin halına!
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 19 noyabr.- S.23.