12 gün
şimal ölkəsi Norveçdə
Orta məktəb illərində həmişə dünyanın xəritəsinə baxmağı xoşlayardım. Coğrafiya dərsini çox sevirdim. Bütün ölkələrin yerini asanlıqla tapır, paytaxt şəhərlərinin adını əzbərdən bilirdim. Mənim üçün ən qəribə və sirli yer Skandinaviya ölkələri idi. Xəritədə Skandinaviya yarımadasını yatmış şirə bənzədirdim. Və uzun illər sonra mənim həyatımda bu yarımada ilə bağlı bir yaxınlıq, doğmalıq oldu. Mənim oğlanlarımın təhsilini məhz bu yarımadada yerləşən ölkələrdən biri olan Norveçdə davam etdirmələri məni bu ölkəyə bağladı. Və mən övladlarımı görmək, onların həyat şəraiti ilə tanış olmaq üçün Norveçə- gözəlliklər diyarına yollandım və məni Norveçə aparan yol qardaş ölkə olan Türkiyənin paytaxtı İstanbul şəhərindən keçdi.
Düzdür,
başqa yollar da var. Lakin, İstanbuldan uçmağım da təsadüfi
deyildi. İstanbul. Bakıdan Türk hava yolları ilə
uçdum. Düzü Türk hava yolları ilə uçmaq
daha rahatdır və bir də İstanbulu görmək istəyi
mənim üçün daha maraqlı idi. Türkiyə
vaxtı ilə 20. 55-də təyyarəmiz Atatürk adına
İstanbul hava limanında yerə endi. Və mən ancaq
televiziya ekranlarında gördüyüm İstanbula öz
salamlarımı yetirdim. Salam İstanbul, dedim.
Səni
gündüz görə bilmədim, gecə uzun gördüm.
Öz-özümə bir mızıldadım da: (yarım gecə
gəldi,gecə getdi, heç bilmədim necə gəldi, necə
getdi )İstanbulun Atatürk adına hava limanında 10 saat
gözləməli idim. Osloya uçacağım təyyarənin
vaxtı səhər erkən idi. Hava limanında
qaldığım 10 saata yaxın vaxtda dünyanın hər
yerindən gəlib, dünyanın hər yerindən gedən
insanları gördüm. Bu insanların üzündə
dünyanın bütün rəngləri var idi və hər
biçimdə geyindikləri libaslarının forması da
üzlərinin rəngi kimi müxtəlif idi. Və hər
gün bu nəhəng hava terminalından nə qədər
insanların dünyanın hər bir bucağı ilə
paylaşdığının şahidi oldum. Eyni zamanda xəyali
olaraq yüz, iki yüz il əvvəli dolandım. ( mən o
vaxtları görməsəm də təsəvvür etdim). Bəs
insanlar təyyarə və avtomobil olmayanda nə edirdilər.
Hava
limanının gözləmə zalında
Rusiyadan,İrakdan,İspaniyadan gələn və gedən
insanlarla söhbət etdim və mənim Azərbaycandan
olduğumu biləndə ölkəmizlə çox
maraqlandılar. Demək olar ki bu insanlarla söhbətim
alınırdı. Əlqərəz səhər də bir təhər
açıldı. Türkiyə vaxtı ilə 08. 25-də
artıq Osloya uçacaq təyyarədə idim. Yanımda bir
yaşlı kişi və qadın əyləşmişdi.
Kişinin şimallı olduğu üz cizgilərindən bəlli idi. Onun yanında əyləşən qadin isə hicabda idi. Danışmadıqlarına görə yəqin etdim ki, biri-birini tanımırlar. Ancaq şimallı kişi hərdən boylanıb arxa cərgədə əyləşən bir qadınla gözləşir və ona müəyyən işarələrlə zarafat da edirdi. Oturacaqların hamısında monitor var idi. Mən də əlimi dinc saxlamır, elə monitoru qurdalayırdım. Mənim yanımda əyləşən şimallı kişi də monitoru qurdalayırdı, ancaq ortaya bir şey çıxarda bilmirdi. Mən müdaxilə edən kimi onun da işi düzəldi. Ancaq mən öz yerimi tutanda onlara salam vermişdim və onlar da çox mehribanlıqla mənim salamımı almışdılar. Yeri gəlmişkən son bir ildə öyrəndiyim ingilis dili yaman karıma gəldi. Demək olar ki, bu mənim həyatımda özümün-özümə etdiyim ən böyük hədiyyə idi. Nə isə. . . qonşularımla tanış oldum. Kişinin olardı 71-72-i yaşı. Dedi, adım Torleyifdi. Osloda yaşayıram. Və mən də zarafatla soruşdum ki, yəqin siz Tur Heyrdalın qohumusuz. O isə gülə-gülə cavab verdi ki, yox qohum deyilik. Ancaq o çox böyük adam olub. Mən də öz növbəmdə norveçli səyyah, etnoqraf, alim-antropoloq Thor Heyerdahlın vaxtı ilə Azərbaycana gəlişi, araşdırmalar aparmasi və norveşlilərin kökünün vaxtilə Azərbacandan getməsi qənaətinə gəlməsi ilə bağlı məndə olan məlumatı ona çatdırdım. Qeyd elədim ki, Səyyah 1981-ci ildə Bakıda və Qobustanda olub, araşdırmalar aparıb. Tur Heyerdalın “Odinin axtarışı” (Jakten pe Odin, ) (The Search for Odin) adlı kitabında vikinqlərin köklərinin Azərbaycanda axtarılmasını məsləhət görüb. Düzü qonşum belə isti və maraqlı məlumatları heç məndən gözləmirdi. Şimallı kişinin üzündə yumor hissinin olduğunu dəqiqləşdirdiyimə görə zarafatla onun arxa cərgədə əyləşən qadınla gözləşməyinin səbəbini soruşdum, o da cavab verdi ki, onun arvadıdır. Və yenə yarızarafat, yarıciddi onun yanında əyləşən örpəkli qadına işarə edib onun kim olduğunu soruşanda qonşum mənə göz vurub gülümsədi. Yol boyu zarafat edirdim ki, niyə arvadın yanında oturmayıb. O isə gülə- gülə mənə cavab verirdi ki, onu özüm bilərəm. Mən əl çantamda olan qoz, fındıq və kişmiç qarışığına onu qonaq etdim. Və bu onun çox xoşuna gəldi, mənə “Thank you” deyib bir hissəsini cibinə tökdü və dedi ki,nəvələrinə aparacaq. Nəhayət, Osloya qədər 4 saat davam edən uçuş vaxtını Toreylif qardaşla olan söhbətimizlə əritdik , vaxt da tez gəlib keçdi. Ancaq Tur Heyrdalın fikirlərini əsas gətirərək arada şimallı qonşuma “əmioğlu” da dedim. Oslo təyyarə limanın eniş elanı olanda Torleif məndən internet ünvanımı soruşdu. Və mən də ünvanı yazıb ona verdim. Dedi sənə yazacam. Təyyarə hava limanına enərkən qəribə hisslər keçirməyə başladım. Ürəyim çırpınırdı. Eyni halı Moskvada təhsil aldığım illərdə hər dəfə böyüyüb boya- başa çatdığım Laçına gələndə keçirirdim. Oğlanlarımın Norveçdə olmaları bu ovqatı məndə yaratmışdı. Çünki onları görməyə gedirdim. Oslo təyyarə limanında məni kiçik oğlum Vüsal qarşıladı. Və biz təyyarə limanından elektrik qatarı ilə şəhərə getdik. Onu da qeyd edim ki, oğlum Vüsal Bakıda İncəsənət Universitetini bitirib və Oslo Universitetində ikinci təhsil alır. Təyyarə limanı ilə Oslo şəhəri arasında olan məsafədə yolların kənarı ilə səliqəli düzülən həyət evlərinə baxdıqca gözəlliyin, səliqə-sahman və hormoniyanın şahidi olursan. Elektrik qatarından düşən kimi oğlum mənə şəhər nəqliyyatı üçün (metro, avtobus, tramvay və gəmi) ümumi bir kart aldı. Və mən onu metro stansiyasında bir dəfə qeydiyyatdan keçirib cibimə qoydum. Və daha sonra orda qaldığım 5 gün ərzində metroya, avtobusa,tramvaya girdim və bir dəfə də olsun kartı cibimdən çıxartmadım. Təkcə gəmi ilə şəhər ətrafındakı adalara səyahət edəndə, kartı yoxladılar. Oğlumun qaldığı tələbə şəhərciyinə gəldik. Binanın iki otaqlı mənzildəki otaqların birində Vüsal, o birində isə çinli bir tələbə qalırdı. Hər şey müasir mənzil standartlarına uyğun olaraq yüksək səviyyədə idi. Təkcə mətbəx ümumi idi. Binanın həyətində tələbələrin yüzlərlə velosipedi yan-yana düzülmüşdü. Binaya girməmişdən Vüsal da öz velosipedini mənə göstərib dedi, ata, bu da mənim maşınımdı. Binanın giriş qapısı və mərtəbənin ümumi qapısı da kartla açılırdı. Binaya daxil olanda Moskvada təhsil aldığım illər yadıma düşdü. Amma fərq çox idi. Burda Avropa qayda-qanunları olduğuna görə hər şey İdeal idi:gözəllik,sakitlik və azad davranış, insanların sərbəstliyi, sadəliyi,mülayimliyi, mehribanlığı. Bu çox şey deməkdir. Bir az dincələndən sonra oğlumla şəhərə çıxdıq və bir xeyli gəzib dolanandan sonra gec olduğundan evə qayıtdıq. Gecəni çox rahat yatdım. Çünki oğlumla bir yerdəydim. Ertəsi gün cümə idi, yəni 5 –ci gün. Vüsalın həmən günə dərsi yox idi və biz şəhəri gəzməyə çıxdıq. Oslo Şimal ölkəsinə gəlişim məni onun tarixi ilə maraqlandı. Səkkizinci yüzilliyin sonlarında Norveç çoxlu sayda kiçik krallıqlardan ibarət olub. 872-ci ildən başlayaraq kral Sarışın Xarald bu kiçük krallıkları bir bayraq altında toplayaraq Birləşmiş bir Norveç dövləti yaratmağa nail olur. Norveçin tarixi çox qədimdir və qısa olaraq tarixə səyahət etsək, tarixə qədərki dövr,erkən tarixə qədərki dövr, Vikinqlər dövrü, Kalmar və Danimarka-Norveç ittifaqı, İsveç-Norveç ittifaqı və daha sonra 1905 –1914- cü illərdə Norveçin müstəqilliyinin elan edilməsi dövrlərinə bölünür. Və daha sonra konsessiya haqqında qanunun qəbul edilməsidir. Bu ölkənin ərazisində irili –xırdalı 50. 000 ada və 450 . 000 göl var,ölkə ərazisinin 36 % –ni meşə örtüyü təşkil edir. Ölkə əhalisinin 79 % –ni norveçlilər, 21 %-ni isə digər xalqlar təşkil edir. Norveçin tarixindən bu qədər. Şimal ölkəsi yağışlı olduğu üçün mən özümə Çin istehsalı olan çətiri götürməyi də unutmadım. Tələbə şəhərciyinin yanından metroya minib şəhərə getdik. Metro qatarı gah yerin altı,gah da yerin üstü ilə gedirdi. Hər dəfə tuneldən çıxanda yol boyu hər iki tərəfdə səliqə ilə düzülən bir-birindən gözəl çəpərsiz,hasarsız müxtəlif rənglərlərdə həyət evləri,villalar göz oxşayır. Metronun hərəkət etdiyi dəmir relslərin hər iki tərəfindən təbiət incidilmədən saxlanılıb,xırda kollardan tutmuş iri ağaclara qədər,hətta meyvə ağacları belə öz təbiiliyini saxlayıb. Oslo şəhərinin əsası 1049-cu ildə karol Xarald Xardrada tərəfindən qoyulub. Ölkənin adı isə Skandinaviya dilində “Nordriveqr” “Şimal yolu” kimi nəzərdə tərcümə olunur. Ölkənin 79%-i norveçlilər,21%-i isə digər xalqların nümayəndələri təşkil edir. Bütün orada yaşayan xalqların nümayəndələri də Norveç dilində danışır,yazır və oxuyurlar. 2000-ci ildə baş kənd-paytaxt Oslonun 1000 yaşı qeyb olunub. Osloda olduğum 5 gün ərzində şəhərin bir çox tarixi yerlərinə getdim,muzey və teatrlara baş çəkdim. Osloda yerləşən yazıçılar evində də oldum. Oslonun mərkəzində oğlumla gəzərkən parlament binasınin yaxınlığında çoxlu insanların yığışdığını gördük və bizdə o səmtə yollandıq. Məlum oldu ki,parlamentin açılış günüdür və başqa ölkələrin səfirləri də gələcək. Bu hadisə bizim üçün də maraqlı oldu və biz də müvəqqəti düzülmüş dəmir arakəsmələrin yanında adamların arasında dayandıq. Küçənin hər iki tərəfində Oslo sakinləri sanki bayram əhval-ruhiyyəsində idilər. Birdən şeypur və təbil səslərinə hamı dönüb baxdı. Əvvəlcə musiqiçilərdən ibarət hərbi dəstə, onların ardınca motosikletçi polislər gəldilər. Sonra hərbiçilərdən ibarət atlılar gəldi. Daha sonra müxtəlif geyimli hərbiçilər keçib yol boyu düzləndilər. Qəribədir ki, hərbi xidmətdə qızlar da iştirak etdiyi üçün sırada çoxlu qızlar var idi. Hamı çox intizarla nə isə gözləyirdi. Gələn qonaqlar kral sarayı olan istiqamətdən gəlməli idilər. Buna görə də biz tez-tez oraya sarı boylanırdıq. Yeri gəlmişkən bir gün əvvəl mən Kral sarayının qarşısına gedib şəkil çəkdirmişdim. Ona görə də bilirdim ki, qarşıdaki Kralın sarayıdır. Rəsmi qonaqların gəlişi avtomobil karvanı ilə başlandı. Müxtəlif ölkələrin səfirləri öz şəxsi avtomobillərində gəlirdilər. Günəşli gün olduğuna görə bütün şəhərdə bayram əhval –ruhiyyəsi var idi. Ümumiyyətlə Norveçdə günəşli günlər insanlar üçün əsl bayram olur.
(Ardı var)
Nazim Əhmədli
525-ci qəzet.-
2011.- 19 noyabr.- S.20.