Gözəl
insan, gözəl ana, gözəl pedaqoq
Fatma
Balakişi qızı İsgəndərova 1936-cı il noyabr
ayının 20-də Zəngəzur mahalının, Sisiyan
rayonunun Urud kəndində zəhmətkeş ailədə
dünyaya göz açıb. İlk 7 illik təhsilini
doğma kəndində aldıqdan sonra, təhsilini davam etdirmək
üçün Vağadi kənd orta məktəbində təhsilini
davam etdirib. Orta Məktəbi əla qiymətlərlə
başa vuran Fatma müəllimə, Zəngəzur
mahalından 500 km uzaqlara Bakıya gəlmiş və 1955-ci
ildə o zamanki V.İ.Lenin adına Pedaqoji İnstitutunun
filologiya-tarix fakülitəsinə daxil olmuşdur. Və
inistitutu yaxşı qiymətlərlə bitirən bu nəcib
insan 1961ci ildən 1975-ci ilə qədər Corat qəsəbəsindəki
7 saylı, 1975-2011-ci ilə qədər isə
Sumaqyıtdakı 25 saylı orta məktəbdə dərs
keçib. Öz biliyini sevə-sevə şagirdlərinə
aşılayan bu nurani müəllimə dəfələrlə
fəxri fərmanlar və diplomlarla təltif olunmuş,
2006-cı ildə isə 70 illik yubileyi ərəfəsində
“Qabaqcıl Maarif İşçisi” döş nişanına
layiq görülmüşdür.
Fatma
müəlliməni Sumqayıtda tanımayan insan yoxdur.
Çünki, bu xanım sözün həqiqi mənasında
son 50 ildir ki, Sumqayıtın cəmiyyətini
formalaşdıran bir xanımdır. Belə ki, alimindən, fəhləsinə
kimi böyük əksəriyyət (saya gəlməyəcək
qədər) Fatma müəllimənin yetişdirmələri
olub. Onu şəxsən tanımayanlar isə qiyabi də olsa
tanıyırlar və birmənalı olaraq bu böyük həyat
təcrübəsi olan insanla təmas qurmaq istəyində
olublar. Ona görə birmənalı deyirəm ki, Fatma müəllimənin
böyük mənada dərs verdiyi yüzminlərlə
şagirdlərindən biri də mən olmuşam. Və bu
müəlliməni çox gözəl tanıyıram.
Çünki Fatma müəllimə mənim həm müəlliməm,
həm də sinif rəhbərim olub. Buna da əminəm ki, həmin
o yüzminlərlə şagirdlərdən kimlər ki, bir
başa böyük təhsil işçisinin sinifində
oxumayıblar, onlar da təəssüflərini gizlədə
bilməzlər. Ona görə ki, hər kəs onun sinifində
oxumaq istərdi. Bu baxımdan mən özümü
şanslı hesab edə bilərəm.
Bir
neçə gün öncə yenidən gözəl müəlliməmə,
böyük ürək sahibi ilə yenidən
görüşmək qərarına gəldim. Bu
görüş mənim üçün əvvəlkilərdən
fərqli idi. Çünki, Fatma müəllimə artıq
sonsuz vurğunu olduğu peşəsindən
ayrılmışdı.
Elə
ilk olaraq da peşəsindən ayrılarkən hansı hissləri
keçirdiyini soruşduqda gözəl pedaqoqun verdiyi cavab
çox qəribə oldu. Belə ki, onun üçün
sevdiyi peşəsindən ayrılarkən
çalışdığı 25 saylı məktəbin onun
şərəfinə düzənlədiyi vida mərasiminə
də qatılmayıb. Hətta bu kəlmələri
danışarkən Fatma müəllimənin nə qədər
üzüldüyünü və qəhərləndiyini
açıq şəkildə sezmək olurdu. Bu da onun bir daha
peşəsinə nə qədər bağlı olduğunu və
nə qədər böyük ürək sahibi olduğunu
göstərir. Gözəl pedaqoq peşəsindən
ayrılmağına üzgün olsa da digər tərəfdən
onu sevindirən halın olduğunu da vurğuladı. Qocaman
müəlliməni sevindirən amil son zamanlar ölkə təhsilində
baş verən böyük sıçrayışdır. O,
ölkəmiz adına savadlı kadrların yetişdirilməsi
üçün Türk dünyasının lideri Heydər Əliyevin,
istər sovetlər dönəmində, istərsə də
müstəqillik dönəmində təhsilə
ayırdığı diqqətdən danışaraq bu
gün də bu siyasətin layiqli davamçı və
praqmatik dövlət başçısı İlham Əliyev
tərəfindən davam etdirilməsini ölkəmizin gələcəyi
adına uğur sayır. Eyni zamanda bu il Milli Məclisdə Təhsil
haqqında Qanunun qəbulunun vacibliyindən danışaraq təhsilimizin
daha da dayanıqlı olduğunu dilə gətirən qocaman
müəllimə sovetlər donəmindən fərqli olaraq
indi elmə yiyələnmək və böyük intelekt
sahibi olmaq üçün daha gözəl şəraitin
olduğunu söylədi. İnteraktiv təlim metoduna önəm
verən əziz müəlliməm, bütün sahələrdə
olduğu kimi, milli təhsil quruculuğu sahəsində də
dövlətin apardığı islahatları
alqışlayır və bu intibah dövründən hər bir
vətəndaşımızın lazımınca
yararlanmasını istəyir. O, əlavə etdi ki, indi
şagirdlərin istənilən sahəyə yiyələnmələri
üçün dövlətimiz tərəfindən geniş
imkanlar yaradılıb. İstər dərsliklərin yüksək
keyfiyyətli olması, istərsə də təhsil
ocaqlarında yaradılan infrastrukturları göstərməklə,
müəllimlərin də peşələrinə ciddi
yanaşmalarına əsas verir. İstənilən uğura
çatmaq üçün xüsusən də gənc müəllim
və müəllimələrin öz üzərlərində
çalışmalarının vacibliyini vurğulayaraq,
Ümummilli lider H.Əliyevin kəlamlarından birini “Öz
üzərində işləməyən müəllim,
yaxşı müəllim ola bilməz” xatırlatdı.
Özünün təcrübəsindən danışan Fatma müəllimə şagirdlərinə öz övladları kimi yanaşdığını, bütün biliyini onların savadlanması və cəmiyyətimiz üçün layiqli şəxsiyyətlər kimi yetişmələri üçün səylərini əsirgəmədiyini bildirdi. Məhz belə bir qayğının nəticəsidir ki, Fatma müəllimənin bilik verdiyi şagirdlərin çoxu bu gün respublikamızın tanınmış şəxsiyyətləridir. Neçə-neçə alimlər və elimlər namizədlərinə dərs keçən müəlliməm oxumağa meyli olmayan şagirdlərlə də ciddi məşğul olmağın yollarını gənc pedaqoqlara tövsiyə edərək öz praktikasından misal gətirdi. “Oxumayan şagirdlərlə hər dərs gününün sonunda 1 saat ayrıca məşğul olurdum və onlara oxumasalar da belə ən azından hansısa peşəyə sahib olmaları üçün müəyyən tövsiyələr verirdim. Çünki, bildiyiniz kimi cəmiyyətə gedən yol məktəbdən keçir, belə olduğu təqdirdə bizim də əsas borcumuz şagirdlərimizi vətənpərvər ruhda, milli dəyərlərə önəm verərək cəmiyyətə sağlam formada təqdim etməkdən ibarətdir” deyən bu böyük pedaqoq, oxuyan və oxumayanlar arasında fərq qoymadığını dilə gətirdi. Sadəcə olaraq oxumayan şagirdlərlə münasibətdə daha incə, daha həssas olmaq lazımdır deyən Fatma müəllimə onların da sağlam ruhda yetişdirilməsinin vacibliyini vurğuladı. Böyük ziyalı hər zaman dərs verdiyi şagirdlərin yüksək biliyə yiyələnməsi üçün ciddi səylə çalışdığını və bu yolda yorulmadığını dedi. Eyni zamanda müəlliməm Türk dünyasının digər lideri Mustafa Kamal Atatürkün “Heç zaman çalışmayacam ki, mən millətimin səviyyəsinə enim. Çalışacam ki, millətim mənim səviyyəmə çatsın. Çünki, mən təhsil görmüşəm” kəlamını öz praktikasında tətbiq etdiyini və şagirdlərinin özünün səviyyəsinə qalxması üçün bütün bilik və bacarığını ortaya qoyduğunu qürurla dilə gətirdi. Məhz bunun nəticəsidir ki, harada şagirdlərimlə qarşılaşsam böyük ehtiramlarının şahidi oluram dedi.
Tələbəlik illərindən sonra ömrünü gənclik şəhəri Sumqayıta bağlayan Fatma İsgəndərova bu müddət ərzində həm gözəl ana, həm gözəl pedaqoq, həm də gözəl insan kimi onu tanıyan hər kəsin qəlbində xoş izlər buraxa bilmişdir. Fatma müəllimə 50 illik pedaqoji fəaliyyəti dövründə saysız-hesabsız alimlər, elmlər namizədləri, hüquqşünaslar, həkimlər, mühəndislər və s peşə sahibləri yetişdirmişdir. Hər zaman təvazökar, mehriban və səmimiliyilə seçilən bu uca insan işlədiyi həm Corat qəsəbəsindəki 7 saylı məktəbdə, həm də Sumqayıt şəhərindəki 25 saylı məktəbdə istər şagirdləri, istərsə də məktəb kollektivinin sevimlisi olmağı bacarmışdı. O öz gözəl təbiətilə, eyni zamanda xeyirxah əməllərilə daxili zənginliyi özündə yarada bilmiş və örnək olmuşdur.
Ümumiyyətlə, Fatma müəllimənin çoxşaxəli həyat yolu olmuşdur. Üç övlad anası, 7 nəvənin nənəsi, olan Fatma müəllimə eyni zamanda xoşbəxt valideyinlərdəndir. Dünyaya gətirdiyi övladlarının hər 3-ü mükəmməl biliyə yiyələnməklə, dövlətçiliyimizin keşiyində layiqincə durular. Təbii ki, belə olduğu təqdirdə onlar həm də valideyinlərinin fəxridirlər. Məktəbdə şagirdlərə evdə isə övladlarına necə vaxt ayıra bildiyini soruşduqda Fatma müəllimə həyatda qazandığı uğurlara görə həyat yoldaşı Zaman İsgəndərova borclu olduğunu dilə gətirdi. Və qeyd etdi ki, hər zaman istənilən işi görmək istəyəndə ömür-gün yoldaşının dəstəyini hiss edib.
Sonda Görüş zamanı məlum oldu ki, 20 noyabr 2011-ci ildə həm də Ömrünün düz 50 ilini müəllimlik fəaliyyətinə həsr edən bu nəcib peşə sahibinin 75 yaşı tamam olub. Hər zaman olduğu kimi bu dəfə də doğum gününü dəbdəbəsiz yalnız öz ailə üzvülərilə birlikdə qeyd etdiyini dedi. Fatma müəllimə onu da əlavə etdi ki, artıq 20 ildir doğum günü məlum 20 noyabr faciəsilə əlaqədar olaraq bir neçə gün ya əvvələ, ya da arxaya keçirirlər.
P.S. Fatma müəllimənin söylədiyi sonuncu söz, bir daha əsas verir ki, bu insanın nə qədər vətəninə millətinə bağlı olduğunu söyləyəsən. Sonda gecikmiş də olsa, Fatma müəlliməni şəxsən öz adımdan, o cümlədən dərs dediyi 100 minlərlə şagird ordusu adından, bir sözlə bu gözəl insanı sevən hər kəsin adından qəzet vasitəsilə təbrik edir, Ona uzun ömür, sağlam can və firavan həyat arzulayıram.
Doğum günün mübarək, Böyük Müəllim!
Elçin
ABDULLAYEV
525-ci qəzet.-
2011.- 22 noyabr.-S.8.