Bir yay axşamı
Hekayə
Bağ
mövsümü idi. Bərəkətli tut
ağacının altındakı çəmənlikdə
bir yay axşamı üç qız və dörd oğlan
dövrə vurub bardaş qurmuşdular. Orxan isə eyvanda
oturub, guya ki, kitab oxuyurdu, amma kitabdan çox tənbəl-tənbəl
bu “gənclərə” göz yetirib hansı həngamədən
çıxacaqlarını gözləyirdi. Dövrənin
ortasına taxta bir tabaq qoydular. İçiboş pivə
şüşəsi tapdılar, onu da gətirib qoydular bu
tabağın üstünə. Deyəsən,
hazırlaşırdılar şüşəni
fırlatmağa.
Bu oyunda kimin
harda və kimin yanında oturması, görünür,
çox önəmli idi. Orxanın qardaşı
Qoşqarın bir yaxın dostu vardı – Şahin, bu il ali məktəbə
qəbul olub bir neçə günlüyə Orxanın
bağına qonaq gəlmişdi, bu məsul işlə
böyük canfəşanlıqla o məşğul olurdu.
Amma oyuna başlamaq üçün lazım olan mizan heç
cür alınmırdı. Onu orda oturdurdu, durub yerini dəyişirdi,
bunu burda oturdurdu, bu da elə.
Nəhayət,
Şahinin gücü ona çatdı ki, hamını taxta
tabaqdan eyni məsafədə əyləşdirdi. Qızlar
iki ayaqlarını bir başmağa dürtüb bir-birinin
yanından ayrılmadılar. Onları ayırıb
aralarına oğlan “soxmaq” Şahinə “qismət” olmadı.
Füzuli demiş, “üç səf qız oturdu, üzbəsurət
də üç səf oğlan...” Gərək ki, dahi
şair belə demişdi. Bəlkə də belə deməmişdi.
Oyunun məğzi
isə bunda idi. Hamı dövrə vurub oturandan sonra pivə
şüşəsini tabağın hamar üstündə
fırlatmaq lazım idi. Pivə şüşəsi
fırlanıb-fırlanıb, nəhayət, ağzı kimə
tərəf durardısa o, ayağa qalxıb dövrədəkilərin
hansını istəsə öpə bilərdi. Əlbəttə
ki, oğlanlar kimi öpəcəklərini bəri başdan
yaxşı əzbərləmişdilər. Adam bilmirdi, buna
uşaq oyunu desin, ya ki, böyük oyunu?!
Orxan
düşünürdü: “Bizim vaxtımızda biz belə
oyunlar oynamırdıq. Məktəbdə oxuduğumuz zaman
qızlarla ən isti təmasımız “əl-ələ”
oyunu idi. Əlin ələ toxunması bizim üçün
artıq sirr idi. Hamımız bir-birinin dalınca iki-iki, əl-ələ
tutuşub dayanar, əllərimiz bir yerdə göyə
qalxardı. Tərəf-müqabili olmayan biri gəlib bu
göydə bir-birindən bərk-bərk yapışan əllərin
tuneli altından keçib ürəyi istəyən birini
seçər, əlləri bir-birindən ayırar,
seçdiyinin əlindən tutub gedıb tunelin axırında
onunla durardı. Adətən oğlan qızı seçərdi,
qız oğlanı. Sonra növbəti dəfə kim tək
qalardısa əyilə-əyilə gəlib tuneldən bu da
keçərdi. Beləcə, saatlarla yorulmadan, hay-küylə
“əl-ələ” oyunu davam edərdi. Bu oyunla bağlı qəribə
və əziz xatirələr var. “Əlim onun əlinə dəyib...”
deyə xoşbəxt olan və əlini iki gün yumayan
vardı, sevdiyinin başqası ilə əl-ələ
verdiyinə görə davaların düşməsi vardı,
aşkar sirlər onsuz da aşkar idi, gözlənilməz
halda kimin kimi seçməyinə görə gizlinlərin
üzə çıxması vardı, qərəz, oyundan
sonra sinifdəki dəstələr arasında söhbətlər,
müzakirələr günlərlə bitmək bilməzdi.”
...Bu yeddi nəfərdən
üçü qız idi və onların üçü də
Orxangilin bağ qonşularıydı. Orta məktəbin ya
doqquzuncu, ya da onuncu sinif şagirdləriydilər.
Oğlanlardan biri Orxanın qardaşı Qoşqar artıq
İnstitutun üçüncü kursunda həkimlik öyrənirdi,
onun dostu Şahin isə təzəlikcə ali məktəbin
tələbəsi olmuşdu. O da həkim olacaqdı. O biri
qonşu Mustafa kişinin balaca nəvəsi Əziş idi,
özünün də ləqəbi vardı: Cüllüt. Bu
bir od-yalov idi, özündən böyük oğlanların
arasına özünü soxsa da, heç bir dələduzluqda
onlardan geri qalmırdı. Hə, bir də Mak Donalds
çağırdıqları (nə üçün, niyə??)
biri vardı. Onu Orxan o qədər də yaxşı
tanımırdı. Gözlərindən cin
yağırdı, danışanda da ağzını əyə-əyə
danışırdı, elə bil, ağzının
içində daş vardı. Ağzını açan kimi
elə bilərdin, gülür. Amma sonralar gördülər
ki, ağzındakı daş deyil, əyri dişlərini
düzəltmək üçün dişlərinin
üstündən taxdığı protezdir.
Qızlar
Orxan üçün daha maraqlı idilər. Məhlədə
bir dəstə qız vardı. Adam gördüyündə
çaşan bu qızlar Orxangilin darısqal bağ yolunun
sağındakı və solundakı bağ evlərində
yaşayıb bütün yayı bu ürəküzən
bağ yerlərində keçirməyə məhkum
olunmuşlardı. Artıq yavaş-yavaş püxtələşməyə,
əyin-başlarına, ənlik-kirşanlarına fikir verməyə
başlayan bu gözəlçələr dünyanın
hansı şəhərlərində, hansı əyləncə
yerlərində olmaq istəməzdilər?! Böyüklərin
oyunlarına girən vaxtları
çatmamışdımı?! Xəyallarında nələr
qurmurdular?! Kimləri özlərinə məftun etmirdilər?!
Amma! Amma və lakin onlar uzun və qızmar yayı bu
bağlarda oturub əncir-üzüm yeməyə məcbur
idilər. “Bakı – Abşeron” yolu onların, hələ ki,
yeganə marşrutu idi. Ən maraqlı əyləncə dəniz
və bu cür oğlanlı-qızlı toplantılar olurdu.
Sabahdan axşama kimi Orxanın bağının
qapısına yaxın üzbəüz skamyalarda oturub
darıxa-darıxa tum çırtlayır, gic-gic söhbətləriylə
onlardan zəli kimi, milçək kimi əl çəkməyən
oğlanlarla, daha çox isə bir-biri ilə sonsuz-saysız,
hər şeydən və heç nədən söhbətlər
edirdilər. Axşam tərəfi Orxan şəhərdəki
işini bitirib bağa qayıdanda bu qızlar onu az qala “urra”
ilə qarşılayırdılar. Maşını dar
darvazadan bir az əl-qol ilə, daha çox “sağa, sola, stop,
saxla, saxla!” bağıra-bağıra həyətə
salmağa kömək edir, sevimli Orxanı əhatəyə
alır, əl-ayağına pişiklər kimi
dolaşa-dolaşa maşından düşməyini belə
gözləmədən iki daşın arasında
günün vacib hadisələrini tələsik, bir-birinin
sözünü kəsə-kəsə ona xəbər
verirdilər. Bu qızlar Orxandan xeyli kiçik olsalar da onun əsl
dostları idilər. Onu böyük sevinclə
qarşılayır, üz-gözlərində də bu
yazılırdı: “Nə yaxşı bu gün tez gəldin,
Orxan dayı, öldük biz, al bizi bu malçişkaların
əlindən...” Malçişkalar onlardan iki-üç, bəlkə
də dörd-beş yaş böyük idilər.
–
...öldürdülər bunlar bizi. Təsəvvür edirsən,
Orxan day, bitlzları tanımırlar...
– Biz
tanımırıq?! Ay-hay! “Tanımırıq...” Biz sizi
dolayırdıq.
–Tanımazlar,
inanıram, tanımazlar. Onlar heç Don Kixotu da
tanımırlar. – Təbii, Orxan qızların tərəfində
idi.
– Ay-yay-yay...
Doğrudan deyirsən??? –Təəccübləri çox “səmimi”
alınırdı. Kənardan baxan elə bilərdi ki, bunlar
Don Kixotu tanıyırlar.
– Həri, əlbəttə
ki, “ay-yay-yay”.
...Və
indi, axşamın bu axşam çağı, özü də
ola belə bir yay axşamı, oğlanlarla öpüşməyə
hazırlaşan bu qızlar Orxanın tanıdığı
qızlarmıydı?! Ona elə gəldi ki, indi tut
ağacının altındakı balaca çəmənlikdə
dövrə vurub oturmuş,
pıqqıldaşa-pıqqıldaşa bir-birilə
baxışan bu üç qız hansısa dərin bir məqsəd
uğrunda çalışan ön kəşfiyyat dəstəsidir.
Başçıları
Həlimə adlı yaraşıqlı bir qız idi. Onun iki
tərəfində isə bizim qapının ağzından əl
çəkməyib səhərdən axşama qədər
tum çırtlayan iki yöndəmsiz qız rəfiqəsi
oturmuşdu. Həlimə o biri rəfiqələrindən həm
yaraşığı ilə seçilirdi, həm də daha
sadə geyimi ilə. Özü də yaşından
böyük görünürdü. Elə bilərdin, ali məktəb
tələbəsidir. Əlbəttə ki, başda Qoşqar
olan bu “lotuların” oyunla bağlı əsl məqsədi bəlli
idi – Həlimə! Oğlanların üzünə baxanda kimin
üçün ağızlarının suyunu
axıtdıqlarını anlamamaq mümkün deyildi. Bu biri
iki qız isə əsl “satdıq mala” əlavə (yamaq) idilər.
Həlimənin üzündə-gözündə,
bütün vücudunda... sözəgəlməyən bir
cazibə vardı. Azacıq xam baxan baxışları, amiranə
danışıq və hərəkət tərzi, hərdən
utanmaz-utanmaz, hərdən isə yalançı
utancaqlıqla baxan yaşıl gözlərini
danışdığı, amma daha çox mübahisə
etdiyi adamın düz gözlərinin içinə zilləyib
onun beyninə “mən... buyam... sən... mənim...
üstünlüyümü... qəbul etməyə... bilməzsən...
bilməzsən... ölsən də... məni... bəyənməyə...
bilməzsən...” sözlərini ayrı-ayrılıqda, cəsarətlə
göndərməsi Həliməni bütün ətrafda
qeyri-rəsmi “primadonna” etmişdi. Hamının yanında
Orxanla həmişə az qala ərklə danışan, əsl
enerji dağarcığı olan Həlimə qızların
qeyri-rəsmi “duayeni” idi. Orxanı
“ağlayıb-sısqayıb” (əslində, nazlanıb) “birtəhər”
razı salaraq bəzi axşamlar balaca maşınına ən
azı yeddi-səkkiz qız yığıb dənizə
çimməyə aparmağa məcbur edə bilən yeganə
qız o idi. Biçarə oğlanlar bu zaman üst köynəklərini
çıxarıb başları üstdə yelləyə-yelləyə
maşının dalınca “kim kimi ötdü” deyə ləhləyə-ləhləyə
qoyurdular üstünə, nə qoyurdular — “saatda yüz iyirmi
ilə”.
...Orxanın
bu vaxtacan yadında dəqiq qalan odur ki, bu Həlimə onu təklikdə
görəndə yanaqları qıpqırmızı
qızarır, qaşının biri təəccüblə
yuxarı dartılırdı. Nə dinirdi, nə də
danışırdı. Əvvəl-əvvəl Orxan bunun fərqində
deyildi. Bir müddət keçdi. Orxan bunun fərqində o
zaman oldu ki, təklikdə Həlimə ilə
qarşılaşanda başladı hiss eləməyə ki,
onun özünün də yanaqları belə təkbətək
görüşlər zamanı ağırlaşır, isinir.
...Orxanın
xalası içəridən bir stəkan çay gətirib
qoydu onun qabağına. Sonra səsləri-küyləri
bağı başına götürmüş uşaqlar tərəfə
diqqətlə nəzər yetirib:
– A bala,
bunlar yenə nə oyun çıxarırlar? Vay,vay, vay... – Və
bir cavab gözləmədən yenə dönüb girdi evə.
– Hələ
bu harasıdır?!.. – Orxan onun arxasınca yavaşdan elə səsləndi
ki, xala eşitməsin.
Dörd
oğlanın dördü də,
kiçikli-böyüklü, əməlli-başlı
“qızmışdı”. Orxan görüb hiss edirdi ki,
qızlarda da bir balaca gərginlik var, amma onların həyəcanı
kifayət qədər dərindəydi. Oğlanlar isə...
aşıb-daşan hislərini heç cür gizləyə
bilmirdilər. Ondan, adətən, çəkinən bu
“malçişkalar” indi Orxanı əməlli-başlı
unutmuş, qan iyi alan akulalar kimi ovlarının ətrafında
belədən-belə, elədən-elə
üzüşürdülər.
Həzin yay
axşamı idi. Havada ləzzətli bir sərinlik vardı,
ola bilərdi ki, xəzri başlasın, amma indi
başlamazdı, gecə — bəlkə... Yay
axşamlarının “əziz” qonağı olan ağcaqanadlar
nə üçünsə həmən axşam yox
olmuşdular. Belə vaxtlarda Qoşqar deyirdi: “Vertolyotlar” bu
gün uçuşa çıxmayıb...
Həlimə
üz-gözündə guya istəməyə-istəməyə,
bir balaca da nümayişkaranə şəkildə iki
qızın arasında bardaş qurub əyləşdi, bu
zaman onun alabəzək tumanının ətəkləri
çəkilib dizlərindən xeyli yuxarı qalxdı. Ətrafdakılardan
heç kim, deyəsən, buna fikir vermədi. O biri qızlar
da sərbəst oturmuşdular, amma onlar tez-tez
tumanlarını dizlərinə tərəf
sürüşdürüb ayaqlarını “örtməyi”
yaddan çıxarmırdılar. Həlimə bunu etmirdi.
Orxana elə gəldi ki, bu saat Həlimə anadangəlmə
çılpaq olsaydı belə, yenə kiminsə onun bədəninə
baxıb-baxmamağı vecinə olmayacaqdı, o bunu sadəcə,
hiss etməyəcəkdi. Ona elə gələcəkdi ki, bədəni
ağac kimi, daş kimi, ulduz kimi, ay kimi... nə bilim daha nə
kimi bir şeydi, kim baxırsa baxsın, ağac, daş, ulduz,
ay ki bunu hiss etmirlər....
Birdən, “nə
mənə, nə sənə”, Orxanın
özünün-özünə bərk acığı
tutdu. O, bu boyda kişi, niyə hayıl-mayıl olub gözlərini
bu yaraşıqlı qızın gözəl, yumru dizlərindən,
qaralmış, əzələləri tarıma çəkilmiş
baldırlarından ayıra bilmir?! Həlimənin gənclik təravəti
ilə dolu aramsız, saqqız qoxulu sərt nəfəsi
aralarındakı altı-yeddi metrəlik məsafəni qətiyyətlə
keçib gəlib Orxanın üzünə toxunur,
saçlarını tumarlayır, sonra burnuna, ağzına
dolub onu bihuş edirdi. Birdən Orxana elə gəldi ki, Həlimə
nə danışırsa, kiminlə danışırsa, həqiqətdə
bu belə deyil, həqiqətdə Həlimə yalnız
onunla danışır. Ətrafda heç kim, heç kim
yoxdur. Altdan-altdan o ancaq Orxana baxır, üzünə-gözünə
tökülən qapqara saçlarını üzündən
əli ilə yığmır, Orxanın xoşu gəlsin deyə
kinodakı qadınlar kimi dodaqlarını büzüb
onları aşağıdan yuxarı üfləyir. Mərmər
kimi hamar, çılpaq ayaqlarını da bu qız ancaq Orxan
üçün beləcənə açıb qoyub...
Bu son fikir
beynindən keçmişdi ki, qəflətən
ayıldı. “Dayan, zalımın oğlu, dayan! Hara zilləmisən,
ay səni, yaramaz, gözünü?! Olmaz! Heç olmaz! Birdən
kimsə hiss elər, görər ki, sən bu uşağa belə
baxırsan, ayıbın ayıbı olar.” Orxan
özünü böyük bir günah tutmuş adam kimi hiss
etdi, gözlərini qaçırıb tələsik kitaba
dikdi və avtomatik olaraq qarşısındakı çaydan
bir qurtum aldı. Çay soyumamışdı, Orxanın
ağzı əməlli-başlı yandı.
Oğlanlar
ucadan deyib-gülür, utanmadan əllərini əllərinə
sürtürdülər. Qızların vəziyyəti isə
müəmmalı idi, oyun onların sanki boyunlarına
düşmüşdü. Amma geri də çəkilmək
istəmirdilər. Şahmatdakı kimi pat vəziyyəti
yaranmışdı. Oyunçular qaydaları tam müəyyənləşdirə
bilmədiklərindən oyun hələ də
başlanmırdı.
– Bəlkə
belə edək?! Şüşənin ağzı kimə
düşsə, o... tut ağacına dırmaşsın. Yox,
qoy o, şer desin... — Qizlar son müqavimət göstərməyə
cəhd etdilər.
Cəhd zəif
idi, əlbəttə ki, nəticə vermədi. “Akulalar” heç
bir kompromisə doğru “üzmək” niyyətində deyildilər,
onlar amansızcasına yalnız bir şey tələb edirdilər:
“Öpüş! Öpüş! Ancaq öpüş!!! Oyunun
öz pozulmaz qaydası var, onu dəyişmək olmaz!” Bu tələb
onların düyünlənmiş qaşlarında, hədəqəsindən
az qala çıxan gözlərində açıq-aşkar
yazılmışdı.
Qızlar yenə
bir-birilə baxışdılar: “Bunlardanmı çəkinəcəyik?!
Ay-hay...”
–
Başlayaq? – Qoşqarın dostu Şahin soruşdu. – Yoxsa...
– Qorxma
qızım, sizi burda heç kim yeməyəcək... — Bu ədəbaz
sözləri isə balaca Cüllüt dedi. Oğlanlar
hırıldadılar.
Deyəsən,
Cüllütün bu sözlərindən sonra Həlimənin
üz-gözünə sərt bir ifadə qondu, qaşları
çatıldı:
–
Başlayaq! – Həlimə alt dodağını büzüb
irəli gətirdi, saçı bu dəfə üzünə
düşməsə də başını geri ataraq
aşağıdan yuxarı bərkdən üflədi və
altdan-altdan yenə də mən tərəfə nəzər
saldı. “Başlayaq” sözünü elə qətiyyətlə
dedi ki, sanki kiminləsə ölüm-dirim savaşına girəcəkdi,
sanki oğlanların bilmədiyi nəyi isə o bilirdi. Onun qətiyyəti
o biri qızlara da keçdi.
–
Başlayaq. Kim birinci fırladır?..
– Siz
fırladın. – Mak Donalds irişə-irişə, guya, jest
elədi və, guya, xəlvətə salıb Qoşqara
bic-bic göz vurdu. Orxan oturduğu balkondan bu sırtıq
irişməni açıq-aydın şəkildə
gördü. Əti töküldü.
Şüşənin
birinci fırlanışı çox çəkmədi.
Dörd-beş dövrə... və şüşənin
ağzı Həlimənin sağ tərəfində
oturmuş qızı top ağzı kimi nişan alıb
dayandı. Qız özünü itirdi.
“Oh... oh...
oh... ah... ah...ah... ha-ha-ha...” və başqa buna bənzər cəngəllik
səsləri çəmənliyi bürüdü. Ən
çox da, aydın məsələ, oğlanların səsi
idi. Qızlar yenə də bir-biri ilə ani
baxışdıqdan sonra hədəfdəki çil-çil
qız ayağa qalxdı, əvvəl sağına, sonra soluna
baxdı, guya heç kimi tapmadı, yəni, layiq bilmədi, təzədən
yerinə oturdu. Çiynindən qucaqlayıb Həlimənin
yanağından öpdü. Bu dəfə qızlar
gülüşdülər.
– Olmadı!
Vallah, olmadı!.. Yanındakını olmaz. – Bir bəhanə
tapa bilməyən qoçaqlar partladılar, qətiyyətlə
etiraz etməyə başladılar, çünki, anladılar
ki, belə gedərsə “ideya” məhv ola bilər.
Həlimə
əl-qol ata-ata dağ şəlaləsini xatırladan gur səsi
ilə onların səsini çox asanlıqla batırdı:
– Niyə,
niyə olmaz?? Elə olar ki... Kimi istər, onu da öpər!
Orxanın
qulağı əks-səda “rejimində” işləməyə
başladı. “Kimi istər... onu da öpər... onu da öpər...
onu da... öpər...öpər...öpər...”lərin
sayı-hesabı yox idi.
Şahin yenə
sükanı əlinə almaq istədi, az qala
qışqırdı:
– Oyunun mənasını
itirirsiz... olmaz ki...
Səslərini
də zəhmət çəkib qısmırdılar.
Artıq Orxanın balkondan bunları eşidib-eşitməməyinin
heç bir əhəmiyyəti yox idi.
Böyük-kiçikliyin başqa vaxt kəskin cızılan
sərhədləri itmişdi.
– Əlbəttə,
belə getsə, oyunun mənası qalmır, eh...
– Niyə ki,
yaxşı qalır. – Qızlar təslim olmaq istəmirdilər.
— Kim kimi istəsə öpsün. Siz də elə eləyin.
Həlımə
bu sözləri söyləyən çil-çil
qızın ətəyindən çəkdi. Əyilib
qulağına nəsə pıçıldadı, ikisi də
pıqqıldadı.
Cüllüt
hirsini Şahinin üstünə tökdü:
– Sən də
fırladırsan bunu, yaxşı fırlat da...
Şahin
Qoşqara göz vurdu: “Darıxma...”
Qoşqar
daha hiyləgər idi, Həlimənin son sözlərindən
tutub buraxmadı:
– Nolar,
düz deyirlər, kim kimi istəsə onu da öpsün.
– Sonra bizdən
inciməyin... — Bu mənasız sözləri isə Mak Donalds
dedi və beləliklə, bu hind serialının birinci
seriyası bitdi.
Bu dəfə
şüşəni Cüllüt elə bərk
fırlatdı ki, uşaqlar üçün, elə
Orxanın özü üçün də bu, bir ömür
qədər uzun gəldi...
...Hər
şeyi unutmuşdular. Öpüşün biri bir qəpik
idi. Oğlanların hamısının “ürəyi yerinə
gəldi”, hamısı Həlimənin üstünə
cumurdu. Həlimənin yanaqları öpüşlərdən
allanmışdı. Amma qəribə olan başqa idi. Həlimə
özü heç cür şüşənin ağzına
tuş gəlmirdi. Nəhayət, bu, oyundakıların da diqqətini
cəlb elədi.
“Bu qız,
görəsən, kimi öpəcək?!” Orxan nə qədər
çalışırdı, bu mənasız sözləri
başından çıxara bilmirdi.
Axırda məsələni
Cüllüt “həll elədi”. Şüşənin
ağzını, demək olar ki, göz görə əliylə
Həliməyə tərəf çevirdi. Qızlar “oh” eləyib
istədilər, hay-küy qaldırsınlar, amma Həlimə
ki, dodağını dişləyib dinmədi, bunlar da
çox dərinə getmədilər. Hardasa, ədalət
öz yerini tutmuşdu, bu qədər vaxt ki, bunlar oyun
oynayırdılar, “yazıq” Həlimə öz hüsn-rəğbətini,
hələ ki, bildirməyə imkan tapmamışdı.
Hamı onun üçün belə bir fürsət
yaranmasına sevindi.
– Təbrik!
Təbrik! – Nədənsə, hətta qızlar da səslərini
başlarına atıb qışqırışdı.
Bilinmirdi, kim kimi və nə üçün təbrik edir.
Orxanın
indiki kimi həmən səhnə gözünün
qabağındadı. O bu gün də hər şeyi
aydından aydın xatırlayır. Ona görə belə
aydın xatırlayır ki, əslində, unutduğu gün
olmayıb.
...Həlimə,
yavaşıdılmış kadrdakı kimi tələsmədən,
yavaş-yavaş ayağa qalxır. Yenə də
yavaş-yavaş dövrə vurub oturmuş və ürəklərində
min bir dillə Allahlarına yalvaran oğlanların
arxasından keçir. Və Həlimə... Orxan oturan balkona
tərəf yönəlir.
Budur,
Orxanın gözləri önündə maraqlı kadrlar
bir-birini əvəz edir: Mak Donalds gözlərini bərk-bərk
yumub, Şahin əsəbi-əsəbi irişib ayaqlarını
var gücü ilə qaşıyır. Cüllüt
qollarını sinəsində çarpazlayıb yerindəcə
dikəlib və donub. Qoşqarın üzünə qonmuş
o ciddi ifadəni isə Orxan sonralar bir daha görmədi.
...Həlimə
qaça-qaça gəlib düz Orxanın
qarşısında dayandı. Orxan hələ də bir
şey anlamadan ağır-ağır ayağa qalxdı. Onlar
üzbəüz dayandılar və Orxana elə gəldi ki,
onların ürəkləri bir-birinin döyüntü səsini
eşidir. Bir anmı keçdi, min ilmi keçdı?! Qız
baxışlarını ondan qaçıraraq dərindən
bir “ah” çəkib əllərini Orxanın boynuna doladı
və dodaqlarını bərk-bərk dayadı Orxanın
üzünə. Dodaqlarının yarısı Orxanın
dodaqlarının üstünə düşdü, amma bu,
çəmənlikdən onlara maddım-maddım
baxanların gözündən uzaq, gizli şəkildə
baş verdi.
Onların
hamısı — gənc, diribaş, ağıllı qızlar və
oğlanlar özlərinə o qədər inanırdılar
ki... Həyat yaxın və uzaq gələcəkdə onlar
üçün nə hazırlayırdı?! “Bakı –
Abşeron” marşrutundan bezib hələ dünyaya səpələnməyə
macal tapmamış bu nur parçalarını yaxın, uzaq gələcəkdə
nə ğözləyirdi?! Kim bunu bilirdi?! Həmən yay
axşamı isə onlar xoşbəxt, asudə,
qayğısız idilər. Həyat hələ onlarla öz
zarafatını eləməmişdi. Hələlik bərkdən
və ürəkdən gülüşürdülər və
nədənsə hamısı bir yerdə elə bərkdən
çəpik çaldılar ki, Həlimə Orxanı öpəndən
sonra pörtmüş bir halda, əsl qalib ədası ilə
balkondan enib onların yanına qayıdanda...
On beş il əvvəlin
hadisəsini Orxan bu gün niyə xatırladı?! Hər
şeyin bir mənası var. Bu gün işdən
çıxıb avtobus dayanacağına tərəf gedəndə
qarşıdakı “bahalı” mağazadan bir xanım
çıxdı, onlar üzbəüz gəldilər.
Çox yaraşıqlı bir xanım idi. Zəngin geyimi
vardı. Diqqətli baxışlarını Orxanın
üzündə saxlaması artıq yaşlanmış,
saçları ağarmağa başlayan bu, adətən,
qadınlara münasibətdə ehtiyatlı kişini cəsarətləndirdi
və o, ürkək bir salam verdi. Nə olar, olar.
Uzaqbaşı nifrətli bir baxış altında
ötüb keçəcəkdi.
— Salam... –
Qadın salamı az qala sevincək aldı və ayaq
saxladı.
Orxan sual dolu
gözlərini qadının üzünə zillədi.
Qadın Orxanı onun alışmadığı bir şəfqətlə,
qəribə bir canyananlıqla süzürdü. Özü
isə bir söz demirdi, elə bil, gözləyirdi, Orxan nə
isə desin.
– Belə...
necəsiniz?
Bundan
ağıllı bir şey tapıb demək onun ağlına
gəlmədi. Qadın Orxanın
çaşqınlığını görüb onu
tanımadığımı dərhal başa
düşdü, qətiyyən pərt olmadı, amma
bütün yaraşıqlı çöhrəsini səmimi
bir təəssüf ifadəsi bürüdü:
– Orxan da
qocalarmış... — Onun yumşaq səsi nəvazişlə
dolu idi.
“Aha, nə
yaxşı...” Orxanın ürəyi guppuldadı, “deməli,
tanışıq. Nə isə demək, danışmaq
lazımdır, susmaq olmaq, olmaz... “
– Siz... siz...
– Yenə də dili topuq vurdu, bilmədi, sözünü necə
davam etsin. – Yadıma sala bilmirəm. Siz...
Qadın
üzündə həmən təbəssüm
başını yelləyib, yəni, “sənə güvəndiyim
dağlar...” Orxanın yanından keçdi. Orxan həyatı
boyu bir çox fürsətləri əldən vermişdi. Bu
fürsəti isə əldən vermək olmazdı, heç
olmazdı. Arxasınca düşüb nə illah elədisə,
o, adını söyləmədi. Bir ipucu da vermədi ki, onu
haradan tanıdığını Orxan yadına sala bilsin. Xəz
paltosunun ətəklərini yuxarı yığıb
Orxanın onun üçün saxladığı taksiyə
oturandan sonra sonuncu dəfə ona qərib bir vida təbəssümü
bəxş edib, necə deyərlər, qeyb oldu. O təbəssüm,
təxminən, bu demək idi: “Ax, zəmanə, zəmanə,
Orxan da qocalarmış...”
Orxana elə
gəldi ki, o, bir uşaqdır və cırnatmaq
üçün ona bir oyuncaq göstərib sonra əlindən
alırlar.
O axşam
Orxan sevimli xalasının, anasının vəfatından
sonra onun qeydinə qalan yeganə adamın yeddisinə gedirdi.
O, hələ də çaşqın və qanıqara bir
halda çadıra girəndə çadır artıq az qala
boşalmışdı. Qoşqar yoldaşları ilə bir tərəfdə
oturmuşdu. Onu görüb ayağa qalxdılar. Orxan da elə
onların yanına keçdi. Fikrində həmən
yaraşıqlı naməlum xanıma nə isə sübut
edə-edə başsağlıqlarını qəbul etdi.
“Kim idi o?! Axı çox doğma bir tövrü vardı. Ola
bilməz ki, tamam yadımdan çıxa, heç cür ola
bilməz...”
Qoşqardan
başqa üç nəfər idilər. Orxana hörmət
və maraqla baxırdılar. Birini tanıyırdı.
Qoşqarın, elə Orxanın da, artıq belə demək
olardı, dostu Şahin idi.
–
Uşaqları tanıdın? – Qoşqar məhəbbət və
sədaqət dolu gözlərini ona dikib təbəssümlə
soruşdu. Əslində, bu, “niyə gec gəldin, niyaran
qaldıq...” demək idi.
Orxan da təbəssümə
təbəssümlə cavab verdi, gülümsədi. “Mənimki
bu gün tanımazlıqdan gəlib... Heç, narahat olma,
balaca işim çıxmışdı...””
– Ənvər
yadına gəlmir?
– Mak Donalds.
– Ənvər irişə-irişə Orxanın yadına nəyisə
salmağa çalışdı.
– Əlbəttə,
əlbəttə, tanıdım.
– Necəsiz,
Orxan müəllim?! – Mak Donalds, yəni, Ənvər qabiliyyətlə
soruşdu.
Ucaboylu
yaraşıqlı oğlan isə gözləmədi ki,
Qoşqar onu təqdim etsin.
–
Yadınıza gəlir, Orxan müəllim, bir dənə
Cüllüt vardı...
Cüllüt...
Əlbəttə, xatırlayır. Necə unuda bilərdi?! Əlbəttə!
Mak Donalds, Şahin, Cüllüt, bir də əziz
qardaşı Qoşqar. O unudulmaz yay axşamının
qonaqları. Dövrə vurub çəmənlikdə
qızlarla bir yerdə bardaş qurub şüşə
fırlatmaları, onun balaca maşınına doluşan
qızların, xüsusilə də, Həlimənin eşqinə
maşının dalınca dənizə qədər “ləhləyə-ləhləyə”
qaçmaları, daha nələr, daha nələr yada
düşmədimi, yada düşdü. Orxana elə gəldi
ki, bu uşaqlar hələ də tozlu bağ yolu ilə
qışqırışaraq “maykalarını” başları
üstdə fırlada-fırlada dənizə tərəf
qaçmaqlarındadılar.
Qəfildən
Orxanın beynindən, elə bil, ildırım keçdi. Necə
ola bilər ki, bayaq onu tanımadı?! Əlbəttə ki, o
idi. Gərək ən azından qaşının təəccüblə
yuxarı dartılmasından tanıyaydı. “Orxan da
qocalarmış...” O idi, o. Başqa heç kim elə
doğma ola bilməzdi. Orxan rahatlıqla köks
ötürdü.
— Bu gün
köhnə tanışlarla görüş gününə
dönüb. Bayaq yolda biri də qarşıma
çıxmışdı... – Orxan gözlərində
niskilli bir təbəssüm, o uzaq və yaxın zamanda
olduğu kimi yanaqlarının yenə də
ağırlaşdığını hiss elədi.
Qoşqar və
onun dostları Orxandan yolda hansı köhnə
tanışını gördüyünü
soruşmadılar. O da demədi.
...İki ildən
sonra bu uşaqların dördü də könüllü
olaraq cəbhəyə yola düşdü. Ağdam
uğrunda döyüşlərdə bir həzin yay
axşamı dördü də həyatını qurban verdi.
Vətən bayrağına bürünmüş tabutları
gəldi. Qardaşının yoxluğuna Orxan bu gün də
alışa bilmir.
Kamal ABDULLA
525-ci qəzet.- 2011.- 26 noyabr.- S.24-25.