Məqamı
tutan roman
Mübariz Cəfərlinin “Bərpaçı”
romanı 2010-cu ildə “Azərbaycan” jurnalının 12-ci
sayında çap edilib. Mən
onu bir təsadüf nəticəsində gördüm və
oxudum. Təəccübləndim ki, niyə bu roman indiyə
kimi heç kəsin diqqətini cəlb eləməyib. Sual verilən
kimi, cümlənin sonundakı sual işarəsi qopub yerə
düşür, bizim ədəbi aləmin rəngbərəng
“moderatorlar”ı başqa nəsnələr
axtarışındadırlar və özlərini elə
aparırlar ki, guya bu əsərləri məhz onlar sifariş
verib yazdırıblar.
Nə
isə. Fikrimcə bu romanda çoxlarının
axtarmadığı şeylər var, məsələn, yenə
fikrimcə, MKM-yə təqdim edilsəydi, ilk oxunuşdan kənara
atılardı, baxmayaraq ki, bu əsəri oxumaq MKM mütəxəssisi
olmaqdan az məsuliyyət tələb etmir.
Cəfərlinin
romanı, fikrimcə, son bir neçə on ildə mənim oxuduğum
ən yaxşı nəsr nümunəsidir. Hər şeydən
öncə daxili planı, mükəmməl süjet strukturu
və kompozisiya həlli ilə. Əsərin poetik strukturu,
gözümüzün aldığı mətləb(lərin)
bədii həlli onu son illər dünyada çap edilən ən
mükəmməl əsərlərlə müqayisə etməyə
imkan verir. Dünyadan bu məmləkətə ədəbi xəbərlərin
səsi bir az uğultu qarışıq gəlir və məncə,
o hadisələr qeyri-professional formada hallandırılır, ən
adi, sıradan nəsr nümunələri bir də
görürsən ki, əsl şedevr kimi qələmə
verilir. Yaxud bizdə: haqqında bəhs edilməyə ədəbi
ləyaqəti çatmayan əsərləri birbaşa
müzakirə mövqeyində nümayiş etdirirlər.
Düzdür, hərəkət, özü də hər
şeyin donduğu bir məmləkətdə hərəkət
qıcıqla, qaşınmayan yerdən qan çıxarmaqla
yaradıla bilər, ancaq hərəkət, dinamika əvəzinə
onların ilğımı məncə artıq hər kəsi
bezdirib.
Əvvəla,
onu qeyd edim ki, roman nasirin uzun illər gərgin
axtarışlarının bəhrəsidir, 2004-cü ildən
başlayaraq yazılmağa başlanan əsərin
fabulasında elə xətlər var ki, Mübariz onlardan birini
inkişaf etdirib bu günlərin “qaçaraq” romanlarından
birini ortaya qoya bilərdi. Müəllif bədii mətnlə
ifadə etmək istədiyi ideyaların hansı tutuma və
sanbala malik olduğunun fərqindədir, məhz bu amil mətndə
zahirən hiss edilməyən mürəkkəb strukturun
oyanmasına (-!) gətirib çıxarıb. “Bədii həllin
ən uğurlu cəhəti hansıdır,” – soruşduqda
birmənalı cavab özünü qəti şəkildə
doğrultmur, yəni əgər desək ki, o, dünya və
axirət, Allah və şeytan, xeyir və şər ...
haqqında, bu mövzuların nüvəsindən keçməklə
yazılıb, yaxud bu mövzuların qarışıb
çarpazlaşdığı məqamdan dünyaya gəlib,
– şübhəsiz ki, böyük yanlışlığa
yol vermiş olarıq. Çünki az qala mövhümi
dünyanın olayları müəllif tərəfindən
ciddi və real şəkildə, bəlkə də
bütün çılpaqlığı ilə, həm də
bu günün, bəlkə elə bütün zamanların
insan mənzərələri ilə təmasda rəsm edilib. Ən
xəyali, yaxud, belə deyək, təxəyyülün belə
çatmadığı olaylar görürsən ki, həyatın
dibindən güclə sızıb gələn səslə təsvir
edilir, sözün səslə göstərilməsi mətnə
xüsusi kolorit aşılayır, bu kontrast – əhvalatın
qeyri-reallığı və təsvirin
inandırıcılığı səni məcbur edir ki,
müəllifə özün kimi inanasan, yaxud
ömrünü onun cızdığı hadisə
trayektopriyasında yaşayasan. Mətndə təhkiyə
axarı elədir ki, sanki hadisə bir neçə
nağılçı tərəfindən nəql edilir və
kənarda dayanan nağılçılar arasındakı kəskin
mübahisənin həniri güclə sənə çatmaq
istəyir. Ancaq təhkiyə üzərindəki müxtəlif
dillər, onların çulğaşması, mübahisəsi,
bu hadisələrin kəsişməsindən hasil olan ironiya,
şantaj, kollaj ... stixiyası mətnin dərinlik
ölçüsünü artırır, onun içinə
qatılan münasibətlərin, olay və təsvirlərin
maqnit sahəsinə düşmüş kimi konsentrasiyaya meyllənməsi
mətnin oxunuşunu çətinləşdirsə də,
yeni, kəsilməyən perspektivlər doğurur.
Bu
qısa qeydlərdə romanın planından və
kompozisiyasından bəhs etmək fikrimizcə yerinə
düşərdi. Əsərin məzmununu və oradakı
ideyaları maraqlı və cazibəli edən, heç
şübhəsiz ki, onun daxili planıdır. Bu mənada hər
bir roman sadə, tanış, hər gün işlədilən
sözün yenidən, yeni biçimdə dünyaya gəlməsidir.
Mətn, bəri başdan deyək ki, bir neçə əks məzmunlu
və mənalı hadisə strukturunun
qarşılaşması və
qarşılaşdırılması üzərində qurulub
– Abdullanın çağrılması və ölmədən
cənnətə düşmək istəyən cavan
oğlanın aparılması, sonra: söz-anlamların əsər
mətnində transformasiyaya uğraması (cavan oğlanın
düşdüyü cənnət şəkilcə, təsvir
baxımından cənnətdir, onun mahiyyətini hər kəs
özü istədiyi formada anlamaqda sərbəstdir), real
gerçəklikdə baş verən olayların o cavan
oğlanın düşdüyü aləmlə paralelləşməsi,
daha doğrusu cənnətin bu dünyaya bənzəyişi və
sair. Ən maraqlısı və tapıntı səviyyəsində
boy göstərən olay isə dünyanın, ümumən
mövcudluğun mənası haqqında mətndən yeni mənaların
doğmasıdır və təqdim edilən mətnin yeni mətnlər
doğurmasıdır. İndi hər gün yazılan nəsr
əsərlərindən fərqli olaraq bu nümunədə
“müəllif izahı” – beyində, fikirdə tutulan
ideyaların bədii həlli yerinə onlar haqqında moizə
oxumaq xəstəliyi yoxdur. Diqqət yetirsəniz, Abdulla
obrazı üzərindəki ştrixlər (fərdi,
özümlü) azdır, barmaqla sayılacaq dərəcədə
azdır, ancaq bu xəsis ştrixlər də (bir-iki sual və
onların tapılmayan cavabı...) onun əslində nəyin
ovunda olduğunu dolğun şəkildə göstərə
bilir. Mətnin qurulma prinsipi, bir sözlə, təhkiyə və
kompozosiya poetikası da orijinal və mükəmməldir.
Burada təhkiyə boyu ibrətamiz əhvalatların nəql
edilməsi sadəcə “hadisəni yeritmək” məqsədini
güdmür, daha dərin mənalara baş vurmaq, dərinə
getmək və elə bir nöqtəyə yetişmək ki,
bu, sənə dünyadan, yer kürəsinin divarlarından
aşmağa imkan versin. Mövcud qaydalar, mövcud mənalar,
yaxşı ilə pis, xeyirlə-şər arasında
trayektoriya cızan mənaların sərhəddini keçən
kimi dönüb bu dünyaya nəzər yetirmək maraqlı
və gözlənilməz olduğu qədər də əzablıdır.
Amma, necə deyərlər, hələlik ömür, həyat
davam edir, hər kəs öz işindədir, tanrıdan
aldığını bahasına satmaqdadır və bir ləhzə
bunun fərqinə varmaq ağlının ucundan belə
keçirmir. Əzəmətlə Ələkbərin
dramı mətnin içinə atılan mənaların son
ifadə imkanlarının göründüyü, həyatla
bağlı ümidlərin qəhr olduğu və bəzən
həyatın, insan ömrünün nələrdən,
hansı çirkin olaylardan güc alıb dirəndiyi məqamdır.
Mərhəməti və həyasızlığı,
çirkinliyi ən qatı, ifrat dərəcədə
daşıyan insan əslində “bərpa materialı” deyil
öz-özünü quran nəsnənin
öz-özünü dağıtması aqibətidir. Ancaq bu
nöqtə hələ son deyil – hər bir yeni başlanğıc
bütün pislikləri arxa plana çəkir, hər bir dəhşətli
əməl bütün yaxşı işlərin
üstündən xətt çəkir. Cənnətdən gələn
adamın akademiki öldürməsi əslində
insanların axirət haqqında xəyallarına qəsd edilməsidir.
İnsanın gələcəklə, axirətlə
bağlı hər bir işıqlı xəyalı ümumi
təyinatlı materialdır, bir zamanlar gözəl olanlar vaxt
gəldikdə çirkinlikləri yaradan mənbəyə
çevrilir. Beləcə ölüb-dirilən dünya həmişə
kiminsə qolları üstündədir. Həyatın bu
dramatizm içində təsviri, özü də təsvirin
real, canlı xarakterdə olması fikrimizcə, nasirin
böyük uğurudur.
Mətn
bütün nöqtələri ilə alt qatlara işarə
edir, məqamı yetişəndə bu işarələr
sıxlaşır, bir nöqtəyə cəmlənib ətrafı
bütün künc-bucağı ilə göstərir. Səthdən
aşağı endikdə lallığın, susqunluğun dərəcəsi
çoxalır, birinci mərtəbədə dil boğaza
qoymayan insanlar aşağılara endikcə susmaqla
danışmağa üstünlük verirlər. Belə
olduqda, məsələn orta əsrlərdə yazılan ən
qənirsiz şeirlərin alt qatındakı əsl mətləbləri
görə bilərsən. Anlaya bilrisən ki, ölüb
getmiş, bizdən qopmuş insanlar haqqında nə isə
bilmək imkanımız onlar bu dünyanı tərk etdikdə
tükınir, onlar isə bizim haqqımızda hər şeyi
bilirlər, “yazılan” mətn məhz bu şəkildə
davam edir, ancaq o, görmək istəyən adamın
gözünə görünür. İnsanın belə bir məna
qatına yetişməsi onun həyatını, bütün
ömrünü dəyişə bilər. Roman mətnində
bu ideya necə deyərlər altdan-altdan şərh edilir,
yeridilir, hər bir hadisə kəsiyində ona müvafiq
biçimdə təqdim edilir.
XX əsrin
ortalarında xüsusən də Coys və Folkner kimi
dühaların yazdıqları mətnlər niyə bu qədər
ziddiyyətlə qarşılanırdı, təkcə ona
görə yox ki, bu mətnlərdə ənənəvi
poetikaya qarşı bir cəbhə
açılmışdı, daha çox ona görə ki, bu
mətnlərdə sözün mövqeyi, yeri, funksiyası dəyişirdi,
– söz daha çox olanla, olmayanın, olayla xəyalın sərhəd
zonasında yerləşirdi və bu sərhəd
situasiyası ağlagəlməz dinamika doğururdu, yəni
deyək ki, Allaha dua etməklə yox, bəlkə,
bütün səs və hənirləri kəsməklə,
danışmadan, sözsüz-sovsuz yetişmək olar? Əməl
varsa, niyyət varsa, Allahla bəndə arasında heç bir
yalvarışa ehtiyac yoxdur. Dua yalvarış deyil,
özünüifadə, etiraf məqamıdır... Amma
qarşıda dünya adlanan keçilməz bir sədd var,
günah işlətmək qorxusu, yaxud ağappaq kağız
kimi yazılmamaq fürsəti var. Dünyaya necə baxsan o
şəkildə görünəcək, bir ləhzə
görünməyən nəsnənin bu qədər sonsuz
bucaq altından görünməsi bəlkə fiksiyadır, bəlkə
doğrudan da “insan Allahın yuxusudur?”. Mətnə üzvi
şəkildə daxil olan digər mətnlər izahedici,
şərh mövqeyindən başqa, həm də “roman
içində romandır”, əhvalatların bir-birindən
doğması, qırxıncı qapı, bu qapıya
yetişində yeni tilsimlərin yaranması, fikrimizcə, təqdim
edilən mətnin poetik özəlliyi bütün bu mətnlərin
və əhvalatların, onların aşılamaq istədiyi mənaların
kəsişmə yerindədir. “Min bir gecə” hekayəsinə
müraciət əxlaqi-didaktik, fəlsəfi yozumdan başqa
həm də struktur, daxili plan məqamıdır: bu mətn
gecə ilə gündüzü dəqiq göstərməyə
hesablanıb.
Romandakı
bütün vaqeələrin içindən “hədislərin ən
yaxşı bilicisi” obrazı boylanır. Bu gah Əbu-Həssan-əl-Ziyadı,
gah da müəllifin özü (müəllif obrazı) olur.
Bu nə deməkdir? Möminlərin hökmdarı Məmun
iki dəfə peyğəmbəri yuxuda gördükdən
sonra qorxusundan yata bilmir. Adam – Əl-Ziyadi öz ayağı ilə
gəlir. Hədis zamanında yuxu reallıqdan daha gerçəkdir,
yaxud daha gerçək ola bilərdi. Müəllif
zamanında danışılan hədis aşkarlayıcı
rol oynayır. Bütün mətn boyu izlənildikdə bu hədisin
tərs üzü gerçəkləşir – ölmədən
cənnətə düşmək istəyən və
düşən cavanın olduğu bağça digər
“tarixi hədislərdəki” Həsən Sabbahın “terror
bağçasına” bənzəyir. Dünyada əslində
yaxşı və pis adam... yoxdu. Abdullanın
aparıldığı yerdə (...) iki detal maraq doğurur:
divarda uzaqlaşdıqca oyuğa çevrilən göz şəkli
(insan) və qapıdan çox qapı yerinə bənzəyən
oyuq....
–
Çay aralanıb Musa peyğəmbərə yol verirdi. Həzrəti-İsa
suyun üzərində gəzirdi, səninsə su dizindən
yuxarı qalxmır.
– Yox,
bu məndən asılı deyil. – Əmmaməli arxaya baxmadan
dedi, – məqamı tutmuşuq, bu vaxtlar bizim adaya gələn
yol açıq olur, yoxsa bura dənizin ən dərin yeridi...
Mətndə
“yuxu” sözündən diksinirlər.
– Qonaqpərvərlik
yalançı etiketdi, kim nə deyir desin, toxluqdan adamın
başı necə deyim – münasib sözlər axtardı, –
yuxulu işləyir – tapıntısına sevindi.
Sol
yanağı xallı “yuxu” sözünü eşidib gözlərinin
ikisini də açdı, ətrafa boylandı, Abdullaya
baxıb:
– Tələsmə,
dedi, – süfrə başında hər şeyi biləcəksən.
... Biz
adı çəkilən roman haqqında ilkin qeydlərimizi
burda bitirməklə, onun maraqla oxunacağına və tezliklə
müzakirə predmetinə çevriləcəyinə
inandığımızı bildirmək istərdik.
Cavanşir
YUSİFLİ
525-ci
qəzet.- 2011.- 3 sentyabr.- S.28.