ELÇİN
FENOMENİNİN AZƏRBAYCAN MİLLİ TEATR PROSESİNƏ
TƏSİRİ
“Elçin öz dramaturji
yaradıcılığıyla dövrün
çağırışına adekvat cavab vermiş oldu.”
Birinci
məqalə
Əgər
XX əsrin 60-cı illərindən etibarən Azərbaycanın
mənəvi-ruhsal həyatını və burada cərəyan
edən ideya istiqamətlərini anlamaq, dərk etmək istəyiriksə,
biz öncə onun teatrı ilə tanış
olmalıyıq. Teatrla tanış olmaqdan əvvəl isə,
heç şəksiz ki, ilk növbədə dramaturgiyaya
müraciət etməliyik. Məhz teatrın
mövcudluğunun müxtəlif dönəmlərində
dövrün ən qaynar, ən aktual məsələləri
özünün bədii həllini teatr və dramaturgiyada
tapmış və həyatın mənasını dərk
etmək istəyən insanlar üçün o (teatr!) gözəl
bir həmsöhbətə çevrilmişdir.
Belə
bir teatr aforizmi mövcuddur: “Rejissor aktyorda “ölməlidir”. Bu
aforizmin mənasını bir qədər genişləndirsək,
görərik ki, dramaturq da öz qəhrəmanlarında
“ölür”. Həqiqətən də dialoq və əməl-fəaliyyətə
əsaslanan dramatik formada sanki müəllifə yer
ayrılmır. Dramaturqun düşüncələri, hissləri,
sözləri, yazdığı həyat lövhələri
bütövlüklə pyesin qəhrəmanlarının
ixtiyarına verilir və öz ifadəsini xarakterlərdə,
onların əməl-fəaliyyətində tapır. Dramaturq
tərəfindən yaradılmış bədii obrazlar öz
yaradıcısını “kölgədə qoyur”. Dramaturqun
öz yaratdıqlarında, təxəyyülündə
qurduğu obrazların arxasında mövcud olması teatr sənətinin
sirlərindən biridir.
...Görünür,
dramın sərt təbiəti belədir. Amma ən maraqlı
olanı da odur ki, teatr üçün yazılmış əsl
pyesdə dramaturq gözəgörünməz şəkildə
iştirak edir və onun səhnəyə
çıxartdığı hər bir obrazın arxasında
biz müəllif fikrinin nizamını,
düzülüşünü, onun ideya mövqeyini, həyat
təcrübəsini və üslubunu hər an duyuruq...
Sənətkarın
özü və təcrübəsi bəlli bir zaman nöqtəsinə
çatanda artıq mədəniyyətin faktına
çevrilir: bu faktda bir damcı suda olduğu kimi, milli mədəniyyətin
özü əks olunur.
Elçin
– nasir, Elçin – ədəbiyyatşünas-tənqidçi,
Elçin – dramaturq, Elçin – kinossenarist, Elçin –
publisist, Elçin – tərcüməçi, Elçin –
neçə-neçə kitabın tərtibçisi,
Elçin – ictimai xadim...
Elçinin
yaradıcı bir şəxsiyyət kimi belə
“haçalanması” onun bədii praktikasına çoxdan xas
olan bir cəhətdir. Elçinin
yaradıcılığında nasir, dramaturq və tənqidçi
bir-birini tamamlayır. Onun pyesləri həm öz
problematikasına, həm də strukturuna görə
çağdaş tamaşaçıya çox yaxındır.
Elçin pyeslərində şəhərdə yaşayan
insanın kövrəkliyindən, köməksizliyindən
yazır, onun dəyərini görünməyən dərin
qatlarda axtarır. Dramaturqu hər şeydən çox adi qəhrəmanın
daxili sarsıntıları cəlb edir. Elçin
yaradıcı bir fiqur kimi şəxsiyyət və zaman
münasibətlərinə insan rakursundan – daxildən nəzər
yetirir. İnsanın daxili aləminə güclü sirayət
edən dramaturq dövrün ictimai-siyasi, sosial-psixoloji ziddiyyətlərini
insanın iç dünyasında axtarmağa yönəlir.
Yüksək bədii təhlil mədəniyyətinə malik
olan bu sənətkarın dramaturji əsərlərində bədii
təfəkkürlə tənqidi təfəkkürün
güclü vəhdətini görürük. Onun milli teatr sənətindəki
varolma faktı milli sənət düşüncəmiz,
yaradıcı təcrübəmiz və onun elmi dərk edilməsindən
ötrü elə bir “həqiqət anı”dır ki, bu varolma
faktını ehtiva edən anlayışlar yalnız
Elçindən ötrü əlamətdar və həlledici
sayılmaz; çünki ömrünü fəal
yaradıcılıq şəraitində keçirən
yaradıcı şəxsin nailiyyətləri, eyni zamanda, mədəniyyətimizin
durumunu əks etdirən aynadır.
Bir
teatrşünas kimi “peşə maraqları” prizmasından
Elçin şəxsiyyətinə, Elçin
yaradıcılığına, Elçin dramaturgiyasına nəzər
salanda və Elçin fenomeninin Azərbaycan milli teatr prosesinə
təsirini qeydə alanda, ilk növbədə, sənətçi
qeyrəti, səmimiyyət, intellektuallıq və təbəssüm
arxasında gizlənən ciddi və hardasa ağrılı
düşüncələrin katalizator təsirini konstatasiya
etməliyəm.
Elçin
pyeslərinin səhnə təcəssümü milli teatr
prosesimizə dünya teatr təcrübəsinin mühüm
problemlərini qatdı ki, bu, zamanın, dövrün tələbi
və “yaradı sifarişi” idi. Bəlkə də çox
dramaturqlarımız bu tələbi duydu-eşitdi, amma məhz
Elçin öz dramaturji yaradıcılığıyla
dövrün çağırışına adekvat cavab
vermiş oldu.
***
Milli teatr
prosesinin mərkəz təsisatı olan Akademik Milli Dram
Teatrının tarixi uzun bir zaman kəsiyində
dramaturgiyamızın klassiki İlyas Əfəndiyevin pyeslərinin
səhnə təcəssümü ilə bağlı olub.
İlyas Əfəndiyevin silsilə pyesləri dövrün
mühüm, aktual olduğu qədər də əbədi mənəvi
problemlərini qabardan parlaq dramatik lövhələr kimi teatr
prosesinin dinamikasını təmin etməyə qadir
olduğunu sübuta yetirib. Və beləliklə də,
İlyas Əfəndiyevin adı Azərbaycan dramaturgiya və
teatrının tarixinə lirik-psixoloji üslubun
yaradıcısı kimi daxil olub. İlyas Əfəndiyevin
teatr poetikasından faydalanan neçə-neçə aktyor və
rejissor nəsli yeni dramaturji strukturu, yeni insan tipləri, yeni
konflikt və kolliziyaları... bir sözlə, yeni forma və
məzmunu olan bu dramaturgiyanın sayəsində milli
teatrımızı Zamanla birlikdə gələcəyə –
bizim Zamanımıza yönəltdi...
Azərbaycan
ədəbiyyatında XX yüzilin
“altmışıncılar” nəslinin parlaq nümayəndəsi
Elçin isə 90-cı illərdən etibarən fəal
şəkildə dramaturgiyaya gəldi və görkəmli
dramaturqumuz İlyas Əfəndiyevdən (...atasından!)
estafeti qəbul etdi. Beləliklə də zaman görkəmli
atanın uzun illər daşıdığı ağır
yükün məsuliyyətini görkəmli
yazıçı – oğul Elçinə həvalə etdi.
***
Mənə
elə gəlir ki, uzun müddət Elçin öz dramaturji
istedadını bir növ “buxovlayıb”: hələ 1970-ci ildə
yazılan “Poçt şöbəsində xəyal”
tragikomediyası yalnız XXI əsrin əvvəllərində
səhnə işığı gördü. Akademik Milli Dram
Teatrı (quruluşçu rejissor M.Ələkbərzadə)
bu pyesin günlərimizin aktual problemləriylə səsləşməsini
həssaslıqla duydu və zaman paradokslarıyla zəngin olan
“Poçt şöbəsində xəyal”ın maraqlı bir
səhnə ekvivalentini yaratmağa müyəssər oldu.
Bununla da Teatr “öz müəllifi” ilə səmərəli əməkdaşlığa
başladı...
Elçinin
teatra gəlişi son dövrdə müasirlərinin istəklərinə
cavab verməyə çətinlik çəkən bu sənət
məbədinə isti nəfəs, can, qan və dirilik suyu gətirdi.
Yazıçı-dramaturq
Elçinin “Poçt şöbəsində xəyal”dan sonra
yazdığı üç pyesini (“Ah, Paris, Paris!..”, “Mənim
sevimli dəlim”, “Diaqnoz D” (“Mənim ərim dəlidir”)
trilogiya (və ya triptix) kontekstində araşdırsaq, ən
azı üç məqsədə çatmaq
üçün münbit şərait yaranar: birincisi, bu
cür araşdırma sənətkarın yaradıcı
metodunu daha aydın görməyə kömək edir. Yəni,
aydın olur ki, dramaturgiya Elçindən ötrü təsadüfi
və ya müvəqqəti “məşğulat” deyil və
nasir, ədəbiyyatşünas-tənqidçi Elçinin
özəl dramaturji poetikası mövcuddur ki, onun predmetini,
baxım bucağını və ifadə vasitələrini
dramaturq dünya komedioqrafiya məkanından əxz edərək
milli ədəbi və teatr prosesinə daxil etmiş, ona
güclü inkişaf təkanı vermişdir. Müəllif
xalq gülüş mədəniyyətinin (qaravəlli) zəminində
milli klassik dramaturgiya ənənələrini komedi del-arte
(italyan) və vəziyyətlər komediyası (fransız) ilə
ustalıqla sintez edərək özünəməxsus komik
bir üslub yaratmağa nail olmuşdur.
İkincisi,
trilogiya çərçivəsində təhlil mövzunu
daha geniş, əhatəli və eyni zamanda konkret qavramaq
işində yardımçı olur. Belə ki, “Ah, Paris,
Paris!..”, “Mənim sevimli dəlim” və “Diaqnoz D” (“Mənim ərim
dəlidir”) komediyalarını şərti olaraq “Kimdir dəli?”
adı altında birləşdirən vahid mövzunu
“gerçəklik və mənəvi-əxlaqi
sağlamlıq” problemi kimi qəbul etsək, məsələnin
inkişaf istiqamətini aşkarlaya bilərik: “dəliliyə,
şizofreniyaya oxşar gerçəklik” (“Ah, Paris, Paris!..”),
“patoloji dəlilik və onun gerçəklikdə inikası”
(“Mənim sevimli dəlim”), “patoloji gerçəklik və onun
sağlam olanlarda inikası” (“Diaqnoz D” (“Mənim ərim dəlidir”).
Üçüncüsü,
müəllifin ənənəyə sadiq olmasına və
söylədiyi fikirlərin ölçülüb-biçilməsinə,
təfəkkür süzgəcindən keçirilməsinə
inanmağımız qaçılmazdır. Elçinin elmi və
ədəbi nailiyyətləri, yaradıcı metodu və
özəllikləri düşünüşlü və
ardıcıl şəkildə dramaturgiyada öz ekvivalentini
tapmışdır.
“Yazıçı
Elçinin bütövlükdə 90-cı illər
yaradıcılığı barədə də ümumi qənaətə
gəlmək olar. O, oxucunu daha nələrlə təəccübləndirəcəkdir,
– demək çətindir, bir-birinin ardınca səhnəyə
qoyulmuş və dərc olunmuş dörd pyesində isə
yazıçı əslində eyni bir bədii ideyanı
müxtəlif rakurslardan, hər dəfə yenidən
sınayır. Bu, bizim yetmiş il ərzində az qala
klişeləşmiş, sxemləşmiş ictimai həyatımızın
qəfil düşdüyü boşluqda kəsb etdiyi mənanın
– daha doğrusu, mənasızlığın mahiyyətini
üzə çıxarması, faş etməsidir. Eyni bir
model-situasiyanı müxtəlif mərtəbə və
qatlarda gəzdirməklə yazıçı sanki onu
axıra qədər tükətmək, “boşluğ”una
inanmaq istəyir...
...
“Mənim sevimli dəlim”də situasiya paralelizm zəminində
modelləşir: bu təcridxana – dəlixana, bu isə cəmiyyətin
özü – ayır görək, hansı-hansıdır...
...
“Mənim ərim dəlidir” pyesində Elçin
“situasiya”nı “kənarlar”dan başlayıb, təfərrüatlarından
keçirib, əvvələ qayıdır, içdən
qırılan (ayrılan, yaxud sınan yox, məhz
“qırılan”) insan obrazını diqqət mərkəzinə
gətirir: “Sakit ol... Əsəbiləşmə...” Və bu dəfə
əksinədir, həyatın özündə bir teatr qurulur.
Verilmiş epiqrafın mənasına varsaq: –
“Ağıllı olub dərd çəkincə, dəli ol,
qoy sənin dərdini çəksinlər”, – çevirmədə
bu elə “Həyat özünə gülür” məzmununu
verir. Məhz əsrləri düşündürən, məşğul
edən kateqoriyaya münasibətdə, ələlxüsus da
XX yüzilliyin sonu, XXI-nin astanasında: – ağlın nəmənəliyi
problemi”.
Bütün
fərqli münasibətləri istisna etmədən, Azərbaycan
milli teatr prosesini kifayət qədər uzun müddət və
dərindən araşdırmaq cəhdində bulunan
teatrşünas kimi tam məsuliyyətlə söyləməliyəm
ki, Elçinin trilogiyası bu gün teatr prosesimizə nə
qədər təsir göstəribsə, bir o qədər də
onun inkişaf istiqamətlərinə və gələcəkdə
baş verəcək teatr hadisələrinin keyfiyyətlərinə
təsir göstərməkdədir.
“Elçin
– dramaturgiyamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin
obrazını yaradır! Onların əsasında duran mənəvi,
əxlaqi, ideoloji stereotipə, normativ düşüncə və
rəftar tərzinə ən müasir, ayıq, oyaq ədəbi,
estetik münasibət ifadə edir...
...Qeyri-adilik,
qroteksli ümumiləşdirmə, pamflet əlamətləri
bu pyeslərdə bir yerə toplanan komik tipajın həm
zahiri portretini, həm də iç dünyasını əvvəlki
illərin personaj arsenalından fərqləndirir...
...Demək
olar ki, “dəlilər” hamısı ideya ilə möhtəkirlik
edənlərdir...
...Əgər
“Mənim sevimli dəlim” komediyasında bütün bu həqiqətlərlə,
xaosla, dəliliklə bağlı hadisələr əsasən
ictimai fonda baş verirsə, “Ah, Paris, Paris!..”
tamaşasında “dəliləri” biz daha çox məişət
mühitində görürük...
...Üçüncü
komediyada (“Mən sənin dayınam”) isə biz artıq dəliliyin
və ölülüyün ifşa edildiyi
üçüncü fonu görürük: sənət və
səhnə mühitini. Daha doğrusu, Elçin artıq dəlilərin
baş rolda oynadığı teatrı həyatın və
gerçəkliyin (bir həyətin, bir idarənin) səhnəsində
yox, səhnənin özünün səhnəsində
göstərir. Teatr özünə gülür”.
Elçinin
güclü gülüş potensialına malik olan
komediyalarını diqqətlə oxuduqdan, səhnədən
dəfələrlə izlədikdən sonra yavaş-yavaş
dramaturqun gizli məramını duyub anlamağa
başlayırsan. Bu duyğu gücləndikcə, Elçinin
bütün yaradıcılığına müraciət etməli
olursan, çünki komedioqrafiya onun üçün istisna və
müstəsna hal deyil, çünki Elçin kimi dərin
düşüncə sahibini kimlərisə güldürmək
və ya “kimlərinsə bostanına daş atmaq” heç
zaman qane edə bilməz. Belə olan surətdə bu qənaətə
gəlməli olursan: Elçin üçün “dəlilik”
anlayışı hər iki mənada və eyni dərəcədə,
eyni mənada mövcuddur. Elçinin bu komediyalarını “məddah
pyeslərə, populist poeziyaya və nəsr nümunələrinə
bədii etiraz kimi” qəbul edir və anlayırıq ki, bu məzhəkə
– parodiyalar yeni dramaturji strukturun, tam yeni tipli konflikt və
kolliziyaların, yeni məzmunlu xarakterlərin yaranması
üçün güclü zəminə çevrilir. Odur
ki, dramaturqun bu komediyalarında bərq vuran ali mətləbləri
də görürük. Başqa məsələ ki, bunu adi
gözlə görmək mümkün deyil, aydın məsələdir
ki, ötəri emosiyalardan imtina edib “sənət gözüylə”
baxmaq gərəkdir. Yalnız o halda Elçinin milli
teatrımız üçün etdiklərini təhrifsiz
görüb özünü də, pyeslərini də
doğru dəyərləndirmək olar.
Məncə,
mədəniyyət tariximizi, bəlkə də,
hamımızdan yaxşı bilən Elçinin özü də
çox gözəl anlayır ki, onun pyesləri artıq
öz həyatlarıyla yaşamağa başlayıblar və
insanlardan fərqli olaraq ömürləri gerçək amillərdən
asılı deyil...
Zaman
göstərdi ki, “öz həyatıyla” yaşayan sənət
əsərlərinin taleyi insanların hökmlərindən
asılı olmur. Mistikaya qapılmaq istəməsəm də,
deməliyəm ki, əsl istedadlı əsərlərin
yaşam tarixi hələ də dərk etmədiyimiz, bəlkə
də çox sadə olan, amma adi gözlə görünməyən
qanunlarla tənzimlənir.
***
Elçin
dramaturgiyası milli dramaturgiyamızda bu vaxta qədər rast
gəlmədiyimiz yeni mövzuları, gözlənilməz
süjet kombinasiyalarını, düşüncə və
hisslərin stereotipdən uzaq bir formada ifadə edilməsi ilə
fərqlənən yeni insan tiplərini, obrazlarını
yaratdı. Bu pyeslərdə dramaturqun “mövcudluq effekti”nin
parlaqlığı, maraqlı dramatik, lirik, komik subyektlərin
varlığı, aktual mənəvi
konflikt-qarşıdurmalar, çağdaş dövrə xas
davranış tipi və ona adekvat dünyaduyumu yüksək
peşəkarlıqla bir-birinə hörülüb. Ştrixləri,
detalları, intonasiyaları, süjet gedişatlarını
mükəmməl şəkildə seçən dramaturq gah
məişət motivləri ilə xəyali romantik
çırpıntıların bir-birinə
bağlandığı komediyalar yazır, gah da mənəviyyatını,
ruhunu qoruma instinktini itirən insan obrazlarını yaradır.
Düzdür, həyatın mənasının itirilməsi
hissi çox zaman bu insanlar tərəfindən şəxsi
faciə kimi də yaşanır. “Qatil” dramı insan tənhalığı
və ondan xilas yollarının axtarılması mövzusuna həsr
olunub və sərt daxili strukturu ilə fərqlənir.
“Teleskop” tragikomediyasında bu sərtlik çox dərində
gizlənibdir və pyes kompozisiya cəhətdən gözlənilməz
qurulub. İlkin situasiyanın detalları dəyişdikcə,
ilk baxışda bizə elə gəlir ki, əhəmiyyətli
bir hadisə baş vermir. Əslində isə, “Teleskop”da
Elçin qəhrəmanın həyatının “astar
üzü”nü ustalıqla sərgiləyə bilir. “Gözə
görünən və görünməyən ara pərdələri
qaldırıb əsl mahiyyətə, nüvəyə
çatmaq meyli bu yazıçıya xas olan bir keyfiyyətdir”
(Məmməd Arif). Situasiyanı “astar üzü”nə
çevirən dramaturq Kişi obrazının
düşdüyü dramatik situasiya sayəsində onun da
ikiüzlü insanlardan biri olduğunu göstərir. Finalda
gözləyirik ki, qəhrəman yenə də öz saxta və
bitib-tükənməz həyat marafonuna qoşulacaq. Amma belə
olmur...
Elçinin
dramaturq manerasının özünəməxsusluğu
zaman-zaman onun dramaturgiyasında baş verən struktur dəyişikliklərini
aşkarlamaq imkanı yaradır. Bu pyeslərdə qəhrəmanların
evolyusiyası ilə birlikdə dram əsərinin strukturu da dəyişikliyə
məruz qalır.
“Qatil”
dramında yaşanılmamış qadın ömrü, hədər
gedən qadın taleyi, insanın intim və ictimai həyatı
kəndirin bir-birinə möhkəm hörülmüş iki
ucu kimi verilir. Dramaturq “Qatil”i sərt, amma mənəvi-əxlaqi
rakursdan ibrətli qənaətlə bitirir.
Elçinin
teatrı özündə gerçək dramatik materialın
dolğun əhatə edilməsi sayəsində müxtəlif
imkan və xüsusiyyətlərə malik olması ilə
seçilir. Deyilənlər
iki tip dramatik süjetdə özünü göstərir.
Birinci
tipə mərkəzdən qaçan kompozisiya aiddir ki, burada qəhrəmanlar
sisteminin iyerarxik quruluşu diqqəti cəlb edir. Bu zaman əsas
personajın birinci plana çəkilməsi, kəskin şəxsi
mənəvi kolliziya, şəxsiyyətin özü və cəmiyyət
qarşısında borcu mənəvi situasiyanın əsas
temasına çevrilir (“Qatil” pyesi). İkinci tipdə isə
hər personaj münaqişənin yetişməsi üçün
eyni dramatik yükü daşıyır. Burada dramatik vəziyyət
insanlar üzərində hakimdir. Sözügedən pyeslərdəki
kolliziya, toqquşma və çarpışmalar həyati
paradoksun nəticəsində hasil olur, sanki təsadüfi təsir
bağışlayır. Bu pyeslərin qəhrəmanları
bir qayda olaraq, öz iradələri əleyhinə hadisələrə
qoşulurlar (“Teleskop” pyesi).
Dramatik
qəhrəman (“Qatil”) qəfil dəyişən
situasiyanın təzyiqi ilə personajlarla yeni məzmunlu əlaqəsini
yaradır. Və bütün əməllərinin əvəzini
verməli olur. Elçinin pyeslərində dramatik əməlin
də forma və strukturu köklü dəyişikliyə məruz
qalır. Əməl-fəaliyyət kolliziyaları bu
dramaturgiyanın təməli əsasıdır.
Sözügedən pyeslərdə personajların arzu və
istəklərini bəyan etmək üsulları, bir sözlə,
onların özünüifadəsi fərqlidir, daha dəqiq desək,
yenidir. Dramatik gərginlik ərazisi
iştirakçıların fəallığı nəticəsində
yaranır. “Teleskop” pyesində müəllif parlaq teatral dildə
çox ustalıqla qurduğu həyat tarixçəsini
tamaşaçıya nəql edir.
Həmdəmlik
hisslərinin, milli dramaturgiyaya gətirilməmiş həyati
layların (dramaturq sanki arxeoloq missiyasını yerinə
yetirir), mövzu və problematikanın bədii obrazlar vasitəsilə
oxucu və tamaşaçıya çatdırılmasında
Elçinin fövqəladə misilsiz xidmətləri var. Bu
pyeslərin qəhrəmanları adi insanlardır. Elçinin
sehrli qələmi bu insanların sanki adi görünən
niqablarını, örtüklərini qaldıraraq, onların
qeyri-adi daxili dünyasına nüfuz edə bilir. Dramaturq oxucu
və tamaşaçıya bu insanların gündəlik
yaşamlarının gözəgörünməz gözəlliyini
görükdürür və adi insanın möcüzəsi
bizi heyrətə salır.
“Qatil”də
Qadının mənəvi təlatümü, təbəddülatı,
“Teleskop”da Ruhlar dünyasında – Keçid stansiyasında məskunlaşan
Kişi və Qadının mənəvi etirafları, Yer
kürəsində yerinə yetirə bilmədikləri mənəvi
borc qarşısındakı insan sarsıntıları, psixoloji
təbəddülatları çağdaş dramaturji texnikaya
mükəmməl şəkildə yiyələnmiş
Elçinin Azərbaycan dilinin zənginliklərini sərgiləyən
parlaq yazı manerasında təqdim olunur. “Teleskop”da müəllifin
gizli yumoru hökm sürür, həyati situasiyaları abstrakt
fantastik obrazlar və incəliklə
quraşdırılmış dramatik situasiyalar əvəzləyir.
Bu pyesdə həm də tragikomik situasiyaya düşən qəhrəmanın
bu situasiyada özünüdərketmə prosesindəki təbəddülatları,
yaşantıları sərgilənir. Parlaq real-fantastik
naxışlardan hörülən bu tragikomediyanın
“içinin içində” gizlənən insan faciələri
bizi sarsıdır.
Elçinin
pyeslərinin ən əsas məziyyəti həyat həqiqətidir
– bu həqiqət Şər adlanırsa, onun
hüdudlarını aşıb keçmək və Xeyir
adlanırsa, onun mahiyyətini üzə
çıxarmaqdır.
Pyeslərində
ən adi insanları ən adi vəziyyətlərdə təsvir
edən Elçin sosial-mənəvi, ruhi-mənəvi, əxlaqi-mənəvi
konflikti onların nüvəsinə çevirərək bizi
gülüş və göz yaşları içində
şərə, özünə, müəlliflə birlikdə
həyatın eybəcərliklərinə, naqisliklərinə
gülən canlı insanlarla görüşdürür.
Milli dramaturgiyamızdakı realist ənənəni zənginləşdirmək
yolunu tutan dramaturq Elçin real həyati proseslərin təsvirinə
sadiq qalır, onun pyeslərinin qəhrəmanları əsl
konflikt situasiyalarına salınır.
Böyük
Mirzə Fətəlidən, ölməz Mirzə Cəlildən,
bənzərsiz Sabit Rəhmandan üzü bu yana gələndə
Elçinin parlaq dramaturq fiquru bu sırada üzvi şəkildə
özünə yer tutur: komediyalarında (satirik komediya, məişət
komediyası, intriqalar komediyası, buffonada, xronikalar...)
dramaturqun sehrli gülüş güzgüsünə
baxırıq və burada gülüş və göz
yaşlarını – həyatın iki fərqli
üzünü bir-birinə sıx hörülmüş
halda görürük və bir də görürük ki,
dramaturqu, deyəsən, gülüş daha çox cəlb
edir.
***
Böyük
filosoflardan biri demişdir ki, insan yalnız o zaman insandır ki,
oynaya bilir və oynamaq bacarığının dərəcəsi
onun insanlıq dərəcəsini müəyyənləşdirir,
dəqiqləşdirir və təsdiqləyir. “Oyun”
söz-anlayışını “gülüş”lə əvəz
etsək, məsələ daha da kəskinləşər,
çünki bu halda bədii-estetik zövq, intellektual
başlanğıc və tarixi məsuliyyət
meyarlarının mənası birə-on artır, yalnız fərdin
mədəni keyfiyyətlərini deyil, mənsub olduğu
milli-etnik kosmosun mübaliğəsiz mövcud olan
bütün səciyyələrinin qiymətini vermiş olur.
Komediya ilə,
ümumiyyətlə, gərək ehtiyatlı olasan: doyunca gülürsən,
həyatın “mənfi halları”na, “mənfi obrazları”na
istehza edirsən və... birdən kənardan (ya içindən
– fərqi yoxdur) səs eşidirsən: “Kimə gülürsən?
Özünə gülürsən...” Bu səs Molyerin...
Qoqolun... Mirzə Fətəlinin... Mirzə Cəlilin də
ola bilər, qonşunun da, Haqqın da, o “məndən içəri”dəki
“Mən”in də və utanclığın bulanıq
burulğanında dumduru mənəvi havadan bir udum nəfəs
alan təki üzünü səs yiyəsinə tutub “Allah
atana rəhmət eləsin!” deyirsən. Və bu məqamda “mənfi
halları” öz silahına döndərmiş komediyanın əbədi
vəzifəsini anıb müsbət rəydə bulunmaqdan
başqa özgə bir variant görmürsən.
Klassik
komediya janrı, bir qayda olaraq, sərhədlərin
pozulmasına dözmür: sintetik komediya növləri XX əsrin
novasiyasıdır ki, dövrün aparıcı meylləri ilə
üst-üstə düşür. Qədim Yunanıstanda
yaranıb Avropa teatr sənətinin inkişaf prosesində
formalaşan klassik komediya büsbütün məsələləri
xarakterlər (tiplərlə qarışdırmayaq!) vasitəsilə
həll etmək iqtidarına malik oldu. Komik (satirik) səpgidə
təsvir olunan xarakterlər mövcud olduqları zaman problemlərini
əbədi, ümumbəşəri problemlər səviyyəsinə
yüksəldərək bütün mədəniyyətlərdən
ötrü örnək, nümunə, klassik əsər əhəmiyyətini
qazanır.
Bu aspektdə
Elçinin “Ah, Paris, Paris!..” komediyası klassik komediya
janrında yazılan müasir səhnə əsəridir:
komediyanın ali məqsədi, ifşa pafosu, başlıca
problemi, konflikt-münaqişəsi və s. məhz dolğun,
canlı, çoxqatlı komik xarakterlər sistemliyində həll
olunur. Xarakterlərin sistemliyini müəllif süni olaraq
qurmayıb: hər dövrün sistemliyini həyat özü
yaradır. Bu sistemlik əbədi sistemlə uzlaşır,
amma bu “üzdə olan” sistemləri görüb estetik
biçimə salmaq hər yazıçı-dramaturqa nəsib
olmur. Bu keçilməz tələblərin sırasında
klassik ənənəni gözəl bilmək və onu
inkişaf etdirmək bacarığı gərəkdir.
“Ah,
Paris, Paris!..”də “və başqaları” ümumiləşdirilmiş
personajı olmasaydı, bu komediyanı klassik variant
adlandırıb müəllifin mükəmməl bilgilərinin
qeydi ilə kifayətlənə bilərdik: “və
başqaları” klassik komediyaya publisistik xassə qoşaraq,
milli komedioqrafiyamızın üzvi inkişafından xəbər
verir...
Akademik
Milli Dram Teatrının səhnəsində öz parlaq təcəssümünü
tapmış “Ah, Paris, Paris!..” komediyası milli
rejissuramızın potensialını da əyaniləşdirdi:
görkəmli rejissor Azər Paşa Nemətin yozumu
Elçinin sözügedən komediyalarının (“Ah, Paris,
Paris!”, “Mənim sevimli dəlim”, “Diaqnoz D” (“Mənim ərim dəlidir”)
müstəqil dəyərlərini qoruyaraq onların səhnə
imkanlarını birə-on artırdı.
Azər
Paşa Nemət bir rejissor kimi qəlibləşmiş
stereotipi kökündən qırdı: məlum oldu ki,
xarakterlərin publisistik komediyası sistemliyində bol, şən
gülüşə də yer var, dərin, taleyüklü
problemlərə də, incə lirizmə də, acı təəssüflərə
də...
Elçinin
“Ah, Paris, Paris!..” komediyası uğurlu səhnə həllini
tapmasaydı belə, milli teatr prosesinin mühüm faktı
sayıla bilərdi. Çünki milli komediya
düşüncəsindən qaynaqlanıb bəşər mədəniyyətinə
yüksələn yaradıcı üsul ən azı teatr
prosesimizin canlı potensiyasından xəbər verər, onun
intellektual və estetik səciyyələrinin sabit
olmasını təsdiqləyərdi.
Elçinin
“Ah, Paris, Paris!..” komediyası hamımıza bəlli olan bir həqiqəti
də təsdiqlədi: Azərbaycan teatr sənəti hər
zaman güclü aktyor potensialından faydalanaraq məhz
aktyorlarımızın parlaq istedadları sayəsində
yaşayıb, yaşayır və şübhəsiz ki,
yaşayacaq da.
“Ah, Paris,
Paris!..” tamaşasını “aktyor təntənəsi”,
“istedadlar paradı” da adlandırmaq olar. Çünki müəlliflərin
(dramaturq və rejissorun) yaradıcı metodu məhz bunu nəzərdə
tutmuşdu: anlatmaq istədikləri fikirlər
gülüş stixiyası ilə tamaşaçıya
çatdırılmalıydı.
Ansamblda cəm
olunan parlaq aktyorlarımız göz qamaşdıran şənlik,
karnaval ovqatı yaradaraq, nəticə etibarı ilə
tamaşaçını düşünməyə sövq
edirlər. Komediyanın
da əsas vəzifəsi məhz budur!
Bəlkə
də məhz bütün bunlara görə Elçinin “Ah,
Paris, Paris!..” komediyası həm milli çağdaş
dramaturgiyamızın, həm teatr sənətimizin, həm də
ictimai həyatımızın hadisəsi kimi qavranılıb
müsbət rəy qazandı.
***
Elçinin
“Ah, Paris, Paris!..”, “Mənim ərim dəlidir”, “Dəlixanadan dəli
qaçıb”, “Mən sənin dayınam” komediyalarında
“sosrealizm nəzəriyyəsi”nin qəlibləri əsasında
“büt”ləşmiş qəhrəman tipajı
illüziyası darmadağın edilir və bu tipajın “dəlilər”
qiyafəsində səciyyəvi nümayəndələrinin
bədii obrazları yaradılır.
Etiraf etməliyik:
bir millət olaraq biz dəliləri ağıllılardan daha
çox sevirik. Özü də bu halımız yalnız bu
günlə bağlı məsələ deyil, kökləri
tariximizin, deyəsən, lap qədim çağlarına gedib
çıxır. Misal? Buyurun: Dədə Qorqudla birə
“alverini” aparan Qarcar da Dəlidir, paşaları, xanları,
xotkarları qorxuda saxlayan Koroğlunun igidləri də Dəlidir,
lap elə ana çayımız Kür də Dəlidir.
Deyəcəklər
ki, əski dəlilərlə indiki dəlilərin arasında
böyük fərq var, yəni ki, o vaxtların dəliləri
temperamentlərilə seçilirdi, bizimkilər isə,
yumşaq desək, zehni qüsurlarıyla. Və buna görə
də keçmişin dəliləri əfsanələrin qəhrəmanları,
günlərimizin dəliqanlıları isə gülməcələrin
personajlarına dönür.
Amma
necə olursa-olsun, heç bir ayrıseçkilik etmədən
bütün dəlilərimizi sevirik – burada, məncə,
mübahisə üçün yer yoxdur. Sadəcə,
xatırlamaq lazımdır ki, mənəvi təcrübə
həm də dilimizin bütün qatlarında həkk olunur.
Bundan sonra dəlilərimizlə bağlı atalar sözlərinə,
zərb-məsəllərə, aforizmlərə, lətifə
və s. hikmətli kəlamlara göz yetirmək kifayətdir.
Dəlidən doğru xəbərin olması da təsdiqlənir,
quyuya atdığı daşın necə ağır
olduğu da açıqlanır, həftədə neçə
günün bayram olması da bəlli olur, ağıllıdan
qat-qat xoşbəxt olduğu da qeyd olunur, hətta hansı rəngi
sevməsi də dəqiqləşdirilir.
Lirikaya
gələndə isə, görürük ki, xalq
mahnılarımızda “dəli ceyranlar”ın dərdindən
“dəli”, “divanə” olmuş aşiqlərin xüsusi yeri var.
Biz o dərəcədə lirik “dəliliyə” meylliyik ki,
zavallı Məcnunun dərin, mürəkkəb,
düşündürən fəlsəfəsindən
asanlıqla vaz keçib, “eşq əlindən” dəli kimi səhralarda
dolaşan “cünuna” üstünlük veririk.
Təbii
ki, milli dramaturgiyamız da milli mentalitetimizin bu özəlliyindən
yan keçə bilməzdi. M.F.Axundzadənin komediyalarından
üzü bəri baxanda görürük ki, “dəlilər”lə
“ağıllılar”ın yerdəyişməsi ibrətli
gülüş üçün səmərəli şərait
yaratmaqdadır. “Dəlilik” bir sosial-psixoloji fenomen kimi Mirzə
Cəlilin “Dəli yığıncağı”, N.B.Vəzirovun
“Hacı Qəmbər”, İlyas Əfəndiyevin “Dəlilər
və ağıllılar” komediyalarında başlıca
araşdırma və satirik gülüş hədəfi
olmuşdur.
Və
bu silsilənin bir nümunəsi də
yazıçı-dramaturq Elçinin “Mənim sevimli dəlim”
(“Və yaxud dəlixanadan dəli qaçıb”) adlı iki
hissəli komediyasıdır. Bilmirəm, nədən müəllif
(və ya quruluşçular) ikinci addan imtina edib, amma ədəbi
materialın, yəni komediyanın ədəbi-bədii,
tipoloji, genetik mənşəyi məhz ikinci adında
açıq-aydın görünür. Elçin
“çağdaş dəliliyin” satirik əksini yarada bildiyi bu
komediyada bizləri yenidən əbədi bir mövzu ətrafında
düşünməyə vadar edir.
Araşdırmaya
keçməzdən öncə həqiqət naminə qeyd
etməliyik ki, deyəsən, dəliləri sevməkdə
bizlər yalqız deyilik. Çünki öz doğmaca dəliləri
Şekspirin də, Molyerin də, Qriboyedovun da, Qoqolun da,
Çexovun da diqqətindən kənarda
qalmamışdır. Deyəsən, elə bütün bəşəriyyət
dəlilərə nə isə şübhəli bir rəğbətlə
yanaşmaqdadır...
Bəlkə
ona görə ki, hələ bu vaxtacan zavallı doktor Lalbyuzun
“Kim dali?!” sualına doğru-dürüst cavab verilməyib?
Bəlkə,
doğrudan da, əsl dürüst xəbəri verən bizim
sevimli dəlilərimizdir?
Ədəbiyyat
və dramaturgiya tarixindən bəllidir ki, komik situasiyalar yaradılmasında
qovalamaca (qaçanı təqib etmək) priyomu ən fəal
istifadə olunan üsuldur. Belə ki, bu priyom hadisələrin
yüksək sürətini – ritmi, çoxsaylı məkan və
personajları təqdim etmək imkanını yaradır. Bu
halda isə müxtəlif ideyaların toqquşması da təbii
görünür və komedioqraf mövzuya zorakılıq etmədən
qovalamacanı istədiyi finala gətirib çıxara bilər.
İllah da ki, süjetin təkanverici qüvvəsi qəribə
adamlar və “bizim sevimli dəlilərimiz” ola!
Dediyimiz
kimi, “Mənim sevimli dəlim” komediyasının fabulası
qovalamaca olduğundan, elə başlandığı andan
müəllifə çağdaş “dəlilər
qalereyası”nı əngəlsiz təsvir etməyə
geniş imkanlar yaradır. Dəlixanadan bir dəli
qaçır, amma bu, adi dəlilərdən deyil – Professorun
sevimli dəlisidir, çünki onun üzərində
apardığı “elmi iş” çox dəyərli nəticələrə
gətirib çıxaracaqdı... Odur ki, Professor onu dəlicəsinə
sevən Şəfqət bacısının təkidi ilə
öz sevimli dəlisini dəliqanlıqla axtarmağa
başlayır.
Bu
olduqca şəffaf priyom hər bir müəllifə hər
hansı sahədə “dəli” axtarışları
aparmağa haqq və imkan verir. Elçinin Professoru şəhəri
dolaşdıqca Elçinin özü qeyri-konkret bir
redaksiyanın “personajlarıyla” bizi tanış edir. Nəhayət,
Professor redaksiyaya gəlib çıxır. Burada hekayətimizi
saxlayacağıq: Professor dəlisini tapdımı? Kimdir o
sevimli dəli? Axı, nə oldu? Və digər bu kimi
sualları çözmək üçün biz bir qədər
haşiyə çıxıb məsələnin başqa bir
tərəfini vurğulayaq.
...Bəlli
səbəblərdən özünü dəliliyə
vurmağa məcbur olan danimarkalı şahzadə Hamlet “Dəlidən
doğru xəbər” prinsipindən faydalanaraq bir çox
müdrik həqiqətlər söyləyir: onların ən
acısı “Bütün Danimarka zindandır”
etirafıdır.
...Dahi
Çexovun həcmcə o qədər də böyük
olmayan “Altı nömrəli palata” hekayəsində təsvir
olunmuş əyalət xəstəxanasının “Psixiatriya
şöbəsi”ndə baş vermiş hadisələr o dərəcədə
təsirlidir ki, müasirləri “Bütün Rusiya altı
nömrəli palatadır” – deyə sarsıdıcı bir qənaətə
gəlmişdilər.
...Elçin
adi bir redaksiyada çalışan adamların durumunu təsvir
edir, bu mikromühitə dışarıdan kənar şəxsi
(Professoru) daxil edir, hər iki tərəfi
qarşılaşdırır və...
Biri
acı-acı gülümsəyib “Bütün Azərbaycan
redaksiyadır” deyə bilər, kimsə “Bizə dəxli
olmayan gülməli mübaliğədir!” söyləyər,
başqa birisi “Təəssüf ki, aramızda belələri
də var...” deyə gileylənə bilər. Və hamı
haqlı olar. Çünki teatr böyüdücü
şüşədir – hər kəs orada yalnız görə
biləcəyini görə bilər. Özü də yeni
çağlarımızın şərtlərinə görə,
heç bir tənqidçi tamaşaçıya öz
baxım bucağını və gəldiyi qənaətlərini
zorla təlqin edə bilməz, çünki plüralizmdir.
Tənqidçi,
rəyçi, resenzent yalnız onu göstərə bilər
ki, Elçinin yeni pyesində (əvvəlkindən fərqli
olaraq) müsbət qəhrəman yoxdur, personajlarının
“gülməli dəliliyi” bir yana, personajların arxasında
sezilən qorxulu mahiyyət bu dəfə daha qabarıqdır.
Peşəkarlıq nöqteyi-nəzərindən bu hallar
Elçinin dramaturji ustalığının artması kimi dəyərləndirilməlidir.
Çünki mahiyyətcə satirik (ifşaedici,
sarsıdıcı) komediyada dramaturq “işini
asanlaşdırmamalı”, müsbət qəhrəman,
müsbət sonluq və s. köməkçi priyomlara
müraciət etməməlidir. Burada əsərin uğuru
dörd sütunun üzərində bərqərar olur: müəllifin
əqidəsi, istedadı, müstəqilliyi və tarixi
nikbinliyi ən ağır satirik mövzuları qələmə
almağa mənəvi haqq verir. Qoqolların, Mirzə Cəlillərin,
Sabirlərin əsərlərində olduğu kimi Elçin
komedioqrafiyasının baş qəhrəmanı da müəllifin
gülüşüdür. Bu fenomenin isə
açıqlanmasına heç bir ehtiyac yoxdur. Başqa mətləbləri
ən obyektiv, ən amansız rəyçi – zaman özü
açıqlayacaq. Biz isə müasirimiz olan müəllifə
tamaşaçını
güldürüb-düşündürdüyü, hər
birimizin içindəki “dəlini” göstərdiyi və deməli,
psixoterapevtik yardımı üçün təşəkkür
və minnətdarlığımızı bildirməliyik!
Teatr
aləmində belə bir fikir mövcuddur: aktyorlara bir mənfi,
bir də ki, “dəli” personajları oynamaq xüsusi zövq
verir. İzahlar müxtəlifdir: bəziləri bunu
freydsayağı açıqlayır (yəni, oynayanda
içindəki mənfiliklərdən azad olursan), bəziləri
məhz bu personajların, bir qayda olaraq, müəllif tərəfindən
daha qabarıq yaradıldığını söyləyir. Hər
iki izahı qəbul edərək, əlavə etməliyik ki,
aktyorlarımız da bizim kimi dəlilərə laqeyd deyillər,
onlar da, görünür ki, dəliləri sevir.
Etiraf
etməliyik: bir teatr tamaşaçısı olaraq, biz səhnədə
“dəli”ləri ağıllılardan daha çox sevirik.
Çünki
səviyyəli dramaturgiyayla görüşürük...
Çünki
doyunca gülürük...
Çünki
istedadlı sənətçilərdən zövq
alırıq...
Çünki
sənət uğuruna sevinirik...
Amma
(bunu heç zaman unutmamalıyıq!) güləndə də,
zövq alanda da, sevinəndə də, bunu özümüz
bilməsək də, bilib etiraf etməsək də,
hamılıqla – Elçin də, sənətçilər də,
tamaşaçılar da Gülüş pasientləri oluruq,
Gülüşlə müalicə edilirik,
Gülüşün dalğalarında duruluruq,
paklanırıq...
Buna
görə milli gülüşün “sənət-təbabət”
ənənəsini yaşadanlara ən səmimi təşəkkür
və minnətdarlığımızı
çatdırmalıyıq.
Məryəm ƏLİZADƏ
525-ci qəzet.- 2011.- 10 sentyabr.- S 20-21;
32.