Mətbuat ilk növbədə dil
hadisəsidir
Azərbaycan Mətbuat Şurası fəaliyyətə
başladığı ilk gündən mətbuatımızın
bir çox problemləri ilə yanaşı kütləvi
informasiya vasitələrinin dil məsələlərinə də
xüsusi diqqət yetirir. Təsadüfi deyil ki,
qurumun daimi fəaliyyət göstərən struktur vahidlərindən
biri də Dil Komissiyasıdır. Komissiya
mütəmadi olaraq keçirdiyi tədbirlərdə diqqəti
bu sahədə müşahidə olunan qüsurlara yönəldərək
onların aradan qaldırılmasının vacibliyini qeyd edir.
Xüsusi olaraq vurğulanır ki, dil
pozuntularının aradan qaldırılması mətbuatımızın
peşəkarlıq səviyyəsinin yüksəldilməsi
üçün ən vacib məsələlərdən
biridir.
Mətbuat Şurasının kütləvi informasiya
vasitələrində ədəbi dil normalarının
pozulması hallarının müəyyənləşdirilməsinə
dair son bir neçə ayda apardığı monitorinq bu
istiqamətdə görülən işlərin ən əhatəlisi
olmuşdur.
Monitorinqin proqramına əsasən, mətbuat səhifələrində
müasir Azərbaycan ədəbi dilinin müxtəlif
yaruslarına aid dil pozuntularının qeydə alınması
üçün qəzet materialları beş
istiqamət üzrə – leksik, morfoloji, sintaktik, üslubi və
texnoloji (qəzetçilik peşəkarlığı)
parametrlər baxımından təhlilə cəlb
edilmişdir.
Müşahidə olunan pozuntu faktları Mətbuat
Şurasının hazırladığı xüsusi hesabatda
ümumiləşdirilmişdir. İndi qarşıda
duran əsas vəzifə mətbuatda yol verilən dil
pozuntularının azaldılması və aradan
qaldırılması üçün dilçi mütəxəssis
və jurnalistlərin iştirakı ilə müvafiq
tövsiyələrin işlənib hazırlanmasıdır.
Bu günlərdə bütün xalqımız Azərbaycanın
dövlət müstəqilliyinin bərpa edilməsinin 20
illiyini qeyd edir. Bu illər ərzində dövlət
quruculuğu sahəsində əldə etdiyimiz ən
mühüm uğurlardan biri də ana dilimizin dövlət
dili statusu qazanmasıdır. Dövlət
dili statusu hər bir müstəqil dövlətin əsas
atributlarından biri olmaqla yanaşı, həm də hər
bir dilin inkişaf tarixində yeni, çox mühüm bir mərhələnin
başlanması deməkdir. Dilə bu
yüksək statusu verməklə dövlət öz üzərinə
onun qorunması, inkişaf etdirilməsi və işləkliyinin
təmin olunmasının təminatçısı vəzifəsini
götürmüş olur. Azərbaycan
dilinin müstəqil Azərbaycan Respublikasının 1995-ci
ildə qəbul edilmiş Konstitusiyasında təsbit
olunmuş Dövlət dili statusu simvolik yox, dövlətçilik
tariximizdə ilk dəfə olaraq tam əməli xarakter
daşıyır. Əsas qanunun qəbulundan
ötən illər ərzində bu məsələnin
ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə
qayıdılması, ana dilimizin yüksək statusunun təminatı
və tətbiqinin təkmilləşdirilməsi ilə
bağlı neçə-neçə qanun, fərman və sərəncamların
verilməsi dövlətimizin bu məsələyə nə qədər
böyük önəm verdiyini sübut edir.
Respublikamızın əhalisinin böyük əksəriyyəti
tərəfindən tam razılıqla qarşılanan bu sənədlər
dövlət dilimizin rəsmi statusunun həyatımızın
bütün sahələrində qeyd-şərtsiz təmin
olunmasını, tədrisinin və öyrənilməsinin
yaxşılaşdırılmasını, işləkliyinin
genişləndirilməsini və təmizliyinin
qorunmasını nəzərdə tutur. Bu sənədlər
Dövlət dilinə məhz dövlətçilik atributu
kimi yanaşmanın, ən yüksək səviyyədə
diqqət və qayğının bariz nümunəsidir.
Həmin
sənədlərdən ən mühümünün – “Azərbaycan
Respublikasında dövlət dili haqqında” Qanunun bəzi
müddəalarını yada salaq:
– Dövlət
dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının
borcudur;
– Azərbaycan
Respublikası dövlət dilinin işlədilməsini,
qorunmasını və inkişafını təmin edir;
– Dövlət
dilinin saflığının qorunması, dilçilik elminin
nəzəriyyəsi və praktikasının inkişafı
üçün müvafiq şəraitin yaradılması və
tədbirlərin həyata keçirilməsi dövlətin əsas
vəzifələrindəndir;
– Azərbaycan
Respublikası ərazisindəki bütün kütləvi
informasiya vasitələri (mətbuat, televiziya, radio və s.)
kitab nəşri və digər nəşriyyat işi ilə
məşğul olan qurumlar Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidirlər;
– Bu qanunu
pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyır.
Göründüyü kimi, dil normalarının
pozulması, sadəcə olaraq, linqvistik qaydaların yox, həm
də dövlət qanununun pozulmasıdır və ona
saymazyana yanaşanlar yalnız ictimai rəy
qarşısında deyil, həm də qanunvericilik normaları
qarşısında məsuliyyət
daşımalıdırlar. Qanuna hörmətlə
yanaşmaq isə hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğunun ən mühüm amillərindən
biridir.
Artıq on ilə yaxındır ki, ölkəmiz
“Dövlət dili haqqında” Qanunun qüvvədə
olduğu bir şəraitdə yaşayır. Gündəlik
həyatımızda qanunun qeyd olunan maddələrinin hər
birinin tez-tez pozulması halları ilə üzləşirik.
Ancaq sonuncu maddənin tətbiqini, yəni
dövlət dilinin işlədilməsi qaydalarının
pozulmasına görə kiminsə məsuliyyət
daşıdığını, hansı qaydada isə cəzalandırıldığını
indiyəcən görən olmayıb. Bu
qanuna əməl edilməsinin qəti şəkildə tələb
olunması vaxtı çoxdan çatmışdır. Məsələn, analoji qanunu Avropada ilk dəfə
tətbiq etmiş Fransada fransız dilinin pozulmasına görə
böyük məbləğdə cərimə nəzərdə
tutulur. Və bu qanun işləyir! Bizdə
də ictimaiyyəti dil haqqında qanuna əməl edilməsinin
zəruriliyi yönündə hazırlamaq, dil
pozuntularının şüurlarda qanun pozuntusu kimi dərk
olunmasına, qiymətləndirilməsinə nail olmaq
lazımdır. Bu münasibət ölkəmizdə
vətəndaş cəmiyyəti və hüquqi dövlət
quruculuğunun təbii faktoruna çevrilməlidir.
Bu mənada Mətbuat Şurasının Azərbaycan
dilinin qorunması məsələsinə getdikcə daha
artıq diqqət yetirməsi təbii və
anlaşılandır.
lll
Mətbuatın dil problemlərindən geniş bəhs
etməzdən əvvəl son vaxtlar mətbuat barədə
diskussiyalarda aktuallıq qazanan bir məsələyə – “yeni
mətbuat” adlandırılan elektron mətbuatı məsələsinə
də toxunmaq istərdik. Hazırlanma texnologiyası və
informasiyanın çatdırılma vasitələrindəki
prinsipial fərqlərə baxmayaraq, mahiyyətcə çap
mətbuatı kimi, elektron mətbuatı da dil
materialıdır. Ancaq ifadə tərzində
və üslubda qabarıq fərqlər nəzərə
çarpır. Elektron mətbuatın dili
daha sadə, bəzən hətta SMS səviyyəsində bəsit
və primitiv olur. Təəssüflə
qeyd etmək lazım gəlir ki, bir çox hallarda bu cəhət
çap mətbuatının dilinə də təsir göstərərək
onun zənginliyini və rəngarəngliyini azaldır. Başqa bir ziyanlı təsir isə getdikcə daha
çox kütləviləşən elektron mətbuatından,
internet informasiya mənbələrindən çap mətbuatına
yol tapan köçürmələr, başqa sözlə desək,
plagiat nümunələridir.
Sadəcə, cümlələri, abzasları yox,
bütöv-bütöv xəbərləri, məqalələri,
“nöqtə-vergülünə toxunmadan”
köçürürlər. Çox vaxt heç mənbəni
göstərmədən altına da öz imzalarını
qoyurlar. Beləliklə, eyni material müxtəlif
qəzetlərdə fərqli imzalarla təqdim olunur. Bu halla istənilən qəzetdə
addımbaşı rastlaşmaq mümkündür. Bəzən
hətta köçürmə materialı oxucuya “jurnalist
araşdırması” adı ilə təqdim edənlər də
tapılır
Yeri gəlmişkən, mətbuat səhifələrində
müşahidə olunan dil pozuntularının xeyli qismi məhz
bu materiallara və informasiya agentliklərinin
hazırladığı xəbərlərə aiddir.
Mətbuat Şurasının aparılan monitorinqlə
bağlı hazırladığı təlimatda da qeyd
olunduğu kimi, bu yoxlamanın əsas məqsədi “ölkəmizin
media orqanlarının Azərbaycan ədəbi dilinin
normalarının qorunmasına nə dərəcədə
riayət etdiklərini müəyyənləşdirmək,
bununla bağlı meylləri izləmək, qarşıya
çıxan problemləri qruplaşdırmaq, bu məsələlər
barədə ictimaiyyətin məlumatlandırılmasını
təmin etmək” olmuşdur.
lll
Monitorinqin nəticələri göstərdi ki, mətbuatımızda
Azərbaycan ədəbi dilinin bütün sahələrinə
aid çoxlu miqdarda “rəngarəng” pozuntu nümunələri
müşahidə etmək mümkündür.
Dil pozuntularından bəhs edərkən həm mütəxəssislər,
həm jurnalistlər, həm də adi adamlar ilk növbədə
və daha çox leksik pozuntu nümunələrini misal gətirirlər. Etiraf etmək
lazımdır ki, leksik təbəqə dilin pozuntuya ən tez
və ən çox məruz qalan sahəsidir. Bununla belə, leksik pozuntuların aradan
qaldırılması da böyük çətinlik törətmir.
Dilin daşıyıcıları, sanki
“razılığa gəlirlər ki, filan sözü işlətməyək
– işlətmirlər” və bununla da problem aradan qalxır.
Son onilliklərdə cəmiyyətimizin həyatında
baş verən cilddi dəyişikliklərlə bağlı
dilimizə külli miqdarda yeni alınma sözlərin daxil
olması təbii və qanunauyğun haldır. Bundan narahat
olmağa əsas yoxdur. Əvvəla, bu
sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm
də bu sözlərin böyük əksəriyyəti
dünyanın, demək olar ki, bütün dillərində
işlənən beynəlmiləl sözlərdir. Bununla belə, son dövrlərdə ədəbi
dilimizdə geniş şəkildə işlənən öz
sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi
qarşılığının nitqimizə nüfuz etməsinin
də şahidi oluruq.
Mağaza,
yaxud dükan əvəzinə – market, təbliğat əvəzinə
– piar, marka əvəzinə – brend, qapıçı əvəzinə
– qolkiper, hakim əvəzinə – referi, birgə əvəzinə
– bahəm sözlərini işlətməyə zəruri
ehtiyac varmı?
Müasir dünyanın reallıqlarına uyğun
olaraq, dilimizə təzə keçən alınma sözlərin
çoxu ingilis mənşəlidir. Ancaq son vaxtlar qəzet
səhifələrində dil qanunlarına sığmayan bir
hal da müşahidə olunur. İngilis mənşəli
nəinki yeni, hətta köhnə sözləri də ingilis
transkripsiyası ilə yazmağa başlayıblar (şifahi
nitqdə isə buna müvafiq olaraq, həmin sözləri
ingilis, daha dəqiqi, amerikan ləhcəsi ilə tələffüz
edirlər). İngilis dilini bilməyən,
onun hərf birləşmələrindən xəbərsiz
olan azərbaycanlı oxucu bu mətnlərin
qarşısında çaş-baş qalır. Bu hal ən çox xüsusi isimlərin
yazılışına aiddir. Məsələn:
“Bakıya uzaq məsafəyə uça bilən “Boeing” təyyarəsi
gətirildi”, “New-York Times” qəzeti bu çıxışa sərt
reaksiya verdi”, “ABŞ-ın ilk prezidenti Corc
Woshingtonun abidəsi önünə əklil qoyuldu”.
Yeri gəlmişkən, ölkəmiz paytaxtımızda
keçiriləcək Avropa mahnı yarışmasına
çox ciddi hazırlaşdığı bir zamanda Azərbaycan
mətbuatı bu müsabiqənin adının necə
yazılması barədə hələ də vahid rəyə
gələ bilmir. Mətbuat səhifələrində bu adın beş variantda yazıldığını
müşahidə etmişik: “Avroviziya”, “Yevroviziya”, “Yevrovijn”,
“Yevrovizion” və “Eurovision”.
Xüsusi isimlərin yazılmasından bəhs edərkən
bir məsələyə də münasibət bildirmək istərdik. Son illər mətbuatımız
qədim şəhərimizin adını erməni tərzində
Yerevan yox, haqlı olaraq İrəvan yazır. Lakin türk mənşəli bir sıra erməni
soyadlarını hələ də dilimizin ənənələrinə
uyğun yox, erməni manerasında yazmaqda davam edirik. Ana dilimizin qaydalarına hörmət edərək
Demirçyan yox – Dəmirçiyan, Koçaryan yox –
Köçəryan, Nalbandyan yox – Nalbəndyan, Şaxnazarov
yox – Şahnəzərov yazmalıyıq. Hətta
erməni köklü Sarkisyan tipli soyadları da öz dilimizə
uyğun Sərkisyan işlətsək, daha düzgün olar.
Mətbuatımızın dilində ərəb mənşəli
ad və soyadların yazılışı ilə
bağlı da bir sistemsizlik müşahidə olunur. Bu məqamda istifadə
olunan “ibn”, “əl” və “əbu” artikllərinin dilimizdə
işlədilməsinin çoxəsrlik ənənələri
var. Lakin, nədənsə, son illər bu hissəciklərin
daha çox “abu”, “al” və “bin” (hətta “ben”) şəklində
işlədildiyinin şahidi oluruq.
Göstərilən nümunələr bizə
yabançı olan dillərdəndir. Ancaq adların
yazılışı ilə bağlı
yanlışlıqlar qardaş türk dilinə məxsus
xüsusi isimlərin işlədilməsində də
müşahidə olunur. Bizcə, Azərbaycan dilli mətnlərdə
bu adların Kıbrıs, Kaziantep, Çanakkale, Erzurum,
Erzincan, Erdahan, Kars, Fatih Terim, Erdoğan, Demirel, Tatlıses,
Küçük Emrah, Taştelen, Hakan Şükür şəklində
işlədilməsinə heç bir ehtiyac yoxdur.
Dilçilik elminin qanununa görə, qohum dillərdən
bir-birinə keçən sözlər alınma söz
sayılmır. İlk növbədə ona görə
ki, bu sözlərin böyük əksəriyyətinin
kökü ortaqdır. Ancaq nəzərə
almaq lazımdır ki, qohum dillər (və onları
daşıyan xalqlar) nə qədər doğma olsalar da, hər
bir müstəqil dilin öz inkişaf yolu və
formalaşmış ənənələri var.
Son
dövrdə Türkiyə türkcəsindən dilimizə
keçmiş çoxlu miqdarda zəruri ehtiyac duyulan, yerinə
düşən, dilimizin ehtiyacını ödəyən “qurum”,
“yetərsay”, “örnək”, “dönəm”, “soyqırım”, “həftəsonu”,
“öndər”, “dəstəkləmək”, “açıqlamaq”,
“önəmli”, “özəl” kimi sözlər vardır (Hərçənd,
zənnimizcə, “özəl” sözünün iki fərqli mənada
– həm mülkiyyət forması bildirən
“çastnıy”, həm də keyfiyyət bildirən
“osobıy”, “spesialnıy” mənalarında işlədilməsi
səhvdir. İkinci mənada “xüsusi”
sözünü saxlamaq yaxşı olardı).
Bununla belə, Azərbaycan və Türkiyə türkcələri
adicə ləhcələr yox, tarixi təkamül prosesində
eyni kökdən ayrılaraq formalaşmış müstəqil
dillərdir. Onlar son dərəcə yaxın və doğma
olsalar da, aralarında fonetikadan tutmuş sintaksisə qədər
bütün səviyyələrdə prinsipial fərqlər
mövcuddur. Buna görə də öz
dilimizdə əsrlər boyu işlədilən
qarşılığı ola-ola yaxın, bəzən hətta
eyni köklü digər bir kəlmənin türk dilindən
alınaraq işlədilməsi dilimizin özünəməxsusluğuna
xələl gətirir. Məsələn, yerinə
düşdü-düşmədi hər yerdə
yazıçı əvəzinə – yazar, duyğu əvəzinə
– duyum, maraqlı əvəzinə – ilginc, cavabdeh əvəzinə
– sorumlu, yozmaq əvəzinə – yorumlamaq, tüstü əvəzinə
– duman, kökəlmək əvəzinə – kilo almaq,
arıqlamaq əvəzinə – kilo vermək, sual əvəzinə
– soru, sevimli tamaşaçılar əvəzinə – sevgili
seyrcilər (yaxud izləyicilər), göstərmək əvəzinə
– görüntüləmək, bölüşmək əvəzinə
– paylaşmaq işlətməyə nə ehtiyac var?!
Türk dilindən bu sayaq yersiz “mənimsəmələr”,
təəssüf ki, yalnız leksik yox, sintaktik səviyyədə
də müşahidə olunur. Müxtəlif mətbuat vasitələrinin
dilində bu tipli cümlələrə rast gəlinir:
“Sonda baş bakan meydana toplaşanlara yeni təkliflə
səsləndi.”
“Mən sizinlə bu mövzunu dartışmaq istəmirəm.”
“İlk təhlükəli hücum “Neftçi”
komandasından gəldi.”
“Mən Bakıya ikinci dəfə gəldiyimdə şəhəri
tanıya bilmədim.”
“Qarabağ”
Azərbaycan futbolu adına böyük bir
qəhrəmanlıq yaşadı.”
“Rusiyanın cənubunda havanın hərarəti iqlim
normalarının bir xeyli üzərindədir.”
“Maraqlı, amma çox maraqlı bir kitabdır.”
“Dramaturgiyanın inkişafını söz konusu etmək
özü də dartışılacaq bir şey kimi
görünür.”
“Kaş belə bir konserti Cıdır düzündə
keçirsəydik.”
“Bu mövzu türk dövlətləri
başçılarının gündəminə
danışacaq.”
“Şahmatçımız bu oyunu qazana bilsə, final mərhələsində
çıxış edəcək.”
“Səfir sadə şəkərlə yetinməli olur.”
Bu cümlələrdə dilimizin lüğət tərkibinə
daxil olmamış kəlmələrin məqamına uyğun
olmadan işlədilməsindən əlavə, dilimizin bir
sıra qanunları kobudcasına pozulmuşdur. Məsələn,
arzu məzmunlu cümlənin xəbəri felin şərt
şəklində işlədilir, felin təsriflənməyən
forması olan feli bağlama, dilimizin qrammatikasına zidd olaraq,
tərifləndirilərək işlədilir, ədatla
bağlayıcı səhv salınır və s.
Mətbuatımızın dilində alınma sözlərlə
bağlı pozuntulara təkcə yeni yox, dilimizdə
çoxdan yer tutmuş sözlərin işlədilməsində
də təsadüf olunur. Məsələn, “xəfiyyə”
sözü bir çox hallarda tamam əks anlamda, yəni
“casus” mənasında işlədilir. “Ərəfəsində”
sözü yanlış olaraq “ərzində”, “əsnasında”
mənalarında istifadə olunur. “rəğmən”
sözü də bir çox hallarda semantikasına tamam zidd mənada
işlədilir.
lll
Mətbuatımızda müşahidə olunan leksik
pozuntuların bir qismi dilimizdə yeni sözlərin (neologizmlərin)
yaradılması və işlədilməsi ilə
bağlıdır. Lüğət tərkibində xüsusi
yer tutan neologizmlər qrupu həm alınma sözlər
hesabına, həm də dilin öz potensialı hesabına
formalaşır. Dilimizin öz materialı
əsasında meydana gələn neologizmlərin yaranması və
işlədilməsi bir sıra linqvistik və üslubi incəliklərlə
bağlıdır. Fikirlərimizi bir nümunə əsasında
izah etməyə çalışaq: son vaxtlar bir sıra qəzetlərin
dilində “narahat” əvəzinə “rahatsız” sözü
işlədilir. Zahirən hər şey gözəldir –
dilimizdə yer tutmuş fars mənşəli
söz doğma türk sözü ilə əvəz olunur. Ancaq bir həqiqət var ki, bəzən dil
üçün əcnəbi sözü alıb işlətmək
doğma, lakin onun qanunlarına zidd olaraq formalaşmış
yeni sözü işlətməkdən daha rahat olur. Məsələ burasındadır ki, söz
yaradıcılığının mühüm elementi olan hər
bir leksik şəkilçi dilin min illik təkamülü
prosesində formalaşıb başa gəlir. Nəzərdən keçirdiyimiz nümunədə
isə dilimizin qaydalarına zidd olan incə bir məqam var –
şəkilçi sözə öz semantik xarakterinə
uyğun olmadan qoşulur, ona görə də bu düzəltmə
sözün dilimizin lüğət tərkibində yer tutub
işləklik qazanacağı problemli görünür.
Deyə
bilərlər, “nahaq” əvəzinə “haqsız” işlənə
bildiyi halda nə üçün “narahat” əvəzinə
“rahatsız” işlənməsin? Məsələ
burasındadır ki, “-sız” şəkilçisi isimdən
sifət düzəldən şəkilçidir. Məlum
olduğu kimi, onunla antonim xarakterli “-lı” şəkilçisi
də var. Onların vasitəsilə yaradılan sifətlər
bir-birinə zidd məna daşıyır. Məsələn,
dadlı – dadsız, ağıllı – ağılsız,
yaraşıqlı – yaraşıqsız, yağmurlu –
yağmursuz və s. Baxdığımız misalda isə
“-sız” şəkilçisi isimə yox, sifətə
qoşulub, halbuki, dilimizdə sifətdən sifət düzəldən
belə bir şəkilçi yoxdur. “Rahatsız” sözü
olsa, onda gərək “rahatlı” sözü də ola (“Haqlı” və “haqsız” sözləri
kimi).
Dilin daxili potensialı hesabına yaradılan yeni sözlərin
həmin dilin qayda-qanunlarına uyğun olması ilə
bağlı fikirlərin təsdiqi baxımından “çimərlik”
sözünün taleyi ibrətamiz sayıla bilər.
Fransız
mənşəli beynəlmiləl “plyaj” sözünün
qarşılığı kimi təxminən 60 il əvvəl dilimizin bilicisi və təəssübkeşi
xalq şairi Rəsul Rza tərəfindən
yaradılmış bu söz zahirən tərtəmiz Azərbaycan
sözü idi. Kökü də, şəkilçisi
də özümüzün idi. Sözü yaradan
“-lıq” leksik şəkilçisi məkan məzmunlu isimlərin
düzəldilməsində fəal iştirak edir. Məsələn,
“çəmənlik”, “ağaclıq”, “yaşıllıq” və
s. Ancaq “çimərlik” sözü yarandığı
gündən bəri bütün kütləvi informasiya vasitələrinin
dilində, dərslik və kitablarda işlədilsə də,
canlı ümumxalq danışıq dilində “plyaj”
sözünü sıxışdırıb işləklik
qazana bilmədi. Canlı ünsiyyət
zamanı xalqın əksəriyyəti bu gün də “plyaj”
sözünü işlətməyə üstünlük
verir. Bunun səbəbi nədir, niyə
dil fonetikamıza və tələffüzümüzə
yabançı olan əcnəbi sözü işlətməyi
öz “doğma” sözümüzdən üstün tutur?
Məsələ burasındadır ki, məkan mənalı
isim düzəldən “-lıq” şəkilçisi adlara
(isimlərə və sifətlərə)
artırılmalıdır, burada isə həmin şəkilçi
felə qoşulub. Bununla da dilin ilk
baxışda, demək olar ki, nəzərə çarpmayan
incə bir qaydası pozulub. Bu da
sözün sonrakı uğursuz taleyini müəyyən edib.
Halbuki,
dilimizdə analoji semantikaya və daha düzgün tərkibə
malik “düşərgə” sözü var. Eynilə “çimərlik”
sözündə olduğu kimi, burada da əvvəlcə fel
kökünə qeyri-qəti gələcək zaman şəkilçisi,
sonra isə leksik şəkilçi artırılıb:
“Çim-ər-lik” – “düş-ər-gə”. Lakin
birinci sözdən fərqli olaraq, ikincidə leksik şəkilçi
dilin qaydalarına uyğun seçilib və söz heç
bir problemsiz işləklik qazanıb. Güman
ki, analoji qayda ilə “çimərlik” yox, “çimərgə”
sözü yaradılsaydı, o da leksikonumuza asanlıqla daxil
olardı. Bu gün dilimizdə yeni söz
yaratmağa cəhd edənlər mütləq belə incə
mətləbləri nəzərə almalıdırlar.
Məsələn, “olay” sözündəki “-ay”, “duyğusal”
sözündəki “-sal”, “sayın” sözündəki
“-ın”, “Qafqaziya” sözündəki “-ya” nə şəkilçilərdir,
belə?
lll
Əvvəldə qeyd etdiyimiz kimi, leksik pozuntular dildə
tez-tez baş verən, eyni zamanda nisbətən asanlıqla
aradan qaldırıla bilən bir hadisədir. Dilin
varlığı üçün daha ciddi təhlükə
törədən və düzəldilməsi çox çətin
olan fəsadlar isə qrammatik, ilk növbədə morfoloji
pozuntularla bağlıdır. Bunlar dilin
daxili sisteminə çətinliklə, tədricən
nüfuz edir, ancaq dilə onun mahiyyətini sarsıdan zədələr
vura bilirlər. Bu da təsadüfi deyil,
çünki dilin mahiyyətini onun leksik tərkibi deyil,
qrammatik sistemi müəyyən edir. Məsələn,
Füzulinin –
Aşiyani-mürği-dil
zülfi-pərişanındadır –
misrasında azərbaycanca bircə kəlmə də yoxdur. Burada Azərbaycan
dilinə məxsus cəmi üç şəkilçi var:
mənsubiyyət – “ın”, yerlik hal – “da” və xəbərlik
– “dır” şəkilçiləri. Amma həmin
üç şəkilçinin sayəsində bu misra azərbaycancadır.
Dildə morfoloji kateqoriyalar nitq hissələri üzrə
qruplaşdırılır. Mətbuatın dili
üzərində aparılan monitorinq göstərdi ki,
morfoloji pozuntuları da həmin prinsip üzrə ümumiləşdirmək
daha səmərəli nəticələr
çıxarmağa imkan verir.
Dilimizdəki nitq hissələri içərisində həm
leksik məna rəngarəngliyinə, həm də qrammatik
kateqoriyaların zənginliyinə görə isimlər
xüsusi seçilir. Monitorinq zamanı mətbuatımızın
dilində aşkar edilmiş pozuntuların da xeyli qismi isimlərin
işlədilməsi ilə bağlıdır.
Azərbaycan dilində bütün isimlər cəm
şəkilçisi qəbul edə bilirlər. Ancaq elə
isimlər var ki, nitq zamanı onların cəmdə işlədilməsi
elə də asan olmur. Bu, ilk növbədə
xüsusi isimlərə aiddir. Bəzi
başqa dillərdən (məsələn, rus dilindən) fərqli
olaraq dilimizdə daimi olaraq yalnız cəm formada işlənən
isimlər yoxdur. Və bu hal ümumiyyətlə
türk dillərinin qrammatik sistemi üçün səciyyəvidir.
Təəssüf ki, Türkiyə türkcəsində
həmin ümumi qaydanın pozulması hallarına çox təsadüf
edilir və son vaxtlar bu pozuntu Azərbaycan mətbuatının
dilində də müşahidə olunmağa başlayıb.
Söhbət bəzi coğrafi adların
yanlış olaraq cəm formada işlədilməsindən
gedir. Məsələn, Altaylar, Qafqazlar,
Balkanlar və s. Bizcə, bu, həmin sözləri yalnız cəmdə
işlədən slavyan dillərinin türk dilinə lüzumsuz
təsirinin nəticəsidir. Təbii olaraq sual meydana
çıxır: O halda nə üçün Pamirlər,
Abşeronlar, Anadolular, Skandinaviyalar, Kiprlər və s. işlədilməsin?!
Tutaq ki, Qafqaz sözünü cəmdə
işlətmək üslub və ifadə baxımından
dilimizə nə kimi əlavə imkanlar verir?
Xüsusi isimlərlə bağlı nəzərə çarpan pozuntulardan biri də şəxs adlarına qoşulan xan, bəy, mirzə, ağa kimi titulların işlədilməsi ilə bağlıdır. Bəzən həmin titulları səhv olaraq adlara bitişik yazırlar. Titul bildirən həmin sözlər adlara bitişik yazılanda mürəkkəb antroponim yaradır, ayrı yazılanda isə tamam başqa funksiya daşıyaraq məhz titul bildirirlər. Məsələn, Həsən bəy Zərdabi ilə Yusif Həsənbəy, Mirzə Fətəli ilə Mirzəbala Məmmədzadə, Məhəmməd ağa Şahtaxtlı ilə Əliağa Vahid, Şah İsmayıl Xətai ilə Şahmərdan Xəlilov, Fətəli xan Qubalı ilə Qardaşxan Əzizxanlı adları tamam başqa-başqa dil hadisələridir. Buna görə də qəzetlərimizin dilində rast gəlinən –
“Üzeyirbəyin “Arşın malalan” komediyası yenidən tamaşaya qoyuldu,
Yaxud
“Tamaşaçılar “Cavadxan” filmini maraqla qarşıladılar.” –
tipli cümlələr pozuntu kimi qiymətləndirilməlidir. Bu baxımdan ən çox ziyan görən görkəmli Azərbaycan sərkərdəsi Əli ağa Şıxlınskinin adıdır. Bu ad demək olar ki, hər yerdə səhv olaraq Əlağa Şıxlinski kimi yazılır.
Dilimizin morfoloji qanununa görə, mənsubiyyət şəkilçili sözlər hallanarkən onlara bitişdirici samit olaraq “n” samiti qoşulur: “Axşam üstü maşınımız Meşəli kəndinə çatdı.” “Oyundan sonra topu qonşumuzun oğluna verdim.” Lakin həmin şəkilçilər öz üzərlərinə leksik funksiya götürüb düzəltmə söz əmələ gətirəndə saitlə bitən adi sözlər kimi hallanmalı, bitişdirici samit olaraq “y” samitini qəbul etməlidirlər. Yəni həmin sözləri mətbuat səhifələrində rast gəldiyimiz – “Həmsədrlər məsləhətləşmələri davam etdirmək üçün Xankəndinə yola düşdülər”, “Sonra söz ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna verildi” cümlələrində olduğu kimi işlətmək səhvdir. Düzgün variant olaraq “Xankəndiyə” və “Bülbüloğluya” yazılmalıdır. Necə ki, analoji olaraq – “Bu qəzəl Həsənoğluya məxsusdur”, “Sonra Nigar xanım üzünü Koroğluya tutdu” – kimi işlədirik.
Dilimizdə “-lı” şəkilçisi ilə düzələn çoxlu miqdarda toponim – rayon, kənd adı var: Yardımlı, İsmayıllı, Əhmədli, Mirzəbəyli və s. Həmin yaşayış məskənlərinin sakinlərini bildirmək lazım gələndə sözə mütləq ikinci “-lı” şəkilçisi artırılmalıdır. Şifahi nitqdə şəkilçinin birini ixtisara salmaq, bəlkə də, olar, ancaq yazıda həmin sözləri bir şəkilçi ilə işlətmək kobud səhvdir. “İşğal gününü qeyd etmək üçün Qubadlılar Fəxri Xiyabana toplaşmışdılar.” –şəklində yazmaq olmaz. Çünki xiyabana toplaşan Qubadlı rayonları deyil, Qubadlının adamlarıdır. Buna görə də mütləq “qubadlılılar” şəklində yazılmalıdır. Bir “-lı” şəkilçisi ilə işlədəndə bu cür sözləri yanlış olaraq böyük hərflə yazmalı oluruq ki, bu da daha bir səhvin meydana çıxmasına səbəb olur.
Hər bir dilin lüğət tərkibində mütəxəssislərin “ilkin sözlər” adlandırdığı söz qrupu olur. Buraya dilin yaranmasının ilkin mərhələsində meydana gələn, həyat və ünsiyyət üçün ən zəruri olan isimlər, əvəzliklər, saylar, fellər, sifətlər və s. daxildir. Adətən heç bir dildə bu anlayışlar alınma sözlərlə ifadə olunmur və çox zaman qohum dillərlə ortaq olur. Bu cür ilkin zəruri isimlər sırasına bədən üzvlərinin adları da daxildir. Hamımız şahidik ki, hər bir uşaq dil açanda ilk öyrəndiyi və işlətdiyi sözlər sırasında bədən üzvlərinin adları da olur. Uşağın dil açması ilə xalqın dilinin formalaşması isə yaranma mexanizminə və ardıcıllığına görə oxşar hadisələrdir.
İlham ABBASOV,
Azərbaycan Mətbuat
Şurasının
layihə üzrə
monitorinq qrupunun rəhbəri
(Ardı var)
525-ci qəzet.-
2011.- 28 sentyabr.- S.6.