Çingiz Aytmatov ümumtürk ədəbiyyatının
mənəvi siması kimi
Çingiz Aytmatov-95
Çingiz
Aytmatov müasir qırğız ədəbiyyatının
yeni məzmun və yeni ideyalarla zənginləşməsində
böyük xidmətləri olan dünya şöhrətli
yazıçıdır. Mövzu və ideyasından
asılı olmayaraq onun hər bir əsəri dünya ədəbiyyatında
yeni bir ədəbi hadisəyə çevrilib. 1965-ci ildə
yazdığı "Əlvida, Gülsarı" əsəri
(ilk adı "Yorğa atın ölümü") onun
yaradıcılığının ilk rusdilli nümunəsi
hesab olunur. XX əsrin 70-ci illəri
Ç.Aytmatov yaradıcılığında povest ənənəsinin
uğurlu davamı kimi xarakterikdir. Ədibin
qələmə aldığı "Ağ gəmi"
(1970), "Erkən gələn durnalar" (1975), "Dəniz
kənarıyla qaçan Alabaş" (1977) povestləri
professional nəsr nümunələri kimi diqqəti cəlb
edir.
Görkəmli nasir "Gün var əsrə bərabər"
(1980) romanı ilə yaradıcılığında povestdən
romana keçidin əsasını qoydu. Yazıçının
1986-cı ildə yazdığı "Cəllad
kötüyü" romanı nəsr təfəkkürünün
yeni nümunəsi kimi uğur qazandı. "Gün
var əsrə bərabər" romanına əlavə olaraq
yazılmış "Çingiz xanın ağ buludu"
povesti ədibin 90-cı illər bədii
yaradıcılığında əhəmiyyətli məqamlardan
biridir. Ç.Aytmatovun zəngin yaradıcılıq irsi
yüksək qiymətləndirilərək üç dəfə
Dövlət mükafatına (1968, 1977, 1983) və Sosialist
Əməyi Qəhrəmanı adına
(1978) layiq görülüb. Ç.Aytmatovun
Sovet hökuməti tərəfindən yüksək
mükafatlara və fəxri adlara layiq görülməsi əslində
onun daxilən qəbul etmədiyi və xidmət göstərə
bilmədiyi o vaxtkı ideologiya və siyasətin
başında duranların məhdud sərhədləri
aşıb dünya ədəbi-bədii fikir tarixində
özünə layiqli yer tutan sənətkar istedadının
məcburi və danışıqsız qiymətləndirilməsindən
irəli gəlirdi. Ç.Aytmatov
yaradıcılığı özünün spesifikasına
və fərdi xüsusiyyətlərinə görə daha
çox fərqlənir. Adi həyat hadisələrinə,
bu hadisələrin sadəliklərinə fəlsəfi
münasibət, zirvədən müşahidə etmək və
daxilə enmək bacarığı Aytmatov sənəti
üçün xarakterikdir. Ç.Aytmatov
sənət və xalq qarşısında həmişə məsuliyyəti
ilə seçilib. Bu da təsadüfi
deyil. Yazılarının birində bunun səbəblərini
o, belə izah edirdi: "İnsanlar mənə onların
adından danışmaq hüququ veriblər, mən də
bütün həyatım boyu sübut etməliyəm ki, onlar
yanılmayıblar". Yazıçı istər
tarixi, istərsə də müasir mövzulu əsərlərində
insan taleyinə, insan maraqlarına geniş yer verir. Və bu maraqları daha çox bəşəri
ideallara uyğunlaşdırır, diqqəti qeyri-insani, qeyri-bəşəri
ehtiraslarla əsl insan maraqlarının üz-üzə
dayanması və toqquşmasına yönəldir, bu
situasiyada mənanı açıqlayır. Onun yaradıcılığı üçün məqbul
və səciyyəvi olan bu vəziyyətdə təsvir
olunan hər hansı adi bir şey mahiyyət etibarilə dəyişməyə
məruz qalır. Müəllif öz
idealı olan obrazların, aşılamaq istədiyi
ideyaların həm faciəsini, həm qələbəsini bu
durumda çatdırır.
Ç.Aytmatov "Cəmilə" (1958) povestini real həyat
hadisələri əsasında qələmə
almışdı. O, 1944-cü ildə gündüzlər dövlət
işində çalışmaqla bərabər, gecələr
sahələrdə kolxozçulara da kömək göstərmişdi.
Bu dövrdə Cəmilə və Daniyarı
şəxsən görmüş və onların sevgi macəralarına
şahidlik etmişdi. Bu əsərin mərkəzində,
o vaxtkı ədəbi-tənqidi məqalələrdə qeyd
olunduğu kimi, ailə-məişət qanunlarına zidd,
qeyri-etik normaların təbliği dayanmırdı. Əksinə, "Cəmilə" povesti Lui Araqonun
təbirincə desək, "məhəbbət haqqında
yazılmış ən gözəl əsər" kimi
dünyanı heyran qoydu. Povest 15
yaşlı yeniyetmənin təhkiyəsi ilə nəql
olunur. Bu gənc oğlan
yazıçının prototipidir. Onun təhkiyəsində
oxucu Cəmilənin kimliyi, həyata baxışı, Daniyarla
olan münasibətləri haqqında məlumat əldə
edir. Əsər boyu bütün digər
hadisə və əhvalatlar, başqa obrazların xarakteri də
bu təhkiyələrdə açıqlanır. Müəllif bu əsərdə Cəmilə ilə
Daniyarın timsalında məhəbbətin müqəddəs
gücünü ilahiləşdirir və onlara haqq
qazandırır.
"Əlvida, Gülsarı" povesti 60-cı illər
Ç.Aytmatov yaradıcılığının ən kamil
nümunəsidir. Əsərdə insan və şəxsiyyət
amili onun bütün milli özünəməxsusluğu ilə
cəmiyyət müstəvisinə çıxarılıb.
Ona görə də povestdə istər
obrazlara, istərsə də hadisələrə münasibətdə
sosial-psixoloji tərzin aparıcılığı
üstünlük təşkil edir. "Əlvida,
Gülsarı"nın bütün
uğuru yazıçının hadisələrə insan və
zaman kontekstində yanaşmasında üzə
çıxır. Povestdə Tanabay və
Gülsarı (at) obrazları bərabər hüquqlu qəhrəman
tipi kimi düşünülüb. Oxucu Gülsarının taleyini
Tanabayın taleyi bilir. Tanabayın fikirlərinə
qulaq asdığı kimi, onun da ürəyini oxumağa maraq
göstərir. Əsərdə hadisələr
inkişaf etdikcə biz Tanabayın içində "öz
idealına şübhə yaradan" sual görürük:
"Yaşamaq haçana qədər belə pis olacaq?" Yazıçı öz qəhrəmanını
"problemlər içində" batırmır. Əslində Tanabayın iradəsi,
dözümlülüyü hər şeyi həll edir.
Ç.Aytmatov sənəti bir çox hallarda
reallıqla mifikliyin sintezində yaranır. Düzdür,
onun sırf ailə-məişət problemlərilə
bağlı əsərlərində daha çox real əhvalat
və təsəvvürlər özünə yer tapır.
Lakin belə əsərlərdə də ("Cəmilə"
povestində) "rənglər silsiləsi"nin
qəhrəmanların (Cəmilə və Daniyar)
bugünkü və gələcək həyatlarında
özünü göstərə biləcək rəmzlərə
çevrilməsi müəyyən məcaziliyə uyğun gəlir.
Ancaq bunlar sırf mifik anlamda qəbul edilmir.
"Əlvida, Gülsarı", "Ağ gəmi",
"Gün var əsrə bərabər" kimi əsərlərdə
reallıqla mifiklik paralelləşir, müəllif məqsədinə
xidmət göstərmək baxımından bəzən
birincinin, bəzən də ikincinin aparıcı olduğu nəzərə
çarpır. Ona görə də istər
"Əlvida, Gülsarı" (Tanabay, Gülsarı, Vəhşi
qaz, Ağ dəvə), istər "Ağ gəmi"
(Mömin baba, Ana maral), istərsə də digər əsərlərində
Ç.Aytmatov obrazlara daha çox "fenomenoloji şərh
verir", onlarda "həyat əlaməti axtarır" (N.Cəfərov).
Bu kəşfin, bu yeniliyin uğuru kimi biz
Tanabay-Gülsarı, Mömin baba-Ana maral eyniliyindən tam mənada
danışa bilirik. Çünki "Ağ gəmi"də
Mömin baba-Ana maral, "Əlvida, Gülsarı"da isə
Tanabay, Gülsarı və s. paralelliyi obrazların və hadisələrin
mahiyyətinin açıqlanmasında mühüm rol
oynayır.
Ç.Aytmatov "Gün var əsrə bərabər"
romanında mif və əfsanələrə geniş yer versə
də, yaradıcılığında onları ilk dəfə
fantastik süjetlər şəklində təqdim edir. Müəllif
əsərdə fantastikanı reallığa
uyğunlaşdırır, nəticədə hadisələr
həqiqət təsiri bağışlayır. Boranlı Yedigey əsərin baş qəhrəmanıdır.
"Hər günü bir əsrə bərabər"
olan bu müdrik insan xalq ruhunun ifadəçisidir. Yedigey zəhmətsevər insandır. Onun düşüncələrində əsas yeri mənəviyyata,
insanlığa zidd olan problemləri həll etmək tutur.
Müəllif bu problemləri həll etməkdə
öz qəhrəmanının mənəvi gücünə
inanır, eyni zamanda ona etibar edir, bir növ onun simasında
özünü görür.
Ç.Aytmatov Yedigeyin zəhmətkeş və həyatsevərliliyini
bütünlükdə insanın mənəvi aləminin zənginliyi,
eyni zamanda şəxsiyyət amili ilə sıx
bağlayır. Ona görə də əsərdə Yedigeyin "zəhmət
adamı" obrazı onun "təsərrüfat
adamı" olmasında açıqlanmır, mənəvi
aləminin zənginliyində üzə çıxır. "Boranlı Yedigey təkcə öz təbiəti
və məşğuliyyət tərzinə görə zəhmət
adamı olaraq qalmır. O, ruhən zəhmətkeşdir.
Ruhən zəhmətkeş adam isə həmişə
düşünür, özünə suallar verir"
(Ç.Aytmatov). Sarı Özək kosmodromundan
göyə qalxan kosmik raketin məhz niyə gecə vaxtı
uçuşa başlaması, onun içində neçə
nəfər heyətin olması, indiyə qədər belə
uçuşları nəyə görə müşahidə
edə bilməməsi barədə Yedigeyin
özü-özünə verdiyi suallar əsərdə səslənən
çoxsaylı sualların yalnız cüzi bir hissəsini təşkil
edir. Oxucu üçün onun xarakteri daha çox "suallar
dünyasında" formalaşan təəssüratlarda
açılır. Romanda Yer kürəsinin dərinliklərindən
tutmuş kainatın ənginliklərinə qədər uzanan,
onu idarə etmək iqtidarında olan insan zəkasının
şərə, müharibələrə "qida verməsi"
pislənilir.
Ç.Aytmatov bəşəriyyətin gələcək taleyində insan zəkasının rolundan danışarkən, onun milli-mənəvi etnik təfəkkür formasının bu taledəki təsir roluna da böyük diqqət yetirir. Bu mənada manqurdlaşma - yaddaşı itirmə prosesi ilə bağlı əsərdə səslənən əfsanədə bir xalqı bağlı olduğu tarixdən, milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq siyasəti tənqid edilməklə, millətin həyatındakı faciə göstərilməklə yanaşı, həm də bəşəriyyəti müstəmləkəyə, işğala sürükləyən məhkumlar ordusu yaratmaqla onları istismar edən qüvvələr ittiham olunur.
Əsərdə tarixin yaddaşı, milli yaddaş heykəli Nayman Ana ilə manqurdlaşmış oğlu Joloman arasında gedən söhbət milli faciənin ən yüksək nöqtəsi kimi təqdim olunur. Milli yaddaşsızlıq - manqurdlaşma nəticəsində Joloman nə anasını, nə atasını, nə tayfasını, nə də özünü tanıyır. Buna görə də sual kimi səslənən ananın etirazlarında bir milli harayın sədaları eşidilir: "Torpağı almaq olar, malı-dövləti almaq olar, lap adamın həyatını da almaq olar, - deyə ana söylədi, - ancaq adamın hafizəsinə kim qəsd eyləyə bilər, bunu kim fikirləşib tapıb?! Pərvərdigara, varsansa bunu insanların beyninə necə salmısan?! Məgər dünyada zülm, şər azdır?!"
Müəllif Nayman Ananın oğlu tərəfindən oxla vurulub öldürülməsini əsərdə milli maraqla totalitar maraqların toqquşması kimi dünyanın ən böyük "zülm-şəri" hesab edir. Nayman Ananın basdırıldığı Ana-Beyit (Ana məskəni) qəbiristanlığının dağıdılmasına Yedigeyin etiraz və harayı da mahiyyət etibarı ilə bu toqquşmanın davamını xatırladır. Müəllif yaşadığımız əsrin ən böyük faciəvi ziddiyyətini də totalitar maraq sahiblərinin əməlləri ilə bağlayır. Əsərdə manqurdlaşmış Sabitcan, Taksınbayev kimi obrazlar bu əməlləri həyata keçirən icraçılardır. Ç.Aytmatov romanda Yedigey və Sabitcanı qarşı-qarşıya qoymaqla dünya ziddiyyətlərinin mənzərəsi fonunda milli mənəviyyata imperialist maraqların təcavüzünü əks etdirib. Müəllif əsər boyu maraqlı gedişlə ümumiləşmədən fərdiliyə və əksinə, fərdiləşmədən ümumiləşməyə keçidi təmin edərək, hadisələrin təsir gücünü artırıb. Bu əsərdə də müəllif imperiya və hegemonçuluq şəraitində milli unutqanlıq faciələri ilə üz-üzə dayanan adamların həyat problemlərini ön plana çəkir. Buna görə də əslində, dünyanın heç bir yerində olmayan Sarı Özək və Nevada kosmodromları həyatın iki tərəfinin qəbul edilmiş şərti anlamındadır. Yazıçı bu şərtilik daxilində Yer kürəsinin gələcək taleyi üçün zəhmət adamının daşıdığı məsuliyyəti onun özünə xatırlatmaq istəyir.
Ç.Aytmatov görkəmli
yazıçı və böyük ictimai-siyasi xadim olaraq
xalqının keçmişinə bağlanan, bu günü
ilə nəfəs olan və gələcəyinə
işıq saçan yaradıcılıq ideyaları ilə
təkcə qırğız xalqının deyil, bütün
türk dünyası xalqlarının qəlbində əbədi
yaşayacaq.
Elman
QULİYEV
Professor,
ADPU "Türk araşdırmaları" bölməsinin
müdiri
525-ci qəzet.- 2023.- 10 mart.- S.13.