Böyük sənətin
gerçəkliyi və əfsanəsi
Çoxəsrlik davamlı ənənələrə
malik olan Azərbaycan musiqi və ifaçılıq sənətində
Polad Bülbüloğlunun özünəməxsus
böyük yeri, rolu və mühüm xidmətləri
vardır. O, ənənə və novatorluq baxımından Azərbaycan
aşıq sənətindən ritmik ifa tərzini, muğam
ifaçılığından səslərin əruzsayağı
uzadılmasını, bəstəkar mahnılarından
melodikliyi alaraq, Azərbaycan estrada musiqisinə məxsus
xüsusiyyətlərlə ahəngdar surətdə sintez etməklə
birləşdirmişdir. Polad Bülbüloğlunun ifa tərzindəki
ayaqüstü cəld hərəkətlər də milli
aşıq sənətinin xüsusiyyətləri ilə səsləşir.
Vaxtilə caz sənəti ilə muğam
ifaçılığını sintez etmək Azərbaycan
ifaçılıq məktəbində Vaqif Mustafazadə kimi
parlaq bir istedadı meydana çıxarmışdır. Xalq
mahnıları və aşıq sənəti ilə
estradanın vəhdətindən də Polad
Bülbüloğlu sənəti "dünyaya gəlmişdir".
Üstəgəl, bu orijinal ifaçılıqda muğam
ünsürlərinin də olması Polad Bülbüloğlu
estradasını daha da orijinal məcraya
çıxarmışdır.
Bütün bunlarla bərabər, Polad
Bülbüloğlu estradasının simasını onun
özünün qeyri-adi istedadından gələn fərdi
özünəməxsusluqlar müəyyən edir. Polad
Bülbüloğlunun estradası əsasən tenor səs
ifaçılığı üstündə köklənmişdir.
Onun ifasındakı tenor səs tezliyi səslənmə
etibarilə bu səs tembrinin müxtəlif
çalarlarını özündə cəmləşdirir.
Polad Bülbüloğlu Azərbaycan ifaçılıq sənətində
lirik tenordan lirik-dramatik tenora qədər inkişaf edən
qeyri-adi səsin böyük
daşıyıcısıdır. Dünya şöhrətli
böyük sənətkar Müslüm Maqomayevin ölməz
sənəti bariton səsin sərt qammasının bənzərsiz
ifası üstündə köklənmişdir. Lütfiyar
İmanovun ifaçılığı üçün
dramatik tenor səsinin ifası səciyyəvidir. İosif
Kobzonun estradasında lirik-dramatik tenor səsinin müxtəlif
gedişləri üstünlük təşkil edir. Polad
Bülbüloğlunun estradası isə lirik tenor səsin
lirik-dramatik tenor səslə sintezi əsasında köklənmiş
bənzərsiz bir ecazkarlığın qeyri-adi təzahürüdür.
Buna görədir ki, Polad Bülbüloğlunun səsi Azərbaycan
və dünya ifaçılıq sənətinin fərqli
bir axarını təqdim edir. Lirik-dramatik tenor səs tezliyi
onun estradasının yuxarı ritmini davamlı olaraq saxlaya
bilməsini, lirik tenor isə bənzərsiz səs ahəngini
fərqli gəzişmələrlə zənginləşdirilməsini,
mahnılarındakı lirizmi şərtləndirir. Bu, musiqi
ifaçılığı sənətində Polad
Bülbüloğluna məxsus təkrarı olmayan bənzərsiz
və nadir ifaçılıq nümunəsidir. Polad
Bülbüloğlu sənəti Azərbaycan musiqi və
ifaçılıq sənətinin fərqli bir istiqamətidir.
Eyni zamanda, dünya estrada sənətinə də Polad
Bülbüloğlu özünün bənzərsizlik
möhürünü vurmuşdur.
"Məhəbbət və ölüm" baleti
Polad Bülbüloğlu ifaçılığının
özünəməxsus daxili təbiətindən doğan
böyük sənət hadisəsidir. Səslərin dili ilə
ifadə etmək istəsək, "Məhəbbət və
ölüm" baletindəki "məhəbbət"
qütbü lirik tenor, "ölüm" tərəfi isə
lirik-dramatik səs ahənginin hərəkətlərlə
ifadə olunan təzahürləridir. Bu, Azərbaycan balet mədəniyyətində
də yeni istiqamətdir. Və ümumiyyətlə, məlum
olduğu kimi, Polad Bülbüloğlu öz
mahnılarını da musiqi ilə eyni səviyyədə hərəkətləri
ilə də təqdim edir. Bu, onun mahnı
ifaçılığında balet elementlərinin olduğunu
göstərir. Əgər Polad Bülbüloğlu
mahnılarındakı sözləri və səsləri dilləndirməyib,
yalnız hərəkətlər vasitəsilə melodiyanı
pantomim üslubunda ifa etsə, yenə də onun
repertuarındakı hansı mahnısını diqqətə
çatdırdığını müəyyən etmək
mümkündür. Yaxud Polad Bülbüloğlunun səslərsiz-sözlərsiz
hərəkətlə təcəssüm etdirilən mahnı
ritmləri baletvari səhnələrin
canlandırılmasına xidmət edə bilər.
Bütün bunlar Polad Bülbüloğlunun
estradasının bətnində balet əlamətlərinin
olduğunu əyani şəkildə təcəssüm
etdirir. Bu mənada Polad Bülbüloğlunun balet janrına
müraciət etməsi tamamilə təbiidir. Və "Məhəbbət
və ölüm" baletinin uğurlu olmasının əsas
səbəbi də, qeyd etdiyimiz kimi, onun estrada
ifaçılığında baletə məxsus xüsusiyyətlərin
olması ilə əlaqədardır.
Polad Bülbüloğlu ifaçılıq sahəsində
olduğu kimi, bəstəkarlıq baxımından da təkrarsızdır.
O, ənənəvi mahnı yaradıcısı olan bəstəkardan
çox, necə deyərlər, daha çox estrada
mahnılarına musiqi əsərləri yazan bəstəkar
kimi qəbul olunur. Polad Bülbüloğlunun bəstələdiyi
əsərlərdə musiqi alətlərinin deyil, mahnı
ifaçısının aktivliyi,
aparıcılığı, hərəkətliliyi önə
çəkilir. O, bir bəstəkar kimi mahnıdakı
sözlərin melodik şəkildə səsləndirilməsi
ilə bir sırada ifaçının hərəkətlərini
də tənzimləyir. Bu mənada Polad Bülbüloğlu
yalnız mahnı üçün deyil, mahnı və rəqs
üçün musiqi yazmaq məharəti nümayiş
etdirir. Deyilənlərə ən parlaq nümunə kimi Polad
Bülbüloğlunun bəstələdiyi qanadlı
mahnıların müğənni olaraq özünün
ifasında düşünülmüş hərəkətlərlə
müşayiət olunan mahnılarında daha yüksək səviyyədə
alındığı müşahidə olunur. Çünki
heç də hər ifaçı Polad Bülbüloğlu
estradasının komponentlərinin hamısını
özündə canlandıra bilmir. Bu cəhətdən Polad
Bülbüloğlu mahnılarının əvvəlcə
özü tərəfindən ifasını təqdim etməklə
sanki sonrakı ifaçılara nümunə göstərir.
Bu baxımdan Polad Bülbüloğlunun mahnıları kimi,
mahnı mətnlərinə yazdığı musiqi əsərləri
də orijinaldır və müğənnilərdən
xüsusi ifaçılıq üslubu tələb edir. Beləliklə,
Polad Bülbüloğlu fərqli bir estrada mahnıları bəstəkarı
kimi də Azərbaycan musiqi sənətində yeni yol
açmışdır.
Azərbaycanda, Rusiyada və dünyada Polad
Bülbüloğlunun ifaçılıq üslubunu
yaradıcı şəkildə inkişaf etdirməklə
böyük sənət uğurları qazanmaq asan olmasa da, bu
çətin işi mümkün edə bilən sənət
adamları vardır. Beləliklə, ölkəmizdə və
dünya estrada sənətində Polad Bülbüloğlu
ifaçılıq məktəbi formalaşmışdır.
Polad Bülbüloğlunun sənəti milli olduğu qədər
də bəşəri sənət nümunəsi kimi
dünya xalqlarının səhnələrinə də yol
açır.
Nəticə olaraq deyə bilərik ki, Polad
Bülbüloğlunun bənzərsiz sənəti Azərbaycan
estrada ifaçılığı mədəniyyətinin
reallığı və yaşayan əfsanəsidir.
Azərbaycanda milli mədəniyyətin təşkilati
cəhətdən inkişaf etdirilməsi sahəsində də
Polad Bülbüloğlunun böyük xidmətləri
vardır. Müstəqillik dövrünün çətin
illərində mədəniyyət naziri kimi Polad
Bülbüloğlu Azərbaycanda davamlı sənət ənənələrinin
qorunub yaşadılmasına və yeni çalarlarla daha da
inkişaf etdirilməsinə məsuliyyətlə və şərəflə
xidmət etmişdir. Polad Bülbüloğlu Müstəqil
Azərbaycanın ən çətin keçid dövründə
milli mədəniyyətimizin inkişafına məsuliyyətlə
xidmət etməklə Ümummilli liderimiz Heydər Əliyevin
böyük etimadını şərəflə
doğrultmuşdur.
Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli
səfirimiz kimi 18 il ərzində səmərəli fəaliyyət
göstərmiş Polad Bülbüloğlu Azərbaycan
Respublikasının bütün sahələr üzrə
reallıqlarının və nailiyyətlərinin, o cümlədən
də, mədəniyyətimizin və incəsənətimizin
geniş məkanda təbliğinə, tanıdılmasına,
bu sahədə əlaqələrin inkişaf etdirilməsinə
böyük zəhmət sərf etmişdir. Bu statusda da Polad
Bülbüloğlu faktoru ölkələrimiz arasında yeni
əməkdaşlıq körpülərinin yaradılmasında
özünəməxsus rol oynamışdır.
Hansı rəsmi vəzifə daşımasından
asılı olmayaraq Polad Bülbüloğlu həmişə
ifaçılıq sənətinə sədaqətini qoruyub
saxlamışdır. Onun simasında mdəniyyət nazirinin və
ya Fövqəladə və Səlahiyyətli Səfirin həm
də dillərdə dastan olan mahnılarını yerində
və məqamında ifa etməsi ictimaiyyət tərəfindən
təbii hal kimi normal qarşılanır. Bir çox hallarda
Polad Bülbüloğlu özünün məşhur
mahnılarını müxtəlif səhnələrdə səsləndirməklə
cəmiyyətdə bu istiqamətdəki boşluğu
doldurmuşdur. Rəsmi vəzifə
daşıdığı illərdə ara-sıra
böyük səhnələrdə oxuduğu
mahnıların həmişə alqışlarla
qarşılanması Polad Bülbüloğlunun öz sənətini
yaşatmasına, uğurla davam etdirməsinə, Azərbaycan
estrada sənətinin inkişafına
tamaşaçıların ürəkdən gələn dəstəyinin
ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamı ilə Polad
Bülbüloğlunun 2020-ci ildə ölkəmizin ən
yüksək təltifi olan "Heydər Əliyev" Ordeni
ilə təltif olunması dövlət səviyyəsində
onun sənətinin və xidmətlərinin uca
tutulmasının əyani göstəricisidir. Cənab
Prezidentin aşağıdakı sözləri Polad
Bülbüloğlunun ölkəmiz və mədəniyyətimiz
qarşısındakı çoxcəhətli xidmətlərini
bütün dolğunluğu ilə diqqətə
çatdırır: "Siz böyük sənətkar,
böyük bəstəkar, böyük
ifaçısınız. Siz Azərbaycan mədəniyyətinin
inkişafına böyük töhfə vermişsiniz. Deyə
bilərəm ki, Azərbaycan musiqi mədəniyyətində
özünəməxsus və təkrarsız iz
buraxmışsınız. Nəinki Azərbaycan miqyasında,
hesab edirəm ki, dünya miqyasında siz ən görkəmli
bəstəkarlardan birisiniz.
...Bilirəm ki, Azərbaycanın maraqları sizin
üçün hər şeydən üstündür".
Hazırda Azərbaycanın Xalq artisti,
tanınmış mədəniyyət xadimi və ictimai xadim
Polad Bülbüloğlu Azərbaycan Respublikası Milli Məclisinin
Mədəniyyət Komitəsinin sədri kimi ölkəmizin
mədəni-siyasi həyatında yaxından iştirak edir, fəal
iş aparır. Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir
Yumruğu ilə işğaldan azad olunmuş Qarabağda -
Şuşada mədəni həyatın dirçəldilməsinə
özünün böyük sənət töhfələrini
verməkdə davam edən Polad Bülbüloğlu indi
ölkəmizin mədəniyyət paytaxtı Şuşa
şəhərindən Milli Məclisin deputatı seçilməyin
qürurunu, şərəfini və məsuliyyətini
yaşayır. Polad Bülbüloğlunun 80 illik yubileyinin
ölkəmizin tam ərazi bütövlüyü və
suverenliyi şəraitində qeyd edilməsi Konstitusiya və
Suverenlik İlinin böyük mədəniyyət hadisəsi
kimi də mühüm əhəmiyyətə malikdir.
Respublikamızın Xalq artisti, böyük sənətkarımız
Polad Bülbüloğlu sənətdə olduğu kimi, cəmiyyətdə
də xalqına və müstəqil dövlətimizə ləyaqətlə,
sədaqətlə və məsuliyyətlə xidmət etməyin
əməli nümunəsini göstərir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə müstəqil dövlətimizin ictimai-siyasi və mədəni
həyatında uzunmüddətli səmərəli fəaliyyətinə
görə Polad Bülbüloğlunun 1-ci dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə
təltif olunması sözün əsl mənasında
böyük sənətə verilmiş böyük qiymətin
əməli ifadəsidir.
Ürəkdən təbrik edir və daha parlaq
uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının
prezidenti, akademik
525-ci qəzet .- 2025- 4 fevral(№20).- S.9.