DÜNYA   “AĞ ÖLÜM”LƏ ÜZ-ÜZƏ  

 

 

Dünyada nümunəvi davranışı və normal fiziki, əqli və əxlaqı keyfiyyətləri ilə seçilən milyardlarla insan yaşayır. Həmin insanlar arasında şəxsi iradə gücünün köməyi ilə özünü sərbəst halda idarə etməyi bacaran, gecə-gündüz  arzu və istəyinə çatmağa çalışan, tamah adlı namərd, ən təhlükəli və qorxunc düşməni cilovlamağa hünəri çatan yüz milyonlarla gənc var.  Bu gənclərin bir hissəsi  orta və ali məktəblərdə, eləcə də təhsilin daha yuxarı pillələrində öz biliklərini artırırlar. Gənclərin qalan hissəsi isə  mədəniyyət, təhsil və səhiyyə  müəssisələrində, eləcə də  sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və digər  sahələrdə  çalışırlar. Həmin  gənc insanların məqsədi  özlərinin  qüvvə və bacarığı ,yüksək fərdi keyfiyyətləri ilə  cəmiyyətdə mövcud olan  çoxsaylı problemlərin həllində yaxından iştirak etmək və bu sahəyə öz töhfələrini verməkdir. Lakin dünyadakı sürətli inkişafa, artan texniki tərəqqiyə, yer üzünün daha gözəl olmasına biganə yanaşan, onun  nailiyyətlərinə  xələl gətirən, nəfsinin və tamahının qulu olan  bəzi iradəsiz gənclər öz pis hərəkətləri ilə cəmiyyətin ad-sanına və nüfuzuna ciddi xələl gətirirlər. Bugünkü söhbətimizdə  dünyada ən təhlükəli və zərərli vərdiş sayılan narkomaniyanın qurbanı olan və cəmiyyətimizin adına  qara ləkə gətirən bəzi insanların, xüsusilə gənclərin qurşandığı bu  pis vərdiş barədə sizə qısa  söhbət açacağıq.

Narkomaniya- sözü yunan dilindən Azərbaycan dilinə tərcümədə bihuşluq, yuxu, cəzb etmə, ağılsızlıq,donub qalmaq,quruma vəziyyətinə gətirmə və s. kimi  mənaları verir. Dünyada ilk dəfə  narkotik vasitələrdən  tibbdə istifadə olunub. Bu maddə insanın hisslərini, əhvalını, düşüncəsini dəyişdirmək və s. gücünə malikdir. Narkomaniya  özü insanda  fiziki və psixi  asılılıq yaradan bir xəstəlikdir.Narkotik vasitələr insanın  mərkəzi sinir sisteminə  spesifik formada mənfi təsir edərək qısa bir zamanda onda  asılılıq yaradan maddədir. İnsanların maraq göstərdiyi zərərli vərdiğlərin içərisində ən təhlükəlisi hesab olunur.Çünki narkotik vasitə satanlar daim yeni müştəri axtarışında olurlar. Onların tora saldığı müştərilər içərisində daim həm maddi imkanı aşağı olan nadan gənclər, həm də imkanlı ailələrin ərköyün övladları  olur. Narkotik vasitəyə alışmış insan özünün ağrı hissini azaltmaq və ondan tam azad olmaq, eləcə də bu bəladan  yaxasını qurtarmaq  üçün  yenə də  əlavə narkotik maddəyə ehtiyac duyur. Bu zaman maddi imkanı  olmadığı halda həmin istifadəçi müxtəlif yalana, dələduzluğa, oğurluğa, qarətçiliyə, hətta adam öldürməyə və b. cinayət hərəkətlərini etməyə belə  məcbur olur.

 Respublikamız  müstəqillik dövrünə qədəm qoyduqdan sonra  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə daha da güclənmişdir. Bu mübarizəni ümumdövlət vəzifəsi kimi qəbul edən  və dəfələrlə onun vacibliyini vurqulayan Ümummilli liderimiz Heydər Əliyev  bu barədə belə demişdi: “ Narkomaniya və narkobizneslə mübarizə  hər bir ölkənin, xalqın, millətin, fiziki və əqli sağlamlığı uğrunda apardığı mübarizədir”.

1992-ci ildə Azərbaycan Respublikası  BMT-yə üzv olandan sonra  respublikamız “ Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı  mübarizə haqqında” BMT-nın 1988-ci il Konvensiyasına qoşulmuşdur. Ulu Öndəriniz 1996-cı ilin 26 avqustunda  imzaladığı fərmanla ölkəmizdə 2000-ci ilədək  narkomanlığın yayılmasına, narkotik vasitələrin  və psixotrop maddələrin  qanunsuz dövriyyəsinə qarşı  mübarizə üzrə Ümummilli Proqram təsdiq etmişdir. Dahi liderin rəhbərliyi ilə  həmin vaxtda  ölkəmizdə Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası  yaradılmışdr.

Ulu öndərimiz Heydər Əliyev siyasətinin  davamçısı Azərbaycan Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev  narkotik vasitələrin, psixotrop maddələrin  və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair  2007-2012, 2013-2018 və 2019-2024-cü illərə dair  Dövlət Proqramını təsdiq etmiş və bu proqramların ölkəmizdə  vaxtında icrasının təmin olunması üçün müvafiq tapşırıqlar vermişdir.

Cəmiyyətin və ailənin  hərtərəfli imkişafı yolunda böyük maneyəyə çevirilən narkomaniya barədə cənab Prezidentimiz İlham Əliyev belə demişdir: “Coğ­ra­fi möv­qe­yin­dən, ic­ti­mai-si­ya­si qu­ru­lu­şun­dan, in­ki­şaf sə­viy­yə­sin­dən, mə­də­ni və ta­ri­xi əla­qə­lə­rin­dən ası­lı ol­ma­ya­raq, elə bir öl­kə yox­dur ki, döv­rü­mü­zün qlo­bal prob­lem­lə­rin­dən bi­ri olan nar­ko­tik­lə­rin qa­nun­suz döv­riy­yə­si ilə qar­şı­laş­ma­sın. Mə­lum­dur ki, nar­ko­ma­ni­ya və nar­ko­biz­nes in­san cə­miy­yə­ti­nin mə­nə­vi və əx­la­qi də­yər­lə­ri­nə bö­yük zər­bə vu­ran, so­si­al-iq­ti­sa­di in­ki­şa­fa mən­fi tə­sir gös­tə­rən, in­san­la­rın hə­yat və sağ­lam­lı­ğı­na cid­di təh­lü­kə ya­ra­dan, ci­na­yət­kar­lı­ğın art­ma­sı­na sə­bəb olan amil­dir”. Cənab Prezidentimizin yüksək təşkilatçılığı və rəhbərliyi sayəsində  həyata keçirilən  bu strategiya Azərbaycanda  gənc nəsilin tərbiyəsinin daha da inkişaf etməsi, sağlamlığının qorunması sahəsində böyük uğurların qazanılması deməkdir.

Respublika üzrə rəsmi statistikaya əsasən son 5 ildə narkomanların sayı 10 dəfəyədək artıb. Son məlumata görə ölkəmizdə onların ümumi sayı 30 mindən çoxdur.

Turan İnformasiya Agentliyi  Azərbaycanda narkomanların sayı haqqında açıqladığı məlumatda deyilir ki, 2019-cu ildə  qeydiyyatda olan narkotik istifadəçilərinin sayı  32921 nəfər, 2020-ci ildə 33738 nəfər  ( keçən illə müqayisədə artım 817 nəfər) , 2021-ci ildə  34602 nəfər ( əvvəlki ilə nisbətən artım 864 nəfər) olmuşdur. Respublikamızda  qadın və uşaqlar arasında narkomaniya xəstəliyinə tutulanlar  kişilərə nisbətən bir neçə dəfə azdır. Belə ki, 2019-cu ildə 641 nəfər, 2020-ci ildə 618 nəfər, 2021-ci ildə isə 566 nəfər qadın yeni qeydiyyata alınmışdır.

Agentliyin verdiyi  məlumata əsasən  Azərbaycanda  qeydiyyatda olan narkotik  istifadəçiləri arasında opioid tərkibli preparat  istifadəçisi 24850 nəfər, kannabinoid istifadəçisi 9752 nəfər, fzixostimulyator istifadəçisi isə 3107 nəfər olmuşdur.

Respublikamızda “ağ ölüm” ün qorxunc statistikası olduqca faciəvi və dəhşətlidir. 2021-ci ildə Azərbaycanda olan 21012 nəfər məhbusun 5108 nəfəri ( və ya 24,3 %-i) narkotik vasitə ilə bağlı cinayətlərə görə həbs olunanlardır. Təkcə 2021-ci ilin son 2 ayında hüquq mühafizə orqanları tərəfindən qanunsuz yolla əldə edilən 38 milyon manatlıq  narkotik vasitəni dövriyyədən çıxarılmışdır.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  məlumatına əsasən  2022-ci ildə Azərbaycanda qeydə alınmış 36494 cinayət hadisəsi olmuşdur. Həmin cinayətlərin 10665-i və ya 29,2%-i narkotik vasitələrin  və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bu rəqəm 2021-ci ilin göstəricisindən 24,4% çoxdur. 2022-ci ildə narkotik vasitələr və psixotrop maddələrlə bağlı 8587 nəfər şəxs cinayət törədib. Bu şəxslərin 34.4%-i əvvəllər cinayət törətmiş insanlardır. Cinayət törədən şəxslərin 72,8%-i  heç yerdə işləməyən və oxumayan şəxslərdir. Zərif cinsin nümayəndəsi sayılan qadınlar cinayət törədənlərin 2,7%-ni, 14-17 yaşlı uşaqlar 0,2 %-ni, gənclər isə 23.7%-ni təşkil edir. Hüquq mühafizə işçiləri tərəfindən 2022-ci ildə 50348 kiloqram narkotik maddə müsadirə edilərək dövriyyədən çıxardılmışdır.

Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  İşçi Qrupunun yaydığı məlumata əsasən  təkcə 2023-cü ilin yanvar-iyul ayları ərzində respublika hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 6696 cinayət faktı aşkarlanmışdır.

BMT-nın Baş Assambleyasının 26 iyun 1987-ci il tarixli qərarı ilə hər il dünyada  26 iyunu- Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilməsini elan etmişdir.  Narkomaniya ilə bağlı Beynəlxalq Mübarizə Gününü qeyd etməkdə əsas məqsəd dünya ictimaiyyətinin  diqqətini narkomaniya ilə əlaqəli olan problemlərə yönəltməkdən ibarətdir. Hər il düya ictimaiyyəti ilə bərabər bütün  aidiyyatı nazirliklər,komitələr və digər baş idarələr, QHT,  həmçinin mədəniyyət, təhsi və səhiyyə  təşkilatlarının çoxsaylı kollektivləri hüquq mühafizə orqanları ilə birlikdə  Narkomaniya ilə bağlı Beynəlxalq Mübarizə Gününü yüksək təşkilatçılıqla  qeyd edirlər. Həmin gün təbliğat-təşviqat işləri ilə yanaşı  kitab və rəsm sərgiləri,  sənədli filmlər nümayiş etdirilir. Narkomaniyanın cəmiyyətə və ailəyə vurduğu maddi və mənəvi-psixoloji zərər haqqında  əhali geniş məlumatlandırılır. Keçirilən bütün tədbirlərin  hamısı gənc nəsilin  psixoloji və fiziki  sağlamlığının artırılmasında  müsbət nəticə verir.

BMT-nın  Narkotiklərlə   Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin 2019-cu ildə verdiyi açıqlama ilə  həyəcan təbili çalaraq dünya ictimaiyyətini məlumatlandırmaq üçün bildirib ki, dünyada 35 milyon narkotikdən asılı insanların əksər hissəsini 18-25 yaş arası gənclər təşkil edir.

15 aprel 2019-cu ildə  respublikamızın paytaxtı Bakı şəhərində Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans keçirildi. Konfransda  115 ölkədən  432 nümayəndə iştirak edirdi. Konfrans xüsusi olaraq qeyd etdi ki, Azərbaycanda Narkotiklərlə Mübarizə sahəsində bir sıra mühüm  işlər həyata keçirilib. Ən əsası Narkotiklərlə Mübarizəyə aid möhkəm hüquqi baza yaradılıb. Son 15 ildə, yəni 2003-2019-cu illərdə  narkotiklərə qarşı 13 fərman, 56 sərəncam imzalanıb. Respublikanın Milli Məclisində 38 qanun qəbul olunub. Bir neçə dövlət proqramı hazırlanıb təsdiq olunaraq uğurla həyata keçirilmişdir.  Son 5 ildə 8 ton 354 kiloqram qanunsuz əldə edilmiş narkotik vasitənin dövriyyədən çıxarıldığı həmin konfransda xüsusi olaraq vurğulanıb. Narkomaniya qarşı Mübarizə üzrə  Dövlət Proqramı əsasında ictimaiyyət arasında, xüsusilə orta və ali  məktətəblərdə yeniyetmələr və gənclər arasında,  eləcə də Azərbaycan Ordusunda mütamadi olaraq geniş maarifləndirmə və təbliğat-təşviqat işləri ildən-ilə gücləndirimişdir

 

Azərbaycan Respublikasının Prezidenti , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi ilə  2020-ci ildə şanlı ordumuzun  44 günlük Vətən müharibəsində qazandığı böyük qələbə fiziki və psixoloji cəhətdən sağlam olan gənclərimizin qəhrəmanlığı sayəsində əldə edildiyinin canlı nümunəsidir.

Narkomaniya bu gün də yenə  bəşəriyyət üçün qorxunc bəla,  ən böyük təhlükə mənbəi olaraq qalır. O insanların sağlamlığını və mənəviyyatlarını məhv edərək onları canlı ölüyə çevirir. Bəzi narkotika istifadəçilərinin bir hissəsinin  cinsi yolla hepatit C infeksiyasına yoluxması nəticəsində gənc ikən dünyalarını dəyişirlər.

Dünyada “ağ ölüm” adı ilə məşhur olan narkomaniya sərhəd tanımır.İstənilən ölkədə öz atını çapır. Lakin ailə cəmiyyətin özəyi və mənəvi sərvəti, dünyanın gələcəyidir.  Bəşəriyyət kiçik dövlətlər hesab olunan  ailələri göz-bəbək kimi qorumağa borcludur. Ailələrin  pis  və zərərli vərdişlər  səbəbindən dağılıb,  məhv olmasına yol verilməməlidir. Tək-tək ölkələr ayrı-ayrılıqda deyil, bütün dünya birlikdə narkomaniyaya qarşı mübarizə aparmalıdır.  Gənclərimizi bu cür qaniçən zərərli vərdişin təhlükəsindən qorumağa çalışaq!  Ümumiyyətlə, gəlin hamılıqla həyatı zəhərləyən bütün zərərli vərdişlərə, o cümlədən , narkotiklərə “yox” deyək!

 

Zakir Bayramlı,

Şair-publisist, AY və AJ Birliklərinin üzvü,  təhsil işçisi

Ədalət.-  2024.- 12 yanvar,¹1.- S.13.