Hidayət və nəsrin
poetikası
Hidayətin poetikasında
psixoloji proses bütün mürəkkəbliyi və
axıcılığı ilə birbaşa diqqəti çəkir.
O prosesdə təkrar istehsal elementləri yoxdur. Yaradılan səhnələr əsasən
personajın intellektual və əxlaqi fəaliyyətinin nəticələrini
göstərir.
Həmin göstərici
mənəvi həyatın bilavasitə təsvirinə diqqət
yetirərək insanın daxili aləminin bucaqlarını, həqiqət
axtarışında olan ruhun sevinc və kədərini
işıqlandırır. Bu,
yazıçının zərif taktikasından daha çox fərdi
düşüncəsi, həyata baxış effekti kimi də
görünür və qəbul edilir.
Bu sözlər filologiya
elmləri doktoru, professor Mahirə Hüseynovanın
(Nağıqızının) görkəmli
yazıçı-publisist, şair-dramaturq Hidayətin
“Ömürdən uzun gecə” povesti barədə
yazdığı “Hidayət və nəsrin poetikası”
resenziyasında yer alıb. AZƏRTAC
yazını təqdim edir.
Tərəddüdsüz
deyə bilərik ki, ki, müəllifin 39 yaşında
yazdığı “Ömürdən uzun gecə” povesti Hidayətin
ədəbi taleyini həll edə bilərdi. Bu
hüququ yazıçıya yazdığı povestin ancaq
sintaksis konstruksiyasının mükəmməlliyi deyil, onun təsvir
etdiyi, ömürdən uzun keçən bircə gecə
hadisəsinin dinamikasında öz məxsusi yeri olan
insanların interpretasiyası verib. O dinamika isə nəfəs
kəsəcək ritmi ilə lap əvvəldən oxucusunu
öz orbitinə salır və cəmi-cümlətanı 5-6
saat çəkən hadisənin müşahidəçisinə
deyil, iştirakçısına çevirir. Nəticədə
kiliddə “açarın ehmalca hərlənməsi ilə”
başlayan əhvalatın dramatizmi povestin süjet xəttini
tamamlayacaq, hadisələrin axarına qoşulub getməkdən
başqa yolu qalmayan insanların yol yoldaşına çevriləcək.
Hidayətin poetikasında
psixoloji proses bütün mürəkkəbliyi və
axıcılığı ilə birbaşa diqqəti çəkir.
O prosesdə təkrar istehsal elementləri yoxdur. Yaradılan səhnələr əsasən
personajın intellektual və əxlaqi fəaliyyətinin nəticələrini
göstərir.
Həmin göstərici
mənəvi həyatın bilavasitə təsvirinə diqqət
yetirərək insanın daxili aləminin bucaqlarını, həqiqət
axtarışında olan ruhun sevinc və kədərini
işıqlandırır. Bu,
yazıçının zərif taktikasından daha çox fərdi
düşüncəsi, həyata baxış effekti kimi də
görünür və qəbul edilir. Müəllifin
daha sadə yol kimi seçərək tətbiq etdiyi bu cəhət
onun nəinki personajlarının, ümumilikdə, həmin
personajların aid olduğu makro və mikromühiti
canlandıra bilir. Buna görədir ki,
insan onun tərəfindən həyatının ən
mühüm və həlledici məqamında, hisslərin və
düşüncələrin son dərəcə kəskinləşdiyi,
açıq-aşkar göründüyü vaxtda təsvir
olunur. Bu anda o, parlaq işıq
şüasını istiqamətləndirir, qalan hər
şey kölgəyə doğru hərəkət edir.
O, mikroskopla əlaqə saxlamır, gözü lazımi məsafədə
qalır; beləliklə, pozulmayan nisbətlər aydın
görünür.
Onu qeyd etməyi
vacib sayırıq ki, Hidayətin dramatik əsərlərində,
povest və romanlarında açıq-aydın görünən
alt mətn ustalıqla təqdim edilir.
“Ömürdən
uzun gecə” qəhrəmanının qapı kilidinin
açılması ilə başlayan (əslində, söhbət
baş qəhrəman təsnifatından getmir, bu əsərdə,
ümumiyyətlə, epizodik surət gözə dəymir, hər
biri öz yaşantıları ilə oxucunun yaddaşında
birdəfəlik qalır) hadisələrin ilk
addımındaca gecənin bir yarısı Təvəkkül
Kərimlinin mənzilinə daxil oluruq. Yaxşı
ki, bu, “qlfılların hamısının kilidlənməməsi”,
“içəri tərəfdəki zırpı dəmir
arxalığın salınmaması” şansı üzündən
yüngül baş verir. Bunlar
olmasaydı, Təvəkkül Kərimli “qapının zəngini
uzun-uzadı basmalı idi, arvadı hannan-hana
yaxınlaşmalı, deyinə-deyinə qapını
açmalı idi”. Qədəmimizi
astanadan bircə addım içəri atmağımızla Təvəkkül
Kərimli ilə ilkin tanışlığımız
başlayır. Müəllifin özünəməxsus
təhkiyə dili ilə onun ətrafında olan, fərqi
yoxdur, evdə, yaxud işdə, çeşid-çeşid
ölkələrdə, müxtəlif dil və din, mədəniyyət
daşıyıcıları olsalar da, ancaq insana aid ola biləcək duyğu və arzularla
yaşayan qəhrəmanlarının qalereyası ilə nəfəs-nəfəsə
qalırıq. İçəri girən kimi
birinci eşidəcəyimiz sözlər isə “Eşiyim
özgələri yandırır, içim özümü.
Görən də deyir, nə bəxtəvərdir.
Daş düşəydi Dilaranın ad
gününə...”- olacaqdı, lakin kilidlənməmiş
qıfıllar bizi bu ağırlıqdan qurtarır və ona
görə də zahirən bəxtəvər görünən,
əslində, özünü tapa bilməyən bir
qadının deyintilərini eşitmək gərginliyindən
xilas oluruq.
Beləcə də
qarşımızda bəşəriyyət üçün
təzə olmayan “insan və cəmiyyət” dramının
yeni mənzərələri açılır. Onu
yada salaq ki, bu dram insanın sosiallaşmaq zərurətinin
qaçılmaz olduğu məqamlardan bəri yaranıb.
Təhtəlşüurumuzda öz
yuvasını qurmuş hisslərə adekvat olan və olmayan
hansı məqamlardasa hər bir insanın həmin dramın
personajına çevrilməməsi
mümkünsüzdür.
Bu, ona görə
mümkünsüz olur ki, insan mahiyyəti ilə sosialdır,
o, yaranışından cəmiyyət üçündür
və hələ ana bətnində olarkən öz ətraf
mühiti, bətnində olduğu anasının
reaksiyaları şəxsində “o ətraf mühitin” mənfi
və ya müsbət enerjilərini hiss edir, bir sözlə, cəmiyyətə
ilkin adaptasiyasını başlayır. Bu
başlanğıc o vaxta qədər davam edə bilir ki,
individuum olan insanın içində hansı məqamlardasa ətraf
mühitə korreksiya cəhdləri baş qaldırır.
O cəhdlər mahiyyəti azadlıq olan insanın xarakterindən
yaranır və baş qaldıran həmin cəhd hissindən
sonra onun şəxsi taleyinin yönü müəyyənləşir.
Hidayətin təqdim etdiyi, personajlarının
psixoloji durumları ilə həmahəng olan o dramatik məqamların
necə inkişaf etdiyini isə Təvəkkül Kərimlinin
şəxsində görürük. Həmin
məqamların zaman və coğrafi müxtəlifliyi isə
diapazon genişliyi üçün insanları necə varsa o
cür tanımaq, qəbul etmək fürsəti verir.
Yeri gəlmişkən,
Hidayət bütün bu “xoşbəxtlik və bədbəxtliklərin”
görünən və görünməyən “sərhədlərini”
incə maneralarla təqdim edir, hansı məqamdasa hadisələrin
inkişaf edən süjet xəttinin cazibəsindən
ayrılan oxucu dilemma qarşısında qalır.
Hidayətin
povestində həyatda gördüyümüz insanlar öz
xarakter və duyğuları, “xoşbəxtlik” və “bədbəxtlikləri”
ilə bu cür qarşımıza çıxırlar.
Beləcə, ən
kiçik söz və ifadədən tutmuş, obrazların
qarşılıqlı əlaqəsi, xarakterlərinin
yaratdığı hadisələrin axarı ilə gedirik. Süjetin
mərhələ-mərhələ inkişafı, mövzunun
dərinliklərinə gedən tədrici müdaxilələr
oxucunu əsərin zavyaskasına çəkir. Bu gəliş
isə o qədər təbii və həyatidir ki, istər-istəməz
Leonid Qrossmanın, məşhur ədəbiyyatşünas və
tənqidçinin Fyodor Dostoyevskidən tez-tez gətirdiyi
sitatların birini yadımıza salır: "Heç vaxt
özünüzdən nə fabula uydurun, nə də intriqa. Həyat bizim uydurmalarımızdan qat-qat zəngindir.
Bəzən ən adi, gözə çarpmayan həyatın
verdiyi şeyi Sizin üçün
heç bir təxəyyül uydura bilməz”.
“Ömürdən
uzun gecə” də belədir, “həyatın içindəki
hadisələr”in özü ilə gətirdiyi, “təxəyyülün
uydura bilmədiyi” insanlar və hadisələr oxucuya o qədər
məhrəm gəlir ki, o, qeyri-iradi olaraq onların hər
birinin hisslərinin yaratdığı emosiyanın
daşıyıcısına çevrilir.
Gecənin bir yarısı
gələn zəngin yaratdığı ovqat kimi: “Zəng
çalan susmuşdu, uzaqlardan nə isə qarışıq
səslər eşidilirdi: kədərli, həzin...
-Bəli...
Ümidsiz dilləndi,
sanki müqəssir stulunda oturub başını
aşağı salmışdı.
-Qardaş, bacın boyuna
qurban, qorxma, amma tez gəl.
Bu səs
yaxından gəlirdi və uzaqdakı o qarışıq, kədərli,
həzin səsləri batırırdı.
-Qardaş...
Yaxındakı səs
hıçqırığını zorla boğurdu, sonra
uzaqdan dəhşətli hönkürtü eşidilirdi, elə
dəhşətli idi ki, yaxındakı adam
danışsaydı da eşidilməzdi”.
Gecəyarısı,
hər vaxt gözlədiyi, lakin hər vaxt gözlənilməsinə
baxmayaraq naqafil gələn zəng-
çağırışın arxasınca payi-piyada yollanan Təvəkkül
Kərimli “uzun-uzadı, sahil parkının
yaşıllığı, çiçəkləri
arasıyla uzanan” yola çıxır. Yol onu bu
dünyada hamıdan yaxşı tanıyan və hamıdan
çox, bəlkə Təvəkkül Kərimlinin
özündən də çox onu istəyən, sevən bir
kişinin son görüşünə aparır, ancaq Tahir Kərimli
bunun fərqində deyil. Biz isə Təvəkkül
Kərimlinin, “bu boyda şəhərin yiyəsi olan” adamın
yadına düşən xatirələrin, istisi keçməyən,
közü heç vaxt öləziməyəcək xatirələrin
izi ilə qarabaqara yola düşürük. İndi onun, bacısının naqafil zəngi ilə
heç bir maşın-filan çağırmadan piyada gedən
kişinin yollarının başlanğıcına qədər
gedib çıxmağımız mümkün olacaq. Hələlik
isə bacısının söylədiyi, “boyuna qurban,
qardaş, qorxma”- deyərək çatdıra bilmədiyi xəbərin
ardınca gedən Təvəkkül Kərimli atası ilə
öz arasında çoxdan olmuş dialoqu yadına salır:
“- Təvəkkül,
çoxdandır yolum düşməyib Zəngəzura,
burnumun ucu göynəyir, oradan yana...
- Gördüyün Zəngəzurdur...
Gəl, putyovka düzəldim, get Kislovodskə”.
Atası
Kislovodsk-filan istəmir, onu “Gorus dərəsinə enəndə”,
qayanın qoynunda bitmiş tənha palıdı görmək
min dənə Kislovodskdən daha artıq
düşündürür. Oğul isə
onu bilmir və bilmədiyi, yoxsa söhbətin məcrasını
dəyişmək istədiyi üçün “Bir az sonra
başlayacaqsan çınqılları soruşmağa”-
deyir. Ata oğlunun “çınqıl soruşmaqla”
bağlı atmacasından tutulmur, bütün namuslu insanlar
kimi, gördüyü hansısa işin əhəmiyyətindən
də danışmır, sadəcə olaraq,
qayalıqların yanındakı ağaca olan
bağlantısı barədə iki-üç kəlmə
deməklə kifayətlənir: “O palıdı mən əkmişəm.
Min-min adam onun kölgəsində sərinləyib,
atama rəhmət oxuyub. Həmən qayanın, həmən
palıdın altında, yolun qırağında bir
çeşmə də var...”.
Yoluzunu, gecənin
qaranlığında atası ilə sonuncu görüşə
gedən Təvəkkül Kərimli o söhbətləri
xatırlayır, lakin xatırladığı söhbətlərin,
tərs kimi, heç biri onun ürəyinə təskinlik gətirmir. İndi, bu gecəyarısı,
payi-piyada getdiyi yolda Təvəkkül Kərimli, “bu boyda
şəhərin yiyəsi”, atası ilə çoxdan
olmuş bu söhbəti xatırladıqca hamının
“çox böyük adam” kimi qəbul edərək əksəriyyətin
ehtiram göstərdiyi şəxs özünü saxlaya
bilmir: “Öz səsini eşidəndə iyrəndi, əti
ürpəşdi, söyüş bilmirdi, yoxsa...”.
Bu, indiyəcən cəmiyyətdə
“nümunəvi ailə başçısının, işində
uğurlu karyera qazanmış insanın” gəldiyi yolların
hansı məqamındasa özünə verdiyi sual və həmin
sualın cavabıdırmı..? Bu, insan
ömrünün bir vaxtına qədər içində
baş qaldıran, amma məntiqin sərrast özünəbəraəti
qarşısında geri çəkilən, hansı zamandansa
yığılmış və artıq heç bir arqumentlə
razılaşmayan həyat gerçəkliyinin etiraf
formasıdırmı? Bəlkə də qədim
yunan müdrikinin, Aristotelin adını çəkdiyi əzablar
və həmin əzabların od-alovunda qarsımış
vicdanın katarsis anı, yoxsa Lessinqin təbirincə desək,
affekt vəziyyətində olan şəxsin mənəvi təmizlənmə
məqamlarıdır? Ədəbi tənqidçilərin,
nə cür adlandırmalarından asılı olmayaraq,
povestin oxucusu üçün bu, Təvəkkül Kərimlinin
Həqiqət anıdır.
Onun dramlarında davam
etdirilən bu ikinci, gizli psixoloji fəaliyyət planı dilə
gətirilməyən “hisslərin titrəməsini”
canlandırmaqdan əlavə, sadə insanın mənəvi
gücünün, gözəlliyinin aydın hiss olunduğu
lirik situasiya yaradır. Ən fərqli
"daxili hərəkət" sevginin doğulması və
inkişafında tapılır. O, gizli "xoşbəxtlik
ləzzətində", zehni narahatçılıqda
sözlərin və əməllərin arxasında təxmin
edilir. Burada genetik və yaxud hissi
bağlılığın heç bir rol
oynamadığını müşahidə etmək
mümkündür. Kərimlinin təmasda
olduğu bütün insanlara baxışlarını müəyyənləşdirən
başlıca hərəkətverici qüvvənin də onun
mənəvi dünyasında buna görə axtarırıq.
Onun sənəti
buna görədir ki, yazıçıdan daha çox heykəltəraşın,
rəssam və ya bəstəkarın sənətinə bənzəyir. O, daha çox rəngə,
daha dərin perspektivə, işıq və kölgələrin
daha müxtəlif növbələşməsinə,
insanın mənəvi tərəfinin təsvirində daha
dolğunluğa malikdir.
Hidayətin personajları
qarşımızda o qədər canlı və konkret
dayanır ki, küçədə rastlaşanda adam onları tanıyır; onun personajları
elə təəssürat yaradır ki, sanki
qarşınızda onların daxili varlığının
bütün sirlərini açan səmimi etirafları və
şəxsi yazışmaları var.
Bu xüsuslar
“ömürdən uzun gecə”də, Kərimlinin şəxsində
daha qabarıqdır.
Bu andan sonra
atasını genetik bağlı olduğu bir şəxs kimi
deyil, elə-belə, taleyinə məsul olduğu şəhərin
adi sakini kimi xatırlamağa çalışan Təvəkkül
onunla söhbətlərini, təmaslarını
gözünün önünə gətirir. Burada,
yaşadığı şəhərdə belə, “Zəngəzurda,
Gorus dərəsinə enən yolda, qayaların böyründə”
palıd əkmiş və onun kölgəsində dincələn
insanların tapdığı rahatlıqdan zövq alan Kişinin lap ata kimi, hansısa təmənnasını
xatırlaya bilmir. Heç hansısa
umu-küsüsü də yadına düşmür onun.
Təvəkkül onu da xatırlayır,
atasının aradabir, park gəzintisi zamanı, elə-belə,
Kərimlinin rəhbərlik etdiyi “çox böyük təşkilatın”
böyründən keçərkən ayaq saxlayaraq artıq
çoxdan dostlaşdığı adamlarla söhbətləri
yadına düşür. Bunları
atası, deyəsən, axırıncı görüşlərinin
birində özünü saxlaya bilməmiş, oğluna
demişdi. Onu da demişdi ki, söhbəti
başlayır, onlarla gəldən-getdən
danışır, sözləri oğlunun üstünə gətirir,
amma bircə dəfə də Kərimlinin atası olduğunu
söyləmir. Sadəcə olaraq, bilmək
istəyib ki, oğlu necə rəhbərdir. Təvəkkül
atasının onlara verdiyi, oğluna isə lap bu yaxınlarda
danışdığı söhbətlərdən onun həmsöhbətlərinə
verdiyi sualların da bəzilərini yadına salır: “Necə
insandır? Xasiyyəti... Camaat adamıdır, yoxsa..?”. Onu əkdiyi ağaclar kimi,
yetirdiyi övladlardan ən çox güvəndiyi oğlunun
“nə qədər xalq adamı olması”
maraqlandırırmış. Bunlar gəlir Təvəkkül
Kərimlinin gözünün qabağına və bir də
“son altı ayda hər yerdə olan”, Hindistan, İndoneziya,
İtaliya, Avstraliya, daha hansı ölkələrə gedən
oğulun bu müddətdə bircə atasına baş
çəkməməyini də indi xatırlayır. Bir də atasının nə zamansa, onun “rəhbərlik
etdiyi o böyük təşkilatın” yanından keçərkən
orada həmsöhbət olduğu insanlardan birini, Kərimlinin
rəhbərlik etdiyi təşkilatda süpürgəçi
işləyən, zirzəmidə yaşayan, son ümid yeri
kimi ona üz tutub yanına gələn qadını
xatırlayır. Xatırlayan kimi də Kərimli
atasının xahiş etmədiyi, guya ki, elə-belə
dediyi, amma “bu elə-belə”nin içində
“Ay oğul, sənə söz gəlmirsə, o arvada kömək
edəydin, yazıqdır”, - demək istədiyini
xatırlayır.
Xatırlanmalı çox
şeylər vardı...
Biri Səlbi, doğma
bacısı. Bu, o bacıdır ki,
anasının ölümündən sonra ancaq atasını
tək qoymamaq üçün istəyənləri
başına dolansa da, ərə getmədi. Elə onun, Təvəkkülün özü
Moskvaya, akademiyaya ikinci xüsusi təhsil almaq
üçün yollananda institutda işləyən Səlbi qardaşının
korluq çəkməməsi, “dost-düşmən
yanında şax dayanması üçün” evdə
makinaçılıq etmirdimi? Lap günü bu gün,
Təvəkkül Kərimlinin əlinin bircə işarəsi
ilə kralların sevdiyi paltar brendlərini gətirmək
üçün az qala növbə tutan adamların
olmasına baxmayaraq, qardaşına görə, “ona
yaraşan” müxtəlif pal-paltarlar, ayaqqabılar, ətirlər,
daha nələr və nələr alan, aldığı nəfəsi
belə, qardaşı üçün verməyə hazır
olan bacısının taleyi ilə maraqlanıbmı...?
Bütün deyilənlərdən
Hidayət nəsrinin özünəməxsus orijinal xüsusiyyəti
belə təqdim olunur: xarici aləmdə və
personajların təcrübələrində dəyişkən,
ani əlamətlərin bərpası, canlı həyatın
dolğunluğunu və axıcılığını sadə
dillərlə çatdırmağa imkan verən texnikalar.
Hidayət incə
seçilmiş xarakterik detallarla bu və ya digər obyektin
necə dəyişdiyini, süjet situasiyasının necə
inkişaf etdiyini, bütöv bir insanın ani çevrilməsinin
necə baş verdiyini göstərir. Buna görədir ki, onun ”Ömürdən uzun gecə”sində
oxucunu dramatatizmə çəkən və
apardığı yolda zərrə qədər
darıxmağa macal verməyən və Təvəkkül Kərimli
üçün artıq adiləşən gündəlik həyat
qrafiki bir insanın daxili aləmini açmaq üçün
kifayət edir.
Hidayət
üçün əsas və bəlkə də yeganə məqsəd
insanın daxili həyatının dəqiq təsviridir. Bir
rəssam kimi o, təkcə ətraf mühitin həlledici təsiri
altında deyil, həm də personajların kifayət qədər
sabit olan müstəqil daxili inkişafı, onların mənəvi
axtarışları, düşüncələri nəticəsində
xarakter hərəkətinin təfərrüatlarına
marağı ilə seçilir. Buna
görədir ki, onun insan şəxsiyyətinə
çoxqatlı (sosial cəhətdən biristiqamətli deyil)
inkişaf kimi baxması bizə yazıçı
psixologizminin unikallığını başa düşmək
və izah etmək üçün açar verir. Bu, istənilən cəmiyyətdə ən
çox yayılmış iki təbəqə- mürəkkəb
insan tərbiyəsi və təbii sosial-tarixin kilidlənmiş
qıfılı üçün təqdim olunan
açardır. Onu təbiətin irrasional
dərin qüvvələrinə, onların insanın taleyinə
izaholunmaz sirli təsirinə, insan psixikasını
bütün təfərrüatlar və incə hərəkətlərdə
tədqiq edə bilməyə kömək edəcək yolu
göstərən lövhə də adlandırmaq olar. Hidayət üçün sirli, tamamilə naməlum
olanı dəqiq bir sözlə göstərmək olmaz.
Ona görə də yazıçı çox
vaxt psixoloji prosesləri deyil, onların mənşəyini,
inkişafını və həmin inkişafın əlamətlərini
göstərməklə kifayətlənir.
Hidayət psixologizminin
başqa bir səciyyəvi xüsusiyyəti bütün
yaradıcılıq yolu üçün səciyyəvi olan
cəhət Azərbaycan xalqında nəcib keyfiyyətlərin
inkişaf etdirilməsi üçün davamlı
axtarışda olmasıdır. O, nəinki insanlarda
onları məişət nəsrindən yuxarı
qaldıran, insani ümumbəşəri ideallara
yaxınlaşdıran bir şey axtarır, üstəlik,
öz müasirlərini və sonra gələcək nəsilləri
də bu axtarışlar üçün səfərbər
edir.
Təvəkkül
Kərimlinin diqqəti ancaq ona tapşırılan vəzifənin
öhdəsindən gəlməyə yönəlib. Bunu
atası da bilib; bilib, amma üstünü vurmayıb,
“oğlum ürəyinə salar”- deyə, bacısının
yükünü ona qıymayıb, özü çəkməyə
çalışıb. İndi
ağlına gəlir ki, arvadı niyə axşamlar onu deyinə-deyinə
qarşılayır, səhərlər də elə deyinə-deyinə
işə yola salır.
Kim qaldı ki... Dostlar...? Onlarla da sonuncu dəfə nə vaxt
yığışdığı yadında deyil. Dost demiş, Təvəkkül Kərimlinin həmin
gecə, in-cinin belə, küçədə
olmadığı bir vaxtda, “birinci sinifdən onuncuyadək”
onun sinif yoldaşı olmuş Zıpo Salmana rast gəlməsi
də qətiyyən göydəndüşmə olmur. Hidayətin yaratdığı süjet xəttinin
kompozisiyası o qədər ustalıqla qurulur, onun təhkiyə
dili hadisələri o dərəcədə koloritli təqdim
edir ki, oxucu onun yaratdığı konfiqurasiyasının tərkib
hissəsinə çevrilir. Hidayətin
yazı üslubunun, təhkiyəsinin sehri ilə personajların
birindən o birisinə necə keçdiyinin belə, fərqində
olmursan. İndi budur, aldığı “Zaporojest” avtomobili
ilə birlikdə özünə ləqəb də
“götürmüş” Zıpo Salman bu gecənin
yarısında maşınına əl edən bir nəfərin,
Təvəkkül Kərimlinin yanında dayanır. Zıpo
Salman, əlbəttə, sinif yoldaşını, ölkədə
tanınan, özünün də yaşadığı şəhərin
rəhbərini gecənin bu vaxtında, yolun kənarında
maşın axtararkən görməyinə heyrətlənsə
də, məmnunluğunu gizlədə bilmir, onun hara getdiyini
biləndə isə yorğunluğuna baxmayaraq “getdik”, - deyir.
Hidayətin bir şəhərdə yaşamalarına, sinif
yoldaşı, dost olmalarına baxmayaraq, tamam ayrı-ayrı
adamları, Təvəkkül Kəngərli ilə Zıpo
Salmanı görüşdürməsi səhnəsi povestin
razvyazkası sayıla bilər. Bu,
baxışlarından doğan müxtəlif həyat tərzini
seçmiş insanlardır. Baxmayaraq ki, hər
ikisinin boy atdığı mikromühit, sosial mənsubiyyət
eynidir. Kankan kimi çalışan Salman səmimiyyətlə
aralarında bir neçə il əvvəl
olmuş söhbəti xatırladaraq o söhbətdən sonra
gördüyü işdən danışır:
“Axırı, şəhərdə bir kəhriz vurdum da. Bütün Sarıtəpə yamyaşıl olub.
Göz yaşı kimi təmiz sudur, həm
içməli, həm də... əməlli-başlı
arxdır. Sağ ol, deyəsən, Vəliyevin dərsini
yaxşı vermişdin!”.
Təvəkkülün
yadına düşür ki, Salman sonuncu dəfə onun
yanına elə şəhərdə, hara məsləhətdirsə
orada kəhriz vurmaq istədiyini, bunun üçün onun
şəhər sovetində Vəliyev familiyalı bir
şöbə müdirinə tapşırıq verməsini
xahiş etmək üçün gəlmişdi. Onu
da xatırlayır ki, Salmanın gözündə “Təpəgöz”
kimi yenilməz görünən, lakin Təvəkkül Kərimlinin
bircə işarəsi ilə bütün karyerası həll
oluna biləcək həmin Vəliyevə dostunun xahişi barədə
tapşırıq verməmişdi.
“Mən Vəliyevə
o barədə heç nə deməmişəm”, - deməsi
də dostunu inamından çəkindirmir, “İnanmıram
vallah...Yəqin sənin yanına gəldiyimi bilib. İndi
təzə kəhrizlər vurmaq üçün ərizə
yazmışam”, - söyləyir. Əlbəttə,
o, ona görə Salmanın növbəti şad xəbərini
cavabsız qoymur ki, uşaqlıq dostunu bir daha şöbə
müdiri Vəliyevlə mübarizədə onu taleyin və Vəliyevin
öhdəsinə buraxacaq. Təvəkkül uzun illərdən
sonra ilk dəfədir ki, özünü təftiş edir və
buna görə də dostunun son sözlərini eşitmədiyindən
ona nəsə demir. Salman isə sanki həyatında baş
verən bircə yeniliyi belə yadından çıxarmaq istəmir
və fasilə vermədən onların hamısı barədə
dostuna məlumat verir: “Anam xəstədir, Təvəkkül,- Salmanın səsi titrəyirdi,- xəstəxanadan
gəlirəm, indicə yuxuya getdi, dedim, gedim uşaqlara
baş çəkim. Gündüzlər Firəngiz qalır
yanında,- Firəngiz Salmanın
arvadıdır,- gecələr mən”.
“Rəhmətlik elə
indicə keçindi,- Taksi Volod astaca dilləndi.-
Təvəkkülü gözlədi, gözlədi, gəlib
çıxmadı. Deyəsən, bir
sözü yadından çıxmışdı.
– Səlbiyə dedi, - Qafar
kişi pıçıldadı,- bir arvad
haqqındaydı, tapşırırdı ki, onun ev işini
düzəldəsən. Amma arvadın adı
yadından çıxmışdı. Nə
biləsən, bəlkə də sayıqlama idi”.
Amma Təvəkkül
Kərimli yaxşı bilirdi ki, bu, sayıqlama deyil.
O, bilirdi söhbət kimdən
gedir.
O, bunları bilirdi.
O, illərdən bəri
onunla nəfəs alan, təkcə
var-dövlətini, nələri varsa hamısını, hətta
canını belə, ona qurban verməyə hazır olan bir
kişinin öz ölümü ilə Ata olaraq sonuncu
missiyasını necə yerinə yetirdiyinə də şahid
oldu.
Buna görə də
mərhumu səssizcə ağlayanların içində Təvəkküldən
başqa heç kimin səsi o cür ucadan
çıxmır.
Həmin səhnə
povestdə bu cür təsvir olunur: “Hamı gözünü
quruladı ki, Təvəkkül də ağlamasın, amma yenə
hönkürürdü Təvəkkül.
- Qardaş, qurbanın
olum, bəsdir daha,- Səlbi
özünü təmkinli aparmağa
çalışırdı, - təki sən sağ ol,
ağlama daha. Nə gələrdi əlimizdən,
qocalmışdı atam, nə edə bilərdik?
Susmurdu Təvəkkül”.
O məclisdəkilər,
hamı, hətta Səlbi də elə başa
düşür ki, Tahir Kərimli atasının
ölümünə ağlayır, lakin onun özü niyə
ağladığını yaxşı bilirdi.
Bu, onun “o boyda
şəhərin yiyəsi olan adamın” təmizlənmə
anı idi, atasının ruhu qarşısında tövbə
məqamı idi.
Bu, yeni bir
insanın doğuşu idi.
İnsanların hər
biri dünyaya gələrkən ağlamırlarmı?
Amma o doğuşu orada
olan heç kim, heç Səlbi də
bilmirdi.
Bilən tək o
idi, Təvəkkül Kərimli.
Bu, Hidayətin
süjet kompozisiyasıdır və onun düzümü ilə
təqdim olunan poetik fiqurların bolluğunu mütəxəssislər
daha geniş prizmadan görə bilirlər. Onun poetik fiqurları
konkret funksiyaları yerinə yetirir və bu proses o qədər
həssaslıqla baş verir ki, Çernışevskinin təbirincə
desək, bunu ancaq “diqqətli oxucu” sezə bilir.
Həcminə
görə qısa, çox qısa olan bu povest həm də
onunla seçilir ki, o, Azərbaycan ədəbiyyatında
insanın mövcud mənəvi normalar çərçivəsindən
çıxmaq istəyini bərqərar etmək
iddiasını gizlətmir. Bir də
onun nümunəsidir ki, əsl sənətkar istənilən
ictimai-siyasi formasiyada, istənilən ideologiyanın hakim
olduğu cəmiyyətdə belə, başlıca vəzifəsini,
müasirləri olan gəncliyə və ümumiyyətlə,
bütün zamanların gəncliyinə necə yaşamaq
lazım olduğunu təlqin edə bilər və etməlidir.
Bu, bunun üçün özünü
hansısa “dissident obrazına” salmağın da lazım
olmadığını göstərən nümunədir.
Ümumiyyətlə,
Hidayətin “Ömürdən uzun gecə” povestində
nümunə göstəriləcək xeyli məziyyətlər
sadalamaq mümkündür. Məsələn,
tərəddüdsüz demək olar ki, o, ancaq bu povesti ilə
ədəbiyyatda qalmaq haqqı qazana biləcək
yazıçılardandır.
Bir əsərlə
dünya ədəbiyyatına adlarını əbədi
yazdıran yazıçılar kifayət qədərdir. Marqret
Mitçellin “Küləklə sovrulanlar”, Harper Linin
“Bülbülü öldürmək”, Nikolay Qavriloviç
Çernışevskinin “Nə etməli?”si
və digər yazıçıların taleyində belə
faktlar olub.
Bunları həm
də o əminliklə xatırladırıq ki, həmin əsərlər
indiyəcən olduğu kimi, indən belə də yüz illərlə
insanların ehtiyac duyaraq müraciət edəcəyi,
oxuyacağı kitabların sırasında olacağına
şübhə yoxdur.
Hidayətin ədəbi
taleyindən danışarkən qeyd etməmək olmaz ki, onu ədəbiyyatın
əbədi imzalarından biri edəcək əsərləri
təkcə azərbaycandilli oxucuların deyil, rus,
qırğız, gürcü və digər dillərdə
oxuyanların da yaddaşına həkk olunub.
Mahirə
Hüseynova
“Azərbaycan
müəllimi”.- 2022.- 26 avqust.- S. 5.