Müstəsna xidmət və rəşadət

 

İl tamam olub ki, adı dillər əzbərinə çevrilmiş igid Azərbaycan oğlu Mübariz İbrahimov şəhidlik zirvəsinə yüksəlib. Doğulub böyüdüyü Biləsuvar rayonunun Əliabad kəndi isə ziyarətgah kimi hər gün onlarla insanın dualarını eşidir. Ölümü ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimov bir daha təsdiqlədi ki, həyat üçün doğulmuşlar həqiqətən də vətən uğrunda ölümə hər an hazırdır.

Ötən ilin iyununda Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edə bilmişdi. Sonra isə düşmənin silahını onların özlərinə qarşı işlədərək beş saat yağılarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyaraq onların zəif cinahlarını üzə çıxaran bu hünərli oğlumuz - Mübariz İbrahimov səhər saatlarında ermənilərlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Mübarizin bu qəhrəmanlığı yüzlərlə Azərbaycan gəncinin istək və məqsədlərini ifadə etdi: "Biz vətənin bir qarış torpağını da düşmənə bağışlamarıq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 iyul 2010-cu il tarixində 22 yaşlı Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında sərəncam imzaladı. Şəhid gizirə bu ad vətənimizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi müstəsna xidmətə və rəşadətə görə verildi. Həmin sərəncama uyğun olaraq qəhrəmanımızın adının əbədiləşdirilməsi ilə əlaqədar Biləsuvar rayonunda orta məktəbə, küçəyə Mübariz İbrahimovun adı verildi. "Palmali" şirkətlər qrupu tərəfindən sulara Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan tanker buraxıldı. Bu mərasimdə Milli Qəhrəmanın valideynləri də iştirak edirdi. Bir il ərzində Mübariz İbrahimovla bağlı mətbuat səhifələrində yüzlərlə məqalə dərc edildi, sənədli filmlər çəkildi, bədii yazıların müsabiqəsi keçirildi, şeirlər, dastanlar yazıldı və bu yaradıcılıq prosesi indi də davam etməkdədir.

Pedaqogika üzrə fəlsəfə doktoru şair Əziz Musanın yenicə çapdan çıxmış kitabı "Mübariz dastanı" adlanır. İgidliyin son zirvəsi olan şəhidliyə ucalmış qəhrəman Azərbaycan oğlunun həyatı və arzuları poetik şəkildə əks olunan yeni nəşrdə biz Mübarizin mərd obrazını görürük:

 

Sevdi bu torpağı ürəkdən, candan,

Haqsıza, satqına vermədi aman.

Qorxmadı ölümdən, qorxmadı qandan,

Qeyrətdən bir qala tikdi Mübariz!

 

Diqqət çəkən, fərəh doğuran bir məqam da odur ki, bu qalanın ucalığı təkcə Azərbaycanda deyil, bütün türk dünyasında görünməkdədir. Dünyaya gələn körpələr o ucalığa baxaraq Mübarizin saldığı cığırlarda mərdliklə addımlayacaqlar. Hər könüldə yeri olan bu hünər sahibləri mahnılara, nəğmələrə ruh verəcəklər:

 

Dönərlər simurq quşuna,

Çevrilərlər yurd daşına.

Köçərlər qan yaddaşına,

Günəşdi, Aydı şəhidlər!

 

Mübariz İbrahimov hünəri cəsarəti ilə nümunə oldu. Sanki bir daha gənclərimizə anlatmaq istədi ki, vətəni necə sevib, onun yolunda necə həlak olmaq mümkündür. Mübariz İbrahimov həm sağlığında valideynlərinə yazdığı bir məktubla qəhrəmanlıq himni bəstələdi: "...Canım atam anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam, ağlamayın..." Bu məktubu sakit oxumaq mümkün deyil. 22 yaşlı bir gəncin vətən sevgisinə, yurd eşqinə heyran qalırsan. yaxşı ki, bizim Mübarizlərimiz var". Şair Əziz Musa "Mübariz dastanı" kitabında ümidlə inamla son misrasını belə tamamlayır:

 

Bu vətən sevindi, bu yurd sevindi,

Parladı səmada nurlu bir ulduz.

Boylanır göylərdən Mübariz indi,

Qələbə gözləyir bizlərdən yalnız!

 

Ölümü ilə ölümsüzlüyə qovuşanlar, səngərlərə atılıb döyüşlərdə ad qazananlar bir daha sübut edir ki, biz o qələbəni görəcəyik!

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 22 iyul.- S.2.