Xankəndi - işğaldan əvvəl və sonra

 

26 dekabr Yuxarı Qarabağın mərkəzi Xankəndinin, ardınca da Kərkicahanın işğal günüdür. 1991-ci ilin bu günü Xankəndidən sonuncu azərbaycanlı ailələr zorla çıxarıldı. Beləcə öz torpağımızda qaçqınlığın, məcburi köçkünlüyün acılarını yaşamağa başladıq. Onda bilmirdik ki, bizi qarşıda Xocalı soyqırımı, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın işğalı gözləyir.

 

 

 

Himayədarının süngüsünün ucunda gələn erməni...

 

 

 

 

 

Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

 

Tehran cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ!

 

 

 

Dillər əzbəri olan bu bayatı vaxtilə İbrahim xanın bu şəhərdə dünyaya göz açan qızı Ağabəyim Ağaya məxsusdur. Ağabəyim Ağa 1780-ci ildə Xankəndi şəhərində - Xanbağında anadan olub. 1832-ci ildə Tehranda vəfat edibDarül-İman adlanan Qum şəhərində dəfn olunub. O doğulanda həyat başqa, dövr başqa, şərtlər tamam başqa idi. Onda Xankəndinin özütamam başqa statusda idi...

Xankəndi yaşı min illərə gedib çıxan Naxçıvan, Gəncə, Bakı, Bərdə kimi şəhərlərlə müqayisədə cavandır. O, XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən olan Qarabağda xanların istirahət məskəni kimi salınıb. Şəhərin adı da buradan yaranıb. Bu zaman xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərilərinə yaxın olması da əsas götürülüb. O vaxt bu ərazidə ancaq azərbaycanlılar yaşayırdı. Qeyd etməliyik ki, Azərbaycanın İsmayıllı rayonunda da Xankəndi adlanan yaşayış məntəqəsi var. Ümumiyyətlə, 19 rayonda "Xan" adı ilə başlayan 26 yaşayış məntəqəsi var - Xanabaq, Xanbulaq, Xankeçən, Xanagahs. Elə Xankəndinin yerləşdiyi Əskəran (indiki Xocalı) rayonu inzibati dairəsinə Xan adı ilə başlayan 2 kənd - XanadraxXansk daxildir. Həmin inzibati dairəyə daxil olan 53 kəndin 39-nun adı təmiz Azərbaycan adıdır. Xan adlı iki kənd də - Xanlıqpəyə və Xanalı Qarabağ xanlığının mərkəzi olan Şuşa rayonunun ərazisində yerləşir.

1813-cü ildə rusların Qafqaza gəlişinə qədər bir nəfər erməninin yaşamadığı Xankəndiyə sonralar çar Rusiyasının İrandan köçürdüyü ermənilər yerləşdirilib.

1923-cü ildə burada yaşayan "erməni əhalinin istəyi" nəzərə alınaraq DQMV-nin mərkəzi olan Xankəndinin adı dəyişdirilb və 1918-ci ilin martında Azərbaycan xalqına qarşı qırğınlara rəhbərlik edən Stepan Şaumyanın "şərəf"inə Stepanakert adlandırılıb.

1988-ci il hadisələri başlayanda Xankəndidə erməni əhalisi azərbaycanlılardan xeyli çox idi. Həmin vaxt azərbaycanlılar 17 min idi, ermənilər isə 40 min nəfərə çatmışdılar. Ona görə Xankəndi 1988-89-cu illərdə erməni separatizminin mərkəzinə çevrildi.

Erməni mənbələrinin verdiyi məlumata görə, şəhərin əhalisi 50.000 nəfərdir. Müstəqil mənbələr isə şəhərin faktiki əhalisinin sayının bundan bir neçə dəfə az olduğunu bildirir. Artıq şəhərdə yaşayanların hamısı ermənilərdir, baxmayaraq ki, Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalınadək bu ərazilərdə ermənilər cəm halda yaşamayıb və burada erməni etnosu kimi erməni toponimləri də olmayıb. Hətta erməni alimi V.A.Parsamyan yazırdı ki, Rusiyaya birləşənə qədər indiki Ermənistanın 169155 nəfər əhalisinin 33,8 faizi erməni, 49,7 faizi isə müsəlman (azərbaycanlı) idi. (Parsamen V.A. İstoriya armyanskoqo naroda 1801-1900 q. kn., 1, Erevan, 1977).

 

 

 

Şuşa və Xankəndi Qarabağın rəmzidir

 

 

Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi sülalələr bölgüsü qadağan olunur, hər şey imperiyanın maraqlarına tabe etdirilirdi. Keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün Qarabağda bütün ərazi boyu hərbi hissələr yerləşdirilirdi. Onların biri də Xankəndinin "qismət"inə düşür. Digər tərəfdən İrandan Xankəndiyə köçürülən və rus hərbi bazalarında qulluğa cəlb olunan erməni ailələri də burada yerləşdirilir. Ermənilər də rusların bu "lütvükar"lıqlarından bacarıqla bəhrələnir və yeri gələndə hərbi hissələrin imkanlarından istifadə edirlər. Bu özünü yaxın tariximizdə bir daha göstərdi - 1992-ci il fevralın 26-da Xankədidə yerləşən 366-cı alayın köməyi ilə onlar Xocalı soyqırımı törətdilər.

Xatırladaq ki, 1918-1920-ci illərdə müstəqil Azərbaycan hökumətinin apardığı siyasət və Milli Ordunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarının qarşısı alındı. Amma sovet hakimiyyətinin ilk illərindən başlayaraq məqsədli şəkildə əhalinin etnik tərkibi sürətlə dəyişdirildi. 1921-ci ildə - sovet hakimiyyətinin ilk illərində Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni vardı. Bu dövrdə erməni millətçi dairələrinin Azərbaycan torpaqlarına iddiası yeni bir forma aldı. Sergey Kirovun apardığı siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi müzakirəyə çıxarıldı. Dəhşətlisi o idi ki, Azərbaycan torpağının taleyini Azərbaycan xalqı deyil, siyasi təşkilatın 9 üzvü həll edirdi. Onların üçü erməni, üçü gürcü, biri bolqar, yalnız biri - Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütün qanunları və reallıqları kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. Ancaq N.Nərimanovun Moskvaya qəti etirazından bir gün sonra həmin qərar ləğv edilir.

7 iyul 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi mərkəzi Xankəndi olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi barədə qərar verməyə məcbur olur. Xankəndinin adının dəyişdirilməsi bu prosesdə ən vacib həlqələrdən biri idi. Bu da özünü çox gözlətmədi - 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi "Stepanakert" adlandırıldı. Bununla tariximizə böyük bir zərbə vuruldu. Avstriyalı tarixçi Erix Fayqlın yazdığı kimi: "Xankəndi və Şuşa simvoldurlar. Xankəndinin tarixi Azərbaycanın yüksək mədəniyyətinin göstəricisidir. Bu gün tarix saxtakarları Xankəndini Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın adı ilə çağırırlar".

Bunun ardınca ermənilər əldə etdikləri şəhərlərin, kəndlərin simasını dəyişdirməyə başladılar. 1926-cı ildə Azərbaycan KP MK-nın birinci katibi olan Levon Mirzoyan (1926-1929-cu illər) Xankəndinin baş planının tərtib edilməsi üçün Ermənistandan Aleksandr Tumanyan adlı bir memarı dəvət edir. Bu o Mirzoyandır ki, hakimiyyətinin axırıncı ilində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasındakı Mığrı rayonu (ermənilər ora sonradan Meqri adı verdilər) Ermənistana verildibununla da Naxçıvan anklava çevrildi.

Qəribədir ki, həm İrəvanda, həm Bakıda Avropa təhsilli xeyli azərbaycanlı memarın olmasına baxmayaraq qədim Azərbaycan şəhərlərinin baş planının hazırlanması A.Tumanyana tapşırılır. O, 1924-cü ildə İrəvanın (sonradan ermənilər oranı Yerevan adlandırdılar), 1927-ci ildə Bəyazidin, 1925-ci ildə Gümrünün (sonradan Leninakan) 1927-28-ci ildə Üçmüəzzənin (sonradan Eçmiədzin) baş planını hazırlayır. Bununla da Ermənistana verilmiş Azərbaycanın bu şəhərlərinin Şərq arxitekturası, əsrlərdən gələn inkişaf xətti və mədəni siması tamamilə dəyişdirilir. L.Mirzoyanın razılığı ilə A.Tumanyan 1926-cı ildə Xankəndinin də Qarabağ şəhərsalma mədəniyyəti ilə tam ziddiyyət təşkil edən baş planını tərtib edir. Maraqlıdır ki, A.Tumanyanın nəvəsi Aleksandr Tumanyan 1988-ci ildən başlayan Qarabağ erməni icmasının separatizm hərəkatının fəallarından biri idi.

Buna baxmayaraq illər keçir, şəhər böyüyürbu, özünü əhali artımında da göstərirdi. 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min nəfər yaşayırdı. Sovetlərin axırına doğru Xankəndidə böyük ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd və şərab zavodları fəaliyyət göstərirdi. Elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının, asfalt-beton zavodunun məhsulları Azərbaycanın daxili bazarında özünə müştəri tapırdı. Sonra Ağdamdan Xankəndiyə qədər dəmir yolu çəkildi, televiziya işə salındı. Şəhərdə sovxoz-texnikum, tibbmusiqi məktəbləri fəaliyyət göstərirdi. 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açıldı. 1973-cü ildə filial müstəqil Pedaqoji İnstituta çevrildi, erməni, Azərbaycan və rus bölmələri daha geniş fəaliyyət göstərməyə başladı.

Şəhərin arxitektura siması vilayət mərkəzi statusuna uyğun gücləndirilirdi. 1960-cı ildə o dövrün məşhur arxitektoru Q.Məcidovun layihəsi əsasında mərkəzi Lenin meydanı olmaqla vilayət partiya komitəsinin binası, 1972-ci ildə arxitektor N.Kəngərlinin layihəsi əsasında vilayət icraiyyə komitəsinin binası istifadəyə verilir. Nə qədər acı da olsa, hazırda arxitektor Q. Məcidovun layihələndirdiyi həmin binada separatçı rejimin rəhbərliyi oturur.

 

 

 

"Ey Nizami, ey nizamı dağılan..."

 

 

Şəhərdə Tarix-Diyarşünaslıq Muzeyi, Dram Teatrı, N.Gəncəvi adına orta məktəb fəaliyyət göstərirdi. İndi həmin məktəb övladları ilə birlikdə intizarlı günlərini yaşamaqdadır.

Bu şəhərdə ölkəmizə şöhrət gətirən çoxlu insan dünyaya gəlib. Onların arasında İbrahim xanın qızı Ağabəyim Ağa, tanınmış teatr rejissoru, Azərbaycanın (1974) əməkdar incəsənət xadimi Baxşı Qələndərli, qeyri-adi səsinə görə Bülbül adı ilə məşhur olan opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folklorunun tədqiqatçısı, professional vokal sənətimizin banisi, xalq artisti, Dövlət mükafatı laureatı, professor Murtuza Məşədi Rza oğlu Məmmədov, məşhur tarzən, Çəkməçi Məhəmmədi, Əbdülbaqi Zülalov, Məşədi Məhəmməd Fərzəliyev, Şahnaz Abbas, Segah İslam, Məcid Behbudov, Seyid Şuşinskini başqa ustadları xalq məclislərində "Şərq konsertləri"ndə uzun illər müşayiət edən, Üzeyir Hacıbəylinin əsərlərinin mahir ifaçısı Məşədi Zeynal Haqverdiyev, Milli Qəhrəmanlardan Nizami Məmmədov polkovnik-leytenant Şirin Mirzəyev, xalq artisti Fəxrəddin Manafov da var. Onun yaratdığı obrazlar arasında "Hökmdarın taleyi" (2008) filminin qəhrəmanı İbrahim xanın xüsusi yeri var. Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən bu filmdə rejissor Ramiz Fətəliyevin, bəstəkar Polad Bülbüloğlunun aktyor Fəxrəddin Manafovun (İbrahim xan) yaradıcılıq səyləri böyük uğurla nəticələnib. Film hökmdarın siyasi meydanda təkliyi-tənhalığı haqdadır bu, dövlətçilik problemi olaraq qabardılır. İbrahim Xəlil xanın tək qalması məhv edilməsinin, Azərbaycan torpaqlarının Rusiya İran kimi iki nəhəng imperiya tərəfindən zəbt edilməsinin acısını bu gün yaşamaqdayıq. Xankəndidə ailəsi ilə birlikdə qətlə yetirilən İbrahim xanın ölümü ilə Qarabağın dərdləri, bəlaları, ağrı-acıları başladı. O dərdin ovunan yeri isə həmin vaxt Tehranda "Vətən bağı" adlı bir bağda günlərini sayan Ağabəyim Ağanın nəğmələrə çevrilən sözləri idi:

 

 

 

"Vətən bağı" al-əlvandır,

 Yox üstündə Xarıbülbül.

 

Nədən hər yerin əlvandır,

 Köksün altı sarı, bülbül...

 

 

P.S. İndi bu şəhər indi həmişəkindən daha yaxındır. Ötən il dekabrın 24-də işğal günü ərəfəsində Türkiyənin məşhur "Palmali" şirkətlər qrupunun sifarişi ilə "Xankəndi" tankeri hazırlanaraq suya buraxılıb. Bu gəmi dünya sularında da Qarabağdan, dərdlərimizdən danışır. Amma bununla bərabər bir faktı da qeyd etməmək mümkün deyil - təəssüf ki, bu gün Qarabağdan danışanda çox vaxt Xankəndinin işğal günü unudulur. Hətta Təhsil Nazirliyinin nəşrlərində, məktəblilərin ən vacib vəsaiti hesab olunan "Məktəbli kitabçası"nda Azərbaycanın işğal olunmuş əraziləri göstərilən səhifədə Xankəndinin adı göstərilməyib. Xankəndini unutmaq isə şərəfli tariximizin böyük bir hissəsindən imtina etmək olardı...

 

 

 

Bəxtiyar QARACA,

Azərbaycan.-2013.- 26 dekabr.- S.11.