Məhəmməd Füzuli haqqında qiymətli monoqrafiya

 

Ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynovun dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr edilmiş "Yoxdan var" adlı yeni monoqrafiyası işıq üzü görmüşdür.

50 çap vərəqi həcmində olan 808 səhifəlik bu fundamental əsər "Elm və təhsil" nəşriyyatı tərəfindən buraxılmışdır. Məhəmməd Füzuli haqqında Azərbaycan ədəbiyyatşünaslarının müxtəlif nəsillərinin təmsilçiləri çoxsaylı məqalələr, kitablar yazmışlar. Lakin Rafael Hüseynovun əsəri yazı və yanaşma tərzinin yeniliyi və özünəməxsusluğu ilə seçilir. Müəllif Azərbaycanda, Orta Asiyada, İranda, Türkiyədə, bir sıra Avropa ölkələrindəki arxiv və əlyazma xəzinələrində uzun illər ərzində apardığı araşdırmalarının yekunu olaraq XVI əsr ədəbi və fəlsəfi fikrimizin bu müstəsna nümayəndəsi haqqında elmdə yeni söz olan tədqiqat əsəri yaratmağa müvəffəq olmuşdur.

Şairlikdə mahirliyi qədər elmdə də yüksək peşəkar olan Füzulinin əsas məziyyəti ondan ibarətdir ki, yaradıcılığında elm və sənəti üzvi şəkildə qovuşdurmağı bacarmışdır. Ona görə də Füzulidən bəhs edərkən Rafael Hüseynov onu sadəcə olaraq şair, yaxud yalnız alim adlandırmır, iki vacib dəyəri, eyni zamanda, varlığında və yaradıcılığında daşıyan mütəfəkkir söz ustasını bütövlüyü ilə təhlil edir.

Müəllif göstərir ki, ana dilindən savayı fars və ərəbcə də mükəmməl bədii və elmi əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına güclü təsir göstərmiş, yaşadığı əsrdən başlayaraq müasiri olan sənət nəzəriyyəçiləri və ədəbiyyatşünaslar onun yaradıcılığı ilə maraqlanmış və Füzulinin əsərləri rus, alman, ingilis, fransız, italyan, ispan, rumın, macar, polyak, gürcüsair dillərə tərcümə edilmişdir.

Kitabın adı Füzulinin  öz məşhur qəzəlindən gəlir və hədəfi də sözdür. Sözünonun daşıdığı rəngarəng mənaların yoxluqdan yaranmasına heyrətlənən Füzuli yaradıcılığında bədii sözün elə bir plastikasına nail olmuşson dərəcə dar məkan içərisində çox böyük fikir genişliyini ifadə etməyi bacarmışdır. Rafael Hüseynovun monoqrafiyasındakı bir neçə fəsildə Füzuli yaradıcılığının bu xüsusiyyətləri təfərrüatları ilə izlənilir.

Monoqrafiyada həm Füzulinin qəzəl janrına gətirdiyi yeniliklər, nail olduğu ifadə gözəllikləri nəzərdən keçirilir, həm də şairin qəzəl yaradıcılığının özündən sonrakı lirik poeziyanın irəliləyişlərinə təsiri araşdırılır.

Monoqrafiyada Füzulinin ən məşhur əsəri olan "Leyli və Məcnun" məsnəvisi də diqqət mərkəzində saxlanılır, əsərdəki Leyli obrazına münasibətdə ilk dəfə olaraq bəlli stereotiplərdən kənara çıxılır və Füzulinin təsvir etdiyi Leyli  məhz müəllifin təqdim etdiyi mürəkkəbliyi ilə təhlil olunur. Məsnəvidən iqtibas edilən parçalar və VIII - XI əsrlərə aid ərəb məxəzlərindən toplanmış məlumatlar əsasında Füzuli məsnəvisində Leylinin fərqli situasiyalarda dəyişən xarakteri və davranışları təsvir edilir.

Tədqiqatda bu qənaət təkidlə vurğulanır ki, istənilən klassikin  doğru-düzgün öyrənilməsindən ötrü, ilk növbədə, onun əsərlərinin kamil elmi tənqidi mətninin hazırlanması gərəkdir. Bununla əlaqədar əsər boyu indiyədək Füzuli mətnlərinin nəşrlərində yol verilmiş bəzi qüsurlar üzərində dayanılaraq onlar islah edilir və həmin yanlışlıqların doğurmuş olduğu səhv qənaətlər xatırlanır.

Araşdırmada Füzuli irsində müstəqil şəkildə öyrənilməsi vacib olan problemlərin mümkün dairəsi də cızılır, şairin bütün yaradıcılığından keçərək sistemə çevrilən ayrı-ayrı obrazlara diqqət yönəldilir.

Füzuli öz ədəbi vəzifələrinin ən vacibini milli dilə xidmətdə görürdülirik poeziyanı ana dilində farsca ilə müqayisədə rəqabətə qadir bir duruma çatdırmağa can atırdı. Rafael Hüseynov böyük şairin  bu çətin tarixi öhdəliyi necə icra edə bildiyini inandırıcı dəlillərlə şərh etmişdir.

Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşıyan bu kitabda həm də Füzuli əsərlərinə müxtəlif dövrlərin miniatürçü və rəssamlarının çəkdiyi illüstrasiyalar yer almışdır.

Görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin elmi redaktoru olduğu bu dəyərli monoqrafiyanın nəşrini Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Elmi Şurası məsləhət bilmişdir.

Elmi ictimaiyyətlə yanaşı, geniş oxucu auditoriyası üçün də maraqlı olacaq əsər oxunaqlı bir dillə yazılmış, kitabın sonunda müxtəlif dillərdə olan istifadə edilmiş məxəzlər, adlar göstəriciləri, əsərin ingilis, fars, rus dillərində xülasələri də verilmişdir.

 

Azərbaycan.-2014.- 26 iyun.- S.7.