Kəşfiyyatçı
Diplomat Nazir
Arif Heydərov-90
Hər bir xalqın tarixində onun təhlükəsizliyini təmin edən, qanunun aliliyini qoruyan, ictimai asayişin keşiyində dayanan insanların özünəməxsus yeri var. Ömrünü, həyatını, bütün güc və bacarığını bu müqəddəs işlərə həsr edən Azərbaycan oğulları bütün zamanlarda olub. Onların içərisində elələri var ki, bütün qəlbini bəxş etdiyi, varlığı ilə bağlandığı, amalı, əqidəsi bildiyi işi uğrunda həyatını qurban verib, vəzifə borcunu yerinə yetirərkən həlak olub. Azərbaycanın belə mərd oğullarının heç birinin qədir-qiymətini, dəyərini azaltmadan qeyd edək ki, onların sırasında görkəmli dövlət xadimi, daxili xidmət general-leytenantı Arif Nəzər oğlu Heydərovun öz yeri var.
Bu il generalın anadan olmasının 90 illiyidir.
Dünyasını dəyişməsindən, daha doğrusu,
faciəli ölümündən isə 38 il
keçir. Az müddət deyil... Bununla belə, onu tanıyanlar, xatirəsini yad edənlər,
silahdaşları, xeyirxahları arasında Arif Heydərov
haqqında ancaq xoş söhbətlər dolaşmaqdadır.
Onun müsbət xüsusiyyətlərini,
peşə məharətini, yüksək vəzifələrdə
özünü doğrultmaq səriştəsini, xalqın məhəbbətini
qazana bilmək qabiliyyətini dildən-dilə, nəsildən-nəslə
ötürən xatirələr hər bir kəsin qəlbində
hələ də yaşamaqdadır. Bu da səbəbsiz
deyil. Çünki Arif Heydərov həyat
yollarında atdığı hər addımda xalqına sədaqətli
xidmət nümunəsi göstərmişdir.
General-leytenant Arif Heydərov haqqında danışarkən
bir məqam xüsusi vurğulanmalıdır. Bu da onun Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin yüksək
etimad göstərdiyi və inandığı rəhbər
kadrlardan biri, yaxın silahdaşı və məsləkdaşı,
üstəgəl, yaxın dostu olmasıdır. Təsadüfi
deyil ki, 1996-cı il iyunun 27-də A.Heydərovun
xatirəsinin əbədiləşdirilməsi ilə
bağlı xüsusi sərəncam imzalanmışdır. Bir gün sonra - iyunun 28-də isə bu fədakar
insanın 70 illiyinə həsr olunmuş təntənəli tədbir
keçirilmişdir. Ulu öndər Heydər Əliyev mərasimdə
iştirak etmiş və söylədiyi geniş nitqində
demişdir: “Arif Heydərov mənim üçün sevimli bir
insan idi... Arif Heydərov mənim iş yoldaşım, dostum
olubdur, tutduğum yüksək vəzifələrdə mənim
silahdaşım olubdur. Mən ona çox
inanırdım, etibar edirdim, onun fəaliyyətini çox
yüksək qiymətləndirirdim. Ona
görə də mən Azərbaycanda rəhbər olarkən
o, mənim əsas dayaqlarımdan biri idi. Deyə bilərəm
ki, əvvəl dövlət təhlükəsizliyi
orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər
Nazirliyinə rəhbərlik etdiyi dövrdə - 8 il müddətində də çox fədakarcasına
çalışdı, çox işlər gördü... Ona verilən adlara, rütbələrə, ordenlərə,
medallara o, tam layiq idi və öz sədaqətli işi, saf əməlləri
ilə bunların hamısını almağa haqq
qazanmışdı. Mən qeyd etdim ki,
Arif Heydərov bir insan kimi çox sadə, təvazökar və
yaxşı yoldaş idi”.
A.Heydərov şərəfli bir ömür
yaşamışdı. Elə bir ömür ki,
böyüyün də, kiçiyin də qəlbində
qürur doğurur. O, 1926-cı il
iyunun 28-də Azərbaycanın Ağdaş şəhərində
dünyaya göz açmışdı. Əslən
zəngəzurlu idi. Ata Nəzər Heydər
oğlu və oğul Arif Heydərov harada yaşamalarından
və çalışmalarından asılı olmayaraq həmişə
əsl azərbaycanlı kimi vətənə və torpağa
sevgilərini əməli işləri ilə təsdiqləmiş,
onlara tapşırılan bütün vəzifələrdə
etimadı doğrultmuş, dövlət qarşısında
alnıaçıq, başıuca olmuşlar.
Heydərovlar nəsli Zəngəzur dağlarının
qoynundakı Qubadlının Gürcülü kəndindəndir. Bir çox həmyerliləri
kimi, Nəzər Heydərov da hələ gənc
yaşlarından inqilab beşiyi Bakıya gəlmiş,
Balaxanı mədənlərində işləmiş, burada
zillət çəkən əməkçilərin dərd-sərinə
şərik olmuş, yenidən Zəngəzur kəndlərinin
azadlıq hərəkatına qoşulmuş, onun liderlərindən
sayılmışdır. Sonralar peşəkar
siyasi xadim və ən ümdəsi neft sənayesinin görkəmli
təşkilatçılarından olmuşdur. İranın azadlığı və qurtuluşu
üçün ağır mübarizə yolu keçmiş
Seyid Cəfər Pişəvərinin yaxın dostu,
silahdaşı idi. Bu qəzada “kimlərdənsiniz”
deyə soruşulanda alınan “Heydərovlardan” cavabı
etibarlı zəmanət kimi qəbul edilərdi. Sonralar bu, bütün Azərbaycanda da belə qəbul
olundu.
Nəzər Heydərov rəhbər vəzifələrə
sıravi fəhləlikdən yüksəlmişdi. 1949-1954-cü
illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
sədri və SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin
müavini vəzifələrində
çalışmışdı. Həmin dövrdə
Nəzər Heydərovun ikinci və üçüncü
çağırış Azərbaycan SSR Ali Sovetinin
deputatı seçilməsi, “Lenin”, “Qırmızı Bayraq” və
“Qırmızı Əmək Bayrağı” kimi ordenlərə
layiq görülməsi onun öz zəmanəsində
nüfuzlu, hörmətli, sayılıb-seçilən
insanlardan olduğundan xəbər verir. Bu il
Nəzər Heydərovun da anadan olmasının 120 illiyidir.
Arif müəllimin anası Rəxşəndə
xanım da tanınmış ailənin övladı olmuş,
öz ağlı, təmkini, ana müdrikliyi ilə layiqli
övladlar böyütmüşdü. Rəxşəndə
xanımın atası Əhməd bəy Məlikov
Ağdaşda qəza rəisi işləmiş, lakin
dövrün qanlı olayları bu ailədən də yan
keçməmiş və Əhməd bəy repressiya
qurbanı kimi güllələnmişdi.
Arif Heydərov heç zaman öz ata-babasının
şan-şöhrətinə sığınmamış, ailəsinin
nüfuzundan, cəmiyyətdəki mövqeyindən sui-istifadə
etməyi ağlına belə gətirməmişdi. Sadəcə
olaraq həyat yollarında qanından-genindən,
aldığı tərbiyədən, bilik və
bacarığından qaynaqlanan keyfiyyətlərlə irəliləmişdi.
Atası ona Arif adını vermiş və bu ad
onun həyatının sanki rəmzinə və həqiqətinə
çevrilmişdi.
Maraqlıdır
ki, Arif Heydərov da atası kimi əmək fəaliyyətinə
neft mədənində başlamış, Əzizbəyov adına neft trestində çilingər işləmişdi.
1941-1945-ci illər müharibəsi başlayanda
Arif Heydərovun cəmi 15 yaşı olub. İki il sonra, yəni 1943-cü ildə Moskvaya, DTK məktəbinə
oxumağa göndərilib. Nümunəvi kursant
1944-cü ildə həmin məktəbi bitirərək zabit
rütbəsi alıb. Sonra
könüllü olaraq dərhal cəbhəyə yola
düşüb.
Generalın
oğlu Murad Heydərov atası haqqında vaxtilə
böyüklərdən eşitdiyi maraqlı xatirə
danışır: “Ümumiyyətlə, onun cəbhəyə
getməsinin qeyri-adi tarixçəsi var. O, bir müddət
israrla könüllü olaraq cəbhədə olmaq istəyib.
Nəhayət, istəyinə nail olub. Lakin bunu Bakıdakı valideynlərindən gizlətmək
üçün əvvəlcədən 10 məktub yazıb
tələbə yoldaşına verib ki, mən gedəndən
sonra hər həftə bunlardan birini bizimkilərə
yollayarsan. Və bir müddət belə də
olub”.
Günlərin
birində Nəzər kişi Moskvada olarkən
oğluna baş çəkməyə gəlir. Lakin bildirirlər ki, Arif xeyli vaxtdır cəbhədə
döyüşür. Ata isə
oğlundan mütəmadi məktublar aldığını
söyləyir. Bu məqamda Arifin məktublarını
Bakıya yola salan dostu sirri açır...
O zaman
bacarıqlı kəşfiyyatçı Moskva məktəbini
keçdiyindən öz bilik və səriştəsi ilə
çox fərqlənirdi. Müharibəyə
Polşa ərazisində - Birinci Ukrayna Cəbhəsinin tərkibindəki
əməliyyat qrupunun üzvü kimi qoşulmuşdu. Qələbəyədək burada
döyüşüb. Reyxstaqda imzasını qoyub və
1945-ci il mayın 9-dan 1946-cı il
sentyabrın 15-dək Almaniyadakı sovet hərbi kontingentinin
Leypsiq dairə şöbəsində operativ əməliyyat
qrupunun əməkdaşı olub.
Bəlkə müharibə veteranlarına böyük rəğbət
bəsləməsi də özünün hərb şəraiti
görməsindən irəli gəlirdi. O, marşal G.K.Jukovla
görüşündən maraqlı əhvalatlar
danışırdı... Marşal Berlinə
hücum zamanı qoşun hissələrini gəzər, hətta
ön cəbhəyə getməkdən də çəkinməzdi.
Bu hissələrdən birində operativ vəziyyət
haqqında kiçik leytenant Arif Heydərov ona məruzə
etmişdi. O zaman gənc hərbçinin 18 yaşı
var idi...
1947-ci ilə qədər Arif Heydərov yenə də
Şərqi Almaniya Dövlət Təhlükəsizliyi
Nazirliyi aparatının Saksoniya əyalətindəki əməliyyat
bölməsində çalışır. 1947-ci ildə
vətənə qayıdır. Həmin vaxtdan
başlayaraq 20 il dövlət təhlükəsizliyi
orqanlarında müxtəlif rəhbər vəzifələrdə
işləyir.
Bu, çətin bir dövr idi. Könlündən təhlükəsizlik
orqanlarında işləmək keçənlərin mində
birini buraya göndərmirdilər. Yəni
həmin orqanlarda işləmək üçün
kadrları çox ciddi surətdə yoxlayıb seçirdilər.
Bu da bir həqiqət idi ki, həmin sahədə
heç də hər kəs işləyə bilməzdi.
Bununla belə, Azərbaycan gənclərinin çox
istedadlı və yüksək keyfiyyətlərə malik bir
dəstəsi çətin yollardan keçib xalqına xidmət
üçün təhlükəsizlik orqanlarında layiqli vəzifələr
tuta bildilər. Onlardan biri də məhz Arif Heydərov
idi.
General A.Heydərov tale tərəfindən ona
ayrılmış 52 illik ömrünün yarısını
məhz kəşfiyyat işinə həsr etdi. Bu çox
çətin, eyni zamanda şərəfli peşədə o,
daim çarpışmalarda olmuş, təhlükələrlə
üz-üzə gəlmiş, yuxusuz gecələr, həyəcanlı
anlar, narahat günlər yaşamışdır. Ümumiyyətlə, bu fədakar insan ömrü
boyu ləyaqətli və qorxu-hürkü bilməyən
döyüşçü kimi fərqlənmiş, həyatı,
sözün həqiqi mənasında, mübarizələrdə
olmuşdur. Bu işdə ona digər
keyfiyyətləri ilə yanaşı, saf əqidəsi də
etibarlı dəstəkçi idi.
Şərəfli kəşfiyyatçı, diplomat
adını doğrultmaq, aldığı
tapşırıqları yerinə yetirmək
üçün bir-birindən məsul və mürəkkəb
əməliyyatlara rəhbərlik etmişdir. Vaxtilə onunla
çiyin-çiyinə çalışmış peşəkar
kəşfiyyatçılar yazırlar ki, Arif Nəzər
oğlu analitik zəkaya, hərtərəfli dərin biliyə
malik bir insan idi, hər cür mürəkkəb, dəyişkən
siyasi və operativ şəraitdə düzgün istiqamət
götürməyi, ən ağlabatan qərar qəbul etməyi
bacarırdı və bunun sayəsində hər hansı kəşfiyyat
işinin uğurla başa çatdırılmasına müvəffəq
olurdu. O deyirdi ki, kəşfiyyatçı çox incə, məsul
və hər zaman siyasi bir işdir. Gərək
hər məqamda müqabil tərəfin niyyətini dəqiq
müəyyən edəsən və yalnız bundan sonra
hansı əks-tədbir görmək lazım olduğunu
müəyyənləşdirəsən.
DTK-da
partiya komitəsinin katibi işlədiyi zaman onun ən ali insani keyfiyyətləri də üzə
çıxır. O, hamının xahişini nəzərə
alır, yerinə yetirməyə
çalışırdı.
Arif Heydərov
doğma Azərbaycan dilini mükəmməl bilməklə
yanaşı, rus, alman, ingilis, türk və fars
dillərini də dərindən öyrənmişdi. Məsul əməliyyatlar üçün xarici
ölkələrə ezam olunanda bu da onun çox köməyinə
gəlirdi. Peşəkar kəşfiyyatçı
Almaniyada və Türkiyədə çətin,
operativ-diplomatik xidmətdə olmuşdu.
İxtisasca tarixçi idi. Tarixi, o cümlədən
öz xalqının tarixini gözəl bilirdi. Azərbaycanı əsl övlad məhəbbəti,
vətəndaş qeyrəti ilə sevirdi. Sovet dönəmində
ermənilərin azərbaycanlılarla “dost” olduğu
addımbaşı təlqin edilsə də, Arif Heydərov
xalqının dostlarını da, düşmənlərini də
yaxşı tanıyırdı.
Müasirləri danışırlar ki, ötən əsrin
70-ci illərində Ermənistanın İcevan rayonunda
müşavirə keçirilir. Tədbirin ziyafət
hissəsini İcevan rayon partiya komitəsinin sinəsində
deputat nişanı gəzdirən birinci katibi idarə edirdi.
Bu həmin vaxt idi ki, ermənilər Yerevan şəhərinin
1750 illik yubileyini təntənəli surətdə qeyd etməyə
hazırlaşırdılar. Qısası,
cavan katib sağlıq deyir və sözünün canı bu
olur ki, Cənubi Qafqazda ən qədim şəhər
Yerevandır, ən bacarıqlı və vətənpərvər
insanlar isə ermənilərdir. Natiq
dostluq şərəfinə badə qaldırmağı təklif
edir. Bu zaman general Heydərov badəsini yerə
qoyur və deyir ki, mən sizin dediyiniz sağlığa
içməyəcəyəm. Çünki
siz tarixi yaxşı bilmirsiniz. İş
burasındadır ki, bu yaxınlarda biz Bakının 10 min
illiyini qeyd edəcəyik.
Erməni
katib tarixçi olduğunu söyləyir, Heydərov isə
rişxəndlə gülərək deyir: “Biz də sizin kimi
bir daşın üzərinə tarix yazıb Xəzər dənizinə
tullamışıq, bu yaxınlarda çıxarıb yeni bir
tarix icad edəcəyik”.
Ziyafətdə iştirak edən Ermənistan, eləcə
də Gürcüstan nümayəndələri azərbaycanlı
nazirə təsir edə bilmirlər və erməni katib ondan
dönə-dönə üzr istəyir.
Bir sözlə, Arif Heydərov öz vətənpərvərliyi
ilə hamıya nümunə idi.
Hələ
on il bundan əvvəl anadan olmasının 80 illiyi münasibətilə
nəşr olunmuş “General Arif Heydərov” kitabındakı
aşağıdakı sətirlər bu görkəmli
dövlət xadiminin keçdiyi həyat yoluna bir daha
işıq tutur. “...Neft mədənlərindən əmək
yoluna başlayıb DTK-ya, diplomatlığa, nəhayət,
DİN rəhbərliyinə gəlmişdir. Məncə,
oğul Heydərov həyatdakı bütün qazanclarına
görə ilk tərbiyəçisi atasına, həyat
universiteti - DTK-ya və heç şübhəsiz, öz
ağlına, istedadına, bacarığına borcluydu. 25 ildən artıq təhlükəsizlik sistemində
çalışan Arif müəllimi xalqımızın
bütün dövrlər üçün müdrik oğlu
olan Heydər Əliyev Daxili İşlər Nazirliyinə
tövsiyə edəndə uzaqgörən addım
atmışdı. O, 8 il bu vəzifədə
çalışdı, SSRİ daxili işlər nazirləri
arasında ən nüfuzlu, ən cavan və ən yüksək
rütbəli (general-leytenant) rəhbər oldu. O dövrdə
A.Heydərovun fitri istedadı sayəsində kadrların
seçilməsi və onlara qarşı yüksək diqqət
və tələbkarlıq, mənəvi, əxlaqi, vicdani
paklıq yeni nazirin iş üsulunun mayasını təşkil
etdi, əməkdaşların peşə
hazırlığı, DİN orqanlarında siyasi-tərbiyə
işləri, intellektual səviyyə, mədəni
davranış qaydaları yüksəldi, rüşvətə,
korrupsiyaya, səhlənkarlıq və biganəliyə
qarşı aparatın özündəcə mübarizə cəbhəsi
yaradıldı, son nəticədə ölkədə
qanunçuluq möhkəmləndirildi, adamların
hüquqlarının qorunması sahəsində neqativ hallar ləğv
edilərək ədalətin zəfər çalmasına
meydan açıldı”.
Nazir təyin olunarkən Arif Heydərov dövlət təhlükəsizliyi
sistemində işləyirdi və o vaxt Türkiyədə
sovet səfirliyində baş konsul kimi çox mühüm
postda idi. Dövlət təhlükəsizliyi orqanında
işlədiyindən güclü əməliyyatçı
idi. Daxili işlər orqanlarında əsas
vəzifə əməliyyat işi olduğundan Arif müəllim
üçün burada işləmək problem deyildi. Sahəni bilirdi və əməliyyat işinin
içində bərkimişdi. Odur ki,
nazir kimi fəaliyyətə başlayanda artıq hiss edilirdi
ki, o, çox bacarıqlı və uzaqgörən rəhbərdir.
Arif Nəzər oğlu Daxili İşlər Nazirliyinə
Azərbaycanın ictimai-siyasi həyatının çətin
dövründə rəhbərlik etməyə
başlamışdı - respublikada cinayət halları
çoxalmış, təşkilatlanmış kriminal qurumlar
özünə möhkəm yer etmişdi. Heydərov
öz gəlişi ilə nazirliyə təzə ab-hava, zəngin
fikirlər gətirmişdi. Onun istər
nazirliyin kollegiya üzvləri və əməkdaşları,
istərsə də ümumiyyətlə, respublikanın daxili
işlər orqanları işçiləri arasında
hörməti getdikcə artırdı, fəaliyyət dairəsi
genişlənirdi.
Nazir bildikləri, öyrəndikləri ilə heç
vaxt kifayətlənmirdi, elmə böyük marağı
vardı. Bu maraq işdə də özünü göstərirdi.
O, nazirlikdə də işləri elmi əsaslarla qurmağa
çalışırdı. Birinci növbədə
də cavanları Omsk, Karaqanda, Rostov məktəblərinə,
Moskvadakı akademiyaya oxumağa göndərməklə şəxsən
məşğul olurdu. O zaman Daxili İşlər
Nazirliyinin Akademiyasının rəisi general-polkovnik
S.M.Krılov idi. Özü çox dərrakəli,
bilikli insan olan bu alim Arif Heydərovu yüksək dəyərləndirir,
ona həmişə hörmət və məhəbbətlə
müraciət edirdi. Hamıya söyləyərdi
ki, bilmirəm nə qədər yaşayacağam, ancaq taleyimdən
razıyam ki, Arif Nəzər oğlu kimi bir zəka titanı
ilə rastlaşmışam.
O zaman bəzən
gözlənilməz hadisələr də baş verirdi - bir də
görürdün kimsə könüllü olaraq orqanlardan
çıxıb gedir. Bunlar o kəslər idi
ki, mənəviyyatlarının, əqidələrinin nazirin
tələbləri ilə uzlaşmadığını
görürdü. Arif Heydərovun nazir
olduğu dövrdə bütün mexanizm ahəngdar işləyirdi.
Artıq daxili işlər orqanlarında qanun,
obyektivlik, konkretlik, dəqiqlik, dərin təhlil hökm
sürürdü. Bütün ağır işləri,
dolaşıq məsələlərin həllini nazir öz nəzarətində
saxlayır, iş vaxtı ilə hesablaşmadan gecəli-gündüzlü
çalışırdı.
Həmin illərdə respublikada cinayətkarlığın
qarşısının alınması sahəsində
böyük işlər aparılırdı. Cinayətkarlığa
qarşı mübarizədə Azərbaycan Respublikası
ovaxtkı ittifaqda, müttəfiq respublikalar arasında ən
yüksək göstəricilərə nail olduğu
üçün SSRİ Nazirlər Soveti tərəfindən
A.Heydərov general-leytenant hərbi rütbəsinə layiq
görülmüşdü. O vaxt müttəfiq respublikaların
nazirləri içərisində yalnız Arif Heydərov
Sov.İKP qurultayına nümayəndə seçilmişdi. Bu, Azərbaycanın tarixində görünməmiş
hadisə idi. Bundan başqa, o, Azərbaycan
KP MK-nın üzvü, respublika Ali Sovetinin deputatı, Azərbaycan
KP qurultaylarının nümayəndəsi olmuşdur. Və Heydərov bütün bu şan-şöhrətdən
əsla qürrələnmirdi. Özünə
qarşı daim tələbkar idi, nizam-intizama ciddi riayət
edir, tabeliyində olanlarda da məhz bu xüsusiyyətləri
görmək istəyirdi. Bununla belə,
dostluqda və yoldaşlıqda çox sədaqətli, diqqətcil,
həssas idi. Arif Heydərovu tanıyanlar,
yəni onunla birlikdə çalışmış və
ünsiyyətdə olmuş indiki yaşlı və orta nəslin
nümayəndələri bütün bunları yaxşı
xatırlayır, minnətdarlıqla yada salırlar.
Bir daha vurğulayaq ki, ulu öndər Heydər Əliyev
və Arif Heydərov dostluğunun bünövrəsində də
onların hər ikisinə məxsus olan yüksək insani
keyfiyyətlər dururdu. Bu barədə ulu öndər belə demişdir: “Mən
Arif Heydərovla 1950-ci ildə Azərbaycana, Bakıya işə
gələndən sonra tanış oldum. Bizim tanışlığımız qısa bir müddətdə
yaxınlığa çevrildi. O zamanlardan Arif Heydərovun
həyatının son dəqiqələrinə qədər
onunla həm iş sahəsində sıx əlaqəm olub,
eyni zamanda şəxsi dostluğum olubdur. Bunun da
əsası var. Əsası da ondan ibarətdir ki, mən
yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi
münasibət saxlaya bilərəm. Arif
Heydərovun mənəvi dəyərləri, mənəviyyatı
hər şeydən üstün tutması, sadəliyi,
işgüzarlığı, öz üzərində daim
çalışması, özünü təkmilləşdirməsi,
işə sağlam münasibəti, sağlam əxlaqı -
bunların hamısı birlikdə mənim tələblərimə
uyğun olduğuna görə mənimlə onun arasında
şəxsi münasibətlər yaranmışdı”.
General Arif Heydərov sözün əsl mənasında
ziyalı idi.
Hərtərəfli biliyi, yüksək mədəniyyəti
ilə fərqlənirdi. İxtisası və
çalışdığı sahələr ədəbiyyatdan
uzaq olsa da, nəsri və poeziyanı çox sevirdi. Məhəmməd
Füzuli, Mirzə Ələkbər Sabir poeziyasından tez-tez
misallar gətirərdi. Bir çox xarici dilləri
bilməsi onun dünya ədəbiyyatı klassiklərinə
marağını daha da artırırdı. Hafizin,
Getenin, Şillerin və başqalarının yaradıcılığına
yaxından bələd idi.
Danışırlar ki, hökumət nümayəndə
heyətinin tərkibində Almaniyada olarkən ziyafətlərin
birində A.Heydərov sağlıq deməli olub. Sözlərinin
təsirindən iştirakçıların gözü
yaşarıb. Səfərdə iştirak
edən SSRİ nazirlərindən biri soruşub ki, Heydərovun
dediyi nə idi belə?! Nitqin məzmununu
ona rus dilində qısaca çatdırıblar.
Arif Heydərov deyibmiş ki, mən müharibə
dövründə sizin ölkənizdə olmuşam. Biz
özümüzü heç zaman işğalçı kimi
aparmırdıq. Şəxsən mən
alman uşaqlarını soyuqdan qorumaq, yedizdirmək
üçün öz rahatlığımdan keçmişəm.
Yaşlıların imdadına yetişmişəm,
ailələrə kömək əlimi uzatmışam. Biz faşistlərə qarşı, ancaq alman
xalqını bu bəladan qurtarmaq üçün müharibə
aparırdıq. İttifaq naziri təəccübünü
gizlədə bilməyərək “bax nazir belə olar” deyib.
Bu bir həqiqətdir ki, A.Heydərov keçmiş
SSRİ-nin ən nüfuzlu nazirlərindən biri idi.
Ankarada
hökumət nümayəndə heyətinin şərəfinə
ziyafətdə isə bir nəfər onun həyat
yoldaşına, Ədilə xanıma yaxınlaşıb
soruşur: “Sizin ərinizin ixtisası nədir?” Qısaca
“tarixçidir” cavabını alandan sonra isə deyir: “Mənə
elə gəldi ki, o, fizikdir, ədibdir, musiqiçidir, kosmosu
da əla bilir, Yuri Qaqarinlə sanki səmaya da uçub”.
Arif müəllim bütün bunlarla yanaşı,
gözəl ailə başçısı,
övladlarını böyük məhəbbətlə sevən
ata və valideynlərinə dərin hörmət bəsləyən,
qayğı göstərən oğul idi.
Xaricdə işləyərkən bir gün axşamdan
xeyli keçmiş şəhərlərarası telefonla
anası ona Bakıdan zəng vurur. Səs pis eşidilsə
də, köməkçisi başa düşür ki, Arifin
atası ağır xəstələnib, o, tezliklə
Bakıya uçmalıdır.
Səhər tezdən onu Sofiyadan gedən birinci reyslə
Bakıya yola salırlar. O, atası ilə görüşməyə və
vidalaşmağa imkan tapır. Bu, ona çox təskinlik
verir. Doğrudur, Arif müəllim atasının yas məclislərində
mütəmadi iştirak edə bilməmişdi, nə etməli,
vəziyyət belə tələb edirdi... Yalnız burada onun
vəfalı dostları, ən başlıcası Heydər
Əliyev vardı!
Anasının da dünyadan köçməsi nisgilli
olmuşdu. Arif respublikanın daxili işlər naziri olan vaxtda Rəxşəndə
xanımı Arif müəllimin yaşadığı evin
yaxınlığında avtobus vurmuşdu. O, həmin xəsarətdən
sonra dünyasını dəyişmişdi. A.Heydərov
sürücünü tutulmağa qoymamışdı. Demişdi ki, əvvəla, burada heç bir sui-qəsd
olmayıb, sonrası da axı sürücünün
böyük külfəti var, qoy gedib balalarını
dolandırsın.
Ömür-gün yoldaşı Ədilə xanım Heydərova həyatının son günlərinədək onun haqqında keçmiş zamanda danışa bilmirdi. Belə bir insanın vaxtsız ölümü ailəni mənəvi sıxıntıya salmışdı. Ədilə xanım övladlarıyla təsəlli tapır, işdən, ictimai fəaliyyətindən soyumurdu. O, Azərbaycanın əməkdar müəllimi, ölkənin maarif əlaçısı idi.
Arif müəllimin insan təbiətində qiymətləndirdiyi yüksək keyfiyyətlərdən biri xeyirxahlıq idi. Deyirlər ki, nazir olanda hətta kiminsə işdən çıxarılması haqqında əmrə qol çəkərkən son məqamda soruşurmuş: “Bunun neçə uşağı var?”
Zərif cinsin nümayəndələrinə, analara xüsusi ehtiram bəsləyərmiş. Övlad böyüdən qadınlara kömək edərmiş. Həmişə az qala filosofcasına fikirləşərdi ki, insan ali məxluqdur, bəs onun daxilində şər, qara qüvvələr, bəd xislət haradan və necə yaranır? Elə bu bəşəri suala cavab axtara-axtara bir çox mürəkkəb məsələləri həll etməyə qadir olan kəşfiyyatçı, diplomat, nazir, general A.Heydərov varlığına şeytan girmiş bir vəhşinin əli ilə qətlə yetirildi... 1978-ci il iyunun 29-da... Ad gününün sabahı...
Kim bilir, bu qədər qorxmaz və cəsarətli olmasaydı, ehtiyatlı olsaydı, bəlkə son taleyi də belə olmazdı. Heç vaxt can qoruyucusu, mühafizəçi saxlamazdı. Bakının küçələrində, parkda, bulvarda tək gəzməkdən ehtiyat etməzdi. Rayonlarda olanda da icazə verməzdi ki, onu cangüdən, yaxud kimsə müşayiət etsin...
Generalın sağlığında xidmətləri yüksək qiymətləndirilmiş, qazandığı rütbələrdən əlavə “Qırmızı bayraq”, “Şərəf nişanı” ordenləri, SSRİ-nin və bir sıra xarici ölkələrin medalları ilə təltif olunmuşdu. Ən böyük mükafatı isə xalqın sevgisi idi.
Görkəmli dövlət xadimi, general-leytenant Arif Heydərovun anadan olmasından 90 il ötür. Hələ də yaşaya bilərdi. Çox sevdiyi Azərbaycanın müstəqilliyini görə və çox işlərdə vətəninə, dövlətinə gərəkli ola bilərdi. Bu gün Bakıda Arif Heydərovun adına küçə və məktəb, Xəzər gəmiçiliyində tanker var. Lakin onun adını əbədiləşdirən təkcə bu deyil. Vaxtilə çalışdığı sahələrdə onun çoxlu ardıcılları, yetirmələri var. Gəncliyində Arif Heydərov nümunəsi görmüş bir çox zabitlər indi özləri yüksək rütbələrə çatıblar və xalqa bu örnəyə uyğun olaraq xidmət edirlər.
İradə
ƏLİYEVA,
Azərbaycan.- 2016.- 25 iyun.- S.7.