Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun xatirəsi anıldı

 

Samux rayonunda Azərbaycanın Milli Qəhrəmanı Eltun Xaləddin oğlu İsgəndərovun anım günü keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın qəbrini ziyarət edərək üzərinə tər qərənfillər düzmüşlər.

Sonra Milli Qəhrəmanın həyat və fəaliyyətindən bəhs edən muzeylə tanışlıq olmuşdur. Qeyd edilmişdir ki, E.İsgəndərov 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girərək onlardan bir neçəsini məhv etmişdir. Belə ki, döyüşün ağır yerində sərhəd pozucuları bizim sərhədçilərin dayandığı mövqeyə qumbara atmışdılar. Bunu görən cəsur gənc dərhal özünü qumbaranın üzərinə ataraq həyatı bahasına əsgər və zabitlərimizi ölümdən xilas etmişdir. O, bu hərəkəti ilə Azərbaycan oğullarının vətən uğrunda lazım gələrsə canlarından belə keçə biləcəklərini sübut edərək əsl nümunə göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsgərimizin göstərdiyi bu şücaəti yüksək dəyərləndirərək 25 iyun 2009-cu il tarixli sərəncamı ilə İsgəndərov Eltun Xaləddin oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adını vermişdir.

Tədbirdə iştirak edən Milli Qəhrəmanın atası Xaləddin İsgəndərov oğlunun göstərmiş olduğu igidliklə fəxr etdiyini, Azərbaycanda Eltun kimi vətənpərvər gənclərin sayının yüz minlərlə olduğunu vurğulamış, göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlığını bildirmişdir.

Sonra çıxış edən Dövlət Sərhəd Xidmətinin zabitləri qəhrəmanımızın şərəfli xidmətindən danışaraq qeyd etmişlər ki, bu gün Eltun İsgəndərovun həyatı gənclərimiz üçün əsl vətənpərvərlik nümunəsidir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2020.- 23 iyun.- S. 7.