Azərbaycanın
dövlətçilik tarixinin
mühüm mərhələsi
"18 Oktyabr -Müstəqilliyin
Bərpası Günü
Azərbaycanda hər bir vətəndaş üçün əziz gündür. SSRİ-nin süqutu digər postsovet ölkələri
kimi Azərbaycan Respublikasının da müstəqilliyinə qovuşmasını
şərtləndirmiş oldu".
Bu sözləri
"Azərbaycan" qəzetinə
Müstəqilliyin Bərpası
Gününün 32-ci ildönümü
ilə bağlı danışarkən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu
deyib.
O bildirib ki, digər ölkələrdən
fərqli olaraq, Azərbaycan öz müstəqilliyinə çox
ciddi problemlərlə
qovuşub. Ermənistanın
təcavüzü və
işğalçılıq siyasəti fonunda müstəqilliyinə qovuşan
dövlətimizi qarşıda
həll etməli olduğu bir sıra mühüm məsələlər gözləyirdi.
Lakin həmin dövrdə ölkədə
yaranan qeyri-müəyyənlik,
daxili siyasi xaos gələcəyə
çox da ümidlə baxmağa imkan vermirdi. Buna baxmayaraq, 1991-ci il oktyabr ayının
8-də Azərbaycan Ali
Sovetinin növbədənkənar
sessiyası işə
başladı və bir neçə gün davam edən müzakirələrdən
sonra, oktyabrın 18-də
Ali Sovetin iclasında Dövlət Müstəqilliyi haqqında
Konstitusiya Aktı qəbul edildi. Həmin dövrdə Azərbaycan Ali Sovetinin 360 deputatından
331-i Konstitusiya Aktının
qəbul olunmasının
lehinə səs verdi.
E.Mirbəşiroğlu
qeyd edib ki, 2021-ci ildən etibarən oktyabrın 18-i
Müstəqilliyin Bərpası
Günü kimi qeyd edilir. Bu
gün özündə
həm də Azərbaycan dövlətçilik
tarixinin çox mühüm bir mərhələsini ifadə
edir. "Belə ki, Konstitusiya Aktında göstərilir
ki, müasir müstəqil Azərbaycan
dövləti Azərbaycan
Xalq Cümhuriyyətinin
hüquqi varisidir. Yəni Müstəqilliyin
Bərpası Günü
o anlamı ifadə edir ki, Azərbaycan
Respublikası müstəqil
dövlət kimi mövcud olub, 1991-ci il oktyabrın 18-də isə bu müstəqillik
yenidən bərpa edilib. Müstəqilliyin Bərpası Günü Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunu,
Şərqdə ilk demokratik respublika olaraq qurulduğunu təsdiqləyir. 1991-ci ilin
dekabrında ölkədə
ümumxalq səsverməsi,
yəni referendum keçirildi. Bu referendumda iştirak edənlərin 95 faizi ölkənin müstəqilliyinə,
suverenliyinə səs
verdi. Bununla da Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşdu",
- deyə o əlavə
edib.
Deputat vurğulayıb
ki, həmin dövrdə Azərbaycandakı
qeyri-sabitlik, daxili xaos ölkənin müstəqilliyini təhlükə
ilə üzləşdirdi.
Yalnız 1993-cü ildə
xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra ölkənin müstəqilliyinin möhkəmləndirilməsi
istiqamətində vacib
addımlar atıldı.
Daxili siyasi xaosa son qoyuldu,
qeyri-müəyyənlik aradan
qaldırıldı, ölkənin
inkişaf strategiyası
müəyyənləşdirildi.
E.Mirbəşiroğlu deyib ki, vaxtilə
Heydər Əliyevin atmış olduğu addımlar müstəqilliyin
dönməz olmasını
şərtləndirdi: "Prezident İlham Əliyev hər zaman vurğulayır ki, Ulu Öndərin
sayəsində Azərbaycanın
resursları, düzgün
müəyyənləşdirilmiş siyasi xətti ölkənin müstəqilliyini
davamlı olaraq möhkəmləndirdi. Dövlət
başçısının yanaşması ondan ibarətdir ki, dövlət güclü olmadan tam mənada
müstəqil ola bilməz. Azərbaycan bu gün dünyanın
ən güclü dövlətlərindən biridir,
tam müstəqil, milli maraqlarına uyğun siyasət həyata keçirir. Artan gücümüzə müvafiq
olaraq dövlət müstəqilliyimiz də
davamlı olaraq möhkəmlənir.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
19 oktyabr, № 228.- S.8.