Azərbaycan müstəqil energetika sisteminə malikdir

 

Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərindəki, istərsə də müstəqillik dövründəki dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, energetika sistemi ilə də bağlıdır. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir və bunun əsası ötən əsrin 70-ci illərində qoyulub.

Ümummilli lider Heydər Əliyevin bu sahədə özünəməxsus uzaqgörənliklə müəyyənləşdirdiyi mükəmməl strateji xəttin uğurla həyata keçirilməsi və möhtərəm Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilməsi ölkəmizi regionun aparıcı dövlətinə, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirmişdir.

Azərbaycanın bir əsrdən artıq tarixə malik milli elektrik energetikası sisteminin inkişafı ümummilli lider Heydər Əliyevin respublika rəhbəri olduğu illərə təsadüf edir. Məhz həmin illərdə ulu öndərin təşəbbüsü və birbaşa rəhbərliyi altında Qafqazda ən iri istilik elektrik stansiyası olan "Azərbaycan" İstilik Elektrik Stansiyası (İES) inşa olunmuşdur. 2400 MVt gücündə olan bu elektrik stansiyası hal-hazırda milli energetika sisteminin ümumi generasiya gücünün 40 faizindən çoxunu təşkil edir. Eyni zamanda, istehsal edilən elektrik enerjisinin 50 faizindən çoxu da məhz onun payına düşür.

1970-ci ildə ümumi gücü 22 MVt olan Araz SES, 1976-cı ildə ümumi gücü 50 MVt olan Tərtər SES (bu su elektrik stansiyası erməni silahlı birləşmələrinin işğalı altındadır), 1982-ci ildə isə ümumi gücü 380 MVt olan Şəmkir SES inşa edilmişdir.

Ulu öndər sonralar bu şərəfli tarixi xatırlayarkən demişdir: "Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və o illərdə - 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam".

Həmin dövrdə elektrik stansiyalarının inşası ilə yanaşı, elektrik şəbəkələri də sistematik inkişaf etdirilmiş və respublikamızın dayanıqlı enerji sistemi yaradılmışdır. O illərdə 330 kV-lik "Əli Bayramlı" İES - "Ağdam" - "Gəncə" - "Ağstafa", Əli Bayramlı - Yaşma-Dərbənd, 5-ci Mingəçevir, 500 kV-lik 1-ci və 2-ci Abşeron, Muxranis - Vəli və s. kimi elektrik verilişi xətləri, 330/110/20 kV-lik "Yaşma", "Gəncə", "Ağstafa", 330/110/10 kV-lik İmişli, 500/330/220 kV-lik Abşeron, 220/110/10 kV-lik "Hövsan", "Nizami", "Müşfiq", "Səngəçal", "Masallı", "Ağsu", "Babək" qovşaq yarımstansiyaları istismara verilmişdir.

Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlindən baş vermiş hadisələr, Sovet İttifaqının süqutu elektrik energetikası sisteminə də təsirsiz ötüşmədi. Yaranmış siyasi və iqtisadi böhran nəticəsində elektrik enerjisi istehsalında böyuk problemlər yarandı. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində vaxtilə tikilib istifadəyə verilmiş "Azərbaycan" İES olmasaydı, respublikanın, o cümlədən paytaxt Bakının enerji təchizatında ciddi problemlər yaşana bilərdi.

1993-cü ilin iyununda xalqın təkidli çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdan və müstəqil dövlətimizin başçısı seçilən Heydər Əliyev ölkəmizi və xalqımızı böyük bəlalardan xilas etdi. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə gənc müstəqil respublikanın energetika sistemində köklü dəyişikliklər həyata keçirilməsi üçün qısa müddət ərzində enerji təhlükəsizliyi konsepsiyası işlənib hazırlandı.

Müstəqilliyini yeni bərpa etmiş dövlətin maliyyə imkanları bu layihələrin həyata keçirilməsinə imkan vermirdi. Ulu öndər xarici ölkələrə rəsmi və işgüzar səfərləri zamanı bütün danışıqlarda elektrik energetikası təsərrüfatının yenidən qurulması problemlərinin həlli yollarının axtarılması ilə yanaşı, konkret obyektlərin inşası və bərpası ilə bağlı məsələləri də önə çəkirdi. Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi məqsədilə həyata keçirilən "açıq qapı" siyasəti, əlverişli investisiya mühitinin yaradılması bu məsələlərin həllində həlledici rol oynadı.

Ulu öndər Heydər Əliyev 1995-ci ilin dekabr ayında İngiltərəyə səfəri zamanı Yenikənd SES-in tikintisi üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 53 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına nail oldu və ümumi gücü 150 MVt olan Yenikənd SES inşa edildi.

Avropa Yenidənqurma və İnkişaf Bankı və İslam İnkişaf Bankından ayrılmış kredit hesabına Mingəçevir SES-in yenidənqurulması, 330 kV-lik Ağcabədi, 110 kV-lik Bərdə yarımstansiyalarının və 330 kV-lik Azərbaycan İES-Ağcabədi-İmişli EVX-nin inşası həyata keçirildi.

Almaniyanın "Bayerişe Landesbank Girosentrale" Bankının krediti hesabına Bakı İEM-də hər birinin gücü 53,5 MVt olan iki qaz-turbin qurğusu və Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Bankının krediti hesabına isə "Şimal" ES-də 400 MVt-lik buxar qaz qurğusu istismara verildi.

Yeni generasiya güclərinin işə salınması ilə yanaşı, sistemtəşkiledici elektrik şəbəkəsinin yenidənqurulması məqsədilə Almaniyanın KFW bankından kreditin ayrılmasına nail olundu. Ümumiyyətlə, ulu öndərin rəhbərliyi dövründə 3500 MVt-yə yaxın generasiya gücü işə salınmışdır.

Bu gün müstəqil dövlətimiz ulu öndər Heydər Əliyevin yaratdığı möhkəm zəmin üzərində sürətlə inkişaf edir, qüdrətlənir. Ümummilli liderin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə işlənib hazırlanmış sosial-iqtisadi proqramların icrası, həyata keçirilən məqsədyönlü strateji xətt sayəsində xalqımızın yaşayış səviyyəsi gündən-günə yüksəlir, ölkəmiz regionun lider dövləti kimi beynəlxalq aləmdə öz nüfuzunu artırır.

Qloballaşan dünyada enerji təhlükəsizliyinin ön plana çəkildiyi bir vaxtda ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində sanballı yanacaq-enerji resursları əldə edən Azərbaycan Avropa dövlətləri üçün etibarlı tərəfdaşa çevrilmişdir. Bu amil isə, Azərbaycanın energetika siyasətinin formalaşmasında və ölkə qarşısında duran qlobal məsələlərin həllində mühüm rol oynayır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı qətiyyətli və ardıcıl siyasi xəttin nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektrik energetikası sahəsində də böyük nailiyyətlər əldə edilmişdir. Ölkə iqtisadiyyatının inkişaf sürətini nəzərə alan dövlət başçısı "Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı"nı təsdiq etdi. Dövlət proqramı çərçivəsində "Azərenerji" ASC-yə enerji təchizatında çətinlik yaranan bölgələrdə qısa müddətdə yeni generasiya güclərini işə salmaq tapşırığı verilmişdir. Bu məqsədlə dünyanın bir çox ölkələrində geniş tətbiq olunan porşen tipli aqreqatlardan ibarət elektrik stansiyasının tikintisi haqqında texniki qərar qəbul edildı. Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birində 10 aqreqat olmaqla, Bakı şəhərində və Qubada hər birində 12 aqreqat olmaqla, Səngəçalda isə 18 aqreqat olmaqla yeddi elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Ümmiyyətlə, dövlət başçısının rəhbərliyi altında son 4-5 il ərzində 1500 MVt-yə yaxın generasiya gücləri istismara verilmişdir.

Hal-hazırda respublika iqtisadiyyatının elektrik enerjisinə olan tələbatı 12 istilik elektrik stansiyası - Azərbaycan İES, Şirvan İES, "Şimal" İES, Bakı İEM, Naxçıvan İES, Astara ES, Xaçmaz ES, Şəki ES, Naxçıvan ES, Bakı ES, Səngəçal ES, Quba ES və 6 su elektrik stansiyası - Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Araz, Vayxır SES hesabına tamamilə ödənilir. Onların ümumilikdə qoyuluş gücləri 5900 meqavata yaxındır. Azərbaycanda elektrik enerjisi istehsalının 90 faizi İES-lərin, 10 faizi isə SES-lərin payına düşür.

Bu gün enerji istehsalı və ötürülməsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dünyanın aparıcı ölkələri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəlmiş strateji xətt elektrik energetikası sisteminə xarici sərmayələrin cəlb olunmasına imkan yaradır. Bu imkanlardan Azərbaycan energetika sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, enerji təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunur. Belə ki, Sumqayıtın enerji təchizatının dayanıqlığının və keyfiyyətinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi etibarlılığının daha dolğun şəkildə ödənilməsi məqsədilə 2005-ci ilin avqust ayında möhtərəm Prezidentin iştirakı ilə MDB məkanında analoqu olmayan Sumqayıt şəhərində gücü 525 MVt olan istilik elektrik stansiyasının təməli qoyulmuşdur. Stansiyada son sınaq-sazlama işləri yekunlaşmış və yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

"Azərbaycan" İES-ın beşinci və dördüncü enerji bloklarında uğurla həyata keçirilən yenidənqurma işləri nəticəsində blokların hər birinin gücü 330 MVt-yə çatdırılmışdır. İş prosesində əldə edilmiş təcrübəni nəzərə alaraq, digər altı enerji blokunda da analoji işlər aparılır. Blokların tamamilə yenidənqurulması nəticəsində energetika sistemi 600 meqavatdan artıq əlavə güc əldə edəcəkdir.

Şirvan şəhərində gücü 780 MVt olan yeni elektrik stansiyasının, yəni, "Cənub" elektrik stansiyasının tikintisi qrafikə uyğun davam etdirilir. Burada həm qaz, həm mazut yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq ediləcəkdir. Stansiya işə düşdükdən sonra ildə orta hesabla 1 milyon ton yanacağa qənaət ediləcəkdir. Layihənin 2010-cu ildə başa çatdırılması planlaşdırılır. Stansiyanın gələcəkdə əsasən respublikanın cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində böyük rolu olacaqdır.

2008-ci ilin aprel ayında təməli qoyulmuş, 25 MVt gücündə Füzuli su elektrik stansiyasının tikintisi Aran bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi ilə yanaşı, pik güclərinin artırılmasına da kömək edəcəkdir. Bu stansiyanın tikintisində də işlər müəyyən edilmiş qrafikə uyğun davam etdirilir.

Hər birinin gücü 60 MVt olan altı hidroqurğudan ibarət Mingəçevir Su Elektrik Stansiyası 1954-cü ildə istismara verilmişdir. Burada birinci və üçüncü hidroqurğu istisna olmaqla digər dörd blokda təmir işləri aparılmış və hal-hazırda iki hidroaqreqat yenidən qurulmalıdır. Bu istiqamətdə də işlər uğurla davam etdirilir. Ümumiyyətlə, Mingəçevir və Varvara su elektrik stansiyalarında yenidənqurma işləri nəticəsində 90 MVt əlavə generasiya gücü əldə ediləcəkdir.

"Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"na uyğun olaraq, Kür çayı üzərində ümumi gücü 550 MVt-yə yaxın və illik hasilatı 1,5 milyard kilovat-saat olan Tovuz, Şıxlı və Poylu su elektrik stansiyalarının tikintisi nəzərdə tutulmuşdur. Eyni zamanda, ümumi gücü 500 MVt-yə yaxın olan kiçik su elektrik stansiyalarının da tikintisi planlaşdırılmışdır.

Dövlətimizin başçısı generasiya güclərinin artırılması ilə yanaşı, enerjinin ötürülməsi sistemində və paylayıcı şəbəkələrdə yeniləşmə proseslərinin aparılmasını tövsiyə etmişdir. Belə ki, mövcud EVX-nin əksəriyyətinin istismar müddəti bitmişdir. Məsələn, Azərbaycan İES ilə Abşeron qovşağını birləşdirən xətt 70 il, Şirvan stansiyasından gələn EVX isə 50 ildir ki, istismar olunur. Bu sahədə 4-5 il ərzində işlərin görülməsinə baxmayaraq, problem qalmaqda davam edir.

Hazırda yüksək gərginlikli elektrik şəbəkələrinin inkişaf etdirilməsi istiqamətində də müvafiq layihələr həyata keçirilir. İran dövləti ilə enerji mübadiləsinin həcminin 200 meqavatdan 700 meqavata çatdırılmasına xidmət edəcək 220 kilovoltluq Salyan yarımstansiyasının və müvafiq yüksək gərginlikli xətlərin tikintisi əsasən başa çatdırılmışdır. Azərbaycan enerji sistemi ilə Rusiya Federasiyasının enerji sistemi arasında enerji mübadiləsini 250 MVt-dən 500 MVt-yə çatdırmaq üçün gücü 400 MVA, gərginliyi 330 kV olan "Xaçmaz" yarımstansiyasında son sınaq-sazlama işləri başa çatdırılmışdır. Yarımstansiyanın yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

"Azərbaycan İES-İmişli elektrik verilişi xəttinin tikintisi layihəsi" üzrə işlər qrafikə uyğun aparılır. Bu layihənin həyata keçirilməsi nəticəsində respublikanın müvafiq regionlarının sosial-iqtisadi inkişafı üçün etibarlı energetika bazası yaradılacaqdır. Azərbaycanda yay mövsümündə elektrik enerjisinə olan tələbatın aşağı düşdüyü dövrdə elektrik enerjisinin ixrac edilməsi imkanı artacaqdır.

"Abşeron" yarımstansiyasına "Azərbaycan İES"-lə yanaşı, "Şirvan İES"-dən də enerji ötürmək məqsədilə IV Şirvan hava xəttinin bu yarımstansiyaya giriş-çıxışı təmin olunacaqdır. Bununla əlaqədar, yarımstansiyada müvafiq tədbirlər həyata keçirilir.

Qəbələ rayonunda yerləşən "Laza" turizm mərkəzinin enerji təchizatının dayanıqlığının möhkəmləndirilməsi məqsədilə inşa edilən 110 kV-lik yarımstansiyada işlər başa çatdırılmışdır. Yarımstansiyanın yaxın vaxtlarda istismara verilməsi gözlənilir.

Qusar rayonunda 110 kV-lik "Ləzə", 220 kV-lik "Ağdaş", 220 kV-lik "Zabrat" və digər yarımstansiyaların tikintisi, bu layihələrlə paralel olaraq 500 kV-lik "Muxranis-Vəli" hava xəttinin 70 kilometrlik hissəsinin, 220 kV-lik ikidövrəli 1-ci və 2-ci Mingəçevir, Qəbələ hava xətlərinin yenidənqurulması, "Şimal" ES-Hövsan YS", "Şimal" ES-Zabrat YS-"Sənaye qovşağı" YS" hava xəttinin tikintisinin də həyata keçirilməsi planlaşdırılır.

MDB məkanında ilk dəfə olaraq Azərbaycan enerji sistemində yeraltı variantda "Babək" prospektində inşa edilən 110 kV-lik yarımstansiyada tikinti işləri qrafikə uyğun davam etdirilir. Obyektin cari ilin sonunda istismara verilməsi planlaşdırılır.

Elektrik enerjisi istehlakını intensiv surətdə artıran enerji obyektləri dispetçer və qəza əleyhinə idarəetmə sistemlərinin müvafiq inkişafını tələb edir. Bu funksiyanı Mərkəzi Dispetçer İdarəsi həyata keçirir. Hazırda Azərbaycan enerji sisteminin dispetçer idarəetməsi kompleksinin də köklü modernləşməsi üzrə işlərə başlanmışdır. SKADA adlanan bu layihədə əsas məqsəd enerji sistemilə stansiya və yarımstansiyalar arasında operativ əlaqə saxlamaqdır. Yəni, uzaq məsafədən enerji sisteminin dispetçerləri bilavasitə enerji obyektlərində baş verən bütün fiziki prosesləri rəqəmlər vasitəsilə idarə edir. Bununla sxemdə görünən hər hansı bir dəyişikliyə, habelə tezliyə və gərginliyə operativ nəzarət etmək imkanı qazanılır.

Ümumiyyətlə, yeni milli dispetçer mərkəzi istismara verildikdən sonra enerji sisteminin idarə olunmasının operativliyi son dərəcə yaxşılaşacaq və işçi rejimi yüksək texniki səviyyəyə qalxacaqdır.

Əldə edilən uğurlar yaxın gələcəkdə respublikanın elektrik enerjisi sisteminin dayanıqlılığını və təhlükəsizliyini daha da möhkəmləndirəcəkdir. Bu isə öz növbəsində respublikamızın yaxın zamanlarda regionda elektrik enerjisinin tranziti, daha sonra isə ixracı üzrə mühüm ölkəyə çevrilməsinə imkan verəcəkdir.

Ölkə energetikləri həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ulu öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var qüvvə ilə çalışacaq, möhtərəm Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək, qarşıya qoyulmuş mühüm vəzifələrin layiqincə yerinə yetirilməsinə nail olacaqlar.

 

 

Etibar PİRVERDİYEV,

"Azərenerji" ASC-nin

prezidenti

 

Azərbaycan.- 2009.- 20 oktyabr.- S. 5.