Tarixdə iz buraxanlar: Çingiz Aytmatov
Qırğız türklərinin məşhur
yazıçısı Çingiz Aytmatov 12 dekabr 1928-ci
ildə
Qırğızıstanın Şəkər kəndində anadan olub. Atası
görkəmli
dövlət
xadimi Torekul Aytmatov, anası milliyyətcə
tatar olan Nagima xanımdır. Bir məmur
uşağı olaraq dünyaya gələn Çingiz
Aytmatov ilk təhsilini
kənd məktəbində alıb. II
Dünya müharibəsi zamanı yaşadığı kənddə kişilərdən ibarət əhali sayının
azalması nəticəsində az yaşda ikən kənd sovetində katib kimi işə başlayıb. 1953-cü ildə
Qırğızıstanın Kənd
Təsərrüfatı
İnstitutundan məzun
olub.
Çingiz Aytmatov tələbəliyi zamanı müxtəlif yazılar yazmağa
başlayıb. İnstitutu bitirdikdən sonra kənd
təsərrüfatında
çalışmağa başlamaqla bərabər
yazmağa da davam edib. Bir müddət sonra Moskvada Qorki adına İnstitutda stajorluq keçib və Moskva Universitetinin Ədəbiyyat fakültəsinə qəbul olunub. 1957-ci
ildə
universiteti bitirən
Çingiz Aytmatov 1959-cu ildə
Qırğızıstanda "Pravda" qəzetinin müxbiri
olub. O zamanlar "Dağlar və düzənlərdən məsəllər" adlı hekayələrilə ad qazanıb. 1962-ci ildə
Qırğız Kinematoqrafiyası İşçiləri Birliyinin katibliyinə gətirilib.
Çingiz Aytmatovun bir yazıçı kimi
tanınması onun "Cəmilə" romanını yazması ilə başlayıb. Onun 50-ci illərin sonunda
yazdığı "Cəmilə" romanı ədəbi ictimaiyyət və
oxucular arasında geniş əks-səda yaradıb.
"Cəmilə" romanını fransız dilinə tərcümə edən və ön sözün müəllifi olan
tanınmış fransız yazıçısı Luis
Araqon əsərdən danışarkən heyrətini gizlədə bilməyib: "Qeyd etmək istəyirəm ki, bu əsər dünyada sevgi haqqında yazılan ən gözəl hekayətdir. Gənc yazıçı məhəbbət haqqında indiyə qədər heç kimin
danışmadığı kimi danışır,"-
deyən Araqon əsəri "Dünyanın ən gözəl eşq hekayəsi" adlandırıb.
Elə bədii əsərlər var ki, onları oxuyanda sanki kinoya baxırsan, hər şey gözlərinin qarşısında
canlanır, sanki oxucu deyil tamaşaçısan və hadisələri ekranda görürsən. Bu cür əsərlərin
ekran həyatı
adətən uğurlu
alınır. Bu fikri tam mənasında dünya
şöhrətli
yazıçı Çingiz Aytmatovun
yaradıcılığına şamil etmək olar. Onun "Gün var əsrə bərabər"
romanı belə əsərlərdəndir. "Gün var əsrə bərabər"
romanının baş qəhrəmanı Yedigey
vicdanlı, yorulmaq bilməyən zəhmətkeş, öz
yüksək mənəvi borcuna sadiq bir insandır.
Müəllif
qəhrəmanın taleyini
müasir dövrün bir sıra problemləri və
bütün bəşəriyyətin sabahkı
günü ilə
müqayisə
edir, dünyada əminamanlığın,
xeyirxahlığın və
humanizmin təntənəsini ən
böyük qələbə kimi səciyyələndirir. Çingiz
Aytmatov 1963-cü ildə
"Gün var əsrə bərabər"
romanı ilə
Lenin mükafatına layiq görülüb və Sovet ədəbiyyat mükafatını
qazanan ilk qırğız yazıçısı olub.
Yazdığı əsərlərdə qırğızların kənd həyatını təsvir edən Çingiz Aytmatovun
ilham qaynağı qırğız dastanları,
xüsusilə "Manas" dastanı olub. Onun həm rusca, həm də qırğız
dilində qələmə
aldığı əsərlərinin əsas mövzusunu
müharibə və eşq təşkil edir. Yazıçı bu mövzuların üzərində durmasını
isə insanın ən güclü
duyğularının bu iki vəziyyət halında ortaya
çıxması ilə
izah edir.
Türk dilinə və Orta Asiya türk boylarına xüsusi maraq
göstərən yazıçı 1966-cı ildə SSRİ Ali Sovetinə, 1967-ci ildə isə SSRİ
Yazıçılar İttifaqının idarə heyətinə üzv seçilib. 1968-ci ildə Sovet
İttifaqının dövlət
ədəbiyyatı
mükafatına layiq görülüb.
Sovet
İttifaqı Kommunist Partiyasında illərcə əməkdaşlıq edən Çingiz Aytmatov eyni
zamanda Orta Asiya türk dövlətlərinin, xüsusilə də
Qırğızıstanın otuz ildən artıq azad dünyaya
açılan pəncərəsi olub. Onun düşüncələri Avropameylli əsərlərində siyasi və mənəvi
əsarətin gərginliklərini, əzablarını,
milli azadlığın çətin
və əzablı
yollarını böyük cəsarətlə ifadə etmək
bacarığında öz əksini
tapıb. O, milli-mənəvi özünüdərki hər bir xalqın, o cümlədən qırğız
xalqının böyük amalı səviyyəsində təqdim edib. Sovet
imperiyasının sərt
rejimi çərçivəsində
bütövlükdə
insan və ya
konkret bir millət
haqqında taleyüklü böyük ideyaları əks etdirmək Çingiz Aytmatovun
qəhrəmanlığı
idi. O dövrün sərt ideoloji tələblərinə baxmayaraq, Çingiz
Aytmatov sadəcə əməli, işi ilə deyil, mənəvi aləmin bütün zənginlikləri, qəribəlikləri ilə yeni olan sadə insanı ciddi bir ədəbiyyat hadisəsi səviyyəsində təbii şəkildə təqdim etmək vəzifəsini bacarıqla həyata keçirib. Sovet dövründə
Çingiz Aytmatovun milli mövqeni, yeni insanı və bəşəri
problemləri
böyük ədəbiyyat
miqyasında ifadə
etməklə yanaşı, həm də əsərləri vasitəsilə nəşr etdirərək
dünyada yaya bilməsi
sosializm dövrünün möcüzələrindən biri idi. Çingiz Aytmatov sosializm cəmiyyətində yaşayaraq sovet
gerçəkliyinin
sədlərini aşa bilən böyük ədəbiyyat yaratmağın təkrarsız
nümunəsini
göstərib.
O, bütün dünyada oxşar taleləri yaşayan və gələcək haqqında eyni
düşüncədə olan xalqların hamısının
yazıçısıdır. Onun əsərləri
bu gün də bədii ədəbiyyatın ən qiymətli
nümunələri kimi oxunur.
Çingiz Aytmatov qırğız xalqının
dünya mədəniyyətinə bəxş etdiyi dahi yazıçıdır. O, həyat həqiqətlərini bütün
çılpaqlığı və mürəkkəbliyi ilə dərindən dərk edib realizm və romantizm elementlərini birləşdirməklə, qırğız və dünya ədəbiyyatını hissediləcək dərəcədə zənginləşdirən əsərlər yazmağa müvəffəq olub. Çingiz
Aytmatovu müasiri olduğu yazıçılardan fərqləndirən əsas xüsusiyyətlərdən biri isə onun sadə insanların
gözü ilə
dünyəvi
problemləri
duymaq, onlara həqiqi
qiymət vermək və müəyyən mənada insanları
narahat edən
suallara cavab axtarmaq bacarığıdır.
Zəmanəmizin görkəmli qırğız yazıçısı
Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri
realizmin tükənməz bədii və idraki
gücünü nümayiş etdirir.
Çingiz Aytmatov bir çox əsərini gördüklərini,
yaşadıqlarını ənənələrin süzgəcindən keçirərək xalqı ilə birlikdə yazıb. 60 ildən çox
yazıçılıqla məşğul
olan Çingiz Aytmatov yaşadığı dövrdə tabu sayılan
mövzuları işləyib.
Əsərlərini qırğız və rus dillərində qələmə alan
Çingiz Aytmatov qırğızların adət-ənənələrini, müharibə illərində xalqın çəkdiyi çətinlikləri əks etdirib, eşq, dostluq
kimi mövzulara toxunub. Romanları, hekayələri 150-dən
çox dilə tərcümə edilən
yazıçının əsərlərini "Yer
üzündə
yaşayan bütün insanlar haqqında
ensiklopediya" adlandırırlar.
Çingiz Aytmatov milli ruhlu bir yazıçı
idi. O,
yalnız öz ölkəsinin, öz xalqının deyil, bütün ölkələrin, bütün
xalqların yazıçısı idi, bəşəri bir nasir idi. O, zəmanəmizin klassiki idi və qələmə aldığı əsərlərdə dünyəvi mövzulara toxunurdu,
həyati
hadisələri bütün gerçəkliyi ilə ədəbiyyata ustalıqla gətirirdi. Çingiz
Aytmatovun əsərləri insanları
düşündürür, onları sabaha inamla
baxmağa səsləyir. Onun qəhrəmanları həyatın
sınağından hünərlə, alnıaçıq
çıxır.
Dahi adamların həyatı və yaradıcılığı həmişə onların ölkələrinin və xalqlarının
maraqları ilə bağlı olub. Yazıçı, mütəfəkkir Çingiz Aytmatovun isə
yaradıcılıq və
ictimai fəaliyyəti böyük yer
məkanı, ümumbəşəri taleləri və maraqları, yer
üzərində insan həyatının fəlsəfi problemlərini əhatə edir. Eyni zamanda, onun povest və
romanları bizim sadə
adamların həyatı,
onların könül sevgisi, müasir mürəkkəb dünyada həyat
yollarının axtarışları barədə olan hekayələrdir. Bəşər həyatının təbiətə, cəmiyyətin inkişaf
tarixi ilə
sivilizasiyaların təşəkkülü və insanlar
arasında münasibətlərlə ümumi əlaqəsi Çingiz
Aytmatovun əsərlərində öz əksini tapır.
Onun əsərlərində və ictimai nəşrlərində toxunulan, kütləvi informasiya
vasitələrində
işıqlandırılan məsələlər
müxtəlif
ölkələrin və cəmiyyətin
müasir ideoloji həyatı
üçün bu gün də
xüsusi aktuallıq kəsb
edir.
Çingiz Aytmatov zaman və insan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan
düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər
düşündürsə
də,
yaratdığı obrazlar tarixi yaddaşın
daşıyıcısı olub. O, dünyanın ədəbi prosesinə təsir göstərə bilən bir şəxsiyyət olub. Onun əsərləri
Azərbaycan dilinə tərcümə
edilərək dəfələrlə çap olunub.
Azərbaycan
və
qırğız xalqları, Türk dünyası
yaşadıqca Çingiz Aytmatovun yaratdığı
söz körpüsü dostluğumuzu,
qardaşlığımızı qoruyub saxlayacaq.
Onun əsərləri bizim
ayrılmaz tərkib
elementimiz və həyat amilimiz olub, qəlbimizi, xəyallarımızı
gözəlliklərlə
qidalandırıb.
Çingiz Aytmatovun yaradıcılığı
hələ gənclik illərində nəinki Mərkəzi Asiya Respublikaları
oxucularının, həm də regiondan kənarda yerləşən türkdilli ölkələrin oxucularının diqqət mərkəzində olub. Görkəmli
yazıçı hələ o zamanlar
Türkiyəni
bir neçə dəfə ziyarət
edib.
2008-ci ili Qırğızıstan
Respublikasında "Çingiz Aytmatov ili" elan
olunmuşdu. Qırğızıstan və Azərbaycan xalqlarının
dostluq əlaməti kimi həmin il fevral ayının 24-dən martın 1-nə kimi Bakıda
"Çingiz Aytmatov ili"nə həsr edilən rəsmi tədbirlər keçirilib. Həmin
tarixlərdə Türkdilli
Dövlətlərin Siyasətinə Dəstək
Fondu tərəfindən Çingiz
Aytmatovun Bakıya səfəri təşkil olunub.
Səfər çərçivəsində Prezident İlham Əliyev
Çingiz Aytmatovu qəbul
edərək
yazıçının
yaradıcılığını yüksək qiymətləndirib, onu
"Dostluq" ordeni ilə
təltif edib.
Çingiz Aytmatov Azərbaycanda
keçirilən
intibahdan böyük qürur duyduğunu bildirib,
Prezident İlham Əliyevin rəhbərliyi altında
görülən
işləri
Türk dünyasının böyük nailiyyəti
adlandırıb.
Qırğızıstanın xalq
yazıçısı Çingiz Aytmatov müasir
dünyanın ən qüdrətli söz ustalarındandır. O, adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona
yüksək fikir zirvəsindən baxmağı bacaran bir fikir adamı olub. O, təsvir etdiyi hadisələrin özünü deyil, fəlsəfəsini, mahiyyətini görür və göstərirdi. Onun əsərlərində ən adi məsələ ümumdünya məsələsi
kimi göstərilib.
Buna görə
də o, yalnız
öz ölkəsində deyil, bütün
dünyada maraqla qarşılanıb. Əksər əsərlərini rus dilində yazmasına baxmayaraq, onun bütün
obrazları təpədən-dırnağa qədər qırğızdır. Çünki onun əsərlərində ümumdünya
problemləri
qırğız həyatından
və
qırğız təbiətindən keçib
ümumiləşir.
Çingiz
Aytmatov belə deyib: "Doğru nədir, nədir yalan? Doğru
insanlara sevgidir, bu planetdə
doğulanların hamısına xoşbəxtlik və azadlıq
arzulamaqdır. Heç bir ideologiya və milli quruluş bunun qədər vacib ola
bilməz. İnsanlar öldürəndə, öləndə yox, yalnız sevəndə əsl qəhrəman olur..."
Bu da bir həqiqətdir ki, Çingiz Aytmatov müasir ədəbiyyat təfəkkürü yaradan
böyük mütəfəkkirdir.
O, öz əsərlərində bəşəri düşüncənin ideal balansını tapıb,
insanlığa şərəflə xidmət edib, siyasi şəxsiyyətliyindən ziyadə ədəbi və mədəni şəxsiyyətini öndə tutub. Qırğız türklərinin mədəniyyətini
yenidən ortaya
çıxaran bu dahi insan 10 iyun 2008-ci ildə müalicə olunduğu
Almaniyanın Nürnberq şəhərindəki klinikada vəfat edib.
Allah rəhmət eləsin.
Fazil
QARAOĞLU professor
Bakı
xəbər.- 2017.- 8-10 aprel.- S.15