Tarixdə iz buraxanlar: Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakının Əmircan qəsəbəsində anadan olub. Atası Bəhlul bəy, anası Hökumə xanımdır. Səttar Bəhlulzadə ilk təhsilini məhəllə məktəbində alıb. Orta təhsil aldıqdan sonra 1927-1931-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbində oxuyub. İstedadlı gənc rəssam yaradıcılığa o dövrdə yaxşı tanınan və sevilən rəssam Əzim Əzimzadənin rəhbərliyi ilə “Kommunist” qəzetində başlayıb. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub.

Fəqət ustadı ona qabiliyyətini boyakarlıqla sınamağı, bunun üçünsə təhsilini davam etdirməyi məsləhət görüb. Beləliklə, gənc Səttar Moskvaya yollanır və Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olur. Burada o, 1933-1940-cı illərdə məşhur rəssamlar V.A.Favorski və Q.M.Şaqalın rəhbərliyi altında ümumən rəssamlıq sənətini, o cümlədən də boyakarlığın sirlərini ciddi-ciddi öyrənir.

Səttar Bəhlulzadə Vətənə qayıdar-qayıtmaz faşist Almaniyası SSRİ-yə hücum edir. Azərbaycanın elm və mədəniyyət xadimləri ilə birlikdə rəssamları da bu dövrdə bütün qüvvələrini xalqımızı qələbəyə ruhlandıran sənət əsərləri yaratmağa sərf edirlər. Siyasi-təşviqat plakatları çəkir, səyyar rəsm sərgiləri yaratmaq sahəsində yorulmaq bilmədən çalışırlar. Vətən müharibəsi, yadelli qəsbkarlara nifrət rəssamlarımızın əsas mövzuları idi. 1941-1945-ci illərdə Səttar Bəhlulzadə “Babək üsyanı” və “Fətəli xan” əsərlərini çəkir. Bu əsərlərdə o, torpaqları uğrunda canını fəda etməyə hazır olan tarixi şəxsiyyətləri təsvir edir. “Bəzz qalasının müdafiəsi” lövhəsi boyaların ahəngi, koloritin dürüstlüyü ilə fərqlənir, eyni zamanda vətən torpağına məhəbbət hissi aşılayır.

Müharibədən sonrakı illərdə Səttar Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənir və o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlayır. 1946-1947-ci illərdə respublika bədii sərgilərində rəssamın Abşeron etüdləri – “Buzovnada neft mədənləri”, “Əmircan”, “Bakıda atəşfəşanlıq” və s. əsərləri nümayiş etdirilir. Tənqidçilər yeni üslubda fəaliyyət göstərən istedadlı rəssamın getdikcə daha da püxtələşdiyini qeyd edirlər.

Tarixi şəxsiyyət Səttar Bəhlulzadə təəssürat rəssamıdır. O, təbiətin zəngin boyalarından, günün müxtəlif çağlarından, ilin fəsillərindən aldığı təəssüratları yalnız ona məxsus xüsusi məharətlə verə bilirdi. Onun “Qədim atəş” (1967), “Odlu torpaq”, “Əbədi məşəllər”, “Abşeron tağı” (1970) mənzərələrində fərdi təəssüratdan doğan lirik hisslər, həyəcanlar həlledici rol oynayır.

Azərbaycanın müxtəlif rayonlarını qarış-qarış gəzən rəssam bir çox təbiət mənzərələri yaradıb. Rəssamı ilhama gətirən təbiət mötivləri rəngarəngdir. O, səfalı dağ mənzərələrini, meyvə bağlarını, bərəkətli pambıq tarlalarını, baharın gözəlliyini, payızın qızılı rəhglərini dönə-dönə, hər dəfə də vurğunluqla tərənnüm edib. “Doğma düzənliklər” (1957), “Gölməçələrdə ördəklər” (1955) şairanə mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam “Yuxarı Daşaltı” (1955), “Cıdır düzü (1957), “Dumanlı dağlar” (1957), “Yaşıl xalça” (1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçasının möcüzəsi ilə kətan üzərində çanlandırıb.Müşahidəçi rəssam hər dəfə yeni-yeni mənzərə motivləri tapır, təbiətin gözəlliklərini insan əməyi ilə əlaqələndirirdi. Bu mənada rəssamın Abşeron təbiətinə həsr etdiyi “Neft daşları” mənzərə silsiləsi onun yaradıcılığında xüsusi yer tutur. Həmin silsilə Xəzərdə salınan əfsanəvi neft şəhəri haqqında poetik təsəvvür yaradır. Səttar Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər gözəli” (1960), “Suraxanı atəşgahı” (1970)), “Əfsanəvi torpaq” (1971) əsərlərində rəssam tədricən rəng palitrasını zənginləşdirib, koloritin dekorativliyinə nail olub. Bəhlulzadənin “Xəzər üzərində axşam” (1958) mənzərəsi rəssamın geniş şöhrət qazanan əsərlərindəndir. Bu əsərdə mavi, gümüşü dumanlar arasından göy dənizin səthi üzərində yüksələn əfsanəvi estakada və neft buruqları sanki zühur edir. Bu qəribə mənzərə təbiətin sənaye ilə vəhdətini göstərən şairanə nəğmə kimi səslənir.

 

Səttar Bəhlulzadənin lirik, poetik mənzərələr ustası olmasını 1947-1953-cü illərdə yaratdığı “Qudyalçay sahili”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, həmçinin “Kəpəzin göz yaşları” (1965), “Vətənimin baharı” (1967), “Azərbaycan nağılı” (1970), “Şahnabat” (1973), “Naxçıvan. Axşamçağı Ordubad bağlarında” (1974) mənzərələri birmənalı şəkildə təsdiqləyib. O, real mənzərə motivlərini rəssam təxəyyülünün məhsulu olan şərti təsvir formaları ilə əlaqələndirməyi bacarıb. Mənzərələrin koloritində açıq rənglərin vəhdəti (ağ, mavi, çəhrayi, yaşıl və s.) əsas yer tutur. “Muğanda bahar” (1961), “Bağlar arasında” (1960), “Çiçəklənən torpaq” (1960), “Torpağın arzusu” ( 1964), “Nağıl” (1970) və s. əsərlərində doğma torpağa və onu dəyişdirən zəhmət adamlarına hədsiz məhəbbət elə ilk baxışda aşkar duyulur.Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi həmişəlik həkk olunub. O, müxtəlif rənglərin yeni çalarlarını kəşf edərək onların ahəngindən gözəl lövhələr yaradıb. Onun rəng palitrasının zənginliyi, poetik əhval-ruhiyyə və kolorit gözəlliyi ilə seçilən orijinal üslublu əsərləri milli təsviri sənətin ən qiymətli inciləri sırasındadır.

Səttar Bəhlulzadə yaradıcılığının özünəməxsus xüsusiyyəti var. Həmin xüsusiyyət onun əsərlərində aydın görünür. Bu qeyri-adilik onun daxili fəlsəfi aləmi ilə, onun dünyagörüşü və fitri istedadı ilə bağlıdır. Şübhəsiz ki, belə əsərlər yarada bilən adam, o dövrdə klassik üslubdan kənara çıxıb öz yolu ilə gedən, öz rəssamlıq məktəbini yaradan bir insan həm öz şəxsiyyətinə, həm də sənətkarlığına və yaradıcılığına görə adi deyil. Ona görə də bizim rəngarəng mədəniyyətimizdə, o cümlədən rəssamlıq məktəbimizdə Səttar Bəhlulzadə yaradıcılığı ilə yeni bir səhifə, yeni üslub açılıb. Avropa Pikasso kimi böyük rəssamı ilə fəxr edirsə, biz də iftixar hissi ilə deyə bilərik ki, Azərbaycanın da Pikassoya bərabər Səttar Bəhlulzadə kimi rəssamı var və Azərbaycan da onunla fəxr edir.Səttar Bəhlulzadə Azərbaycan rəssamlıq sənətində yeni bir məktəb yaradıb. Onunəsərləri, sənətkarlıq və rəssamlıq üslubu çox orijinal və özünəməxsusdur. Məhz bu özünəməxsusluğun nəticəsidir ki, rəssamın əl işinə bələd olanlar onun əsərlərini görən kimi tanıyır, müəllifin Səttar Bəhlulzadə olduğunu qeyd edirlər. Bəli, Azərbaycan xalqı zəngin mədəniyyət və incəsənət tarixinə malikdir. Xalqımız əsrlər boyu dünya sivilizasiyasına mədəniyyətinə böyük töhfələr verib. Mədəniyyətimizin böyük bir sahəsi rəssamlıq sənətidir və bu sahədə Azərbaycan xalqının dünya mədəniyyətində öz yeri var. XX əsr Azərbaycan xalqının mədəni həyatında çox böyük hadisələr dövrü olub. XX əsrdə mədəniyyətimiz bütün sahələrdə sürətlə inkişaf edib, dünya mədəniyyətinə böyük simalar bəxş edib. Onların arasında rəssamlıq sahəsində Səttar Bəhlulzadənin xüsusi yeri var. O, nəinki Azərbaycan, həm də bütün dünya mədəniyyəti üçün, dünya rəssamlıq sənəti üçün görkəmli bir simadır və böyük mədəni irs qoyub. Azərbaycan xalqı belə bir şəxsiyyəti ilə fəxr edir. Çünki o öz əsərləri ilə Azərbaycan mədəniyyətini zənginləşdirdi. Eyni zamanda Azərbaycan mədəniyyətini, incəsənətini bütün dünyaya tanıtdı.   

Səttar Bəhlulzadənin özünəməxsus aləmi var idi. O, fəlsəfəyə bağlı bir insan idi. Ona görə də yaratdığı əsərlər onun daxili dünyasını açır. O, qeyri-adi bir insan idi və bu qeyri-adiliyini öz əsərləri ilə hamıya nümayiş etdirib. O, əzmkar və fədakar, sənətini çox sevən və bütün həyatını öz sənətinə həsr edən bir adam olub. Bu insan heç vaxt şan-şöhrət, ad, mükafat dalınca getməyib. Çoxlarını düşündürən belə şeylər onu heç vaxt maraqlandırmayıb. O, çox sadə və təvəzökar bir insan idi. Onun daxili aləmi, mənəviyyatı, yaratdığı əsərlər o qədər böyükdür ki, bunlar onu bizə böyük bir sima kimi tanıdıb. Səttar Bəhlulzadə insanların ruhunu və zövqünü oxşamaq, “Həyat gözəllikdir” həqiqətini sənətilə sübut etmək üçün öz taleyini, şəxsi həyatını ədəbi sənət yolunda qurban verən nadir sənətkarlardan idi. Onun kimi ustada ölüm yoxdur! O bütün dövrlərin oğludur. Bu ad dünya durduqca yaşayacaq, Azərbaycan xalqının mədəniyyət tarixindən heç vaxt silinməyəcək.

 

Səttar Bəhlulzadənin çox qəmli gözləri vardı. Amma bu qəmli gözlərlə o, dünyanı bol günəşli, işıqlı, bahar səsləri ilə dolu görürdü. Böyük rəssamlar insanlara sevinc və gözəlliyi duymanı bəxş edən gül-çiçəyə bənzəyirlər. Odur ki, onların nəyisə qazanmaq iddiası yox, acılı-şirinli taleləri olur. Bəziləri ən gözəl əsərini lap cavanlığında, bəziləri isə orta yaş dövründə, bir qismi də qocalığında yaradır. Səttar o sənətkarlardandır ki, yaradıcılığında həmişə cavan və təravətli, həm də müdrik olub.

 

Heç şübhəsiz, dünya şöhrətli rəssam Səttar Bəhlulzadənin yaradıcılığı daha yüksəklərə qalxacaq, dəyəri daha da artacaq. Onun yaradıcılığı bizim millət üçün bir mədəniyyət mənbəyidir, xalqımızı, onun mədəniyyətini daha yüksəklərə qaldırır. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir.

 

Səttar Bəhlulzadənin tabloları respublika, ümumittifaq, habelə rəssamın fərdi sərgilərində göstərilib, Əlcəzair, Misir, Livan, Suriya, Tunis, Norveç, Almaniya, Çexiya, Bolqarıstan, Macarıstan, Rumıniya, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və s. ölkələrdə keçirilən sovet təsviri sənəti sərgilərində nümayiş etdirilib.

1964-cü ildə Praqada Bəhlulzadənin qrafika əsərlərindən ibarət fərdi sərgisi təşkil olunub. Hazırda onun əsərləri R.Mustafayev və Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində və çox böyük hissəsi şəxsi kolleksiyalarda saxlanır. Məhsuldar fəaliyyətinə və yüksək sənətinə görə Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR Xalq rəssamı (1963) fəxri adlarına layiq görülən rəssama 1972-ci ildə Azərbaycan SSR Dövlət mükafatı verilib. O, “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilib.

Görkəmli Azərbaycan rəssamı, müasir Azərbaycan boyakarlıq sənətində mənzərə janrının yaradıcılarından və ən böyük ustadlarından biri Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib, Əmircana gətirilərək doğma kəndində dəfn olunub.

Allah rəhmət eləsin.

Fazil QARAOĞLU Professor