Sübut olundu - gender bərabərliyi
inkişafın mühüm şərtidir...
Beynəlxalq səviyyədə ilk dəfə olaraq kişilər və qadınlar arasında bərabərlik 1945-ci ildə BMT-nin nizamnaməsində təsbit edilib. Bu nizamnamədə müəyyən edilib ki, Birləşmiş Millətlər Təşkilatı xalqları fundamental hüquqlara inamı bir daha təsdiq etməli, gender bərabərliyini təmin etməli, bunun üçün müvafiq şərait yaratmalıdırlar.
Bu müddəalar bərabərlik və ayrıseçkiliyə yol verməmək prinsiplərinin gələcək inkişafı üçün zəmin yaradıb.
Gender bərabərliyi beynəlxalq hüquq müstəvisində
1946-cı ildə BMT-nin Qadının Statusu üzrə Komissiyası yaradılıb ki, bu da kişi və qadınlar arasında gender bərabərliyinin təmin edilməsində mühüm rol oynadı. Qurumun fəaliyyəti təkcə cəmiyyətin müxtəlif sahələrində qadınların müdafiəsini təmin etmək məqsədi daşımayıb, həm də dünyanın bütün ölkələri tərəfindən kişi və qadın bərabərliyi prinsipinə əməl olunmasına nəzarət etmək vəzifəsini qarşısına qoyub. Beləliklə, Qadının Statusu üzrə Komissiya kişilər və qadınlar arasında bərabərliyin təşviqinə yönəlmiş müxtəlif tövsiyələr qəbul etməklə həm beynəlxalq, həm də milli səviyyədə gender bərabərliyini təmin etməyə çalışmışdır.
1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsinə əsasən, hər kəs heç bir fərq qoyulmadan bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlardan istifadə etmək hüququna malikdir. Preambulada qeyd edilir ki, orada təsbit edilmiş müddəalar bütün xalqların və dövlətlərin səy göstərməyə borclu olduğu standartlar kimi qəbul edilməlidir. Beləliklə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları gender ayrı-seçkiliyinə yol verməmək prinsipini təsbit edir ki, ona görə də kişilər və qadınlar bərabər bütün hüquq və azadlıqlara malik olmalıdırlar. 1950-ci il İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası gender əsasında ayrı-seçkiliyin qadağan edilməsini də təsbit edir. Konvensiyanın 14-cü maddəsinin müddəalarına əsaslanaraq belə bir nəticəyə gəlinir ki, kişi və qadın heç bir əsasla ayrı-seçkiliyə məruz qala bilməz. Nəticə etibarilə, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyası təkcə beynəlxalq hüquqi deyil, həm də milli insan hüquqları institutlarının formalaşması tarixində əlamətdar sənəddir. Gender bərabərliyinə dair beynəlxalq hüquqi standartların formalaşmasının növbəti mərhələsi 1966-cı ildə iki beynəlxalq paktın qəbul edilməsidir. Söhbət vətəndaş və siyasi hüquqlar haqqında və genderə görə ayrı-seçkiliyin qadağan olunmasını təsbit edən iqtisadi, sosial və mədəni hüquqlar haqqında paktlardan gedir. İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 3-cü bəndinə əsasən, paktın iştirakçısı olan dövlətlər kişilər və qadınlar arasında bərabərliyi təmin etməyə borcludurlar. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 3-cü maddəsi həmçinin iştirakçı dövlətlərin kişi və qadınların bütün mülki və siyasi hüquqlardan istifadə etmək üçün bərabər hüquqlarını təmin etmələrini təmin etməyə yönəlmiş müddəa nəzərdə tutur. Nəticə etibarilə, hər iki beynəlxalq pakt qadınlar və kişilər üçün bərabər siyasi, mülki, sosial, iqtisadi və mədəni hüquqlarda bərabərliyi təmin edir. Qeyd etmək lazımdır ki, bu beynəlxalq paktların 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə ortaq cəhəti onların İnsan Hüquqları və Azadlıqları Xartiyasını təşkil etməsidir. Ümumiyyətlə, əksər beynəlxalq sənədlər və ümumilikdə beynəlxalq təşkilatların fəaliyyəti gender ayrıseçkiliyinə məruz qalan qadınların hüquqlarının qorunmasına yönəlib. Bu müstəvidə fəaliyyət göstərən beynəlxalq təşkilatların və xüsusi beynəlxalq sənədlərin yaranması uzun müddət qadınların kişilərlə qeyri-bərabər mövqedə olması ilə əlaqədar idi. Bu vəziyyətə köklü stereotiplərin, eləcə də qadınların rolunu aşağılayan ənənəvi, mədəni və dini adət və ideyaların mövcudluğu səbəb olmuşdu. Qadınlara ana, ev gözətçisi kimi müəyyən sosial rollar qoyulmuş, davranış nümunələri formalaşmış, buna görə də qadın kişi ilə qeyri-bərabər mövqeyə qoyukmuşdu. Əksər hallarda qadınların hüquqları qüvvədə olan milli qanunvericiliklə, məsələn, əmək sferasında, siyasi sahədə və digər sahələrdə məhdudlaşdırılmışdı. Nəticə etibarı ilə qadınlara qarşı gender ayrı-seçkiliyinin bütün dünya ölkələrini əhatə etdiyinə görə, bu problem beynəlxalq xarakter alıb və beynəlxalq ictimaiyyət tərəfindən qlobal problem kimi təsnif edilib. Bu fonda aparılan mübarizə nəticəsində indi bir çox ölkələrdə qadınların mövqeyi kişilərlə əhəmiyyətli dərəcədə bərabərdir. Azərbaycan da belə ölkələr sırasındadır və ölkəmizdə gender bərabərliyi ən yüksək səviyyədə təmin olunur.
Azərbaycan gender simmetriyasında mühüm uğurlara
nail olub
Tarix boyu qadınlar cəmiyyətimizin
mənafeyi naminə böyük işlər görüblər. Bəziləri yaxşı tanınır,
digərləri daha az tanınır,
lakin hər biri dünyanın tərəqqisinə töhfə
verib. İstər insan hüquqlarının
və sülhün təbliğində, istər
elmin inkişafında,
istərsə də insanların həyatını
xilas etmək və ictimai sağlamlığın qorunmasında
ön cəbhədə
xidmət edən qadınların sayı yetərincə olub. Azərbaycan tarixində də bunun çoxsaylı nümunələri var.
Ümumiyyətlə, Azərbaycan qadını bu gün də
ictimai həyatın bütün sahələrində
fəaldır, ictimai rəyin yaranmasında və formalaşmasında
da iştirak edir. Azərbaycanın dövlət müstəqilliyinin
möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi
sahələrdə, beynəlxalq
münasibətlərdə yeni nailiyyətlərin əldə olunmasında qadınlar da yüksək təşəbbüskarlıq
və fəallıq göstərdilər. Bu fəallıq tarixi ənənələrlə yanaşı,
ölkəmizdə həyata
keçirilən gender siyasətinin
mahiyyəti - qadınlara
cəmiyyətin tamhüquqlu
üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri
şəraitin yaradılması
ilə bağlıdır.
Ölkədə gender siyasətinin
tələblərinə uyğun
olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin edilib. Azərbaycanda gender bərabərliyi istiqamətində
atılan addımlar, görülən işlər
ölkəmizdə demokratik
cəmiyyətin qurulmasında
mühüm rol oynayıb. O da faktdır ki, hər bir ölkənin
davamlı inkişafı
gender fərqi qoyulmadan
onun bütün vətəndaşlarının mənəvi və iqtisadi potensialından səmərəli istifadəni
nəzərdə tutur.
Məhz buna görə də gender simmetriyasına nail olmaq bütövlükdə dünya
birliyi üçün
prioritet məsələlərdən
biridir. Bu gün
BMT-nin bütün dünyada müdafiə etdiyi gender bərabərliyi
məsələlərinə aid təsirli həcmdə normalar, standartlar və prinsiplər mövcuddur. Kişilər və qadınlar üçün imkanların,
resursların və seçimlərin bölüşdürülməsini
dəyişdirmədən və
genişləndirmədən heç bir cəmiyyət davamlı inkişaf edə bilməz. Tədqiqatlar göstərir ki,
qadınlar kişilərlə
eyni sürətlə
yeni bizneslər yaradıb genişləndirsələr,
iqtisadi fayda 5-6 trilyon dollara yaxın olacaq. Bu səbəbdən gender simmetriyasının
təmini yalnız tərəqqiyə əlavə
töhfələr verir.
Samirə
SƏFƏROVA
Bakı Xəbər 2024.- 24 iyul (№ 128).- S.8.