"Mən səhnəyə hələ lazımam"

 

Nübar Novruzova: "Mənimlə açıq-açığına vuruşmurlar..."

 

Əməkdar artist Nübar Novruzova uzun illərdir ki, Gənc Tamaşaçılar Teatrında çalışır. Həyatını ömürlük teatra bağlayan Nübar xanım hələ tələbə ikən Nuşiçin "Nazirin xanımı" əsəri əsasında hazırlanmış tamaşadakı Anka rolu ilə şöhrət qazanıb.

   Canını teatrın yolunda fəda edən, sağlamlığını itirən aktrisa özünün dediyi kimi, on il teatrı çiynində daşıyıb. O, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"ində Nargilə, Şekspirin "Kleopatra"sında Kleopatra, Nazim Hikmətin "Şöhrət və unudulan adam"ında professorun qızı, "Duel" televiziya tamaşasında Nazlı, eləcə də digər əsərlərdə və filmlərdə yaddaqalan, tamaşaçıların sevgisini qazanan obrazlar yaradıb.

   Aktrisa əməkdaşımızla söhbət zamanı teatrdakı xidmətlərindən və gələcək rollarından, arzularından danışıb...

       - Necə oldu ki, aktrisa oldunuz?

   - Mən Naxçıvan şəhərində böyüyüb boya-başa çatmışam. May ayına qədər Naxçıvanda olurdum. Maydan sonra Batabata, Gömürə düşərgəyə gedirdim. Bir də Sisyanın Ağüdü, Comərd, Dəstəgird, Qızılcıq kəndlərinə gedirdim...

   Yaxşı oxuyurdum, tədbirlərdə gözəl şeirlər deyirdim. Televiziyada çıxış edirdim. Kiçik filmlərə çəkilirdim. Beləliklə, məni tanıyırdılar. Ədəbiyyat müəllimimiz Nəcibə xanım, tarix müəllimimiz Hüseyn müəllim, coğrafiya müəllimimiz Dilarə xanım həmişə yadımdadı... Nəcibə xanım, Həmid Arzulu və Hüseyn müəllim məni çox istəyirdilər... Sinifdə uşaqlar səs salanda, bu müəllimlər məni lövhəyə şeir söyləməyə çağırırdılar. "Ana və poçtalyon" və s. şeirləri deyirdim, uşaqlar sakitləşirdi. Müəllimlər də deyirdi ki, sən aktrisalığa get. Televiziyada tez-tez çıxış elədiyimə görə artıq Naxçıvan əhalisi məni tanıyırdı. Deyirdilər ki, səndən gözəl aktrisa olar, bu sahə üzrə get. Doğrusu, mən hüquqşünas olmaq istəyirdim. Taleyin qisməti belə oldu ki, aktrisa oldum. Mənim atam bizi hər altı-bazar Naxçıvan Dövlət Dram Teatrına aparırdı. Biz altı uşaq idik. Bu kişi hamımızı musiqi məktəbinə qoymuşdu. Bacılarımın biri kamançaya, biri gitaraya, biri də nağaraya gedirdi. Mən həm qarmon, həm piano çalırdım. Axşamlar gözəl havada oturub çalıb-oxuyurduq. Bizi hamı ailə ansanblı kimi tanıyırdı...

   İncəsənət İnstitutuna imtahan verməyə gəlmişdim. İçəri girdim. Müəllimlər hamısı gülüşdü. Mən əynimə-başıma baxdım. Fikirləşdim ki, nəyim düz deyil ki, bunlar mənə gülürlər. Gördüm ki, bu, yaxşı gülüşdü. Mənə gözəl-gözəl sözlər dedilər, pianoda çaldım, oxudum, şeir dedim. Dedilər ki, sən anadangəlmə sənətkarsan. O biri imtahanlara girəndə, artıq müəllimlər məni tanıyırdılar. Yolda məni görəndə müəllimlər qucaqlayıb gülüşürdülər...

   - Hələ tələbə ikən diplom işiniz sizə şöhrət gətirib. Bu necə oldu?

   - Nuşiçin "Nazirin xanımı" əsərində Ankanı oynamışam. Şekspirin "Qış nağılı"nda Germionu oynamışam. Mən bir əsərdə elə olurdu ki, iki rol oynayırdım. Mənim müəllimim Rza Təhmasib, Adil İsgəndərov, səhnə danışığı müəllimim Könül xanım olub. Elə oldu ki, 3-cü kursdan bu dahi insanları itirdik. Dördüncü kursda Zəminə Hacıyeva oldu bizim kurs rəhbərimiz. O mənə "Nazirin xanımı"nda Ankanı verəndə, mən bu rolu oynamaq istəmədim. Dedim ki, qulluqçunu oynayacağam. Həmişə baş qəhrəmanları oynamışam. İndi mənim kimi qəşəng bir qıza qulluqçu rolunu verir? Özümdən çox müştəbeh idim. Dedim, mən bu rolu oynamayacağam. Dedi ki, "sən Ankanı oynayacaqsan". Mən gedib bir neçə dondurma aldım. Qış vaxtı idi. Dondurmaları yedim ki, boğazım şişsin, xəstələnim, instituta getməyim. Bir az xəstələndim. Zəminə Hacıyeva gəlib dedi ki, "nə edirsən, et, sən bu rolu oynayacaqsan". İnanın ki, o rol mənə şöhrət gətirdi. Mən qulluqçu Ankanı oynamaqla xarakter oynamağı öyrəndim. Bu gün də bəlkə o çörəyi yeyirəm.

   Diplom tamaşası ilə biz bütün rayonlara qastrola çıxırdıq. O vaxtı belə şey olmamışdı. İlk tələbə truppası idi. İlk tələbə tamaşası idi ki, televiziyada verildi. Çünki o qədər qüvvətli, gözəl alınmışdı... Bu gün də o dövrdə bu tamaşaya baxan insanlar deyir ki, "yadınıza gəlir, sizin bir rolunuz var idi, üzü çilli Anka". Mən tələbə idim bu rolu oynayanda. Mənim bundan böyük xoşbəxtliyim nə ola bilərdi? Tələbənin oynadığı bir rol bu gün də xalqln yaddaşında qalıb...

   - Gənc Tamaşaçılar Teatrında işlədiyiniz dövr yaddaşınızda necə qalıb?

   - Mən ora gələndə, teatrın balaca, köhnə bir binası vardı. Sökülmək ərəfəsində idi. İlk dəfə teatra ayaq basanda, Həsən Əbluc mənə rol təklif etdi. Məni ora gətirən Yusif Vəliyev oldu. Çünki mən hələ İncəsənət İnstitutunda oxuya-oxuya televiziya tamaşalarına, "Hekayə axşamları"na çəkilirdim. Yusif Vəliyevlə biz bir tamaşada oynadıq -"Baba, nənə və nəvə". Mən onun nəvəsini oynayırdım. O mənim əlimdən tutub teatra gətirdi. Məni aktrisa kimi çox bəyəndi. Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov da sənətimi sevib dəyərləndirdi.

   Xalidə Hasilovanın "Bir sahilin adamı" tamaşasında Leyla roluna dəvət aldım. O rol başqa aktrisanın idi. Həmin aktrisa xəstələnmişdi deyə, mənə verdilər. Mən o tamaşa ilə ilk qastrola -Zaqatala-Qaxa getdim. Ordan qayıtdıqdan sonra Ağakişi Kazımov mənə özbək əsəri olan "Bir ailədə", Məmmədiyyə Yusifzadənin "Azad çoban", rejissor Soltan müəllim mənə Həsən Seyidbəyli və İmran Qasımovun "Sən nə üçün yaşayırsan" tamaşasında da Leyla, Azərpaşa "Sabah çoxdan başlanır" əsərində Qumru rolunu verdi. Deyərdim ki, "Sabah çoxdan başlanır" ən uğurlu rolum oldu. Burda mənim dublyorum Məlahət Abbasova idi.

   Ən uğurlu rollarımdan biri də Kamal Abdullanın "Unutmağa kimsə yox" əsərində qadın obrazı idi. Vaqif İbrahimovun rejissoru olduğu bu tamaşaya baxanlar mənim rolumu çox bəyənmişdilər. Bu yaxınlarda o tamaşadan olan şəkilləri tapdım, özümü tanıya bilmədim. Çox qeyri-adi gözəllik var idi...

   Sonra Əli Əmirlinin "Ərizə" əsərində Nazlı obrazı mənə şöhrət gətirdi. Bizim sevimli aktrisamız Şəfiqə Məmmədova indiyə qədər deyir ki, "sizin o rolunuz yadımdan çıxmır"...

   Marat Haqverdiyevin "Lambada" və "Məşuqələr" əsərlərini Mərahim Fərzəlibəyov tamaşaya qoydu. Orda da çox gözəl tərəf müqabillərim var idi. Tamaşaçılar bilet tapmırdı tamaşaya. Teatrda elə günlər də görmüşük...

   - Bəs Kleopatranı oynamağınız necə oldu?

   - Orxan Fikrətoğlunun "Şəkilçi və ya şəkilçi" televiziya filminə "Sabah" studiyasında Rövşən Almuradlının rejissorluğu ilə çəkildim. Ramiz Mirzəyevin rəhbərliyi altında. O əsərdən sonra biz istədik ki, Salam Qədirzadənin "46 bənövşə" əsərini telefilm kimi çəkək. Bu an Ramiz Mirzəyev mənə dedi ki, "mən səni Şekspirin "Kleopatra"sındakı Kleopatra roluna dəvət edirəm". Təəccübləndim... Mənə qorxu gəldi. Dedim, mən klassika istəmirəm. Dedi ki, "cən o rolu sonra da oynaya bilərsən, amma bu hər zaman alınmaz... Sən bu rolu oyna. Gözəl də oynayacaqsan. Bu rol sənin yaradıcılığına yazılacaq". Dedim ki, mən bu rolu oynaya bilmərəm. Dedi ki, "sən yetişmisən, əsl Kleopatrasan". Məni məcbur etdilər, o rolu işlədim. Tamaşadan sonra o rolu bəyənmədim, ağladım. Dedim, "bu nədi, silin getsin..." Ramiz müəllim dedi ki, "sən on il bundan sonra o tamaşaya bax. Necə gözəl xariqələr yaratmısan, bunu sonra biləcəksən". İndi insanlar bu tamaşaya baxırlar, deyirlər ki, "Nübar xanım, bu, möhtəşəm bir işdi". Mən orda canlı ilanla oynamışam. Baxmayaraq dağ yerində, kəndlərdə böyümüşdüm, amma ilandan qorxurdum. Deyirdim, ilan rastıma çıxsa, ölərəm. Təsəvvür edin, 2-3 dənə qutuda ilan gətirdilər. Mən o ilanları görəndə əsirdim. Amma məşq elədim, rolun içinə girdim. Rolun möhtəşəmliyi, onun aurası məni özünə çəkdi. Mən necə o ilanı götürdümsə, elə bildim ki, bir oyuncaq alıram əlimə. Mən ilana baxdım, ilan mənə. İlan məni ovsunlayırdı. Mən ilanı sinəmə qoydum. Onun buzunu indiyəcən hiss edirəm. İlan məni "sancdı". Dərindən nəfəs aldım... Onunla da səhnə bitdi. Çünki o dərəcədə obrazda idim ki, heç nə hiss eləmirdim. Düşünmürdüm ki, obraz yaradıram. Elə bilirdim ki, yaşayıram. Antonini itirmişəm. Dövlətimi, torpağımı itirmişəm...

   - İndi bəs ürəyinizə yatan hansı bir möhtəşəm rolu oynamaq istərdiniz?

   - Eh, sonra yolumu qara lentlə bağladılar. Bir də görürsən ki, mane olurlar da... Ən qorxulusu odur ki, gizlidir düşmən, açıq düşmənlə vuruşmağa nə var ki... Açıq düşmən bilir ki, mən vuruşan deyiləm. Mən sülhsevərəm. Ona görə də onlar mənimlə açıq-açığına vuruşmurlar. Bilirlər ki, vuruşmayacağam. Mənim içimdə yoxdu o vuruşmaq...

   Ən böyük arzuladığım rollardan biri Paulo Visininin "Sükut divarı"ndakı ana obrazıdı. Onun da ki, ssenarilərinin hamısını yox elədilər. Dedilər ki, yoxdu əsər. Kimə lazım idi, o yox etdi...

   - Səhhətinizlə bağlı soruşmaq istəyirəm. Eşitdiyimə görə ürəyinizdən əməliyyat olunmusunuz. İndi özünüzü necə hiss edirsiniz?

   - Yox, bu gün xəstəlik barədə düşünmürəm. Hamının səhhətində problem ola bilər. Ən əsası odur ki, mən bu gün işləyirəm, mən bu gün ayaq üstəyəm. Mən bu gün saat yarımlıq tamaşanı təkbaşına apara bilirəm. Elə tamaşaçı var ki, mənim eyni obrazıma düz dörd dəfə gəlib baxıb.

   Şükür edirəm. Bunu mən özüm yaradıram. Mən səhnəyə hələ lazımam. Mənim səhnədə hələ deyəcək sözlərim, rollarım var. Bu gün teatra gəlirlər, bu yaşımda mənim tamaşalarımı sevirlər, bəyənirlər, alqışlayırlar. Mən o tamaşaçılarımın əlindən öpürəm. Onlar məni saxlayır, yaşadır. Onlar deyəndə ki, "Nübar xanım, tamaşanıza baxdıq, bəyəndik", inanırsınız, nə qədər qida alıram...

   - Siz də bəzi sənət adamları kimi əməliyyatla cavanlaşmaq istəyərsiniz?

   - Əsla yox. Bir dənə saçımdı. O saçımı da rəngləmirəm. İldə-ayda bir dəfə nəsə rəngləyərəm. Üzümə heç nə eləmirəm. Mən təbiiliyi sevirəm. Mənim ən çox sevdiyim filmlərdən biri "Titanik" filmidir. Orda yaşlı aktrisa var -qəhrəmanın yaşlı variantı -xatirəsini danışır. Əlində qızıl boyunbağı. Onun üzündə nə qədər qırışlar var idi... O qırışlar nə qədər gözəl idi... Mən o qırışların vurğunu oldum. O aktrisanın üzünün mimikası, özü də gözəl idi... Bax, mən üzüqırışlı elə bir obraz yaratmaq istəyirəm. Yaxşı, hamı əməliyyat eləsin. Bəs onda üzüqırışlı obrazları kim oynasın? Deyirəm, heç olmasa, o obrazları da mən oynayaram da...

 

   (ardı var)

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2014.- 27-29 sentyabr.- S.20.