20 Yanvar:
Tariximizin şəhid
qanı ilə yazılmış hünər
səhifəsi
Xalqımız bu tarixi təkcə
hüzn günü kimi deyil, eyni
zamanda, milli qürur və iftixar günü kimi anır
Hər bir tarixi hadisənin qiymətini
zaman verir. 20 Yanvarın mənasını,
tariximizdəki yerini və rolunu illər keçdikcə daha
aydın dərk edirik. Vaxtilə ulu öndər Heydər
Əliyev bu barədə
danışarkən deyirdi:
“1990-cı
ilin 20 yanvarı Azərbaycan
xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm
də qəhrəmanlıq, rəşadət səhifəsidir.
Biz o günlərdən nə qədər çox
uzaqlaşsaq, həmin günlərin Azərbaycan
xalqının tarixində necə mühüm yer tutduğunu
bir o qədər dərk edəcəyik və bəlkə də
gələcək nəsillər buna daha doğru, daha
düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir
ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında
dönüş mərhələsi, dönüş nöqtəsi
olmuşdur”.
Həmin
qanlı yanvar günündən 35 il ötür. İllər
keçdikcə bu hadisəyə baxışlar dəyişir.
Vaxtilə ağlayıb-sızlayır, qəm dəryasına
batır, şəhid məzarlarına qərənfillər
düzməklə təskinlik tapırdıq. İndi isə kədərlə
yanaşı, ürəklərdə sonsuz qürur hissi də
baş qaldırır. O zaman - qaranlıq səmada güllələrin
parıldadığı, küçələrdə
tankların şütüdüyü qış gecəsində
azadlıq günəşinin doğmasından, həyatımızda
başlayan dönüşdən hələ xəbərsiz
idik. Bilmirdik ki, üstümüzə tankla hücuma keçən
bu imperiyanın sonu çatıb və cəmi iki il sonra Azərbaycan
yenidən müstəqil dövlət olacaq. Ötən 35 ildə
həyatımız büsbütün, müqayisəyə gəlməz
dərəcədə dəyişib, 90-cı ilin
Bakısından, 35 il əvvəlki Azərbaycandan, demək
olar, əsər-əlamət qalmayıb. İmzalar içində
imzamız, bayraqlar sırasında bayrağımız,
sözlər yanında sözümüz var. İllərin və
zamanın axarında dəyişməz qalan isə xalqın
şəhidlərə hörmət və ehtiramıdır.
Azərbaycan xalqı ötüb keçən zamanın
fonunda dünyanın soyuq üzünü, ədalətsizliyini,
xalqımızın faciəsinə özgə dərdi kimi
baxdığını da gördü. 90-cı ilin
yanvarında Bakıya hücum əmri verən, yüzlərlə
günahsız insanın ölümünə bais olan Mixail
Qorbaçova Nobel sülh mükafatı verdilər. Təzada
baxın: nahaq axıdılan qan və sülh
mükafatı...
Torpaq
uğrunda mübarizə
tədricən azadlıq hərəkatına çevrilirdi
20 Yanvar
faciəsinə bir günün, yaxud bir ayın ərzində
baş verən hadisə kimi baxmaq olmaz. Rəsmi Moskva tərəfindən
erməni separatizminə rəvac və dəstək verilməsi,
respublika rəhbərliyinin mütiliyi və milli mənafeyə
zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü
etiraz dalğası doğurmuşdu.
Böyüklü-kiçikli hamı küçə və
meydanlara axışırdı. Mitinqçilərin
sıraları günbəgün genişlənir, paytaxtın
baş meydanında xalqın azadlıq istəyini əks etdirən
şüar və plakatlar görünməyə
başlayırdı. Beləliklə, əldən gedən
torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına
çevrilirdi. Can üstə olan imperiya çıxış
yolu kimi Bakıda fövqəladə vəziyyət rejimi elan
etdi, bundan bir nəticə hasil olmadığını
gördükdə Azərbaycan paytaxtına qoşun yeritmək
qərarına gəldi. 1990-cı il, 20 yanvar, saat 00:00. Bir
neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş
ordu birləşmələri beş istiqamətdən şəhərə
soxuldu. Küçələrdə şütüyən
tanklar və zirehli maşınlar qarşılarına
çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər
heç kəsə aman vermirdilər. Yanvarın 20-də səhər
hava işıqlaşar-işıqlaşmaz küçələrə
axışan Bakı sakinləri indiki “20 Yanvar” dairəsində
(onda həmin ərazi XI qızıl ordu meydanı
adlanırdı) və ona yaxın küçələrdə
dəhşətli mənzərələrlə
qarşılaşdılar: tankların əzib keçdiyi cəsədlər,
avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki
qan izləri... Xəstəxanalar yaralılarla dolu idi. Şəhərin
mərkəzi küçə və meydanları tanklar və
silahlı əsgərlər tərəfindən mühasirəyə
alınmışdı. Yanvarın 19-dan 20-nə keçən
gecə və sonrakı bir neçə gündə Bakıda
və Azərbaycanın digər bölgələrində 147
nəfər qəddarcasına öldürüldü, 744 nəfər
yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu.
Öldürülənlər və yaralananlar arasında
qadınlar və qocalar, hətta uşaqlar da vardı. Onlardan
bəziləri ömürlük şikəst oldu. Bu hadisələrdən
bir müddət sonra - 1990-cı ilin noyabrında
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sessiyasında çıxış edən Ulu Öndər
faciə barədə danışarkən deyirdi: “Mən belə
hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm
Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən
Qorbaçovun böyük günahının nəticəsidir,
onun diktatorluq meyillərindən əmələ gəlmiş
bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin
xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən
belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi
qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin
daxilində - heç bir yerdə, heç bir regionda bu qədər,
bu miqyasda qanlı qırğın olmamışdır... Bunun
nə qədər böyük miqyasda olmağını onunla
da ölçmək olar ki, bu hərbi aksiyanın həyata
keçirilməsi üçün SSRİ müdafiə
naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından
qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik
ediblər”.
Bəzi
məlumatlara görə,
hadisə ərəfəsində Bakıya
və Bakı ətrafına Sovet ordusunun və daxili
qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş
65 min nəfərlik kontingenti yerləşdirilmişdi. Qəddarlığın
da misli-bərabəri yox idi. Hərbçilər
fotomüxbirləri hadisə yerinə yaxın
buraxmırdılar. Bununla belə, bəziləri həyatlarını
təhlükəyə ataraq kütləvi
qırğının ayrı-ayrı epizodlarını
fotoobyektivə köçürə bilmişdilər.
İmperiya ordusunun hərbi müdaxiləsinin, cəza əməliyyatının
ağır nəticələrini əks etdirən bu
ağ-qara fotoşəkillər qanlı cinayəti törədənlərə
qarşı bir ittiham aktı olaraq qalır.
Azadlıq
savaşından son mənzilə…
Şəhidlər
son mənzilə görünməmiş izdihamla yola
salındı. Xalq faciə qurbanlarını son mənzilə
çiyinlər üstündə apardı. Şəhidlərin
dəfni nə qədər ağır səhnə olsa da, bir
o qədər də qürurverici məqam idi. Bu iki məqamı
həmin vaxt çəkilmiş fotolarda aydın görmək
olur. Bakının ən yüksək nöqtələrindən
birində - o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər
üçün məzarlar qazılıb. Cənazələr
indiki “Azadlıq” meydanına düzülüb. Şəhidlərlə
vidalaşmaq üçün buraya milyonlarla insan
toplaşıb. İnsan seli məzarlığa
yaxınlaşır. Bu vida anlarında doğmalarını, əzizlərini
itirmiş insanların ağrı-acıları, keçirdikləri
hissləri ifadə etmək üçün söz tapmaq
çətindir. Onlar Vətən naminə şəhid
oldular, bununla da milyonlara fədakarlıq dərsi keçdilər.
1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş
qəhrəman Vətən övladlarının xatirəsi hər
bir həmvətənimiz üçün əzizdir.
Prezident
İlham Əliyev 20 Yanvar şəhidlərinin
fədakarlığını, Vətən
qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək
deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən
uğrunda özlərini qurban verən şəhidlərimizin
hamısının xatirəsini həmişə qəlbimizdə
yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil,
qüdrətli Azərbaycan xalqımızın ən
böyük sərvətidir. Şəhidlərimizin,
canlarını qurban vermiş insanların bu işdə
böyük xidməti olubdur. Bu da heç vaxt yaddan
çıxarılmamalıdır”.
Ulu Öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin
əbədiləşdirilməsi istiqamətində bir
sıra mühüm addımlar atmış, qərarlar qəbul
etmişdi. Bu siyasəti davam etdirən Prezident İlham
Əliyevin Sərəncamına əsasən 2007-ci ildə
Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən qurulub.
Şəhidlər xiyabanı Azərbaycan xalqının 35 il əvvəl
düçar olduğu böyük faciə ilə
yanaşı, yenilməz iradəsindən xəbər verir.
Özündə ümummilli kədər və iztirabın
nişanələrini yaşatmaqla bərabər, mübarizlik
rəmzinə çevrilib. Bu müqəddəs məkanı
uşaqdan tutmuş böyüyədək hamı ziyarət
edir. Günün istənilən vaxtı burada müxtəlif
yaşda insanlar görmək olar. Onlar şəhid məzarları
önündə ayaq saxlayır, qranit lövhəyə həkk
edilmiş adları oxuyur, şəkillərə baxırlar.
Bu məzarlarda uyuyan şəhidlər Azərbaycanın
müxtəlif guşələrində doğulublar.
Ölüm tarixi, əbədiyyətə qovuşduqları məkan
isə eynidir: 20 Yanvar 1990-cı il, Şəhidlər xiyabanı.
Sevinc Azadi
İki sahil.- 2025.- 15 yanvar, №7.- S.5.