Çingiz, sən yenidən
doğulasısan!
(“Çingiz
Aytmatov-85” silsiləsindən:
dünya şöhrətli
yazıçının işıqlı xatirəsinə)
Dünyada, xüsusən də türk dünyasında hər kəsin yaddaşına uşaqlıqdan əbədi həkk olunmuş bir ad. Onun həyatı və fəaliyyəti barədə müfəssəl məlumatı olmayanlar belə, əfsanəvi türk sərkərdəsinin şücaətlərindən az da olsa hali olmamış deyil. Bu sözün hərfi mənası monqol dilindən tərcümədə “güclü” (silğnıy), böyük-əzəmətli (velikiy - digər bir variantda isə qədim türk dilindəki “ŞINQIS”, yəni “dəniz”, “okean”) olduğundan, ÇİNGİZ deyəndə adamın ağzında dili də böyüyür, xüsusi bir intonasiya yaranır, bu ifadə dodaqların arasından sıldırım qayadan “saçaqlanan” şəlalə kimi süzülərək xüsusi bir ahəng yaradır.Əsrlərdən bəri bu ad, bu isim yeni doğulan oğlan uşaqlarına təkrar-təkrar qoyulanda, valideyinlər körpələrinə verdikləri bu adın mənasını belə bilmədən övladlarının şəxsində məhz o ÇİNGİZi, ÇİNGİZ XANı, onun yenilməz hünərini görmək istəyində olurlar.Təsadüf dediyimiz hər hansı hadisənin məhz zərurətdən doğulduğuna əmin olduğumdan, adlar da insanlara təsadüfən verilmədiyinə, qeybdən gələn diqtə ilə verilən adların da əksər hallarda özünü doğrultduğuna çox rast gəlirik, təbii ki, zamanına, məqamına, mühütinə uyğun olaraq.12 dekabr 1928-ci il tarixdə türk-qırğız elinin Şəkər adlanan aulunda Torekul kişinin ailəsində dünyaya göz açan oğlan uşağına ÇİNGİZ adını verən ata da bu məsum körpənin şəxsində at belində dünyanın yarısından çoxunu fəth etmiş ÇİNGİZ XANı görmək arzusundaydı.Çingizin atası Torekul Aytmatov yeni yaranan Sovetlər birliyi adlı hökumətdə nüfuz sahibi idi. O, Qırğzıstan Sovet Respublikasının qurucularından, vəzifə başında olanlarından, dövrünün ziyalı bir türk kişisi idi. İti və ciddi baxışlı kiçik Çingizin qayğısız uşaqlığı at belində, heyvandarlıq təsərrüfatlarında, əkinlə-biçinlə məşğul olan insanlar arasında keçdi, qoyun otardı, mal-qara hayladı, ot çaldı, odun doğradı, həmyaşıdları ilə müxtəlif əyləncəli oyunlar oynadı, türkün dədə-baba adət-ənənələrini mənimsədi.Cəmi 9 il çəkdi Çingizin ata dayaqlı günləri. Stalin rejiminin müdhiş repressiya aparatı Torekul Aytmatovu da öz məngənəsindən yan buraxmadı - 1937-ci ildə aldı onu öz cənginə, bir il sonra isə “xalq düşməni” damğası ilə son qoydurdu həyatına.Başqa bir türk övladı, 300 il Çar Rusiyasını güclü pəncələri altında saxlaya bilən, böyük tatar xalqının dəyərli qızı olan anası Nağima xanım Aytmatova yerli teatrda aktrisalıq edə-edə, Çingiz də daxil olmaqla dörd uşağına həm də ata əvəzi oldu.Həmyaşıdları arasında ciddiliyi, təhsilə münasibəti, insanlara qarşı mərhəmliyi ilə seçilən Çingizi “xalq düşməni”nin oğlu “titul”u həmişə sıxsa, onda daxili gərginlik yaratsa da, qəlbinin dərinliyində təlatüm edən gələcəyə inam eşqi, ədalətin gec-tez bərpa olacağına ümid və elə ulu babası ÇİNGİZ XANın ötürdüyü genetik ruhi güc onu ruhdan düşməyə qoymadı, həyatın pillələrini əzmlə qalxmağa sövq etdi.Səkkizinci sinfi bitirdikdən sonra Cambuldakı orta ixtisas məktəbini də əla qiymətlərlə başa vuraraq zootexnik ixtisasına yiyələnən Çingiz, 1948-1953-cü illərdə təhsilini Frunze (indiki Bişkek) Kənd Təsərrüfatı İnstitutunda davam etdirdi və sonrakı 3 ildə isə ali təhsilli mütəxəssis kimi Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışdı.Onun məhz heyvandarlıqla bağlı bu ixtisası seçməsi də təsadüfi deyildi. Binayi-qədimdən türkün varı-dövləti elə onun malı-davarı olduğundan, bu təsərrüfatı idarə etmək üçün ixtisaslı kadrlara ehtiyac duyulduğunu yaxşı bilirdi Çingiz. Bu ixtisas, bu peşə həm də hüceyrələri görünən, gələcəkdə böyük bir ədəbi simanın formalaşmasında, onun yaradıcılığının ana xəttini təşkil etməsində mühüm, aparıcı rol oyanayacaqdı.Hələ orta məktəb illərində bədii yaradıcılığa meylliliyi ilə diqqəti cəlb edən Çingiz IV sinifdə oxuyarkən dövlət sərhədlərini qoruyan sərhədçilər haqqında özünün birinci maraqlı, məhz vətənpərvər səciyyədə olan hekayəsini yazdı, yazdığı hekayələri isə 1952-ci ildən etibarən mətbut səhifələrinə yol açaraq Çingizin iç dünyasına bir işıq saldı, onu yavaş-yavaş tanıtmağa başladı. Çingiz Aytmatovun Moskvadakı Ali Ədəbiyyat məktəbində təhsil almaq arzusu isə yalnız 1956-cı ildə, Sovet İttifaqı Kommunist Partiyasınin məşhur XX qurultayında Stalinin “şəxsiyyətə pərəstiş”i ifşa edildikdən sonra, yazıçının atası da daxil olmaqla, repressiyaya uğrayan minlərlə insanlara bəraət verildikdən sonra reallaşa bildi. Yazıçının elə həmin il (1956) qırğız dilindən rus dilinə tərcümə edilən “Üz-üzə” hekayəsi “Oktyabr” jurnalında, bir sıra hekayələri ilə yanaşı, yazıçıya dünya şöhrəti qazandıran “Cəmilə” povesti isə “Yeni dünya” (“Novıy mir”) jurnalında nəşr olundu..Çingizin «xalq düşməninin oğlu» damğası altında böyüməsi, onun bir yazıçı kimi şəxsiyyətinin formalaşmasında çox böyük rol oynadı. Çingiz Aytmatovun özbək həmkarı Həmid İsmayılovun fikrincə isə bu damğa, çox yəqin ki, «onun öz hisslərini yalnız ağ vərəqəyə etimad edə biləcəyinə bir təkan oldu. Çünki, necə deyərlər, o özünü yalnız kağız üzərinə boşalda bilirdi».Həmid İsmayılov hesab edirdi ki, -“ Aytmatovun əsərlərini oxuyanda onun yazıçı dühasına heyran olmaya bilmirsən”. “Cəmilə” - o qədər dahiyanə bir əsər idi ki, onun bu dahiyanəliyinə görə, hətta kommunist liderləri də bu əsərin daxilində gizlənmiş təhlükəni görə bilmədilər”. Çingiz Aytmatovun 50-ci illərin sonlarında yazdığı “Cəmilə” povesti ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda doğurmuşdu. «Cəmilə» povestini fransız dilinə tərcümə etmiş və ön sözün müəllifi olan böyük fransız yazıçısı Luis Araqon heyrətini gizlədə bilməmişdi: - “Qeyd etmək istəyirəm ki, bu əsər dünyada sevgi haqqında ən gözəl hekayətdir. Gənc yazıçı məhəbbət haqqında indiyə qədər heç kimin danışmadığı kimi danışır”. Çingiz Aytmatov müsahibələrinin birində fransız yazıçısının “Cəmilə” povestini belə qiymətləndirməsinə münasibət bildirərək - “Tale mənə Sovet Rusiyasına bağlılığı olan Luis Araqonla dost olmaq şansı verdi. ...O mənim “Cəmilə” povestimi ilk dəfə fransız dilinə tərcümə edib və mənim yaradıcılığımın dünyaya açılmasına səbəbkar olub” - demişdir.Çingiz Aytımatov təsirli və yaddaqalan əsərlər müəllifi omaqla, o həm də məhsuldar yazıçı kimi dəyərlədirilməlidir ki, bu yerdə onu əsərlərindən bəzilərinin adlarını çəkmək yerinə düşər. “Qırmızı alma”, “Uşaqlığım”, “Çingiz xandan küsən bulud”, “Torpaq ana”, “Çətinlikli keçid” (1956), “Üz-üzə” (“Liüom k liüu”-1957), “Cəmilə” (“Jamiyla” - “Djamilə” (1958), “İlk müəllimim” (“Pervıy uçitelğ” -1962), “Dağlar və səhralardan nağıllar” (“Povesti qor i stepey”-1963), “Əlvida, Gülsarı” (“Prohay, Qulğsarı”-1966), Ağ gəmi” (“Ak keme”-“Belıy paroxod”-1970), “Fuji dağının təpəsi”- (“Fuji-Yama”-“Vosxojdenie na Fudziəmu”- 1973), “Gün var əsrə bərabər“ (“Kılım karıtar bir kүn”- “İ dolğşe veka dlitsə denğ”-1980), “Dəniz kənarı ilə qaçan Alabaş”, “Edam kötüyü”, “Darağacı-Dişi qurdun yuxuları” (Plaxa, 1988), son əsəri isə - “Dağlar düşəndə” (2007) romanı olmuşdur.Sələfi Çingiz dünyanın yarısını at belində, qolunun və qılıncının gücünə, adam öldürüb, qan tökmək vasitəsilə fəth etdiyi halda, onun xələfi Çingiz dünyanı əqlin gücüylə fəth etdi, Allaha olan eşqinin, insana olan sevgisinin, canlılara olan məhrəmliyinin, təfəkkürünün gücünün, qələminin ucundan düşən hər sözün, hər cümlənin, hər bədii ifadənin sərhəd bilmədən dünyanın hər yerində yaşayan insanların könlündə yer alması sayəsində.Sələf Çingiz ovunun dalınca yüzminlik ordusunun müşayətilə gecəni gündüzə, qışa yaya, istini soyuğa qata-qata özü getdisə, xələf Çingiz ovladığı könülləri qırğız-türk auluna, Turan dünyasına, onun minilliklərlə yaşı olan adət-ənənəsinə, məişətinə gətirə, qovuşdura bildi - elə dəri döşəmə üzərində bardaş qurub oturduğu yerdəcə.Qırğız və rus ədəbiyyatının klassiklərindən olan Çingiz Aytmatov milyonlarla oxucunun sevimli yazıçısı olaraq həqiqi şöhrəti qazandı, onun əsərləri dərsliklərə və xristomatiyalara daxil edildi.Akademik İlgiz Aytmatov “Yazıçı Çingiz Aytmatovun yaradıcılığı və cəmiyyət həyatında müasir ideoloji problemlər” adlı yazısında deyir: “Yazıçı, mütəfəkkir və insanpərvər kimi Çingiz Aytmatovun da yaradıcılıq və ictimai fəaliyyəti böyük yer məkanını, ümumbəşəri taleləri və maraqları, Yer üzərində insan həyatının fəlsəfi problemlərini əhatə edir”. O, Çingiz Aytmatovun “Köçəri quşun ağlaması” əsərində: “... mən durnalarla uçuram və özüm də bir durnayam, mən qaranlıq gecələrdə durnalarla ulduzlara, gündüzlər isə şəhərlər və zəmilər üzərində uçuram. Öz düşüncələrimə dalıram. Uçuram və ağlayıram... durna göz yaşları nə demək?... silin üzünüzdən! Amma yenə də, hər halda ey insanlar, qeyri-insani bəlalardan, sönməyən yanğınlardan, qarşısı alınmayan qanlı qırğınlardan, düzəlməyən işlərdən qurtulun, ey insanlar, pis adamların bəlalarından qurtulun!..” yazdığını diqqətə çatdırır.Bu sətirləri oxuyanda Çingiz Aytmatovun nə qədər böyük bəşəri bir ürəyə malik olması, insanları hər hansı təbii bəladan (qeyri-insanı bəlalardan) qorunmağa çağırması, göz yaşları ilə bir şeyin hasil olmayacağına, faktiki əməllərlə, bir-birimizə bəsləyəcəyimiz mərhəmətlə, ümumi evimiz olan yer kürəsini birlikdə qoruya biləcəyimizə işarə deyilmi?!. Mənbələrə görə Böyük Vətən Müharibəsinin ilk günlərində - 1941-ci ilin avqust ayında cəbhəyə getmək və faşistlərə qarşı mübarizə aparmaq istəyində olan 11-15 yaşlarında yoxa çıxmış, rus, qırğız, alman və tatar millətindən ibarət beynəlmiləl tərkibli vətənpərvər oğlan uşaqlarının arasında Çingiz də var idi. Onlar qatarla cəbhəyə gedən əsgərlərlə birgə müharibəyə getmək istəsələr də, əsgərlər buna imkan verməmiş, valideynləri isə onları Cambul (Qazaxıstan) dəmir yolu stansiyasında saxlamağa müvəffəq olmuşlar...XX əsr bədii ədəbiyyat əsərlərinin aparıcı və nəhəng tədqiqatçılarından olan Georgiy Qaçev hələ 1977-ci ildə özünün “Çingiz Aytmatov dünya mədəniyyəti aləmində” kitabına yazdığı “Ön söz”də yazmışdı: “...Aytmatovun yaradıcılığı Qırğızıstanın dünya mədəniyyətinə bir töhfəsidir; ikincisi isə əgər dünya mədəniyyətinə tarixi ekranda işıq salsaq, onun əsərlərində elə mənaları kəşf etmək olar ki, bunlar yalnız indiki zamanda çox yaxın təsir altında görünmürlər.
Onun gənclik illərində yazdığı kiçik, sadədil povestlərində bədii sonsuzluq və fəlsəfi dərinlik vardır və onlar insan həyatının, mədəniyyətinin, düşüncəsinin müasir problemləri kimi əbədi problemlərini də düşünməyə rəvac verir.Çingiz Aytmatovun əsərləri son onilliklərdə bizim ayrılmaz tərkib elementimiz və həyat amilimiz olmuşdur: onlar ruhlarımızı düşüncələrimizlə, qəlblərimizi, xəyallarımızı gözəlliklə qidalandırır, bizdə daxili insanı dərinləşdirir. Çingiz Aytmatov əsl: həyat həmrahı, düşüncələrin dolandırıcısı və bizim nəslin hisslərinin ifadəçisidır”. Tatar yazıçısı Ravil Buxarayev yazır: “onun içərisində olduğu mülkü, onun dünyası - qırğız dağlarının əsatirləri və folklorunun dünyası və … kosmos aləmi idi. Çünki, əsatir - əsatirlərin gündəlik həyatda əksidir. Və bu mənada Aytmatov keçilə bilməyən bir ustad idi”; “O nə yazırsa-yazsın, istər böyük ana maral obrazını qabartdığı “Ağ gəmi” əsəri, istər vəhşi dəvə obrazı olan “Boranlı yarımdəzgah”, istərsə də, - mən bunu deməkdən heç çəkinmirəm də - şimaldan söhbət açılan «Dəniz kənarı ilə qaçan Alabaş» əsəri olsun - bütün bunlar vahid bir baxış altında yaradılmış əsərlərdir. Bunlar - bütün bəşəriyyət ilə ümuimi dil tapmaq cəhdləridir”.Bu yerdə Çingiz Aytmatovun əsərlərindən bəzi seçmə ifadələri təqdim etmək, məncə yerinə düşər:
-Daha Günəş göylərdə kişnəyə-kişnəyə çapmadı, hər gün eyni yerdən çıxdı, hər gün eyni yerdə batmağa getdi;
-Gözlərdə həyat işığı sönmüşdü; onlar kimsəsiz, sahibsiz bir evin pəncərələritək boş və miskin görünürdü;
-Hamımız beləyik. Bir-birimizin yadına ömür qurtaranda düşürük. Gözləyirik ki, birisi bərk naxoşlasın, ya da ki, yıxılıb ölsün. Onda adamın qədrini bilirik. Bilirik ki, kim idi, nəçi idi, işinə-gücünə qiymət qoyuruq;
-Yaxşı at da gözəl qız kimi bir şeydir, müştərisi həmişə çox olur. Qız ki, qızdır, yaxşı ələ düşəndə görürsən gül kimi açılıb, baxırsan, baxmaqdan doymursan; pis yerə düşəndə nə olur - baxanda ürəyinin qabığı gedir. At da bunun kimi. Atı zay eləmək asan şeydir;
-Atın şöhrəti futbolçunun şöhrətinə bənzəyir. Dünən həyət-bacada top oynayan bir uşaq, bu gün birdən-birə hamının sevimlisi olur, mahir futbol ustaları ondan danışırlar, minlərcə, milyonlarca adam hər yerdə onun söhbətini eləyir. Vurduğu topların sayı ilə birgə futbolçunun şöhrəti də artır. Sonra o, tədricən futbol meydanını tərk eləyir və büsbütün unudulub gedir. Dünən hamıdan çox əl çalıb, hamıdan bərk qışqıranlar bu gün onu hamıdan tez yaddan çıxarırlar. Məşhur futbolçunun yerini başqa birisi tutur. Atın da şöhrət yolu belədir. At da o vaxtacan məşhur olur ki, cıdırlarda birinci gəlir, yarışlardan qalib çıxır. Fərq bircə burasındadır ki, atın paxıllığını çəkən olmur. Atlar paxıllıq eləməyi bacarmırlar, insanlar isə, şükür Allaha, hələ ki, atların paxıllığını çəkmirlər;
-Vicdan - çox böyük bir var-dövlət, bəşər övladının, insan təfəkkürünün, insan ruhunun böyük bir irsidir. İnsan öz vicdanı sayəsində insan olur;
-Nə etmək, ömrün yarısı xəyallarda keçir, bəlkə, buna görə də həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qədər əziz olur ki, insan arzu etdiklərinin hamısına nail ola bilmir.
Ancaq insanı qocaldan təkcə illər deyil. Özünün qoca olduğunu fikirləşəndə, öz dövranının keçdiyini düşünəndə, hiss eləyəndə ki, irəlidə heç nə yoxdur, ömrün sona yetdiyini fikirləşəndə də insan qocalır.
Atalar nahaq yerə deməyiblər ki: - “Yaxşı arvad pis kişini ər eylər, ortababı şir ürəkli nər eylər, yaxşı əri dillərdə əzbər eylər”.Çingiz Aytımatov kimi dahi yazıçıların, mədəniyyət, təhsil və elm xadimlərinin əsərləri milliyətindən asılı olmayaraq əhali arasında aparılması vacib sayılan tərbiyəvi işin ən mühüm mənəvi-ideoloji qaynağı rolunu oynayır desək, yəqin ki, yanılmarıq. Çingiz Aytmatovun əsərləri hələ yazıçının gənclik illərindən dünyanın bir çox ölkələrində, xüsusən də türkdilli ölkələrdə, o cümlədən Azərbaycanda sevilə-sevilə oxunaraq özünə geniş auditoriya yarada bilmişdir.“Əlvida, Gülsarı!” - qırğız kəndlisi Tananbayın taleyindən bəhs edən dramatik bir əsərdir. O, həyata inanır və onu sevir, ən ağır sınaqlardan keçir, çətin məqamlarda belə qələbələr qazanır. Beləcə həyat onu bərkidir, xeyirxahlıq və ədalət yollarında möhkəmləndirir. Uzun illər ərzində səmənd atı Gülsarı Tananbayın həmdəmi olur. Yazıçı əsərə atın adını verməklə - o, Tananbay və onun dostu Gülsarının xarakterlərində oxşarlığı - eyni nəcibliyi, düzlüyü, şəffaflığı, odlu qaçışı, fədakarlığı, mərdlik və qərəzsizliyi - ön plana çəkmişdir.Yazıçı əsərin baş qəhramanı olan atın obrazını inandırıcı, bədii boyalarla yaratdığı "Əlvida, Gülsarı" povesti haqqında hələ 1986-ci ildə "Azərbaycan gəncləri" qəzetində ətraflı, analitik təhlilli silsilə məqalələr yer almış, onun iki cildlik “Seçilmiş əsərləri” Cəmil Əlibəylinin, Qılman Musayevin, Əkrəm Əylislinin və Məti Osmanlının tərcümələrində 2004-cü ildə Bakıdakı, “Öndər” nəşriyyatında işıq üzü görmüşdür.İstiqlal şairimiz Bəxtiyar Vahabzadənin 60 illik yubileyi ilə əlaqədar düzənlənən tədbirdə (1985) iştirak etmək üçün həyat yoldaşı Məryam xanımla Bakıya gəlmiş Çingiz Aytmatov öz çıxışında Bəxtiyar Vahabzadənin həyat və yardıcılığından ətraflı bəhs etməklə, onun türk dünyasının, türkdilli ədəbiyatın aparıcı simalarından olduğunu qürurla dilə gətirmişdir.Bəxtiyar Vahabzadənin qan və məslək qardaşı Çingiz Aytmatov dostunun yeni çıxan kitablarını həmişə izləmiş, oxuyaraq səmimi duyğularını ifadə etdirmişdir.“...Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə gorursən ki, əsl şair azdır. Tək-tənha qalanda, bir necə kəlmə ilə "Həyat nədir?" sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, duşuncələrinə qol-qanad verir. Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir…”Çingiz Aytmatovun “Gün var əsrə bərabər”, “Dəniz kənarında qaçan Alabaş” və “Ağ gəmi” adlı romanlarının yer aldığı kitaba Xalq şairi Bəxtiyar Vahabzadənin yazdığı “Ön söz”də o, Çingiz Aytmatovun müasir dünyanın ən qüdrətli söz ustadlarından olduğunu, onun hər yeni əsərinin dünya ədəbiyyatında bir hadisə kimi səsləndiyini, ən adi həyat hadisələrini belə qlobal səviyyəyə qaldıraraq, ona ən yüksək fikir zirvəsindən baxmağı bacaran sənətkar kimi səciyyələndirmiş, yazıçı əksər əsərlərini rus dilində yazmasına baxmayaraq, onun bütün obrazlarının psixologiyası və təbiəti etibarilə təpədən-dırnağa qədər qırğız olması, ümumdünya problemləri qırğız həyatından və qırğız təbiətindən keçirərək ümumiləşdirən və buna görə də ən çox oxunan və sevilən yazıçılardan biri, bəlkə də birincisi olduğunu vurğulamışdır.Fikrimcə, əsl sənət adamı ümumbəşəri problemlərə ilk öncə ümummilli kontekstdə yanaşmasa, bu problemlərə mənsubu olduğu xalqın prizmasından baxaraq həll yollarını müəyyənləşdirə bilməsə, təbii ki, belə sənətkar ümumbəşəri simaya çevrilə bilməz. Necə ki, böyük balıqlar çaylara, kiçik su hövzələrinə meylli olmadıqları qədər, kiçik balıqlar kiçik sulardan böyük sulara həmişə can atmaqdadırlar...Çingiz Aytmatov dünyasını orta yaşlarında dəyişmiş, gözəl şair-pulisist Şahmar Əkbərzdə ilə də yaxın dost olmuş, şairin yaradıcılığına yetərincə qiymət vermişdir.Çingiz Aytmatov görkəmli yazıçı olmağı ilə yanaşı, həm də tanınmış və nüfuzlu ictimai-siyasi xadim idi. O, SSRİ Ali Sovetinin deputatı, Qırğızstan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Qırğızstan Yazıçılar İttifaqının və Kinomotoqrafçılar İttifaqı katibliyinin üzvü, “Asiya və Afrika ölkələri Sovet həmrəylik Komitəsi”nin həmsədrlərindən biri, “Xarici ədəbiyyat” jurnalının baş redaktoru və “İsık-kul forumu” (“İsti-göl” forumu) Beynəlxalq İntellektual Hərəkatının yaranmasının təşəbbüskarı olmuş, 2006-cı ildə nəşr olunan “İlin avtoqrafı” kitabının buraxılmasında yaxından iştirak etmişdir. Türk dünyasının, eləcə də Azərbaycanın böyük dostu və təəssübkeşi olan Çingiz Aytmatov, müsahibələrinin birində (05 fevral 2007) Qarabağ probleminin həllini süründürməçiliyə salan qərb ölkələrinin işğalçı tərəfə kömək etdiklərini vurğulayaraq, problemin həll edilməsində Rusiyanın da maraqlı olmadığını dilə gətirmiş, həmin problemin yaradıcılarından birinin məhz Moskva olduğunu deməkdən çəkinməmişdir: "Məsələni qəsdən süründürmələri məni narahat edir. Mən qatarın getməsindən qorxuram"- demişdir. 1990-cı ildən diplomatik fəaliyyətdə olan Çingiz Aytmatov 1990-1994-cü illərdə SSRİ-nin, sonradan isə Rusiyanın Beniluks ölkəsində, 1994-cü ildən 2008-ci ilin mart ayınadək isə Qırğızstanın Fransa, Belçika, Lüksenburq və Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri olmuşdur.Yazıçının bioqrafı Abdıldacan Əhmədəliyevin fikrincə, “Çingiz Aytmatovun diplomatik işdə çalışması qırğız xalqına çox şey vermişdir. O qırğız xalqının vizit kartı idi.”Çingiz Aytmatov ən çox titulu olan sovet yazıçılarından biri olmaqla Qırğızstanın xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin mükafatı laureatı (1963), SSRİ Dövlət mükafatları laureatı (1968, 1977, 1983), bir çox digər mükafatların laureatı, SSRİ və Qırğızstan parlamentlərinin deputatı - parlamentdə qrup və komitələrin üzvü və ya rəhbəri idi.Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin Fərmanı ilə 2008-ci ildə Çingiz Aytmatovun 80 illik yubiley tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmış, 2008-ci il Qırğızıstanda “Çingiz Aytmatov ili” elan edilmiş, bu Fərmanla yazıçının yubileyinin Qırğızıstandan xaricdə qeyd edilməsi də nəzərdə tutulmuşdur.Yazıçının yubileyi ilə bağlı vətənindən kənarda keçirilən ilk yubiley mərasimi Azərbaycanda baş tutmuşdur ki, “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” tərəfindən Çingiz Aytmatovun Bakıya səfəri təşkil olunaraq fevral ayının 24-dən mart ayının 1-dək Bakıda bir sıra görüşlər keçirən yazıçı, Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənabları tərəfindən də qəbul edilərək Azərbaycan və Qırğızıstan respublikaları arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Dostluq” Ordeni ilə təltif edilmişdir.2008-ci ilin may ayının 16-da yazıçı Kazan şəhərində, özünün «Əsrdən də çox davam edən gün» romanı əsasında gedən eyniadlı filmin çəkilişləri zamanı, «böyrək çatışmazlığı» diaqnozu ilə ilkin olaraq Tatarstan Respublikasının klinik xəstəxanasına yerləşdirilmiş, daha sonra isə Almaniyanın Nürnberq şəhərinəki klinikada müalicəsini davam etdirmiş və 10 iyun 2008-ci il tarixdə adı çəkilən klinikada dünyasını dəyişmişdir.Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin sərəncamı ilə Çingiz Aytmatovun dəfni dövlət səviyyəsində təşkil edilmiş və o paytaxt Bişkek yaxınlığındakı “Ata-Beyit memorial qəbiristanlığı”nda - atasının yanında dəfn edilmişdir.Allah rəhmət eləsin! Yatdığı yer rahat, ruhu Ulu dərgahda xoş olsun, Amin!
(yazıda Çingiz Aytmatovla bağlı
müxtəlif internet saytlarından isifadə olunmuşdur(F.M.)
Türk
hardan keçibsə, quran ordadı,
Türk
harda iz qoyub, Turan ordadı,
Türk
harda yurd salıb, QURAN ordadı -
türklərin
“Şəkər”də bitən tağısan,
Sən qırğız türkünün barlı
bağısan.
Türkün
hünərvəri, Turanın nəri,
Türkdür at belində açan səhəri.
Həmişə cəngdədir soyumaz təri -
Çingizxan
nəslinin bir
budağısan,
Özün də Çingizsən, sərv ağacısan.
Titrətdi dünyanı el hekayətin,
“Cəmilə”- Daniyar sevgi ismətin.
Ap-aydın
çəkmisən, yurd xəritəsin-
bu
yurdun, bu elin sən dayağısan,
Üfüqdə parlayan al mayağısan.
Manasdan
almısan ruhu, qanadı,
İtirdin atanı ruhun qanadı.
Ədavət demirəm, qan ki, qanadı -
sən
türkün paslanmaz bir yarağısan,
Gözügötürməzin lap göz dağısan.
Yaxşı
ad vermisən - “Qırmızı alma”,
“Ağ gəmi”, “Körpü”yə lövbəri salma.
“İsık-kul”,
nadanla “Üz-üzə” qalma -
türkün keçmişisən, gələn çağısan,
Çingiz qələminin gur çırağısan.
Pərişan olmayaq “Dağlar
düşəndə”
“Əlvida, Gülsarı”, gül görüşəndə.
“Manqurt”lar çoxalır axşam düşəndə -
Meydanlı
şeirinin Xan-ağasısan,
Çingiz,
sən yenidən doğulasısan!..
10.09.2013-Bakı
Fəxrəddin
MEYDANLI
Kaspi.-2013.-16-18 noyabr.-S.22-23.