Səhnə
ustalarımız: Əşrəf Yüzbaşov
Əşrəf Yüzbaşov tədqiqatçıların
diqqətini o qədər cəlb etməmiş
aktyorlarımızdandır. Barəsində çox az
yazılıb. Yazanlar da aktyorun siyasi fəaliyyətinə daha
artıq yer vermiş, onun 1901-ci ildən inqilabi hərəkata
qoşulması, 1905-ci ildə bolşeviklər partiyasına
daxil olması, gizli fəaliyyətinə görə dəfələrlə
həbsə alınması və sürgün edilməsi ilə
bağlı məqamları ön plana çəkmişlər.
Əşrəf Yüzbaşov
doğrudan da həyatının böyük hissəsini siyasi
mübarizəyə həsr etmiş, «Hümmət» təşkilatının
Tiflis şöbəsini təşkil edənlərdən biri
olmuşdur. Bununla yanaşı, o, Mirzəli Abbasov, Mirzəxan
Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim
İsfahanlı, Mustafa Mərdanov, Həbib Köçərlinski,
Möhsün Sənani və başqa səhnə ustaları
ilə bir sırada Tiflisdə Azərbaycan teatrının
yaradılmasında, təşkilatlanmasında və yeni
aktyorların yetişməsində böyük əməyi
olan teatr fədailərindəndir.
Əşrəf Yüzbaşov
1880-ci ildə Şamaxıda doğulub. Sonradan Tiflisdə
yaşayıb, burada dərzilik edib. Teatr sənətinə
sonsuz həvəsi də elə burada yaranıb.
Sənət dostu Mustafa Mərdanovun
yazdıqlarından: «Bir aktyor olaraq Əşrəf
Yüzbaşov Azərbaycan teatr tarixində özünəməxsus
yer tutur. Onun yaratdığı Hacı Səməd, Hacı Həsən,
Qubad, Cavad, Həsən, Barabansio, Qoca Moor, Səyyah, Məşədi
İbad, Zimzimov hələ də tamaşaçıların
yadındadır» (Mustafa Mərdanovun Əşrəf
Yüzbaşov haqqında xatirələri oxuculara 1973-cü
ildə çatdırılıb - A.B.)
Professor Abbas Hacıyev «Tiflis Azərbaycan
teatrı» kitabında onun sənət fəaliyyətini
yüksək qiymətləndirmiş və belə
yazmışdır: «Türkiyə və İran, Gəncə
və Naxçıvan, Batum, Şəki, Borçalı,
Qarayazı, Adıgün və Volqa boyunda qastrollarda olan,
ömrünün sonuna qədər səhnədən
ayrılmayan Əşrəf Yüzbaşov Tiflis Azərbaycan
teatrının inkişafına hərtərəfli kömək
etmiş, cavan aktyorlara sənət qayğısı ilə
yanaşmışdır. O, xüsusən 1916-cı il Təbriz, 1919- cu ildə isə Türkiyə
qastrollarında böyük müvəffəqiyyət
qazanmışdır».
Məlumdur ki, Azərbaycan səhnəsinin
böyük aktyoru və rejissoru Hüseyn Ərəblinski həmin
illərdə vaxtaşırı Tiflisə gələr,
buradakı aktyorların qüvvəsi ilə tamaşalar
hazırlayar, özünün tamaşalarında, eyni zamanda,
yerli rejissorların tamaşalarında aktyor kimi iştirak edərdi.
Bu tamaşalara Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin
Kirmanşahlı, Həbib Köçərlinski və
İbrahim İsfahanlı ilə yanaşı, Əşrəf
Yüzbaşov da dəvət edilirdi. Əlbəttə,
Hüseyn Ərəblinski kimi sənətkarın
hazırladığı tamaşalarda iştirak etməsi,
habelə onunla tərəf-müqabil olması Əşrəf
Yüzbaşovun istedadını, özünəməxsus
yaradıcılıq keyfiyyətlərini üzə
çıxardır, həm də bir sənətkar olaraq onun
daha da püxtələşməsinə ciddi təsir göstərirdi.
1910-cu ildə Bakıdan Tiflisə
qastrola gəlmiş «Səadət» cəmiyyətinin dram
kollektivinin üzvləri yerli aktyorların iştirakı ilə
hazırladıqları «Əlmənsur», «Müsibəti-Fəxrəddin»,
«Gaveyi-ahəngər», «Pəri cadu» tamaşalarını
nümayiş etdirmişlər. Bu tamaşalar,
xüsusən «Gaveyi-ahəngər» böyük uğur
qazanmış, tamaşaçıların marağı nəzərə
alınaraq təkrar göstərilmişdir.
Qeyd edək ki, «Gaveyi-ahəngər»də
Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Hüseynqulu Sarabski ilə
yanaşı, Tiflis aktyorlarından Əşrəf
Yüzbaşov, İbrahim İsfahanlı və
başqaları da uğurla çıxış etmişlər.
«Gaveyi-ahəngər»in
digər quruluşda tamaşası barədə məlumata
professor Əziz Şərifin xatirələrində rast gəlirik.
Professorun öz gündəliyinə və tamaşanın
şəxsi arxivində saxladığı proqramına əsasən
verdiyi məlumata görə, Tiflis teatrının aktyoru və
rejissoru Mirzəli Abbasovun hazırladığı bu tamaşa
(«Gaveyi-ahəngər») 1914-cü il
yanvarın 17-də Tiflisdə, «Gürcü teatrı»nda
göstərilmişdir. Tamaşada Hüseyn Ərəblinski
ilə birlikdə Tiflis teatrının aktyorları - Mirzəli
Abbasov, Mirseyfəddin Kirmanşahlı, Əşrəf
Yüzbaşov və başqaları da iştirak etmişlər.
Əziz Şərif
“Keçmiş günlərdən” adlı kitabında bu
tamaşanın proqramını vermiş və sonra
yazmışdır: «Bu siyahıdan
(iştirakçıların siyahısı nəzərdə
tutulur - A.B.) əsərin və tamaşanın nə qədər
mürəkkəb olduğunu duymaq o qədər də çətin
olmamalıdır. İnqilabdan sonra müasir
orijinal və tərcümə edilmiş dram əsərlərinin
səhnəmizə gəlməsi ilə səhnəmizdə
öz yerini itirmiş bu əsər («Gaveyi- ahəngər» -
A.B.) o zamanlar tamaşaçıları çox
maraqlandırır və cəlb edirdi. Dahi
Firdovsinin «Şahnamə»sindən götürülərək
məşhur Osmanlı ədibi Şəmsəddin Sami bəy
tərəfindən tərtib edilmiş bu əsər o zaman
üsyankar bir əsər kimi səslənirdi. Buradakı zəngin səhnə surətləri də
aktyorlara öz sənət və istedadını göstərmək
üçün geniş imkan verirdi. Buna
görədir ki, artistlər də çətin və şərəfli
sınaqdan keçmək üçün hər dəfə
bu əsəri seçirdilər».
Hüseyn Ərəblinskinin
bu kollektivlə növbəti işi Mehdi bəy Hacınskinin
«Sultan Əbdüləziz» tarixi faciəsinin tamaşası
olmuşdur. Mirzəli Abbasovun hazırladığı
tamaşa 1914-cü il yanvarın 24-də
yenə «Gürcü teatrı»nda göstərilmişdir. Tamaşada Sultan Əbdüləziz rolunun ifaçısı
Hüseyn Ərəblinski ilə yanaşı Mirzəli
Abbasov, Nadir İbrahimov, Əşrəf Yüzbaşov və
başqaları da oynamışlar.
Onu da qeyd edək ki, həmin vaxtlar
Əşrəf Yüzbaşovun da iştirakçısı
olduğu «Ağa Məhəmməd şah Qacar», «Nadir
şah», «Qaçaqlar», «Otello», «Dağılan tifaq»,
«Arşın mal alan», «O olmasın, bu olsun", «Bəxtsiz
cavan», «Pəri cadu» və başqa tamaşalar da uğurla
nümayiş etdirilirdi.
Professor Əziz Şərif öz
gündəliyində 1914-cü il martın 26-da Tiflis şəhərində,
«Kazyonnı teatr»da Tehrandan gəlmiş məşhur xanəndə
və sazəndələr - Mirzə Əbülhəsən
xan, Tahirzadə və Dərviş xanın, habelə
Hüseyn Ərəblinski və Tiflis teatrının bir qrup
aktyorunun iştirakı ilə keçirilmiş «Şərq
konserti» barədə müfəssəl məlumat vermişdir.
Əziz Şərifin yazdığı «Gündəlik»dən
sətirlər: «Konsertin ikinci şöbəsində yalnız
bizim artistlər iştirak edirdilər... (Əşrəf) Yüzbaşov və (Mirzəxan) Quliyev «Əlli
yaşında cavan» operettasından birinci şəkli çox
canlı oynadılar. Onlar teatr
paltarında, ancaq qrimsiz idilər. Bu,
hamının xoşuna gəldi. Bunlardan
sonra Kirmanşahlı Hüseyn Cavidin «Gecəydi» şeirini
oxudu. Ondan sonra Ərəblinski
çıxdı. Hamletin məşhur
monoloqunu oxudu».
Əlbəttə, Əşrəf
Yüzbaşovun belə yüksək səviyyəli tədbirdə
məşhur sənətkarlarla birlikdə
çıxış etməsi artıq onun bir sənətkar
kimi özünü təsdiq etdiyini göstərir.
Müasirlərinin və həmkarlarının
xatirələrindən məlum olur ki, Tiflis Azərbaycan
teatrının Təbriz (1917-ci il) və
İstanbul (1919-cu il) qastrollarının təşkilində və
keçirilməsində də Əşrəf
Yüzbaşovun böyük rolu və əməyi
olmuşdur.
Təbriz qastrolunun təşkilatçıları
Mustafa Mərdanov və Əşrəf Yüzbaşov
olmuşlar.
İbrahim İsfahanlının
xatirələrindən: «1917-ci ilin əvvəllərində Təbriz
qastrolunun təşkilat işləri Mustafa Mərdanova və Əşrəf
Yüzbaşova tapşırılmışdı. Rejissorluq
işi mənim öhdəmə düşürdü...
Artistlərdən Mirzəli Abbasov, Mustafa Mərdanov, Əşrəf
Yüzbaşov, Məmmədəli Əliyev, Haşım
Haşımov, mən və qeyriləri daxil idik». Truppa həmin
səfər müddətində «Nadir şah», «Dağılan
tifaq», «Arşın mal alan», «O olmasın, bu olsun", «Bəxtsiz
cavan», «Gaveyi- ahəngər»,«Pəri cadu» və başqa
tamaşaları göstərmişdir.
İbrahim İsfahanlı daha sonra
yazır: «Bizim teatrın artistlərinin iştirakı ilə
oynanılan bu əsərlər ( müəllif
bu siyahıya bir neçə Azərbaycan operasını da əlavə
etmişdir - A.B.) 1917-ci ildə Təbrizdə,
1919-cu ildə İstanbulda, 1922-ci ildə Qarsda, habelə
1926-cı ildə yenə Təbrizdə bizə şöhrət
qazandırmışdır».
Bu qastrolların təşkilində,
ayrı-ayrı tamaşaların hazırlanmasında və
nümayiş etdirilməsində Əşrəf Yüzbaşov
müstəsna xidmətlər göstərmişdir.
Tiflis teatrının
İstanbul qastrolu barədə «Mədəniyyət»in
oxucularına məlumat vermişik. İndi
isə Əşrəf Yüzbaşov barədə söhbət
getdiyini nəzərə alaraq bir daha deməliyik ki, bu qastrolun
uğurunda da onun əməyi danılmazdır.
Müasirlərinin və həmkarlarının
dediklərinə və yazdıqlarına istinadən qeyd edək
ki, Əşrəf Yüzbaşovun aktyorluq fəaliyyətini
yalnız Tiflis deyil, Gəncə, Şəki, Kutaisi, Batumi,
habelə Təbriz və İstanbul mətbuatı da geniş
işıqlandırırdı.
Tiflis teatrının
truppası 1919-cu ildə İstanbulda qastrolda olarkən
Türkiyə mətbuatında çoxsaylı elanlar və
resenziyalar verilirdi. İstanbulda çıxan «Nədim» qəzetinin
23 yanvar 1919-cu il tarixli sayında verilmiş elanlardan nümunə:
«Azərbaycan dram və operetta kompaniyası
qarşıdakı cümə günü saat bir yarımda
yalnız xanımlar üçün, nəqliyyat vasitəsi və
hazırkı vəziyyət nəzərə alınaraq
gündüz və axşam saat 5-də Təpəbaşı
qış teatrında, cümə ertəsi gündüz və
gecə Şahzadəbaşında «Millət» teatrında,
bazar ertəsi günü və axşamı
Qazıköyündə «Quşdili» teatrında Qafqaziyanın
ən məşhur operetti «Məşədi İbad»ı («O
olmasın, bu olsun» nəzərdə tutulur - A.B.) oynayacaqlar».
(Qulam Məmmədli. «Azərbaycan teatrının salnaməsi»,
Bakı, 1975, s. 514).
«Tamaşa» jurnalında Əşrəf
Yüzbaşov haqqında yazılmış məqalədə
isə deyilirdi: «...Kompaniyanın pək möhtərəm bir
siması olan Əşrəf bəy Yüzbaşov bizə
canlı Məşədi İbad surətini göstərdi... Həyat adiyədə də pək təmkinli, pək
dərabətli olan bu zat Qafqazın həyat
tamaşasının ən əski nadimlərindən biridir.
Əşrəf bəyi tanımaqla böyük
bir məmnuniyyət duyuruq». (Sitat Mustafa Mərdanovun
«Mənim müasirlərim» (Bakı, 1973) kitabından
götürülmüşdür).
Əşrəf
Yüzbaşov 1920-ci ildən 1923-cü ilədək Azərbaycanda
yaşamış və burada müxtəlif vəzifələrdə
işləmişdir. 1923-cü ildə
yenidən Tiflisə qayıtmış və
ömrünün sonuna - 1938-ci ilədək Tiflis Azərbaycan
Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.
Adilxan
Bayramov,
filologiya elmləri doktoru
Mədəniyyət.-
2011.- 30 sentyabr.- S. 13