Aqşin Əlizadənin sirli musiqi aləmi
“Hər bir insan
açılmayan bir sirlə yaşayır. Qaldı ki, yaradıcılıq sirri, onu da
açıqlamaq olmaz. Əgər açıqlasan,
nağıllarda olduğu kimi, tilsim qırılar”
Bu
yaxınlarda Azərbaycan mədəniyyətinə
ağır itki üz verdi. Görkəmli
bəstəkar, Xalq artisti, professor Aqşin Əlizadə cismən
aramızdan getdi. Bəli, cismən. Çünki Aqşin müəllimin böyük
istedadı, yaradıcılığı, xalq, vətən
qarşısında xidmətləri onu yaddaşlarda əbədi
yaşadacaq.
Aqşin Əlizadə Azərbaycan incəsənətinin
görkəmli nümayəndəsi, musiqi xəzinəmizi zənginləşdirən
bəstəkar, özündən sonrakı nəslə bəstəkarlıq
sənətinin sirlərini aşılayan müəllim,
maraqlı düşüncələri və müdrik
tövsiyələri ilə insanlara xoş təsir
bağışlayan gözəl və səmimi insan idi. Bu keyfiyyətləri
onun ölməz musiqisində də öz əksini tapır.
Bəstəkarın yoxluğunda ən böyük təsəllimiz
də bizə yadigar qalan əsərləridir. Əgər
biz XX əsrin novator bəstəkarlarının adını
çəkiriksə, bu sırada mütləq Aqşin
Əlizadə qeyd olunmalıdır. Çünki
onun yaradıcılığı ilə Azərbaycan musiqi
tarixində yeni bir səhifə açılır. O,
musiqimizə yeni üslub, yeni nəfəs gətirən sənətkarlarımızdandır.
Bəstəkarın musiqisi elə ilk xanələrindən
özünəməxsusluğu ilə seçilir və
müəllifini tanıdır.
Aqşin müəllimin musiqiyə gəldiyi dövr yeni
üslub axtarışları tələb edirdi. Bu kontekstdə
o öz yolunu tapa bildi. Müasir musiqi
elementlərini milli musiqi intonasiyaları ilə ustalıqla
qovuşdurmağı bacardı. Onun
novatorluğu məhz bu məqamda üzə
çıxırdı. Musiqişünaslar
qeyd edirlər ki, Aqşin Əlizadə Qara Qarayev və Fikrət
Əmirov ənənələrinə xas olan cəhətləri
özünəməxsus tərzdə davam etdirməklə, fərdi
üslubunu meydana gətirən bəstəkardır.
Bəstəkarın əsərlərinin siyahısı
genişdir.
Burada musiqinin müxtəlif janrları əksini tapır:
simfoniya, balet, kamera-instrumental, vokal və xor əsərləri,
müxtəlif alətlər üçün yazılan pyeslər,
kvartetlər, süitalar və ya digər janrlar Aqşin
Əlizadənin bəstəkar təxəyyülündən
süzülərək yeni məna çalarları kəsb
edib.
Aqşin Əlizadənin 1971-ci ildə yazdığı
“Babək” əsəri ilk qəhrəmanlıq baleti hesab
olunur. Bu əsər bəlkə də bəstəkarın
yaradıcılığının bütün cəhətlərinin
məcmusudur. Onun üslub
axtarışları bu baletdə əksini tapır. Bəstəkarın “Qafqaza səyahət” və
“Ümid valsı” baletləri də kamil sənət nümunələridir.
Ümumiyyətlə, sənətkar bütün əsərlərində
öz məqsədinə nail olub. O, müsahibələrinin birində
başlıca məqsədinin lirik qadın və qəhrəman
kişi obrazı yaratmaq olduğunu dilə
gətirmişdi. Qeyd edirdi ki, tarixin parlaq səhifələrini
musiqi dilinə çevirmək bəstəkarların əsas
işi olmalıdır. Müəllifin “Babək”
baletindəki baş qəhrəman və A.Dümanın əsəri
əsasında yazdığı “Qafqaza səyahət” baletindəki
Xurşudbanu Natəvan obrazları buna gözəl nümunədir.
Bəstəkarın yaradıcılığının
mühüm bir hissəsini xor əsərləri təşkil
edir. A kapella üçün “Bayatılar” xor əsəri,
“Azərilər” kantatası bu janrda ən gözəl
nümunələrdir. Yaradıcılığını
milli köklər üzərində quran sənətkar bu cəhəti
bütün janrlara tətbiq etmişdir. Onun
IV simfoniyasının V hissəsində eşitdiyimiz “Gül
açdı” xalq mahnısının intonasiyaları klassik
musiqi janrına milli ruh gətirmişdir.
Bu məqamda böyük sənətkarla olan söhbətlərimizə
istinad etmək istəyirəm.
O,
geniş yaradıcılıq irsinə malik olmaqla bərabər
çox diqqətli, qayğıkeş bir insan idi. Maraqlı düşüncələri vardı.
Ötən il Azərbaycan Radiosunda
hazırladığım “Bəstəkarlarımızın
iş otağında” silsiləsindən bir veriliş Aqşin
müəllimin doğum günü ilə əlaqədar
olaraq ona həsr edilmişdi. Vəfatından bir
müddət əvvəl onunla telefon söhbətimizdə həmin
verilişi çox bəyəndiyini söylədi. Mən
əlavə etdim ki, Aqşin müəllim, bu il
doğum gününüzdə daha bir veriliş
hazırlayarıq. O isə müsahibəni dövri mətbuatda
dərc etdirməyimi təklif etdi. İndi mən
müdrik bir sənətkarın vəsiyyətinə əməl
edərək həmin söhbətdən bəzi məqamları
oxucularımıza təqdim edirəm.
* * *
-
Aqşin müəllim, müsahibələrinizin birində
deyirsiniz ki, mən bu sənətə gələndə
qarşıma məqsəd qoydum ki, ya öz yolumu
tapmalıyam, ya da geri çəkilməliyəm. Bəstəkarlığa da bir savaş kimi baxmışam.
Bu nəyin savaşı idi: istedadınızla, yoxsa bəstəkarlıq
texnikası ilə?
- Bəstəkar
özü-özü ilə savaş etməlidir. Əvvəla, anlamalıdır ki, bu çox
ağır və müqəddəs sənətdir. Yəni sənətə heç vaxt soyuq yanaşmaq
olmaz. Ona görə də sanki
özün-özünlə savaş edirsən. Amma məlum deyil ki, qalib gələcəksənmi, səsləri
tapa biləcəksənmi, ya yox. Əsas
odur ki, sən öz üzərində daim
çalışasan, özü də fədakarlıqla.
-
1943-cü ildə dərslərə başlayanda 6
yaşınız olub. O dövrdən zəmanənin
ağırlığını anlamağa və ciddi
olmağa çalışmısınız. Keçmişlə
indi arasındakı fərqi necə xarakterizə edərdiniz?
Yəni bu gün sənətə gələnlərdə
də o ciddilik varmı?
- Bəzən
yaşlılar elə bilirlər ki, uşaqlar çox şeyi
başa düşmür. Amma uşaqlar hər
şeyi çox gözəl anlayırlar, sadəcə ifadə
edə bilmirlər. Məsələn, 5-6 yaşlı
uşaq çox yaxşı bilir ki, kim
yalan danışır, kim səmimidir. Uşaqlığımı
yada salanda görürəm ki, çox şeyi başa
düşürdüm, ancaq deyə bilmirdim.
Ciddilik məsələsində
valideynlərimin də rolu az deyil. Xoşbəxtliyim ordan başlayıb ki, valideynlərim
qədəm qoyduğum sənətin ciddiliyini mənə
düzgün başa sala biliblər. Buna
görə də əvvəldən mənim sənətə
münasibətim çox ciddi oldu. Bu ciddi
münasibətə ikinci təkan verən müəllimdir.
Mənim ilk müəllimim görkəmli cazmen
Vaqif Mustafazadənin anası Zivər xanım olub. O da
çox ciddi və tələbkar idi. Oxuduğum
müddətdə heç vaxt məni üzümə tərifləmədi.
Elə bilirdim ki, məndən razı deyil.
Sonra bəlli oldu ki, valideynlərimə
haqqımda yaxşı sözlər deyirmiş. Müəllim gərək tələbəni gərgin
saxlasın. Çünki bir-iki dəfə
tərifləsə, tələbə arxayınlaşıb
özündən razı olacaq.
- Qeyd
edirsiniz ki, həyatım iki yerə bölünür: ailəm
və sənətim. Bu bölgünü necə
tənzimləmisiniz?
- Təəssüf
ki, təbiətin qanunu belədir, ata-ana həmişə səninlə
qalmır. Amma gərək onlardan sonra evində, həyatında
elə adam olsun ki, səni başa
düşə bilsin. Bu mənada mən həyat
yoldaşıma çox minnətdaram. O, mənə
yaradıcılığımla məşğul olmaq
üçün daim dəstək olub. Əgər
ailədə bir sənət adamı varsa, bütün ailə
üzvləri ona mənəvi dayaq olmalıdır. Sənətkar həmişə çox qazana bilmir,
maddi cəhətdən çətinlikləri olur. Ailə üzvləri belə olduqda dözüm
nümayiş etdirirlər. Ailədəki
mühitin yaradıcılığa çox təsiri var.
Həmişə axtarışda olmaq lazımdır. Gərək sənətin
bir növ qulu, əsiri olasan. Əgər
bir əsər yazıb, özünü şah kimi hesab etsən,
onun yaxşı nəticəsi olmaz. Sənətkar
həmişə yazıb-yaratmağa məhkumdur. O ki
qaldı ilham verən qüvvələrə, onlar mənim
müəllimlərimdir. Başda mənəvi
müəllimim Üzeyir bəy, sonra Qara Qarayev və Cövdət
Hacıyev.
- Hər
bir bəstəkar kimliyini yaxşı bilir deyirsiniz. Onu tərifləsələr də, tənqid etsələr
də, o, özü-özünü hamıdan yaxşı
tanıyır. Bəs Aqşin Əlizadə
özünü necə tanıyır?
- Mən
özümdən heç vaxt razı qalmıram. Hər əsərdən sonra nigarançılıq
çəkirəm. Ümumiyyətlə,
mən nə təriflərə, nə də tənqidlərə
fikir verməmişəm. Çünki
zaman hər şeyi süzgəcdən keçirir, öz yerinə
qoyur. Mən sırf Azərbaycan bəstəkarıyam
və daim bu amalla çalışmışam.
- Bəstəkarlıqla
yanaşı, pedaqoji fəaliyyətlə də məşğul
olursunuz. Deyirsiniz ki, dərs keçəndə
bəstəkar özü də öyrənir. Tələbələrinizə nəyi öyrədib,
onlardan nəyi öyrənmisiniz?
- Məcbur
deyil ki, tələbə müəllimin dediyini olduğu kimi təkrarlasın.
Müəllim tələbəyə necə
axtarışda olmağın yollarını başa
salmalıdır. Çalışmışam
ki, tələbələrimə bunu öyrədim. Qaldı ki, onlardan nələrsə öyrənməyimə,
cavanlar həyatsevər, qaynar təbli olurlar. Onlara baxanda ruh yüksəkliyim həmişə
artıb. Onlar bulaq suyu kimi təmiz olurlar.
Bu da ruhuma daha bir gözəllik qatır.
- Gənc
bəstəkarların əsərlərinə qulaq asanda hiss
olunur ki, milli üslub müəyyən qədər arxa plana keçib. Siz isə elə
bir nəsli təmsil edirsiniz ki, əsərlərinizdə
milliliklə müasirlik üzvi şəkildə qovuşur.
Bu baxımdan gənc bəstəkarlara nələri
tövsiyə edərdiniz?
- İlk növbədə onu deyə bilərəm ki, bəstəkar
çox məsuliyyətli olmalıdır. Bəllidir ki,
görkəmli bəstəkarlar - Üzeyir bəy, Qara Qarayev,
Dmitri Şostakoviç məşhur əsərlərini cavan
ikən yazıblar. Sadəcə təcrübə
məsələsi var. Milliliyə gəlincə isə, hər
bir bəstəkar fikirləşməlidir ki, onun əsərini
ilk növbədə öz xalqı dinləyəcək.
Ona görə də əvvəlcə öz
xalqının milli xüsusiyyətlərini, musiqisini
yaxşı mənimsəməlidir. Əgər
Azərbaycan bəstəkarı olmaq istəyirsənsə, gərək
Azərbaycan musiqisi yazasan.
-
Yaradıcı adamların mətbəxindən heç kimin xəbəri
olmamalıdır - bu fikir də sizə məxsusdur. Bu məsələyə bir qədər
aydınlıq gətirərdiniz.
- Bu mətbəx
çox böyük bir sirdir. Hər
yaradıcı insanın öz mətbəxi var ki, zənnimcə,
onu açıqlamaq olmaz. Məsələn,
elə bilin ki, uzaqdan bir bəstəkarı müşahidə
edirsiniz. Bəstəkar otaqda o başa, bu
başa gəzir, gah masa arxasında oturub nə isə fikirləşir,
gah divara, gah tavana baxır. Fikirləşirsiniz
ki, bəs bu nə vaxt yazır? Bax, əsl
sirr budur. Əslində isə bu bir
yaradıcılıq fəaliyyətidir. Eyni
zamanda hər insanın həyatında bir sirr var. Hər bir
insan açılmayan bir sirlə yaşayır. Qaldı ki, yaradıcılıq sirri, onu da
açıqlamaq olmaz. Əgər
açıqlasan, nağıllarda olduğu kimi, tilsim
qırılar.
* * *
Aqşin Əlizadə ilə müsahibəmiz burada
bitmir. O,
çox maraqlı mətləblərdən
danışmışdı. Amma bu cavabdan sonra
yazımın son məqamlarını qələmə almaq
istəyirəm. Düşünürəm
ki, onunla nə qədər söhbət etmiş olsaq da,
bütün sirlərini öyrənə bilməmişik.
Neçə-neçə sirr də Aqşin
müəllimlə birgə əbədiyyətə
qovuşdu. Amma o sirlərin əksəriyyəti
bəstəkarın musiqisindədir. Duyumlu
bir insan bu musiqiyə diqqətlə qulaq asarsa, orada Aqşin
Əlizadənin dünyagörüşünün zənginliyini,
vətən, torpaq, xalq sevgisini, fəlsəfi
düşüncələrini hiss edəcək. O
özü ilə hansı sirlərini əbədi dünyaya
aparsa da, bizə və gələcək nəsillərə
böyük bir musiqi irsi yadigar qoyub. Bu da
Aqşin Əlizadənin sirli dünyasından doğan
sirli-sehrli musiqi aləmidir. O aləmə baş vurduqca bəstəkarın
böyüklüyünü və açılmayan sirlərini
onun ölməz musiqisi açacaq, illəri, əsrləri
adladıqca ölməz sənətkarı da öz ardınca
aparacaq.
Sonda unudulmaz sənətkara Tanrıdan rəhmət diləyir və təəssüf edirəm ki, onun növbəti doğum günündə arzusunu yox, vəsiyyətini yerinə yetirmiş oldum. Ruhu şad olsun.
Səadət Təhmirazqızı,
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2014.- 21 may.-
S. 11.