Türk dünyasının böyük yazıçısı Bakıda yad olunub

 

 

   Mayın 15-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Bakı ofisində türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 90 illiyinə həsr edilmiş tədbir keçirilib.

  

   TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov çıxış edərək bildirib ki, Çingiz Aytmatov SSRİ ərazisində yaşayan bütün xalqların ən sevimli yazıçısı kimi tanınıb, rəğbət hissi ilə qarşılanıb. Onun əsərləri dünyanın hər yerində böyük sevgi və məhəbbətlə oxunmaqla yanaşı, 76 dilə tərcümə edilib. Çingiz Aytamatovun 90 illiyi münasibətilə silsilə tədbirlər keçirilir. Görkəmli yazıçının xatirəsinə həsr edilmiş tədbirin təşkilatçılarından biri də TÜRKPA-dır.

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qeyd edib ki, qırğız mədəniyyətinin dünyaya bəxş etdiyi ən ali dəyərlərdən biriÇingiz Aytmatov olub: “Onun vasitəsilə türk xalqlarının tarixini daha da yaxından tanıdıq. Bizi yaş fərqinə baxmayaraq, çox şeylər bağlayırdı. Çingiz Aytmatovun adına Bakıda bir küçə olsa, daha yaxşı olar. Biz bununla bağlı müraciət qəbul edəcəyik”.

   Qırğızıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Bakıt Usupov yazıçının yaradıcılığı haqqında qonaqlara məlumat verib. Görkəmli yazıçının yaradıcılığının fəlsəfi üstünlüklərindən danışan diplomat deyib: “Ç.Aytmatov zamaninsan haqqında elə tərzdə yazıb ki, onun təsirindən milyonlarla insan düşüncəsinin həmrəyliyi yaranıb. Yazıçını bəşəri problemlər düşündürsə də, yaratdığı obrazlar tarixi yaddaşın daşıyıcısı olub”.

   AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Çingiz Aytmatovun bir çox əsərləri Azərbaycan dilinə tərcümə olunub, onun yaradıcılığı əsasında dissertasiyalar yazılıb.

   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, Çingiz Aytmatovun əsərlərində həm millilik, həm də bəşərilik var. Türk dünyası böyük ədiblə qürur duyur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Çingiz Aytmatovun əsərlərini müxtəlif dillərə tərcümə etməklə onu dünyanın bir sıra ölkələrinə təqdim edəcək. Yazıçının əsərlərindən biri yaxın gələcəkdə Bakıdakı sənət ocaqlarından birində tamaşaya qoyulacaq.

   Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Milli Məclisin deputatı, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə qrupun rəhbəri Musa Quliyev, Xalq şairi Sabir Rüstəmxanlı və digərləri çıxış edərək yazıçının zəngin irsindən söz açıblar.

   Yazıçının oğlu Askar Aytmatov çıxış edərək atasının xatirəsinə göstərilən ehtiramdan məmnunluğunu ifadə edib, tədbirin təşkilinə görə təşəkkürünü bildirib.

 

Mədəniyyət.- 2018.- 16 may.- S.2.