Siz xalqımızın üzünü
ağ etmisiniz
Ali Baş Komandan İlham Əliyev Vətən
müharibəsinin qəhrəman hərbçilərinə
paytaxtdakı yeni tarixi məkandan xitab etdi
“İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək”
İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Mən bu barədə əvvəlki illərdə danışarkən bəziləri hesab edirdi ki, bəli, bunlar qəbul olundu, amma bunun nəticəsi yoxdur. Bu gün gördük bunun nəticəsini, hər kəs gördü bunun nəticəsini.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var. Vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat verəcəyik. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq.
Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. Bundan sonra, dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Qısa zamanda görülən işlər artıq yekunlaşıb: açıq səma altında park salınıb.
Müzəffər Ali Baş Komandan tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin savaş meydanında qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.
Lövhənin qarşısında dayanan Prezident İlham Əliyev deyib: “Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb.
Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdu. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik”.
Dövlət başçısı vurğulayıb ki, bu lövhənin Azadlıq meydanında paradda nümayişi ilə Ermənistanın məğlubiyyəti, erməni ordusunun fərariliyi bir daha göstərildi: “Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı”.
44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə cinayətlər törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları da var.
“Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”, – deyə İlham Əliyev bildirib.
Nümayiş etdirilən qənimətlər sırasında “KUB” zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika var. Düşmənin “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “OSA” zenit-raket kompleksi də parkda nümayiş olunur.
Vətən müharibəsində döyüş həm də informasiya cəbhəsində davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən – Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr parkın ərazisindəki videozalda nümayiş etdirilir.
Parkın ərazisindəki hər bir element, demək
olar, nadirdir. Məsələn, buradakı oturacaqların alt hissəsi
qənimət kimi götürülmüş mərmi
yeşiklərindən düzəldilib. Parkın
ərazisindəki işıqlandırma sistemi mərmilərin
ərintilərindən, tullantı yeşikləri isə tank
mərmisinin barıt atıcısının futlyarından
hazırlanıb.
Hərbi
Qənimətlər Parkının ən maraqlı hissələrindən
biri 30 il ərzində düşmən tərəfindən
möhkəmləndirilmiş müdafiə mövqeyi əks
olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr
sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə
qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə
beton dirəklər və metal kirpilər, alçaq dirəklər
üzərində tikanlı məftildən tor, hündür
dirəklərdə məftilli tor, az nəzərə
çarpan və üçcərgəli lent tipli məftil
maneələri və s. nümayiş olunur. Bu
maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər
və Goranboy istiqamətlərində Azərbaycan Ordusu
bölmələrinin dəf etməli olduğu mühəndis
sistemlərindən idi.
Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin
nümayişi baxımından xüsusi əhəmiyyət kəsb
edir. Burada təqdim edilən eksponatlar Azərbaycana Zəfər
qazandıran döyüşləri bir daha göz önündə
canlandırmağa imkan yaradır.
Ali Baş Komandan İlham Əliyev parkla tanışlıqdan
sonra Vətən müharibəsində göstərdikləri
hərbi səriştə, rəşadət və
şücaətə görə təltif olunan hərbi
qulluqçularla görüşüb.
Qarabağ
münaqişəsinin tarixi, Birinci Qarabağ müharibəsində
Ermənistan tərəfindən ərazilərimizin
işğal edilməsi, məruz qaldığımız itkilərin
səbəbləri barədə danışan dövlət
başçısı bildirib ki, Azərbaycan 2020-ci ildə
qazandığı bu Zəfərə addım-addım,
ardıcıl və məqsədyönlü siyasət sayəsində
nail olub. Bu xüsusda beynəlxalq təşkilatların Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü ilə
bağlı qəbul olunan qərarlarının da nəticə
etibarilə böyük əhəmiyyəti olub: “Bütün
bunlar siyasi və hüquqi baza yaradıbdır. Əgər
bu olmasaydı, müharibə dövründə bizə
qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin
BMT-dəki təşəbbüsü nəticə verə bilərdi.
Bunu da hər kəs bilsin, bir çoxları
bilmir. Müharibə gedə-gedə bizə
qarşı sanksiyalar tətbiq etmək istəyirdilər.
Biz öz torpağımızda vuruşuruq.
Biz öz ərazi
bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir,
vicdansızlıqdır. Kim idi bunları təşkil
edən? Minsk qrupuna həmsədrlik edən
ölkələr. Kim bunun
qarşısını aldı? Bizə dost olan ölkələr,
Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının
sədri kimi özümüzü ləyaqətlə
aparmışıq, bu ölkələrə kömək
etmişik, həm maliyyə yardımı göstərmişik,
həm də humanitar yardım. COVİD ilə
bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə
yardımı göstərmişik. Onların
maraqlarını müdafiə etmişik və onlar da, öz
növbəsində, bizə dəstək verdilər”.
Prezident
vurğulayıb ki, Zəfərə aparan yolun ilbəil təmin
olunmasında iqtisadi müstəqillik əsas məsələlərdən
biri idi: “Buna da nail olduq. Enerji müstəqilliyinə
nail olduq. Tarixi layihələri həyata
keçirdik. 2006-2007-ci illərdə
neft-qaz kəmərləri inşa edildi. Əgər,
o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz
olmazdı. Vəsait yoxdursa, silah da
olmayacaqdı. Silahları bizə heç kim
bağışlamayıb. Ermənistandan fərqli olaraq 5
milyard dolları heç kim hədiyyə
eləməyib. Onların məhv edilmiş və
qənimət götürülmüş silahlarının dəyəri
5 milyard dollardır. Biz pulla
almışıq, iqtisadi müstəqillik olmasaydı, necə
ala bilərdik? Ona görə iqtisadi
müstəqillik əsas idi, bu sahədə də
hazırlaşdıq. Ermənistanı
dalana çevirməli idik. Bütün nəqliyyat,
kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan
yan keçdi... Ermənistanı iqtisadi cəhətdən
çökdürmək əsas vəzifələrdən biri
idi, mən bunu gizlətmirdim və buna nail olduq”.
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə
olunmasının da ən vacib məsələlərdən
biri olduğunu deyən İlham Əliyev bildirib ki,
bütün bu amillərlə bərabər İkinci
Qarabağ müharibəsində əldə olunan qalibiyyət
ilk növbədə güclü ordu quruculuğuna
bağlıdır. Prezident qeyd edib ki, Azərbaycan hələ 2016-cı
ilin Aprel döyüşlərində işğalçı
orduya ağır zərbə vurandan sonra Ermənistana bundan nəticə
çıxarmaq üçün şans vermişdi: “2018-ci
ildə Naxçıvanda sərhəddə uğurlu əməliyyat
keçirərək önəmli strateji yerləri
götürmüşdük və artıq Qarabağa gedən
yola tam nəzarət edirdik. Müharibə
dövründə, - indi bu, sirr deyil, - bilirdik ki, Dağlıq
Qarabağa nə aparılır. İstənilən
an o yolu kəsə bilərdik. Sadəcə
olaraq, buna ehtiyac yox idi. O da dərs olmadı... Ondan bir il sonra Ermənistanın baş naziri
Dağlıq Qarabağda demişdi ki, “Qarabağ Ermənistandır”.
Bu, nə deməkdir? O deməkdir ki,
danışıqlar qurtardı, mənasızdır. Bu, danışıqların sonu idi. Təxribat xarakterli digər addımlar, hərəkətlər,
çıxışlar göstərirdi ki, Ermənistan
torpaqları qaytarmaq istəmir. Azad
edilmiş torpaqlarda gördüyümüz mənzərə,
sizin dəf etdiyiniz o təmas xətləri, o müdafiə xətləri
göstərir ki, bir qarış torpaq vermək istəmirdilər.
Başımızı aldatmaq, öz himayədarlarına
arxalanmaq, onlardan müftə silah almaq, siyasi dəstək
almaq, onların ölkələrində yaşayan
lobbiçilərdən istifadə etmək və bizi bu vəziyyətdə
əbədi saxlamaq – bu idi onların niyyəti. Ondan sonra iyul ayında dövlət sərhədində
təxribatlar törədildi, avqust ayında diversiya qrupu
göndərildi və sentyabr ayında artıq İkinci
Qarabağ müharibəsi başlamışdır”.
Vətən müharibəsinin hər gününün Ordumuzun irəliləməsi, qalibiyyətlə bağlı olduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdı, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur: “Bütün əməliyyatlar düşünülmüş şəkildə aparılmışdır. Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu... Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc və həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Mən bunu hələ bir neçə il bundan əvvəl bir beynəlxalq tədbirdə demişdim. Hansısa erməni mənə sual vermişdi ki, orada snayper müharibəsi gedir, yaxud da erməni əsgərləri ölür. Dedim ki, ölmək istəmirsə, rədd olsun bizim torpağımızdan. Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq. Belə də oldu. 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi, Ermənistan ordusunun beli qırıldı, Ermənistan ordusu məhv edildi”.
Prezident daha sonra deyib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir? Vəhşi, hələ bəlkə də vəhşi o qədər də ağır söz deyil. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Guya onlar burada azlıqda yaşayan mədəni, böyük sivilizasiyaya aid olan bir xalqdır, ətrafında da vəhşi müsəlmanlar bunları əhatə edir. Avropanın hər bir tinində bunu deyirdilər. Rusiyanın hər bir tinində bunu deyirdilər ki, bizə kömək edin, yoxsa bizi burada boğarlar. İndi hər kəs gördü bunun sivilizasiyası nədir, bunun mədəniyyəti nədir, bunun əxlaqı, mənəviyyatı nədir?! Qəbirləri dağıdan, şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məsciddə donuz saxlayan vəhşidir, başqa adı yoxdur. Bütün dünya bunu görüb və daha da çox görəcək.
İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.
Prezident İlham Əliyev
çıxışının sonunda Vətən müharibəsinin
təltif olunmuş zabitləri ilə görüşün məhz
bu məkanda keçirilməsinin əhəmiyyətini də
qeyd edib: “Mən istəyirdim ki, biz Hərbi Qənimətlər
Parkının açılışı günündə
görüşək və bu yüksək mükafatlar sizə
təqdim edilsin və parkın ilk ziyarətçiləri siz
olasınız. Sizə Ali Baş Komandan kimi dərin təşəkkürümü
bildirmək istəyirəm. Siz xalqımızın
üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının
üzünü ağ etmisiniz. Bizim Qələbəmiz təkcə
xalqımızın qələbəsi deyil, bütün
türk dünyası bizim qələbəmizlə fəxr
edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək,
cəsarət göstərərək, düşməni
qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs
bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.
Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə!
Yaşasın Azərbaycan!”.
Mədəniyyət.- 2021.- 14
aprel.- S.1;2.