“Bəşəriyyətin düçar olduğu bəla”

 

26 iyun Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən qeyd olunan gün münasibətilə bölgələrdə bir sıra tədbirlər keçirilib.

Masallı rayon Mərkəzi Kitabxanasında “Bəşəriyyətin düçar olduğu bəla” adlı tədbir təşkil olunub. Qeyd olunub ki, narkomaniyanın ictimai təhlükəliliyi insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşkünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasında başlıca rol oynayır. Bu isə insanın həm mənəvi, həm də cismən məhvi deməkdir.

***

Ucar Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniyaya qarşı mübarizə hər kəsin borcudur!” mövzusunda maarifləndirici tədbir keçirilib. Narkomaniyanın yayılmasının xalqın sağlam həyat tərzi üçün təhlükə törətdiyi, narkotik maddələrin qəbul edilməsinin insanı fiziki və psixoloji cəhətdən məhv olmağa sürüklədiyi və digər mənfi təsirləri barədə çıxışlar edilib.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün bəşəriyyəti düşündürən, ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Sonda “Narkomaniya bəşəriyyətin faciəsidir!” adlı videoçarx izlənilib, “Ağ ölümə yox deyək!” adlı sərgiyə baxış olub.

***

Ağstafa Dövlət Rəsm Qalereyasında “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” başlıqlı tədbir keçirilib. Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınmasına dair maarifləndirici söhbətlər aparılıb.

Qazax Dövlət Rəsm Qalereyasında “Narkotiklər bütün dünyanın bəlasıdır!” adlı dəyirmi masa təşkil edilib. Narkomaniyanın səbəbləri, insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri barədə məlumat verilib.

***

Samux rayon Mədəniyyət Mərkəzində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib. Narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarx nümayiş olunub. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan bəhs edilib.

***

Cəbrayıl rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Çərəkən kənd klubunda “Narkomaniya əsrin bəlasıdır” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisələrin rəhbərlərinin də iştirak etdiyi tədbirdə bəşəri bəlanın ağır fəsadlarından söz açılıb.

 

Nurəddin Məmmədli

Mədəniyyət.- 2023.- 23 iyun.- S.4.