Azərbaycan Xalq Cümhuriyyəti Müstəqil
Azərbaycan Respublikasının tarixi sələfidir
Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycanın
çoxminillik dövlətçilik ənənələri
üzərində yaranıb müstəqillik tarixindəki
boşluğu dolduran və Azərbaycan xalqının dövlətçilik
əzmini müvəffəqiyyətlə nümayiş etdirən
bir faktdır.
Çünki Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması on illərlə davam edən milli oyanış və
maarifçilik hərəkatının uğurlu nəticələrindən
idi. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyev də haqlı olaraq Xalq Cümhuriyyətinin
yaranmasını Azərbaycanda A.Bakıxanov, Q.Zakir, M.Vazeh,
S.Ə.Şirvani, M.F.Axundzadə, H.Zərdabi, N.Vəzirov, C.Məmmədquluzadə,
H.Cavid və başqalarının simasında görkəmli
şəxsiyyətlərin fəaliyyət əzmləri ilə
onilliklər boyu ənənə şəklini alan, bir hərəkata
çevrilən maarifçiliyin doğurduğu uğurlu məntiqi
nəticə kimi qiymətləndirirdi. Bu
görkəmli ziyalıların ictimai və publisistik fəaliyyəti
sayəsində təbliğ edilən müstəqillik, milli
suverenlik, azadlıq ideyaları geniş səviyyədə
xalq arasında yayılaraq XX əsrin əvvəllərindən
etibarən kütləvi xalq hərəkatının
başlamasına stimul verir. 1918-ci ildə
də məhz bütün Şərqdə ilk demokratik,
respublika tipli dövlətin yaranmasına cəhd də Azərbaycan
xalqının taleyinə düşən bir mübarizənin
və qəhrəmanlığın nəticəsidir. Təsadüfi
deyildi ki, Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasının 90 və 100 illik yubileylərinin qeyd edilməsi
haqqında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin imzaladığı sərəncamlarda da məhz
bu ictimai zəmin öz təsdiqini tapırdı ki, Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi
dövrdə cərəyan edən hadisələrin və Azərbaycan
xalqının milli oyanışının məntiqi yekunu
idi.
XX əsrin əvvəllərində
Rusiyada inqilab dalğası çarizmin hakimiyyət
sütunlarını qırdıqdan, habelə I Dünya
müharibəsi və Rus-Türk müharibələri
Rusiyanı zəif saldıqdan sonra onun Qafqaza nəzarəti
itmiş, hökmü əsaslı surətdə
sınmışdı. Belə bir vəziyyətdə
Qafqaz xalqları vəziyyətdən istifadə edərək
müstəqilliklərini elan etmə qərarını
aldılar. Müvəqqəti olaraq yaradılmış
Zaqafqaziya Seymi buraxıldıqdan dərhal sonra 1918-ci il may ayının 28-də Azərbaycan da
öz müstəqilliyini elan etdi və bütün dünya
ölkələrinə istiqlal aktını göndərdi. Beləliklə, Şərqdə və türk
dünyasında ilk dəfə ilk konstitusiyalı dövlət
quruluşu məhz Azərbaycanda elan olundu. Elan olunan İstiqlal bəyannaməsində müstəqil
Azərbaycan Respublikasının yarandığı bəyan
edilməklə bərabər onun hakimiyyətinin şamil
olduğu ərazilərin hüdudları müəyyən
edilmiş, dövlətin əsas fəaliyyət prinsipləri
və mövcudluq forması əksini tapmışdı.
Həmçinin istiqlal aktında demokratik
dövlətə məxsus atributların – hakimiyyətin xalqa
mənsub olması, vətəndaşların mülki və
siyasi hüquqlarının təmin edilməsi, Azərbaycan
xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində
olduğunu bütün bəşəriyyətə
nümayiş etdirdi. Necə ki qısa
tarixi bir fasilədən sonra – 1990-cı illərdə də
Azərbaycan xalqı dahi lider Heydər Əliyevin siyasi zəkası
və bacarığı sayəsində bir daha azadlıq və
dövlətçilik əzmini nümayiş etdirdi və
müstəqilliyini elan etdi. Bu mənada Azərbaycan
xalqı hər iki tarixi hadisədə millət-dövlət
statusuna malik olduğunu göstərdi.
1990-1993-cü
illər Azərbaycan
tarixi üçün çox mürəkkəb,
qarışıq və ziddiyyətli bir dönəm olaraq
xatırlanır. 1988-ci illərdən
başlanan milli azadlıq uğrunda xalq hərəkatının
əzmi nəticəsində Sovet imperiyasının
çöküşü ilə hakimiyyətə gələn
qüvvələr milli müstəqilliyi əldə
saxlamağa əzm göstərə bilmədilər. Azərbaycanın müstəqilliyi yenidən təhlükə
altına düşdü. Beləliklə,
1990-1993-cü illər qısa zaman kəsiyi Azərbaycan
xalqının tarixi taleyinin həll olunma məqamı,
müstəqilliyinin itirilmə təhlükəsi kimi problemlərlə
səciyyəvi olaraq tarixə yazıldı. Dilemma qarşısında qalan Azərbaycan
xalqının böyük qəhrəmanlıq hesabına əldə
etdiyi müstəqilliyi, milli azadlığı təhlükə
altında idi.
Belə məqamda bütün
çıxılmaz problemlərin qarşısında
acizliyini qəbul edən hökumət özü də Heydər
Əliyevə müraciət etmək zərurətini başa düşdü. Bu məqamda da yeganə ümid ocağı,
bütün ağıllarda yanan işıq yeri Heydər
Əliyev şəxsiyyəti idi. Bütün
ağıllarda yalnız bir xilas məqamı, qurtuluş yolu
görsənirdi: Heydər Əliyev. Mürəkkəb, xaotik,
təhlükəli vəziyyət insanların həyatını,
hətta bir ölkənin taleyi və aqibətini təhdid
qarşısında qoymaqla, dostu da, düşməni də
bir qərara gətirmişdi: Heydər Əliyevsiz nicat yoxdur. Dara düşən arxa axtaran kimi təhlükənin
ciddiliyini başa düşən xalq da ona ədalətli,
humanist, xalq mənafeli, idarəçilik təcrübəsi bəxş
etmiş Heydər Əliyevi xilaskar kimi görürdü.
Həmin illərdə
Naxçıvanda dövlətçilik işinə uğurla
rəhbərlik edən Heydər Əliyev xalq öz təkidli
tələbilə siyasi hakimiyyətə dəvət etdi.
Artıq xalqın təkidli tələbi və
sevgisi ilə hakimiyyətə gələn
xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyinin təsbit olunması, milli
siyasətin yürüdülməsi, milli dövlətçilik
tədbirlərinin həyata keçirilməsi işlərinə
uğurla rəhbərlik etməyə başladı. “Mənim həyat amalım bütün
varlığım qədər sevdiyim Azərbaycan xalqına
dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi
inkişafına xidmət olub. Bu yolda
bütün gücümü, iradəmi yalnız müdrik və
qədirbilən xalqımdan almışam. Ən çətin
anlarda, ən mürəkkəb vəziyyətlərdə
yalnız və yalnız xalqıma arxalanmışam” - deyən
xalqın böyük oğlu Heydər Əliyev böyük
tarixi vəzifə kimi xilaskarlıq missiyasını ləyaqətlə
yerinə yetirdi. Həmişə xalqa arxalanmaqla xalqlaşan,
gücündə, qüvvətində dağlaşan Ulu
öndərimiz bir daha həyat və fəaliyyəti ilə
çətin sınaqlardan, çıxılmaz dilemmalardan
keçə-keçə “Xalq-Heydər Əliyev”, “Heydər
Əliyev-Xalq” vəhdətini nümayiş etdirib
xilaskarlıq mücəssəməsinə çevrildi.
“Müstəqil
Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin
varisidir”, - deyən ulu öndər Heydər Əliyev Azərbaycanın
müstəqillik tarixini daha öncələrə müəyyənləşdirməklə
bərabər, həm də Şərq aləmində, o
cümlədən türk dünyasında Azərbaycan
dövlətçiliyinin oynadığı rolu bir az da artıq aydınlığa
çıxardı.
“Ulu
öndər Heydər Əliyev Azərbaycanının dövlətçilik
tarixində mühüm xidmətlər göstərmiş Azərbaycan
Xalq Cümhuriyyətinə böyük qiymət verirdi, həm
dövlətə, həm də onun yaranmasına böyük əmək
sərf etmiş adamlara yüksək həssaslıqla və
layiqincə qiymət verir, “Azərbaycan Xalq Cümhuriyyəti
yaşadığı dövrdə böyük işlər
görmüşdür. Ən əsası ondan ibarətdir ki,
dünyanın bütün Şərq, müsəlman aləmində
ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə
əsasən dövlət, hökumət yaratmış, beləliklə
də, Azərbaycanda həm müstəqilliyin əsasını
qoymuşlar, həm də Azərbaycanda demokratiyanın,
demokratik dövlət üsul-idarəsinin əsasını
qoymuşlar. Bunlara görə və
bütün başqa sahələrdə göstərdiyi xidmətlərə
görə Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir
zamanda gördüyü işlər yüksək qiymətləndirilir”,
- deyə bildirirdi. Buna görə də müstəqil
Azərbaycan Respublikasının Silahlı Qüvvələr
günü olaraq
26 iyun müəyyənləşdirildi. Habelə digər dövlət əhəmiyyətli
sahələrin peşə bayramı günləri də məhz
AXC dövründə yaranma tarixləri ilə həyata
keçirilməklə bu varislik yüksək ənənələrlə
davam etdirilmiş oldu.
Ulu öndərimizdən sonra da Azərbaycan Xalq
Cümhuriyyətinin şamlı tarixinin uca tutulması
yüksək qayğı ilə davam etdirildi. Uzaqgörən
dövlət başçısı cənab İlham
Əliyevin xalqın inadlı tələbi ilə ölkəmizin
prezidenti seçilməsilə hər sahədə yeni mərhələ
başlandı. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinə
ehtiram da başlıca yerdə gəldi. Cənab İlham
Əliyevin 15 fevral 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan
Xalq Cümhuriyyətinin 90 illik, 2018-ci ildə isə 100 illik
şanlı yubileylərinin böyük təntənə ilə
qeyd edilməsi haqqındakı
tarixi əhəmiyyətli sərəncamları məhz
bu ehtiramı bariz nümayiş etdirdi. Habelə
AXC dövründə üçrəngli ay-ulduzlu
bayrağımızın qaldırıldığı 9 noyabr
tarixini müstəqil respublikamızın Bayraq Günü
elan olunması da bu ənənəyə yeni əhəmiyyətli
rəng qatdı. Bundan başqa milli oyanış və
dirçəlişdə mühüm xidmətləri ilə
xatırlanan görkəmli ziyalı Əli bəy Hüseynzadənin
150 illik yubileyinin, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
görkəmli simalarından olan Məmməd Əmin Rəsulzadənin
130 illik, Əhməd bəy Ağaoğlunun 150 illik yubileylərinin
keçirilməsi haqqında verilən sərəncamlar
da tarixi keçmişə və
mühüm xidmətləri olan görkəmli simalara göstərilən
dövlət qayğısı və ümumxalq
ehtiramının bariz ifadəsi kimi razılıq doğurur. “Azərbaycan Xalq Cümhuriyyəti” Ensiklopediyasının
nəşri də milli dövlətçilik tarixinə
böyük ehtiramın və sədaqətin nümunəsidir.
Beləliklə, müstəqilliyin bərpa
edildiyi və Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə
qayıdışından sonra siyasi varislik tam mənası ilə
özünü davam və inkişaf etdirib.
Ramiz Qasımov
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru
Olaylar.- 2023.- 26 may-1 iyun.- S.12; 14.