MƏHƏMMƏD FÜZULİ VII YUXU

Atam mənim əl telefonuma zəng edib dedi ki, sənə elə bir qonaq gətirirəm ki, gözlərinə inanmayacaqsan. Əsl sürpriz olacaq. Get evdə tədarük gör. Denən layiqli süfrə hazırlasınlar. Dedim ata, kimdi o hörmətli qonaq? Dedi oğul, dünyanın ən böyük şairi. Dədə-babası vaxtilə Azərbaycandan İraqa köçmüş Məhəmməd Füzulidi. Yanında da göy cismləri ilə məşğul olan böyük alim, filosof, riyaziyyatçı, şair Nəsirəddin Tusidir. Dedim ata, birdən düz çıxmaz, evdə arvad ilə davamız düşər. Çünki vaxtilə şair dostum İlyas Tapdığı Türkiyədən gələn şair kimi evimizə qonaq aparmışdım. Sonra arvad dedi ki, sən teatr tamaşası qurmuşdun. O adam türkə oxşamırdı, danışanda hərdən rus kəlmələri işlədirdi. Atam dedi yox oğul. Bu əsil şair Məhəmməd Füzulidir. Qorxu hissi keçirmə. Mən də gəlib Arifə xanım muştuluq verdim ki, gözün aydın olsun. Məhəmməd Füzuli, yanında da Nəsirəddin Tusi bizə naharda qonaq gələcək. Yaxşı bir sədri düyüsündən döşəmə pilov hazırla. Arifə xanim mənim bu sözlərimə inanmadı və İlyas Tapdıq əhvalatını xatırlayıb dedi. Bu da təzə teatrındı? Füzuli niyə adlı-sanlı şairləri qoyub, sənin evinə qonaq gəlir? Sən belə məşhur şairsən? Özün deyirsən şairlərin yanında deyirəm dramaturqam, dramaturqların yanında da deyirəm ki, şairəm. Düzünü de. Budəfəki qonaqların kimdir? Bu vaxt azan səsi eşidildi, hiss etdim ki, qapının zəngi indi çalınacaq. Elə də oldu. Atam yanında iki arıq, çəlimsiz adamla evə daxil oldu. Onların əynində orta əsirlərə aid geyim var idi. Mən Füzulinin yanında gələn qonağı tanıdım. Bu Nəsirəddin Tusi idi. Çünki vaxtilə Naxçıvanda onun yubileyinin həm ssenarisini yazmışdım, həm də quruluşunu vermişdim. Füzuli salam verdi, mənim nəzərlərim Tusidə qaldığına görə, sanki salamı eşidmədim. Hiss etdim ki, böyük şair mənim salamımı almamağından əsəbləşdi. Dedi oğul, salam verdim, rüşvət olmadığına görə niyə almadın? Ay eloğlu. Dedim ustad, məni bağışlayın. Fikririm dağınıq oldu. Amma dediyiniz o rüşvət sözünü anlamadım. Üzümü atama tutub dedim ki, rüşvət nə olan şeydi, ay ata. Hiss etdim ki, atam da bu sözün mənasını bilmədi. Dedim böyük ustad, o dediyin rüşvət sözü bizim dildə yoxdu. Dedim o rüşvət sözü nə deməkdi, açıqla başa düşək. Füzuli əsəbi halda dedi: 500 il bundan qabaq rüşvət bu məmləkətdə tüğyan edirdi. Nə oldu birdən-birə bunun kökü kəsilib?

Mən söhbət uzanmasın deyə, yan otağa keçib dilçi alim dostlarım Nizami Xudiyevə və Adil Babayevə zəng edib soruşdum ki, bizə Şərqin böyük şairi Füzuli qonaq gəlib. O, rüşvət sözünü işlətdi, düzü, nə mən, nə də atam bu sözü başa düşmədik. Bu rüşvət sözü nə deməkdi? Nizami Xudiyev dedi ki, bu rüşvət sözü bizim leksikonumuzda yoxdur. Ola bilsin bəlkə ərəb sözüdür, mənasını bilmirəm. Adil Babayev isə dedi ki, Ramiq, bəlkə o, ürüşül deyib, sən rüşvət kimi eşidmisən. Ürüşülü xanımlar üzlərinə çəkirlər. Mən tarixi kitablarda da bu sözə rast gəlməmişəm. Nə isə yeməkdən sonra üzümü ustad sənətkara tutub dedim: Ey böyük sənətkar. Rüşvət sözünün mənasını bizə başa sal, nigarançılıqdan qurtaraq. O, köksünü ötürüb dedi. Elə bil ki, sən gəlirsən padşahın məmurunun yanına. Deyirsən ki, ağa, məni bir kəndə kəndxuda qoy. O da deyir ki, 100 ağça pul gətir, bu məsələni həll edim. Yaxud övladını müharibəyə aparırlar. Gəlib deyirsən ki, paşam, gözümün ağı-qarası 1 oğlum var, onu döyüşə aparma. O da deyir ki, get arvadıvın çəçiyini, bilərziyini, sırğasını gətir, oğluvu bu səfərbərlikdən azad edim. İndi anladın ki, rüşvət nə olan şeydi? Dedim ustad, bizdə sizin kimi bu sözü hallandırmırlar. Biz buna şirin pay, kiçik hörmət deyirik. Onun əvəzində həmin adama villa bağışlayırıq, sonuncu model "Mersedes" hədiyyə edirik.

Sizin işiniz bizimkindən daha ağır olur. Buna can lazımdır ki, dözə. Böyük ustad məndən soruşdu ki, oğul sənin işin-peşən nədir? Düzü, qorxdum deyim ki, mən şairəm. Fikirləşdim, özümü şair kimi böyük ustadın yanına qoşmaq mənim üçün ayıb olar. Dedim ustad, mən sizin rüşvət sözünə bir şeir yazmışam. İzn versəniz onu oxuyaram. O, şeiri oxumağıma razılaşdı.

Rüşvət qripi

Günü-gündən çoxalır bu qorxulu xəstəlik,

Tək pul ilə qurtarmır, can istəyir üstəlik.

Adi salama dönüb indi artıq bu rüşvət,

İkinci soyadı da şirin pay, kiçik hörmət.

Alanın üzü qara, gətirən üz olur,

Bu ikili görüşdə kef-damaqlar çağ olur.

Tülküvari gülüşdən işıq gəlir gözlərə,

Əl yeri qoyulmur haçalanan sözlərə.

Ehtiram əlaməti, badələr qalxır göyə,

Alan imkan verməyir pul gətirən söz deyə.

Yeddi kərə getdiyi ziyarətdən danışır,

Məkkədən, Mədinədən, ibadətdən danışır.

Gözəlçəsi Laladan, məhəbbətdən danışır,

Fərari övladından, şücaətdən danışır.

Heç dilinə gətirmir Qarabağ boyda dərdi,

Sözünün baş-ayağı, puldu, vardı-dövlətdi.

Bilmir harada qalıb ata-ana məzarı,

Rüşvət qripidi bu bədbəxtliyin azarı.

 

Hiss etdim ki, şeirim ustadın beyninə batdı. Dedi oğul, sən şair dostun Ramiz Məmmədzadənin sözünə fikir vermə. Şeirini yazmağı davam etdir. Sən Rüşvətin nə olduğunu məndən də yaxşı təhlil elədin. Sonra mən atama üz tutub dedim ki, ata, bu böyük ustadın gəlişinin məramı nədir? Mənlə görüşməkdə məqsədini bilmək istəyirəm. Bu əsnada Füzuli özü dilləndi: 1981-ci ildə yazıçıların qurultayında görkəmli şairiniz Bəxtiyar Vəhabzadə çıxış edərək bildirdi ki, Məhəmməd Füzulinin məzarı sökülüb, cəsədini də gətirib məscidin zirzəmisinə qoyublar. Onda sizin ölkənizin başçısı rəhmətlik Heydər Əliyev onun bu sözünə əsəbləşdi və dedi: "Bu işdə siz şairlər, yazıçılar səsinizi qaldırmalısınız. Mən dövlət adamı yox. Gedin İraq səfirinin yaxasından yapışın. Böyük şairə olan hörmətsizliyi onların üzünə deyin. Qorxmayın, mən sizin müdafiənizdə dayanacağam".

Lakin bu söhbətdən 35 il keçməsinə baxmayaraq, siz yazıçılar qabağa düşmədiniz. Mən də, Nəsimi də, Nəsirəddin Tusi də, bir çox Azərbaycanın şairləri və görkəmli alimləri qürbət ölkədə sahibsiz qaldıq. Sonra biz Fəxri Xiyabana gəldik. Ulu Öndər Heydər Əliyevin məzarı üstə gül-çiçək qoyduq. Məhəmməd Füzuli Prezidentə uzun-uzadı bir dua oxudu. Sonra biz Şərqin böyük bəstəkarı Üzeyir Hacıbəylinin məzarını ziyarət etdik. Məhəmməd Füzuli poemasından "Şəbi-Hicranı" dilinə gətirib, öz dualarını oxudu. Biz Fəxri Xiyabandan qayıdıb "Füzuli" meydanına gəldik. Məhəmməd Füzuli öz heykəlini görüb, çox sevindi, Azərbaycan hökumətinə öz minnətdarlığını bildirli, gözləri yaşardı və dedi. Əgər mənim heykəlim öz vətənimdədirsə, demək, mən qürbət həyatı yaşamamışam və dünyanın ən xoşbəxt adamıyam. Biz axşam OperaBalet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasına tamaşa etdik. Mən böyük ustada dedim ki, bu əsər 108 ildir ki, teatrın repertuarından düşmür. Böyük şairin gəlişini bilən "Leyli və Məcnun" rolunun bütün ifaçıları onu dövrəyə aldılar və hərəsi öz avazı ilə şairin sözlərinə muğam parçaları ifa etdilər. Sonra ifaçılarla Məhəmmüd Füzuli xatirə şəkili çəkdirdi.

 

VIII yuxu Əməkdar İdman ustası Ələkbər Məmmədov

Səs.- 2016.-30 noyabr.- S.12