AZƏRBAYCANIN İLK PEŞƏKAR

QADIN JURNALİSTİ...

 

“Şəfiqə Əfəndizadə ilk Azərbaycan dili müəllimi, ilk qadın jurnalist, eləcə də Cümhuriyyət parlamentinin əməkdaşı olub

 

Azərbaycanda qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Həmin zamanlarda qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.

 

O cür ağır zamanlarda belə bu yükü zərif çiyinlərinə götürən qadınlar təhsilə, yeniliyə kişilərdən daha çox həvəs göstərirdilər. Azərbaycanın elə ziyalı qadınları olub ki, onlar ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə qalmayaraq, cəhalətə qarşı mübarizə aparır və həyatları bahasına insanların maariflənməsinə can atıblar.

XX əsrdə Azərbaycan qadınları arasında təhsil, maarif və mədəniyyətin yayılması uğrunda fədakarcasına çalışmış maarifpərvər qadınlardan biri də Şəfiqə xanım Əfəndizadədir. O həm də ilk Azərbaycan dili müəllimi, ilk qadın jurnalist, eləcə də Cümhuriyyət parlamentinin əməkdaşı olub. Cümhuriyyətin ən parlaq qadın xadımlarindən biri və bəlkə də birincisi idi desək, yanılmarıq.

Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Şəfiqə xanım Əfəndizadənin xalqı maarif və mədəniyyətin inkişafına səsləyən çağırışları "Şərqi-rus”, "Açıq söz”, "Azərbaycan” qəzetlərinin, "Dəbistan”, "Məktəb”, "Dirilik”, "Şərq qadını” və başqa mətbuat orqanlarının səhifələrindən eşidilib. H.B.Zərdabinin ömür-gün yoldaşı, görkəmli maarifçi Hənifə xanım Məlikova Şəfiqə xanımın Şərq aləmində əks-səda salan publisistik fəaliyyətinə yüksək qiymət verərək deyib: "Qadın təhsili məsələsində sən Həsən bəydən daha çox görə biləcəksən”.

Şəfiqə xanım XX əsrin əvvəllərində qadın hüquqşünaslığına aid müsahibələrin birində isə belə deyib: "1916-cı ildə Bakıda Cəlil Məmmədquluzadənin "Ölülər” komediyası ilk dəfə səhnəyə qoyulmuşdu. Tamaşa qurtaranda mən yaxın lojada bir qadının ağladığını gördüm. "Niyə ağlayırsan?” deyə soruşanda o, göz yaşını silib dedi: "Necə ağlamayım?! O yazıçı mənim həyatımı haradan bilir?..”

Bu kədərli hadisə ilə əlaqədar Şəfiqə xanım "Açıq söz” qəzetində "Ölülər” haqqında bir müsahibə” sərlövhəsi ilə çap etdirdiyi məqalənin axırında yazıb: "Dünyada olan zülmlərin həpsini biz ünas (qadın) tayfası çəkir. Gələ-gələ düşünürdüm ki, iştə "Ölülər” faciəsinin həyat və məişətimizdə bir inqilab törədəcəyi ... aşkardır”.

1918-ci il sentyabrın 15-də Bakının erməni və bolşevik hərbi birləşmələrindən azad edilən tarixi gündə demokratik ruhlu mətbuatımızın ailəsində şərəfli yer tutan milli azadlıq və müstəqil dövlətimizin ilk mübariz orqanı "Azərbaycan” qəzeti qadınlarımızın həyatına, azadlıq, tərəqqi yollarına mayak kimi işıq saçmağa başlayıb.

"Azərbaycan” qəzeti Şəfiqə xanım Əfəndizadənin əqidəsi, arzusu, publisistik fəaliyyəti üçün geniş meydan olub. Bu azad, milli duyğular tərənnümçüsü mətbu orqanın redaksiya heyətinə üzv seçilib. Qadınların həyatı, mübarizəsi, hüquqları, təhsili, maariflənməsi haqqında bir sıra dəyərli məqalələr, hekayələr yazıb. Qəzetin 5-ci sayında onun "Təşkilatın qadınlara təsiri”, "Seçki və qadınlar”, "Milli bayram və qadınlarımız” (1919, 5 iyun), "Vətən bizim anamızdır” (1919, 25 iyun), "Analar! Qızlarınızı oxudunuz!” (1919, 25 iyul) və başqa məqalələri mətbuat tariximizdə dəyərli səhifələrdir.

Qeyd edək ki, Şəfiqə xanım Əfəndizadə 1882-ci ildə Gürcüstanda ziyalı ailəsində doğulub. Bu ailə, xüsusilə atası Məmmədəmin Şeyxzadə mətbuata marağı olan bir ziyalı kimi qəzetləri alır və övladlarını da qəzet dünyasına həvəsi olan insanlar kimi tərbiyə edir. Şəfiqə xanım ailədə və sonralar məktəbdə ciddi mütaliə yolu ilə bir neçə dil öyrənib, savadlı qız kimi tanınıb. Təsadüfi deyildi ki, Bakıda H.Tağıyevin və N.Nərimanovun böyük milli qeyrətlə açdıqları ilk qız məktəbinə dəvət olunmuş Şəfiqə xanım bu məktəbdə müdir işləyən Hənifə xanım Məlikova kimi böyük ziyalı qadının yanında dərs deyib. O, dərs dediyi qızlar məktəbində Azərbaycanın elə publisistləri ilə tanış olur ki, sonda ömrünü mətbuatla bağlayır. Şəfiqə xanımın "Dəbistan”, "Rəhbər”, "Məktəb” kimi jurnallara gəlişi və həmin orqanlarla əməkdaşlığı da onun həyatında müstəsna rol oynayıb.

Şəfiqə xanım Əfəndizadənin mətbu çıxışları Məhəmməd ağa Şahtaxtlının baş redaktoru olduğu, 1903-cü ildə fəaliyyətə başlayan dövrün populyar qəzeti "Şərqi-Rus”dan başlayıb. Sonralar isə yuxarıda sadaladıqlarımızdan əlavə "Füqəra füyuzatı”, "Dirilik” jurnalları və "Açıq söz” qəzeti ilə də əməkdaşlıq edərək təlim-tərbiyə, cəmiyyətdə qadınların mövqeyi mövzusuna həsr edilmiş məqalələrini çap etdirib.

Ş.Əfəndizadənin jurnalistikapublisistika sahəsində tanınması əsasən 1911-1912-ci illərdə çap olunan "İşıq” qəzeti ilə bağlı olub. XX əsrin ilk on illiyində Azərbaycan qadınının jurnalistika mühitinə cəlb edilməsində bu qəzetin mühüm rolu olub. Şəfiqə xanımın yaradıcılığında qadın azadlığı ən aktualdaha çox müraciət etdiyi mövzudur. Onun publisistik məqalə və hekayələrində əsasən qadına münasibət, qadının cəmiyyətdə rolu və digər məsələlərdən bəhs olunur. Publisistika ilə yanaşı, Şəfiqə xanım bədii ədəbiyyata da meyl göstərir. 1914-cü ildə xanım publisistin "İki yetim, yaxud Kərimin hümməti” adlı bədii kitabı nəşr olunub.

"İslamların, türklərin” adlı məqaləsində qadınların kişilərlə müqayisədə geridə qalmasını qəbul etməyən Ş.Əfəndizadə millətin əsaslı bir mədəniyyət əldə etməsində hər iki tərəfin böyük rol oynadığını qeyd edib.

Vətənpərvər xanım vətəninin düçar olduğu ağır günlərdə hər bir qadının üzərinə böyük bir vəzifə düşdüyünü, vətənə sadiq, çevik, cəsur igidlər yetişdirmək lazım olduğunu göstərib. Kişilərlə bərabər vətənin dərdinə əlac tapmaqda köməklik etməsini qadınların başlıca vəzifəsi hesab edib.

Görkəmli mətbuatşünas-alim Qulam Məmmədli "Sizə kim lazımdır” biblioqrafik məlumat kitabında onun publisistik məqalələrinin "Sədayi-həqq”, "Bəsirət”, "Sovqat”, "İttihad” qəzetlərində də çap olunduğunu qeyd edib.

Ş. Əfəndizadə qəzetin 26 oktyabr 1917-ci il nömrəsində dərc olunan "Seçki və qadınlar” adlı məqaləsində o dövr üçün əhəmiyyətli rol oynayan digər bir məsələyə - qadınların savadsızlıq üzündən seçki hüquqlarını, seçkinin mahiyyətini dərk etməmələrindən, bunun nəticəsi olaraq da bu prosesdən kənarda qalmalarından yazıb: "Həyatı sevmək, onu daha da gözəlləşdirmək lazımdır. İnkişaf qadınlıq və qadınlığın diriliyindədir. Qızların, qadınların səyi olmadan Vətənin, xalqın yüksəlişi qeyri-mümkündür. Başqa xalqların qadınları ictimai-siyasi həyatda kişilərlə bərabər fəaliyyət göstərərək, öz millətinin tərəqqisi üçün çalışan zaman Azərbaycan qadınları bu prosesdən kənarda qala bilməz”. Həmin məqalədə qadınların seçkidə iştirakı zəruri məsələ kimi önə çəkilir və onların siyasi və vətəndaşlıq hüquqlarının kişilərlə bərabərliyi cəsarətlə qeyd edilib.

İstiqlal aşiqi, vətən fədaisi Ş.Əfəndizadə publisistikasında dövrünün problemlərinə əsl jurnalist mövqeyindən yanaşmış, vətənpərvər şəxsiyyət kimi münasibət bildirib. Sovet dövründə də Şəfiqə xanım Əfəndizadə jurnalistlik fəaliyyətini davam etdirib, 1923-cü ildə fəaliyyət göstərməyə başlayan "Şərq qadını” jurnalı ilə fəal əməkdaşlıq edib. Redaksiya heyətinin üzvü seçilən bu ziyalı xanım jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Ş.Əfəndizadənin məişət mövzusunda yazdığı məqalə və hekayələri də bu gün aktualdır. Məsələn, 1925-ci ildə "Şərq qadını” jurnalında çap olunan "Evlənmək adlı” hekayədə yeganə övladları olan Əhmədi evləndirmək üçün Məşədi Kərimlə arvadı Bahar xanım "camaat arasında biabır” olmamaq üçün var-yoxdan çıxırlar. "Ağ-qırmızı kofta”, "İki sima”, "Rəna”, "Seçki və qadınlar”, "Qadın məsələsi” kimi hekayə və məqalələrində toxunulan problem bütövlüklə bu günümüz üçün də əhəmiyyətini itirməyib.

"Təşkilatın qadınlara təsiri” məqaləsində Şəfiqə xanım millətini yaşadan, qəlbini qürur hissi ilə dolduran yeni yaranan Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyini alqışlayır, müsəlman-türk qadınlarının da təşkilatlanmasını arzulayıb.

İstiqlal, cümhuriyyət fədaisi Şəfiqə xanım Əfəndizadənin məqalələrində AXC mövzusu aparıcı rol oynayıb. "Azərbaycan” qəzetinin 5 iyun 1919-cu il tarixli 196-cı sayında dərc etdirdiyi "Milli bayram və qadınlarımız” adlı məqaləsində isə Şəfiqə xanım mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan olunması, Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından yazıb: "Mayın 28-də Azərbaycan istiqlalı sənaye-dövriyyəsi münasibətilə milli bayram təşkil olundu. O günün şərəfindən, təsirindən hər kəs şən, hər kəs məğrur idi”.

Fars, rus, ərəb dillərini, klasik ədəbiyyatı mükəmməl bilən Ş. Əfəndizadə həmçinin Avropa mədəniyyəti ilə yaxından tanış olub. 1918-ci il mart qırğınlarında Bakını tərk edərək, İstanbulda yaşamış, soyqırım həqiqətlərini dünyaya yaymış fədakar ictimaiyyətçi idi. Ali təhsil almayan bu qadın yüksək bilik səviyyəsi, məlumatlılığı, səlis, aydın, savadlı nitqi ilə hamını heyran edib. O, 1919-cu ildən etibarən Cümhuriyyət parlamentinin bütün işlərində iştirak edib, iclasların gedişatını stenoqramçı kimi qələmə alıb.

İstiqlal aşiqi, vətən fədaisi Ş.Əfəndizadə, publisistikasında dövrünün problemlərinə əsl jurnalist mövqeyindən yanaşıb, vətənpərvər şəxsiyyət kimi problemlərə, xalqın üzləşdiyi çətinliklərə münasibət bildirib. Azərbaycan qadınlarını daim təhsilli, savadlı, dünyagörüşlü görmək istəyən Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı oxudun!” deyə ilk dəfə qadınlara müraciət edib.

Susaraq yaşayan, sovetlərin 1937-ci il kimi dəhşətli bir faciəsindən qurtulan və hər gecə qapısının döyüləcəyi qorxusu ilə bəraət illərinə gəlib çatan Şəfiqə xanım 29 iyul 1959-cu ildə haqq dünyasına qovuşub.

 

Şəymən

 

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb

 

Şərq.- 2018.- 4 sentyabr.- S.11.