Təbrizdə Azərbaycan dilində
çıxan ilk qəzet
“Vətən yolunda”
özünə geniş oxucu auditoriyası toplaya bilmişdi
XVIII əsrdə Təbrizdə şahzadə Abbas Mirzə
Avropaya yaxınlaşmaq üçün ölkədə bir
çox sahələrdə islahatlar keçirir. Uğurla nəticələnən
bu islahatlar tək Cənubi Azərbaycanda deyil, bütün
İranda kitab çapı və litoqrafiyanın tətbiqi, tərcümə
işi Avropaya tələbələrin göndərilməsi və
Təbrizdə ilk nizamlı hərbi alayların yaranması ilə
tarixə daxil oldu. O dövrdən etibarən Təbriz
İranın mədəni və iqtisadi mərkəzinə
çevrildi. Təbrizdə bir çox ölkələrin
konsulluğu açıldı. Abbas Mirzənin
təşəbbüsü ilə 1809-cu ildən etibarən,
Avropada təhsil almaq və orada elm və texnikanın yeniliklərinə
yiyələnmək və yeni yaradılan qurumların kadr
baxımından təminatı üçün tələbələr
göndərildi. 1815-ci ildə onların
sayı 7-yə çatmışdı. Avropadan mütəxəssis
kimi geri qayıdan bu gənclər, sonralar İran və Cənubi
Azərbaycanda elm, maarif və mətbuatın inkişafında
xidmət göstərib, ilk mətbəələrin, kitab
çapı, qəzet nəşri, dünyəvi məktəblərin
və s. əsasını qoydular. 1812-ci ildə
Abbas Mirzənin göstərişi ilə Təbrizə ilk
çap maşınları gətirildi.
Moskva və Peterburqda çap işinə yiyələnən
Mirzə Cəfər və Mirzə Əsədulla Təbrizə
geri dönərkən çap maşınının
avadanlıqlarını da özləri ilə gətirərək,
Abbas Mirzənin Avropadan gətirdiyi çap dəzgahlarında
işə başladılar. Beləliklə, 1825-ci
ildən etibərən Təbrizdə mətbəələr
işə düşdü.
İngilis şərqşünası E.Braun
yazırdı ki, Təbriz İranda çap
maşınının işə salındığı ilk
şəhər olduğundan, sonralar bütün ölkədə
qurulan mətbəələr basmaxana, oranın işçiləri
isə basmaçı adlanırdı. Basma – türk
mənşəli söz olub, çap mənasında işlədilir.
Basmaxana – çapxana, basmaçı isə
orada çalışan işçi – çapçı mənasındadır.
Bütün bunlar mətbəənin və
çap sənətinin əsasını Azərbaycanda
qoyulduğundan xəbər verir. XIX əsrin
ortalarında Cənubi Azərbaycanda həm dövlət mətbəələri,
həm də xüsusi çapxanalar az
deyildi. Ölkədə nəşriyyat işlərinə
rəsmi nəzarət edən bir orqan – senzura olmasa da bu müəssisələr
hakimiyyət orqanlarının və ruhanilərin ciddi nəzarəti
altında idi.
XX əsrin
ortalarında Sovet qoşunları İranda olarkən sovet
ideologiyasının təbliğatı və yerli əhalini
maarifləndirmək məqsədi ilə qəzet nəşr
etməyi qərara alır və “Vətən yolunda” qəzeti
məhz bu missiyanı həyata keçirmək zərurətindən
yaranmışdı. Vikipediya yazır ki, “Vətən
yolunda” 2-ci dünya müharibəsi illərində Təbrizdə
birinci olaraq Azərbaycan dilində ərəb əlifbası
ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi.
“İlk nömrəsi 1941-ci il oktyabr
ayının 11-də günaşırı olaraq nəşr
olunmağa başlamışdır. Qəzetin çap
olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və
bu müddətdə 89 nömrəsi
çıxarılmışdır.
"Vətən yolunda" qəzetinin nəşr
olunduğu birinci mərhələ ilə eyni zamanda
İranın başqa şəhərlərində
Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan
dilində "Qızıl əsgər" (redaktor Zülfəli
İbrahimov), Rəştdə fars dilində
"Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri
çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin
nəşri başlanmışdır. Bu mərhələ
1946-cı ilin mayın 1-ə qədər davam etmiş və
həmin müddət ərzində (1941-1946) qəzetin 406
nömrəsi nəşr olunmuşdur.”
Qəzetin redaktorluğu Mirzə İbrahimova
tapşırılmışdı. Qəzet ora¬dakı azərbaycanlı
əsgərlər üçün nəzərdə
tutulmuşdu. Yerli əhali tərəfindən
oxuna bilməsi üçün onun ərəb əlifbası
ilə çap edilməsi qərara alınmışdı və
günaşırı nəşr olunurdu. Qeyd
etmək lazımdır ki, “Vətən yolunda” qəzeti 1920-ci
ildə Xiyabani hərəkatı yatırıldıqdan sonra
Azərbaycan dilində çıxan ilk qəzetlərdəndir
(1941-1946). Baş redaktorları Mirzə
İbrahimov, Həsən Şahgəldiyev və Rza Quliyev
olmuşlar. Qəzetin redaksiyasında yazarlardan
Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd
Rahim, Əvəz Sadıq, Qılman Musayev (İlkin), Seyfəddin
Dağlı, İsrafil Nəzərov (məsul katib), Qulam Məmmədli,
Cəfər Xəndan (baş redaktor müavini) və bir
çox başqaları işləmişlər.
Təbrizdə “Vətən yolunda” qəzetində Mirzə
İbrahimovla birgə işləyən yazıçı
Qılman İlkin xatirələrində yazırdı ki, Mirzədə
fövqaladə bir müşahidəçilik və dərk
etmək istedadı vardı. O, Təbrizdə də qəzet
redaktə etməklə yanaşı, Cənubi Azərbaycanı
qarış-qarış gəzir, ən ucqar kəndlərdə
belə olur, əhali ilə görüşür, onların dərd
və istəklərini öyrənirdi. Digər
tərəfdən o, gələcək əsərləri
üçün materiallar toplayır, gələcək nəsr
və publisistik əsərləri üzərində
düşünürdü.
Qəzet haqqında əsas araşdırma müəllifi
olan Pərvanə Məmmədli yazır ki, Mirzə
İbrahimov qəzetdəki yazılarını çox zaman
“Əjdəroğlu”, bəzi hallarda İ. Mirzə adı ilə
imzalayırdı. “Vətən yolunda” qəzetində Mirzə
İbrahimovun yazılarının az bir
qismində imza olurdu. Qəzetdəki baş məqalə
və redaksiya məqalələrinin onun qələminə məxsus
olduğunu ehtimal etmək olar. Qəzetin səhifələri
çeşidli rubrikalar altında publisistik yazılar və kəskin
felyetonlar, incəsənətlə bağlı icmallar, nəsr
və poeziya nümunələri ilə zəngin idi. Qəzetdə nəşr olunan bədii nümunələrin
əsas hissəsini poeziya təşkil edirdi. İlk saylarda S. Vurğunun, S. Rüstəmin, O.Sarıvəllinin
bir çox şeirləri dərc olunmuşdu. O illərdə
“Vətən yolunda” və “Azərbaycan” kimi qəzetlərdə
folklorun toplanıb öyrənilməsi, yayılması
işi geniş yayılmışdı. Görkəmli
tədqiqatçı Cəfər Xəndan bu qəzetdə
çalışmaqla bərabər, onun fəaliyyətini
geniş şəkildə işıqlandırıb.
Yazdığına görə, qəzetin Cənubi Azərbaycanın
bütün şəhər və kəndlərində,
Tehranda, Qəzvində və s. yerlərdəki azərbaycanlılar
arasında oxucuları var idi. İran şəraitində əksər
qəzetlərin 300-dən 3000-ə qədər oxucusu
olduğu halda, “Vətən yolunda”nın
oxucuları 15000-dən artıq idi. Oxucular
günaşırı çıxan bu qəzetin hər
nömrəsini səbirsizliklə gözləyir və
yığıb saxlayırdılar. Qəzet
özünə geniş oxucu auditoriyası toplaya bilmişdi.
O illərdə “Vətən yolunda” qəzetinin həm də fəal
əməkdaşı olan Qılman İlkin yazırdı ki,
“yerli azərbaycanlılar bu qəzeti özlərinin doğma
mətbuatı bilib oxuyur, ondan öyrənir və onda
iştirak edirdilər”. Getdikcə yerli
ziyalılardan çoxu redaksiyamıza ayaq açdılar.
Qəzetlə bağlı ən xoş arzu və
minnətdarlıqlarını bizə bildirirdilər. Qəzetin birinci mərhələdə cəmi 6 ay fəaliyyət
göstərib qapadılması Güney Azərbaycanda olan
siyasi işçilərin Bakıya geri
çağırılması ilə əlaqədar idi.
Araşdırmaçı Pərvanə Məmmədli
yazır ki, Təbrizdə fəaliyyət göstərən
işçi qrupu ilə Sovet Hərbi diplomatik nümayəndələri
arasında münasibətlər ziddiyyətli idi. O dövrdə baş verən
hadisələri araşdırmaya cəlb edən C.Həsənli
yazır: “Güney Azərbaycandakı proseslərin getdikcə
milli müstəviyə keçməsi sovetləri o qədər
də təmin etmirdi… Hətta A. Smirnov ilk olaraq türk dilində
çıxan və Güney Azərbaycanda əl-əl gəzən
“Vətən yolunda” qəzetinin bağlanması haqqında
SSRİ Xarici İşlər Komissarlığına müraciət
də etmiş, lakin M.C.Bağırov da öz növbəsində
“Vətən yolunda” qəzetinin bağlanmasına
etirazını bildirib vaxtında bunun qarşısını
ala bilmiş, məsələnin müsbət həllinə
nail olmuşdu…”
Qəzet Azərbaycan ədəbiyyatının klassiklərini,
eləcə də çağdaş şairləri və digər
söz sənətkarlarını tanıdırdı. Milli Hökumətin
ana yasasının yazılmasında Mirzə İbrahimov
yaxından iştirak etmişdi. Bununla yanaşı
ADF-nin proqram sənədləri, partiya protokolları, müxtəlif
çıxış və məruzələr, xüsusilə
də milli hökumətin baş naziri Seyid Cəfər
Pişəvərinin bir sıra məqalə və
çıxışları, publisistik məqalələrinin
1946-cı ildə bir toplu şəklində “Qızıl səhifələr”
adlı kitabda işıq üzü görməsində Mirzə
İbrahimov mühüm rol oynamışdı.
“Vətən
yolunda” qəzeti Güney Azərbaycan ədəbiyyatında,
publisistikasında yeni qələm ordusunun yaranmasında da az iş görmürdü. Şimaldan gələn
yaradıcı ziyalılara Mirmehdi Etimad, Əli Fitrət,
Balaş Azəroğlu, Çavuşi, Əli Tudə, Mədinə
Gülgün, Mirrəhim Vilayi, Məhəmməd Abbasi, Hilal
Nasiri, Məhəmməd Biriya və bu kimi yerli həmkarları
da qoşulmuşdu. O illərdə qoyulan bünövrəni
sonrakı illərdə cənublu ziyalılar layiqincə
davamlı inkişaf etdirirdilər.
1945-ci ildə “Vətən yolunda” qəzetinin nəzdində
“Şairlər məclisi” təşkil olundu. Bütün Cənubi Azərbaycan
və İranda şöhrət tapan “Vətən yolunda” qəzeti
həm də az zaman içərisində
Cənubi Azərbaycan şairlərinin ədəbi mərkəzinə
çevrildi. Məclis “Şairlər məclisi”
adı altında aylıq ədəbi məcmuə də
hazırlayırdı. Pərvanə
xanım yazır ki, 1945-ci ilin noyabr ayında məcmuənin
bütün sayları bir kitab şəklində çap
olunmur. Aradan 40 il keçdikdən
sonra Mirzə İbrahimovun rəhbərliyi və
redaktorluğu ilə Bakıda İV cildlik “Cənubi Azərbaycan
ədəbiyyatı antologiyası” çap olundu.
Qəzetin
1945-ci il 119-122-ci saylarında dərc
olunmuş “Azərbaycan dili” adlı məqaləsində Mirzə
İbrahimov ana dilinin hər bir insanın həyatında
xüsusi əhəmiyyət daşıdığını
bildirir. Hər bir xalqın dilinin onun milli varlığı və
mənəvi aləminin ifadəçisi olduğunu xüsusi
vurğulayaraq yazırdı: “Ta qədim zamanlardan bəri tarix
göstərir ki, hər hansı xalq öz millət və mənəviyyatını
saxlamaq üçün öz vətəni və dövləti
ilə bərabər öz dilini də saxlamağa cəhd
etmişdir. Çünki hər xalqın ana
dili onun milli varlığının və mənəvi aləminin
ifadəsidir. Beləliklə, dil xalqın
milliyyət və varlığını bildirən və
qoruyan mühüm amillərdən biridir”.
O illərdə
Mirzə İbrahimovun yaxın məsləkdaşı, Milli Hökumətin
qurucusu və rəhbəri S.C.Pişəvəri də
“Əjdəroğlu” kimi “Ana dili” məsələsinə ciddi
önəm vermiş, qurduğu dövlətdə rəsmi
status almasına nail olmuşdu. Ali Sovetdə işlədiyi
vaxt Azərbaycan dilini dövlət dili elan edəndən sonra
başı az ağrımadı.
Qızı Sevda İbrahimova o illəri sonralar
xatırlayıb yazacaqdı: “Atamın ali
sovetdə işlədiyi vaxt qaldırdığı dil məsələsi
– Azərbaycan dilini dövlət dili elan etməsi, onun həyatının
ən vacib, ən yüksək nöqtəsi idi. Bu məsələ
ilə ona nə qədər ittihamlar edildi, onu sındırmaq,
əzmək istəyənlər oldu… Lakin
atamın möhkəm iradəsi, dəyanəti, mərdliyi, cəsarəti
və xalqına olan böyük məhəbbəti onu öz əqidəsində,
öz prinsiplərində daha da möhkəmlətdi”.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.-
2014.- 25 noyabr.- S.11.