ABS-da siyasi partiyalar və seçki
sistemi
Dövlət və hakimiyyət
orqanlarına seçilmək və seçmək insan
hüquq və azadlıqlarının təpkib hissələrindən
biri olmaqla yanaşı, həm də müasir dünyanın
çox qiymətli demokratik, bəşəri dəyərlərindən
birinə çevrilmişdir. Lakin bu hüququn təmin
olunmasına gedən yollar, ilk baxışdan
göründüyü kimi, heç də sadə və asan
deyil. Şübhə yoxdur ki, təkcə
seçmək və seçilmək hüququ deyil, ümumiyyətlə
insan hüquq və azadlıqlarının təminatçısı
dövlət və onun fəaliyyət prinsiplərinin əsasını
təşkil edən əlahəzrət qanunlardır. Ona görə hər bir ölkənin seçki
sistemini formalaşdıran seçki qanunları var və bu
qanunlar eyni bir mərama xidmət etsələr də bir-birlərindən,
əksər hallarda, kəskin şəkildə fərqlənirlər.
ABŞ
Dövlət Departamenti yanında Beynəlxalq İnformasiya
Proqramları Bürosunun materialları əsasında
hazırladığımız bu yazımızda biz, dünya
seçki təcrübəsində "yaşı" və
ümumi demokratik prinsipləri ilə seçilən və
demokratiya quruculuğunda bir-çox dövlətlərə
tez -tez nümunə göstərilən Amerika Birləşmiş
Ştatlarının seçki sisteminə nəzər salacaq,
onun bəzi məqamlarını oxucularımıza
çatdıracağıq.
Amerika Birləşmiş Ştatlarının
qurucuları ölkənin Konstitutiyasını
hazırlayıb ratifikasiya edəndə, siyasi partiyalara
heç bir rol ayırmamışdılar. Bunda əsas məqsəd
ondan ibarət idi ki, onlar icra , qanunvericilik
və məhkəmə hakimiyyəti arasında səlahiyyətlərin
bölgüsü, ölkənin federal quruluşu və
prezidentin seçkiçilər kollegiyası tərəfindən
qapalı seçkisi kimi Konstitusiya mexanizmləri ilə yeni
respublikanı partiyaların və fraksiyaçıların təsirindən
qorumağa çalışırdılar.
Lakin zaman qurucu ataların müəyyənləşdirdikləririnin
əksinə işlədi. 1800-cü ildə
ABŞ seçki əsasında hakimiyyətin bir fraksiyadan digərinə
ötürülməsini təmin etmək üçün
ümummilli əsasda təşkil edilmiş siyasi
partiyaların yarandığı ilk ölkəyə
çevrildi. Siyasi partiyaların sonrakı
inkişafı və genişlənməsi isə seçici
hüquqlarının genişlənməsi ilə bilavasitə
bağlı oldu. Respublikanın mövcud
olduğu ilk vaxtlarda yalnız daşınmaz əmlakı olan
kişilərin səs vermək hüququ var idi. Ancaq 19-cu əsrin əvvəllərində
emmiqrasiyanın, şəhərlərin artmasının, qərb
ərazilərinin mənimsənilməsinin və digər
demokratikləşmə amillərinin təsiri altında bu məhdudiyyətlərin
söykəndiyi bünövrə dağıldı.
Bir neçə onilliklər ərzində mülkiyyətə,
irqə və ya cinsə görə olan məhdudiyyətlərin
aradan qalxması ilə səsvermə hüququ daha çox
insanlara verilməyə başladı. Seçicilərin dairəsinin
genişlənməsi ilə yanaşı, siyasi nəzarətin
tətbiqi vasitəsi kimi artan seçici kütləsini səfərbərliyə
almaq məramına xidmət edəcək siyasi partiyalar meydana
gəldi. Siyasi partiyalar zaman kecdikcə
siyasi institutlara çevrilirdilər ki, onların da vəzifəsi
aydın idi. Beləliklə,
demokratiyanın tədricən genişlənməsi ilə
Amerikada siyasi partiyalar meydana gəldi. 19-cu əsrin
30-cu illərinə yaxın onlar artıq ayaqda daha möhkəm
dura bilir və daha çox təsir qüvvəsinə sahib
olurdular.
Bu gün ABŞ-da siyasi proseslərin əsas
iştirakçıları - özlərinin XVIII və XIX əsrlərdəki
sələflərinin varisləri olan Demokratlar və
Respublikaçılar partiyalarıdır. Çox nadir
hallar istisna olmaqla, məhz bu iki partiyanın nümayəndələri
prezidentliyə, Konqresə, qubernatorluğa və
ştatların qanunvericilik orqanlarına seçilirlər.
Məsələn, 1852-ci ildən başlayaraq
ölkə prezidenti ya respublikaçılardan, ya da
demokratlardan seçilir. İkinci Dünya
müharibəsindən sonra isə yalnız bu əsas iki
partiyanın nümayəndələrinə verilən səslər
bütövlükdə 95 faiz təşkil edir. Çox nadir hallar olub ki, 50 ştatın hər
hansı birinə ya respublikaçılardan, ya da demokratlardan
olmayan namizəd qubernator seçilsin. ABŞ
Konqresində, eləcə də ştatların qanunvericilik
orqanlarında da müstəqil deputatlar və ya
üçüncü partiyaların nümayəndələri
son dərəcə məhdud saydadır.
Son onillikdə daha çox seçici özünü
"müstəqillər" kateqoriyasına aid edir və bir
çox ştatlarda onlara bu qismdə seçkilərdə
iştirak etmək üçün qeydiyyatdan keçməyə
icazə verilir. Buna baxmayaraq, içtimai rəy
sorğularının nəticələrinə görə, hətta
özlərini müstəqil kimi təqdim edən seçicilər
belə, adətən öz əqidələrinə uyğun
gələn iki aparıcı siyasi partiyadan birinin tərəfinə
keçirlər.
Yalnız yerli orqanlara, xüsusi ilə də kiçik
şəhərlərdə və yaşayış məntəqələrində
keçirilən seçkilərdə bu ümumi qaydalardan
istisnalar var. Bu səviyyədə keçirilən seçkilərdə
namizədlər özlərinin partiya mənsubiyyətlərini
göstərməməli və hər hansı yerli təşəbbüs,
məsələn, şəhərin mərkəzinin yenidən
qurulması və ya yeni təhsil müəssisəsinin
tikintisi kimi təşəbbüslər ətrafında birləşən
vahid məsləkdaşların qruplarının tərkibində
namizədliklərini irəli sürə bilərlər.
İki əsas
partiyanın hakimiyyətdə milli, ştatlar və yerli səviyyələrdə
hakim mövqe tutmalarına baxmayaraq, onların
ideologiyalarındakı və proqramlarındakı fərqlər,
digər demokratik ölkələrin siyasi partiyaları
arasındakı fərqlərlə müqayisədə daha az seçilir. Bu əsas
partiyaların siyasi proseslərdəki hakim mövqeyi həm də
onların ölkənin siyasi inkişaf ehtiyaclarına praqmatik
adaptasiyaya hazır olmaları ilə izah edilir. Sual olana
bilər və əslində çox tez-tez də sual olunur;
Niyə ikipartiyalı sistem formalaşıb?
Qeyd etdiyimiz kimi, respublikaçılar və demokratlar
1860-cı ildən seçki prosesində
hökmranlığı əldən vermirlər. Elektoral siyasi
prosesləri daimi monopolyalaşdırmış iki
partiyanın bu muqayisəyə gəlməyən
üstünlüyündə Amerika siyasi sisteminin struktur
spesifikası bu partiyaların bəzi xüsusi keyfiyyətlərinə
bərabər şəkildə əks olunur.
ABŞ-da qəbul olunmuş sistemə görə,
ümummilli səviyyədə olduğu kimi ştatlar səviyyəsində
də qanunvericilərin seçkisində səsvermə
birmandatlı dairələrdə keçirilir və bu zaman
öz yaxın rəqibindən bir səs çox toplayan namizəd
(yəni mövcud dairədə daha çox səs
toplamış namizəd) seçkidə qalib gəlir. Seçkidə
qalib gəlmək üçün seçicilərin səslərinin
yarıdan çoxunun toplanmasının lazım gəldiyi bəzi
ştatlarda vəzifələrin çoxuna namizədlər
sadə səs çoxluğu ilə seçilirlər. Demokratik dövlətlərin bir çoxunda geniş
yayılmış proporsional sistemdən fərqli olaraq,
birmandatlı dairələr sistemi yalnız bir partiyanın
dairələrin hər hansı birində qalib gəlməyə
imkan verir. Bu, kifayət qədər idarəçilik
təcrübəsinə, maliyyə resurslarına və
geniş əhali kütləsi arasında siyasi simpatiyaya sahib
olan milli partiyaların formalaşmasına yardım edir və
bunun nəticəsində də onların nümayəndələri
bütün ölkə üzrə dairələrdə sadə
səs çoxluğu əldə edirlər. Bu sistemin yaratdığı şəraitdə
böyük olmayan partiyaların namizədləri çətin
vəziyyətə düşürlər.
Maliyyə imkanları məhdud olan, geniş tərəfdarlar
dairəsinə söykənməyən partyaların nümayəndələri
adətən seçkili orqanlarda təmsil oluna bilmirlər. Amerikanın
seçki sistemində mövcud olan, "hər şey qalibə
məxsusdur" mahiyyəti daşıyan qaydalara görə
yeni partiyaların milli səviyyədə hər hansı
nüfuz əldə etməsi çox çətindir.
Nə üçün yaxşı maliyyə resurslarına
malik üç yox, iki ümummilli partiya var? Bu, xüsusi
olaraq onunla izah edilir ki, mövcud iki partiya seçicilərə
kifayət qədər azad seçim imkanı verir. Digər tərəfdən isə amerikalılar kəskin
siyasi baxışları o qədər də sevmir və hər
iki partiyada yeni ideyalara açıq münasibət göstərirlər.
Seçkiçilər Kollegiyası
İkipartiyalı sistemin qorunub saxlanmasına yardım edən
əlavə amillərdən biri də prezidentin seçki
sistemində Seçkiçilər Kollegiyasının
olmasıdır. Bu sistemə əsasən mahiyyət
etibarı ilə amerikalılar bibaşa prezidentə və
vitse-prezidentə səs vermirlər. Bunun əvəzində
onlar öz ştatları daxilində prezidentliyə bu və
ya digər namizədi təmsil edən "seçkicilər"
qruplarını seçirlər. Hər
ştatdan nümayəndə-seçkicilərin sayı
mövcud ştatın ölkənin qanunvericilik
orqanında-Konqresdəki nümayəndələrinin,
başqa sözlə, bu ştatdan olan konqresmenlərin və
senatorların sayına bərabər olur. Prezidentin
seçilməsi üçün 538 seçkicinin tam səs
çoxluğu lazımdır. Bu
seçicilərin tərkibinə paytaxt Vaşinqtondan,
ştat olmayan və Konqresdə səsverən nümayəndə
ilə təmsil olunmayan Kolumbiya dairəsindən üç
seçkici də daxildir.
Əksər çoxluq şərti hər hansı
üçüncü partiyanın prezident seçkilərində
qalib gəlmək imkanlarını həddindən artıq
çətinləşdirir. Cünki hər bir
ştatın (iki ştatdan başqa) seçkiçilərinin
necə səs verməsi "hər şey qalibə məxsusdur"
formulası ilə müəyyənləşir. Yəni müəyyən bir ştatda səslərin
əksər çoxluğunu qazanmış namizəd (hətta
cüzi üstünlük əldə etdiyi halda belə) bu
ştatı Kollegiyada təmsil edən bütün
seçkiçilərin səsini götürür. Men və Nebraska ştatlarının hər birində
daha çox səs toplamış namizəd iki
seçkiçinin səsini almaqla yanası, daha bir
seçkiçini isə ABŞ Konqresinə nümayəndə
göndərən hər bir ştatın seçki dairəsində
qələbə qazandığına görə alır.
Seçkiçilər Kollegiyası kimi, birmandatlı
dairələr sistemi də ştatın seçicilərinin səslərinin
tam əksəriyyətini qazanmaq iqtidarında olmayan
üçüncü partiyaların şanslarını
minimuma endirir.
Prezident seçki marafonunda qələbə
üçün əksər ştatların dəstəyinin
zəruri olduğu halda, onlar bir ştatdan belə
seçkiçilərin səslərini ala bilmirlər.
Ölkənin qurucuları Seçkiçilər
Kollegiyasını milli hökümətlə ştatlar
arasında səlahiyyətlərin bölgüsünü
aparmağa imkan verən təsisat kimi yaratmışlar. Seçkiçilər
Kollegiyası kimi prezident seçkisi sisteminə uyğun
olaraq, seçicilərin əksər səs çoxluğu hələ
seçkilərdə qələbə qazanmaq demək deyil.
Eynən bu da istisna deyil ki, hər bir ştatda
keçirilən seçkilərin nəticələrinə
uyğun olaraq seçkiçilərin səsvermələrinin
nəticələri bütövlükdə ölkədə
keçirilən səsvermənin nəticələrindən
fərqli nəticələr verə bilər. Həqiqətən, 17 dəfə prezident seçkilərində
qalib olanlar ölkə seçicilərinin verdiyi səslərin
əksər çoxluğunu qazana bilməmişlər.
İlk olaraq belə qələbəni qazanan
1824-cü ildə prezident seçilmiş Jon Kuinsi Adams,
sonuncusu isə 2000-ci ildə kiçik Corc Buş olmusdur.
Siyasi diskussiyalar zamanı belə bir fikir tez-tez
səslənir ki, Seçkiçilər Kollegiyası köhnəlmiş
anaxronizmdir. Lakin belə bir mövqe də
üstünlük təşkil edir ki, mövcud sistemin öz
üstünlükləri var və bu sistem prezidentliyə namizəddən,
təkcə əhalisi çox olan ştatlarda deyil,
bütün ştatlarda seçki kampaniyalarının
aparılmasını tələb edir.
Üçüncü partiyalar
qarşısında duran digər maneələr
Zaman keçdikcə iki ümummilli siyasi partiyanın
ABŞ-da hakim mövqe qazanması, bundan çıxış
edərək respublikaçıların və demokratların
seçki proseslərinin idarəetmə mexanizminə nəzarət
etmələrinə rəğmən, onlara müəyyən
üstünlüklər verən seçkilərin
keçirilməsi qaydalarının yaradılmasına təəccüb
etmək lazım deyil. Məsələn, yeni partiyanın
ştatın seçki bülleteninə salınması son dərəcə
mürəkkəb və bahalı prosedurdur. Çünki bunun üçün on minlərlə
seçici imzası olan petisiyanın təqdim edilməsi ilə
yanaşı, mövcud partiyanın növbəti seçki
bülleteninə daxil edilməsinə imkan verən,
seçicilərin səslərinin minimal "astana"
faizinin toplanmasına kifayət edəcək potensial tələb
olunur.
Namizədin irəli sürülməsi proseduru da
üçüncü partiyalar üçün ciddi maneələrdəndir. Hər bir
partiyanın prezident seçkilərində, eynən Konqresə
və ayrı-ayrı ştatların hakimiyyət
strukturlarına seçkilərində iştirak etməsi
üçün ilk partiya təşkilatlarından namizədlərin
irəli sürülməsi sisteminə görə də
ABŞ dünyanın demokratik ölkələri
sırasında özünəməxsus yerdədir.
Qeyd olunduğu kimi, namizədlərin irəli
sürülməsinin bu sistemində sıravi seçicilər
öz partiyalarının ümumi seçkilərdə
iştirak edəcək bu və ya digər namizədinə
ilkin seçkilərdə səs verirlər. Əksər
ölkələrdə partiyadan hansı namizədin irəli
sürülməsinə partiya təşkilatları və onların
liderləri nəzarət edirlər. Birləşmiş
Ştatlarda isə hazırda məhz seçicilər son nəticədə
Respublikaçılar və ya Demokratlar partiyasının namizədinin
kim olacağını müəyyənləşdirirlər.
Məhz buna gorə, əksər demokratik ölkələrin
seçki sistemi ilə müqayisədə bu sistem partiya təşkilatlarının
mövqelərinin zəifləməsinə gətirib
çıxarır.
Geniş seçici kütlələrinin partiya namizədlərinin
irəli sürülməsində iştirak etməsi ona gətirib
çıxarmışdır ki, seçkilərlə
bağlı proseslərdə aparıcı rol iki partiyaya məxsus
olmuşdur. "Üsyankarlar" və islahatçılar da
ilkin seçkilər vasitəsi ilə hansısa
üçüncü partiya yaradıb namizədlərini irəli
sürməyə səy göstərmək əvəzinə,
artıq mövcud əsas partiyalar çərçivəsində
ümumi seçkilərdə öz namizədlərinin irəli
sürülməsi uğrunda mübarizə apara və beləliklə
ümumi seçkilərdə qəti qələbələrinə
şanslarını artıra bilərlər. Bunula da qabaqcadan namizədlərin irəli
sürülməsi prosesi "yad fikirlər"in yaşamaq
haqqına sahib olması üçün iki əsas partiya
daxilində sınaqdan keçirilir. Ona
görə də islahatçılar üçüncü
partiyanın yaradılması kimi o qədər də asan
olmayan işə baş qoşmurlar. Bundan
başqa, əsas partiyalar kimi onların namizədləri də
çalışırlar ki, üçüncü
partiyaların və müstəqil namizədlərin
proqramlarının maraqlı və cəlbedici məqamlarını
öz seçki platformalarına daxil etsinlər.
Kütlələrin geniş dəstəyi
Respublikaçılar partiyası da, Demokratlar
partiyası da geniş əhali kütləsinin dəstəyində
maraqlıdırlar və çalışırlar ki, iqtisadi
statuslarına və demoqrafik xarakterlərinə görə
müxtəlif təbəqədən olan seçiciləri cəlb
etsinlər. Bu siyahıda afroamerikalılar və yəhudilər
istisnadır. Cünki onların
böyük əksəriyyəti prezident seçkilərində
adətən Demokratik partiyadan irəli sürülmüş
namizədə səs verirlər. Əslində
hər iki partiya praktik olaraq cəmiyyətin bütün
sosial-iqtisadi qruplarından əhəmiyyətli dərəcədə
dəstək alir. Adətən partiyalar
siyasi mövqe baxımından çox çeviklik
nümayiş etdirir və hər hansı ideoloji mövqedən
və ya siyasi məqsədlərdən o qədər də qətiyyətlə
yapışmırlar. Çünki
onları ilk növbədə seçkilərdə qalib gəlmək
və idarəetmə orqanlarının nümayəndəliklərinə
nəzarət qayğılandırır.
Elektoratın geniş sosial-iqtisadi bazasını, həmçinin
ölkənin böyük hissəsinin mərkəzçi
ideoloji baxışlara tərəfdar olduğunu nəzərə
alaraq, Birləsmis Statlardakı iki partiyanın özü də
mahiyyət etibarı ilə mərkəzçi mövqedə
durur. Yuxarıda qeyd etdiyimiz kimi, onlar çox böyük
siyasi çeviklik nümayiş etdirirlər. Doktrional təzyiqlərdən bu cür azad mövqe
respublikaçılara da, demokratlara da öz
sıralalarında siyasi baxışların müxtəlifliyi
ilə barışmağa imkan verməklə yanaşı, həmçinin
üsyankar elektoratı və üçüncü
partiyaları dəstəkləyən potensial qrupları
assimilasiya etməyi bacarmağa yardım edir. Ümumiyyətlə respublikaçılar mülkiyyət
hüququ və şəxsi kapitalın toplanması
bucağının başında duran konservatorlar hesab
olunurlar. Bundan fərqli olaraq, demokratlar bir
qədər sola meyillənərək daha liberal sosial iqtisadi
siyasətə üstünlük verirlər. Təcrübədə isə hakimiyyətə gəldikdən
sonra hər iki partiya praqmatizmə doğru gedir.
Desentralizasiyalaşdırılmış
partiya strukturları
Siyasi çeviklikdən başqa ABŞ-ın hər iki əsas
siyasi partiyası həm də partiya strukturlarının
desentralizasiyalaşdırılması ilə xarakterizə
olunur.
Seçkilərdə qalib gəlmiş prezident, Konqresdə
öz partiyasından olan üzvlərin onun siyasi təşəbbüslərini
itaətkarcasına dəstəkləyəcəklərinə
tam arxayın ola bilməz. Eynən beləcə
onun Konqresdəki partiya fraksiyalarının liderləri öz
partiyalarından olan konqresmenlərin istinasız olaraq öz
partya xətlərinə səs verəcəklərinə də
arxayın ola bilməzlər. Konqresdə demokratların və
respublikaçıların partiya fraksiyalarının
yığıncaqları-kokuslar (burada ancaq fəaliyyətdə
olan konqresmenlər iştirak edirlər) avtonom keçirilir və
burada da prezidentin həmin partiyadan seçilməsinə
baxmayaraq, onun xəttinə tam əks olan siyasi kurs da
seçilə bilər.
Seçki kampaniyaları üçün vəsaitlər
də eynən beləcə toplanır. Konqresə və
Senata seçkilərdə respublikaçıların və
demokratların seçici komitələri, əsasən
prezidentin seçki kampaniyalarının keçirilməsinə
istiqamətlənmiş milli partiya komitələrindən
ayrı fəaliyyət göstərirlər. Bundan başqa namizədlərin irəli
sürülməsi üçün keçirilən milli
partiya qurultaylarına nümayəndələrin seçilməsi
istisna olmaqla, milli partiya təşkilatları çox nadir
hallarda ştatlar daxilində partiya işlərinə
qarışırlar.
Bu cür təşkilatı bölgü Konstitusiya ilə
müəyyən olunmuş hakimiyyət bölgüsü -
federal səviyyədə olduğu kimi, ştatlar səviyyəsində
də qanunverici, icra və məhkəmə hakimiyyəti
arasında səlahiyyətlərin bölünməsi
sisteminin nəticəsidir.
Maraqlı
məqamlardan biri də ondan ibarətdir ki, hakimiyyət
bölgüsü sistemi eyni partiyaya mənsub olan qanunverici ilə
icra hakimiyyəti başçısı arasında partiya həmrəyliyi
üçün stimul ola bilmir. Geniş anlamda bu, Konqres üzvləri ilə
onların partiyasını təmsil edən prezidentin
münasibətlərinə toxunduğu kimi, ştatların
qanunvericiləri ilə qubernatorları arasındakı
münasibətlərə də aiddir. ABŞ-da
federal, ştatlar və yerli səviyyələrdəki
çoxpilləli hökümət sistemi partiyaların desentralizasiyasına
daha güclü təsir edir. Çünki
hakimiyyətin bütün səviyyələrində
seçkili vəzifələrə namizədlərin irəli
sürüldüyü minlərlə seçki dairələri
mövcuddur. Qeyd etdiyimiz kimi, namizədlərin
irəli sürülməsi üçün ilkin seçkilərdən
istifadə partiya təşkiltlarını daha da zəiflədir,
onları partiyadan irəli sürülənlərin
seçilməsinə nəzarət imkanından məhrum
edir. Həmçinin fərdi namizədlər
seçki kampaniyasını aparacaq təşkilatları
özləri yaratmalıdırlar ki, bununla da əvvəlcə
praymerizdə, sonra isə ümumi seçkilərdə qələbə
çalsınlar.
İctimaiyyətin sayıqlığı Amerika siyasi
sisteminin daxilində partiya həyatının möhkəm və
harmoniyalı təsir bağışlamasına baxmayaraq,
ABŞ ictimaiyyətinə siyasi partiyalara artmaqda olan bir
etimadsızlıq da xasdır.
Konqresə və ştatların idarəetmə
orqanlarına namizədlərin irəli sürülməsi
vasitəsi kimi ilkin seçkilər sisteminin qəbulu və
inkişafı cəmiyyətin populist və hətta antipartik əhvali-ruhiyyəsinin
nümayişidr. Amerikalıların böyük əksəriyyəti
hakimiyyətə böyük təsir göstərmək
qüvvəsinə malik olan partiya təşkilatlarının
rəhbərlərinə skeptik yanaşırlar. İctimai rəy sorğularının nəticələri
birmənalı şəkildə göstərir ki, əhalinin
böyük əksəriyyəti belə qənaətdədir
ki, partiyalar bəzən problemləri yalnız
dolaşdırır, nəinki onlara münasibətlərini
izah edirlər. Yaxşı olardı ki,
bülletenlərdə ümumiyyətlə partiya mənsubiyyəti
göstərilməyəydi.
Partiyalar
da belə bir vəziyyətlə barışmalıdırlar
ki, artıq seçicilərin böyük əksəriyyəti
üçün partiya mənsubiyyəti daha az
rol oynamağa başlamışdır. Belə
nümunələrdən biri kimi "hər iki partiyaya səs
verməni" göstərmək olar. Məsələn,
seçici prezident seçkilərində öz
partiyasından olan namizədə səs verir, Konqresə
seçkilərdə isə öz seçki dairəsində
başqa partiyadan olan namizədə səs verir. Ona görə də hakimiyyətdə hər iki
partiyanın təmsil olunduğu bizim dövrümüzdə,
prezidentin Konqresin bir və ya hər iki palatasında onun
partiyasının çoxluq təşkil etmədiyi bir şəraitdə
ölkəni idarə etməsi tez-tez rast gəlinən
haldır.
Hakimiyyətin icra və qanunverici qollarına nəzarətin
bölünməsi həm milli səviyyədə, həm də
50 ştatın hakimiyyətlərində artıq təcrübəyə
çevrilib.
Bir çox icmalçılar hesab edirlər ki,
seçicilər belə şəraitə üstünlük
verirlər, çünki bu əksər hallarda hakimiyyətin,
bir sıra seçici qruplarının maraqlarına birbaşa
zidd olan bəzi böyük təşəbbüslərinin məğlub
olmasına gətirib çıxarır.
Üçüncü partiyalar və
müstəqil namizədlər
Sadaladığımız bütün maneələrə
baxmayaraq, üçüncü partiyalar və müstəqil
namizədlər də vaxtaşırı Amerikanın
böyük siyasət meydanına çıxa bilirlər. Onlar çox tez-tez , aparıcı partiyaların müzakirəsindən
adətən kənarda qalmağa üstünlük verdikləri
sosial problemləri ictimaiyyətin mühakiməsinə
çıxarır və hökümətdən onların həllini
tələb edirlər. Bütün hallarda
üçüncü partiyaların əksəriyyətinin
yalnız seçki distansiyası zamanı uğurla fəaliyyət
göstərmələri tendensiyası müşahidə
olunsa da sonradan onlar "sönür", unudulur və ya əsas
partiyalar tərəfindən udularaq yoxa çıxırlar.
1850-ci illərdə yalnız bir yeni partiya yarandı - Respublikaçılar
partiyası və ona əsas partiya statusu almaq nəsib oldu. O illərdə ölkəni
parçalayan quldarlığa münasibət çox ciddi mənəvi
imperativ kimi mövcud idi və onun əsasında da namizədlər
irəli sürülür və elektorat toplanırdı. Bir çox sübutlar da var ki,
üçüncü partiyalar seçkilərin nəticələrinə
həlledici təsir göstərə biliblər. Məsələn, 1912-ci ildə Teodor Ruzveltin
üçüncü partiya tərəfindən namizədliyinin
irəli sürülməsi respublikaçıların
sıralarında parçalanmaya gətirib
çıxardı. Bu da əksər səs çoxluğu
belə qazana bilməyən demokrat Vudro Vilsonun seçilməsinə
imkan verdi.
1980-ci ildə
əsasən respublikaçılara səs vermiş
seçicilərin səslərini 1992-ci ildə müstəqil
namizəd Ross Pero öz tərəfinə çəkdi və
bununla da ikinci müddətə seçilmək istəyən
respublikaçı prezident böyük Corc Buşun məğlub
olmasına "öz töhfəsini" verdi.
2000-ci ildə
respublikaçı kiçik Corc Buşa və demokrat El Qora səsvermənin
nəticələrinin inanılmaz dərəcədə
yaxın olduğu bir şəraitdə əgər
Yaşıllar Partiyasının namizədi Ralf Nayder Florida
ştatının seçki bülleteninə daxil edilməsəydi,
çox yəqin ki, El Qor Florida seçkiçilərinin əksər
səslərini qazanmış və nəticədə
prezident seçilmişdi.
1990-cı ildən keçirilən ictimai rəy
sorğuları birmənalı şəkildə
üçüncü partiya konsepsiyasının yüksək
səviyyədə dəstəkləndiyini nümayiş
etdirir. 2000-ci
ildə keçirilən prezident seçkilərindən sonra
"Gellap" sorğularından biri müəyyən
etmişdir ki, amerikalıların 67 faizi həm prezident
seçkilərində, həm də eyni şəkildə
Konqresə və ştatların idarəetmə orqanlarına
seçkilərdə Demokratlar və Respublikaçılar
partiyaları kimi öz namizədlərini irəli sürən
üçüncü bir güclü partiyanın
yaradılması ideyasını dəstəkləyirlər. Məhz
bu əhval-ruhiyyə, həmçinin seçki
kampaniyasının səxavətlə maliyyələşdirilməsi
Texas milliyarderi Ross Peroya 1992- ci ildə keçirilən
prezident seçkilərindəki bütün səslərin 19
faizini əldə etməyə imkan verdi ki, bu da 1912-ci ildə
27 faiz səs toplamış Tərəqqi partiyasından olan
namizəd Teodor Ruzveltin nailiyyətindən sonra ən yüksək
göstəricidir.
Arzuman MURADLI,
iqtisadiyyat üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2012.- 14 mart.- S. 10.