Teatrlarımız yeni mövsümü
açıb
Akademik Milli
Dram Teatrı və Gənc Tamaşaçılar Teatrı
maraqlı repertuarlarla
sevənlərinin görüşünə
gəlib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
öz 145-ci mövsümünü
ənənəvi olaraq
“Qarabağnamə” tamaşası
ilə açıb. Tamaşanın nümayişindən
öncə çıxış
edən Xalq artistləri Hacı İsmayılov və Ramiz Məlik mədəniyyət ocağının
yeni mövsümə
çox ciddi hazırlaşdığını deyiblər. Bildirilib ki, teatrın təmir olunmuş yeni səhnələri bu mövsümdən istifadəyə veriləcək.
Belə ki, sənətçilər artıq
sevimli tamaşaçılarının
qarşısına təmir
olunmuş yeni səhnələrdə çıxacaqlar.
Tamaşa Xalq
yazıçısı, görkəmli
dramaturq İlyas Əfəndiyevin “Hökmdar
və qızı” əsəri əsasında
hazırlanıb. Səhnə əsəri
isə Xalq artisti, Azərbaycan teatrında xüsusi yaradıcılıq dəst-xətti
ilə seçilən
və uzun illər İlyas Əfəndiyevlə birlikdə
işləyib, onun yaradıcılığına yaxından
bələd olan rejissor Mərahim Fərzəlibəyova həvalə
edilib.
Məlumat üçün bildirək ki, teatrın tarixinə silinməz sətirlərlə
yazılmış “Qarabağnamə”
tamaşası XVIII əsrdə
Qarabağ xanlığının
mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və
Qarabağ hökmdarı
İbrahim xanın ictimai-siyasi, ailə-məişət
həyatından bəhs
edir. Güclü
milli ruh aşılayan səhnə
əsərinin başlıca
mövzusu isə xanlıqları birləşdirib
vahid dövlət yaratmaqdır.
Sənətçilərin
ifalarının rəngarəngliyi,
səhnə və musiqi tərtibatı, gözoxşayan dekorasiya və aktyorların bir-birindən parlaq geyimləri gecəni unudulmaz edib.
Tamaşada, heç
şübhəsiz, erməni
fitnəkarlığının qurbanı olan İbrahim xan və şücaəti ilə ürəkləri riqqətə gətirən
Cavad xan obrazları ön plana çıxmağı
bacarıblar.
Tamaşaçılar tərəfindən çox maraq və çoşqu ilə qarşılanan sözügedən səhnə
əsərində rolları
Xalq artistləri Firəngiz Mütəllimova,
Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev və başqaları ifa ediblər.
Həmçinin ötən həftə Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrı (ADGTT) da özünün 90-cı yubiley
mövsümünə start
verib. Həmin gün teatrın səhnəsində Azərbaycanın
görkəmli dramaturqu
M.F.Axundzadənin “Hekayəti-Xırs-Quldurbasan”
əsərinin eyniadlı
tamaşası nümayiş
olunub.
Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar artist, Kalmıkiya Respublikasının Əməkdar
İncəsənət Xadimi
Mübariz Həmidov, teatrın veteran aktyorları və ötən mövsümdə
“Sima” mükafatına
layiq görülmüş
əməkdaşları mövsümün
açılışı ilə əlaqədar tamaşaçıları
təbrik ediblər. Direktor çıxışı
zamanı diqqətə
çatdırıb ki,
bu il Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı
özünün 90 illik
yubileyinə hazırlaşır.
Bu gündən etibarən nümayiş olunan hər bir tamaşa həm də yubiley ərəfəsində
tamaşaçılarımıza bir hədiyyədir.
Mövsümün açılışı ilə əlaqədar çıxış edən
teatrın baş rejissoru, Azərbaycanın
və Kalmıkiyanın
Əməkdar İncəsənət
Xadimi Bəhram Osmanov, Xalq artistləri
Cənnət Səlimova,
Yasin Qarayev tamaşaçıları teatrın
səhnəsində nümayiş
olunan bir-birindən maraqlı tamaşalara dəvət edərək yeni mövsümdə həm kollektivə, həm də tamaşaçılara
uğurlar arzulayıblar.
Məlumat üçün bildirək ki, sözügedən komediyada
Tarverdi və Pərzadın sevgi hekayəsi, Pərzadı dərin məhəbbətlə
sevən və onun yolunda ölümə
belə hazır olduğunu deyən Bayram və qazanc əldə etmək üçün min cür oyunlar
quran Zalxa obrazları və onların düşdükləri komik vəziyyətlər tamaşaçıda
xoş ovqat yaradıb və onların həftəsonunu
maraqlı keçirmələrinə
səbəb olub.
Sonda tamaşaçılarla
dolu olan zal uzun müddət
ayaq üstə aktyorları alqışlayıb.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 26 sentyabr.- S.7