Sənət ocaqları yeni mövsümdə tamaşaçılara
nə vəd edir?
Paytaxtımızın sakinləri və qonaqlar üçün maraqlı repertuar hazırlanıb
Artıq bir
neçə gündür
ki, teatrlarımız yeni mövsümə start verib. Bəs
bu mövsümdə tamaşaçılara hansı
tamaşalar təqdim olunacaq?
108-ci mövsümünə
sentyabrın 16-da start
verən Azərbaycan Dövlət Musiqili Teatrında sualımıza
cavab olaraq bildirilib ki, yeni mövsümü dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli komediyası ilə açan teatrda, eyni zamanda,
növbəti 3 ay üçün repertuar planı da təsdiq
edilib. Teatrın
mətbuat xidmətinin
rəhbəri Samir Sədaqətoğlunun verdiyi
məlumata görə,
qarşıdakı aylar
ərzində teatrın
repertuarında olan
30-a yaxın tamaşa
təqribən 70 dəfə
nümayiş olunacaq.
Belə ki, tamaşaçılar
“O olmasın, bu olsun”, “Arşın mal alan”, “Baladadaşın
toy hamamı”, “Mənim günahım”, “Molla Nəsrəddinin beş arvadı”, “Amerikalı kürəkən”,
“Bankir adaxlı”,
“999-cu gecə”, “Toya bir gün qalmış”,
“Kimdir müqəssir?”
və başqa tamaşaları izləyə
bilərlər. Teatrda
rusdilli və balaca tamaşaçılar
üçün də
tamaşalar təqdim olunacaq.
Gənc Tamaşaçılar
Teatrı yubiley mövsümündə premyera
ilə teatrsevərlərin
qarşısına çıxacaq
Özünün 90-cı mövsümünə start
verən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
da oktyabrda tamaşaçılarına maraqlı
repertuarlar vəd edir. Bu teatr “Şeyx
Sənan”, “Mən gəldim, qızlar”, “Aydın”, “Cəza”, “Ələddinin sehrli çırağı”, “III Riçard”,
“Tıq-tıq xanım”,
“Pəri Cadu” və başqa tamaşaları ilə yanaşı, yeni mövsümün ilk premyerası olan “Qulliver cırtdanlar ölkəsində” səhnə
əsərini də təqdim etməyi qərara alıb. Eyni zamanda, teatr ilboyu öz tamaşaçılarını maraqlı, yeni səhnə əsərləri
ilə sevindirməkdə
davam edəcək.
Teatrın mətbuat
xidmətinin rəhbəri
Lalə Azərinin qəzetimizə verdiyi məlumata görə, mədəniyyət ocağında
həmçinin yeni layihə üzərində
yaradıcılıq prosesinə
başlanılıb. Onun
sözlərinə görə,
teatrın Bakı Yunis Əmrə İnstitutu ilə birgə reallaşdırdığı
layihə “Eşqi - Nigar” adlanır. Əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı
Koroğlu dastanı əsasında hazırlanır.
L.Azəri onu da əlavə edib ki, layihənin
Bakı premyerası bu ilin noyabr
ayının 14-də baş
tutacaq. Sonrakı nümayişlər isə
Türkiyə Cümhuriyyətinin
Ərzurum, Bolu və digər şəhərlərində nəzərdə
tutulur.
Milli Dram
Teatrı bu mövsüm də həm dünya, həm də Azərbaycan klassik tamaşalarına ev sahibliyi edəcək
Yeni teatr mövsümünü
sentyabrın 22-də görkəmli
yazıçı-dramaturq İlyas
Əfəndiyevin “Hökmdar
və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə”
tamaşası ilə
açan Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrı
145-ci mövsümdə tamaşaçılara
həm dünya, həm də Azərbaycan klassikasından tamaşalar təqdim edəcək. Oktyabr ayının repertuarına isə “Mənim günahım”, “Boy çiçəyi”, “Cəhənnəm sakinləri”,
“Xanuma”, “Ölülər”,
“Almaz”, “Qaraca qız”, “Sənətkarın
taleyi” və s. tamaşalar daxil edilib.
Kukla Teatrından
yeni sürprizlər var
Abdulla Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrı isə özünün 86-cı teatr
mövsümünə sentyabrın
16-da dramaturq və tərcüməçi Samuil
Marşakın “Pişiyin
evi” tamaşası ilə başlayıb. Teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmovanın
sözlərinə görə,
əvvəlki illərdə
olduğu kimi, bu il də
uşaqları sevindirməyi
qarşısına məqsəd
qoyan sənət ocağı oktyabr üçün bir-birindən
rəngarəng repertuar
planı hazırlayıb.
Belə ki, teatrın yaradıcılıq
planına “Ələddin”,
“Qoçaq Əhməd”,
“Karlson”, “Çippolino”,
“Qoğal”, “Durna balığı”, “Turp” və başqa tamaşalar daxil edilib.
Onu da qeyd edək ki, hazırda ölkədə 28 peşəkar
teatr fəaliyyət göstərir ki, bunlardan biri opera və balet,
19-u dram, musiqili-komediya
və musiqili dram, 8-i isə uşaq və gənc tamaşaçılar
teatrıdır.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2017.- 30 sentyabr.- S.7.