E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR

ƏLİ TUDƏ HAQQINDA

Azərbaycan ədəbiyyatında Əli Tudə özünəməxsus dəst-xətti ilə seçilən, həyatında xoşbəxtlik və bədbəxtliyin bir-birini əvəz etdiyi şair idi. O, tarixin gərdişi, taleyin hökmü ilə bu taydan o taya, o taydan bu taya köç edərək keşməkeşli ömür sürüb, ömür boyu azadlıq duyğuları, yurd həsrəti ilə yaşayıb-yaradıb. Gənclik illərindən həyatı qaçaqaç-qovhaqovda, qadağalarda keçib. Əsərlərinin ilham mənbəyi şifahi xalq ədəbiyyatı və milli-mənəvi dəyərlər olub..

 

Anar,
Xalq yazıçısı


Əli Tudə yaradıcılığında dərin məna və zənginlik var. Şairin şeirlərinin hər sətrində el sözü, hər beytində xalqın səsi var. Vətənin torpağından, daşından və qəhrəmanlıq tarixindən qaynaqlanan yaradıcılığı atalar sözləri, xalq məsəlləri ilə zəngindir.

 

Elçin Hüseynbəyli,
Əməkdar incəsənət xadimi


Cənubi Azərbaycan ədəbi prosesinin fəal iştirakçısı olmuş fəal iştirakçısı olmuş Əli Tudə istər Şimalda, istərsə də Cənubda sevilə-sevilə oxunan ədəbiyyat fədaisi olmuşdur. Mübariz ruhlu poeziya şairin əsərlərinin canı, qanı, şah damarıdır. O odlu-alovlu dövrün əlamətdar yaradıcılıq hadisəsi sayılan inqilabi ruhlu şeirləri ilə xalqı hər an azadlıq uğrunda mübarizəyə ruhlandırmışdır.

 

Ağahüseyn Şükürov,
Filologiya üzrə fəlsəfə doktoru


Əli Tudə (Əli Qulu oğlu Cavadzadə) milli ədəbiyyatımızın görkəmli xadimlərindən biri olmaqla yanaşı məşhur ictimai-siyasi xadim, inqilabçı kimi tariximizdə silinməz izləri qalan şəxsiyyətlərdəndir. O, 21 Azər hərəkatının ideyalarına, Azərbaycan Demokrat Firqəsinin amallarına həyatı boyu sadiq qalmış, ən başlıcası özündən sonrakı nəsillərə bir örnək olmuşdur. Övladlarını da bu ruhda böyütmüş, cəmiyyətin nümunə götürə biləcəyi tərzdə formalaşdırmışdır.

 

Nəriman Həsənzadə,
Xalq şairi


Əli Tudə bir insan kimi, bir şair kimi pak və təmiz yaşamış, gözəl hislərlə, gözəl duyğularla ömür sürmüşdür. Həqiqi şair, həqiqi istedad sahibi olduğundan əsərləri sevilir və oxunur. İki sözündən biri “Vətən” olan şairin mövzu dairəsi çox genişdir.
 

Qəzənfər Kazımov

Ədəbiyyatşünas, dilçi


Əli Tudə sözün əsl mənasında vətənpərvər şair, xalq məramına bağlanmış sənətkar idi. Sevindirici haldır ki, Əli Tudə götürdüyü hər hansı mövzuya yüksək və işıqlı bir zirvədən yanaşırdı.

Əli Tudə Cənubi Azərbaycan ilə bağlı dərdləri göstərdiyi kimi, Şimali Azərbaycanda da xalqın qazandığı böyük ictimai-siyasi nailiyyətləri ilhamla təsvir və tərənnüm edirdi.
 

Xəlil Rza

Ədəbiyyatşünas, şair


Əli Tudə hər şeydən əvvəl yüksək ideallar şairi idi. Elə buna görə də o öz əsərləri üçün seçdiyi mövzuları məhz dövrün mütərəqqi ideyalarına, xalqın müasir tələblərinə cavab verə biləcək bir şəkildə, oxuculaını mübarizlik, döyüşkənlik, vətənpərvərlik, beynəlmiləlçilik ruhunda tərbiyə edəcək bir səpkidə işləməyi özü üçün ilk tələb hesab edir.
 

Sabir Əmirov

Ədəbiyyatşünas, tənqidçi


<< Geri