Mustafa Kamal Atatürk haqqında - “Başında
Atatürk kimi bu nüfuzu yaradan və onu ən böyük
ölçüdə, millət və dövlətin ən həyati mənfəətləri
üçün qullanmasını(istifadəsini) bilən böyük əzmli
dövlət adamları olan qardaş Türkiyənin bu tarixi
müvəffəqiyyətinə biz azərbaycanlıların candan sevindiklərini
söyləməyə ehtiyac varmıdır?!..” “Qurtuluş”
jurnalı, Berlin, il:4, sayı:28, fevral 1937-ci
il. “XX əsrin Şərqi, XIX əsr Qərb tarixinin qeyd etdiyi Amerika ixtilalı (üsyan) ilə Fransız inqilabını bir həmlədə yapmaq
zərurətindədir. Mustafa Kamalın böyüklüyü, işdə tarixin bu zərurətinin
qavrayışındadır.
Bu böyük dahisi ilə türk milliyyətçiliyinin şanlı başbuğu (komandiri)
eyni zamanda qurtulan Şərqin simvoludur”. “Qurtulan Şərqin simvolu”.
“Azərbaycan” jurnalı, Ankara, il:2, sayı:8-9, noyabr-dekabrt,
1953.
Ziya Göyalp haqqında
- “Ziya bəy, tənəzzülə
məhkum olan Osmanlı imperatorluğunun sövqi
tarixlə çökən xarabalıqları altında qalan Türk
nəslinə, bu fəlakətdən mütəvəllit (doğan) yeiş (matəm,
yas) və hüznə qapılmayıb, yeni bir sövq ilə
yaşamaq və çalışmaq ümidini təlqin etdi. Onun
milliyyətpərvərlik və Türkçülük sahəsində olan elmi
təbliğatı qəlblərə çökən hüznü dağıtdı. Bunun
yerində o, milli ümid işığını aydınlatdı. Hazırkı
Türk nəsli, vücuda gətirdiyi binanı istiqlal üçün Ziya
bəyin təmsil etdiyi milliyyət fikrinə mədyundur
(borcludur).Əfəndilər, Ziya bəyin təbliğatı, yalnız Türkiyə üfüqlərinə bağlanmış
bir fikir deyildir. “Türk Yurdu” və “Türk Ocağı”nın tərvic (rəvacvermə)
eylədikləri əfkarın (ictimaiyyətin) mübəşşiri (xoşxəbəri) olan Ziya
bəy, Türkçülük məfkurəsini Türkiyəçilik şəklində anlamırdı. Türklük yalnız
Türkiyəyə bağlı olmadığı kimi, Türkçülük də Türkiyəçilik deyildir.
Bütün türk ölkələri ilə bərabər, Azərbaycan Türkləri də milli məfkurə
atəşi ilə tutuşmuşlardır...
Azərbaycan Türklüyü indiki halda milliyyətpərvərliyi qəbul etməyən
yabançı bir qüvvətin istilasındadır. Gəncliyi “kommunizm əlifbası
xaricində hər şeyi oxumaqdan məhrum edilən zalim qüvvət kitabxanalardan
gərək Ziya bəyin, gərək Emin bəyin əsərlərini qaldırmışdır. Fəqət
mübariz Azərbaycan gəncliyi bütün buna rəğmən, “kommunizm əlifbası”
nı deyil, “Türkçülük əsasları”nı əzbərləyir”. Ziya Göyalpın dəfni
mərasimində çıxışı. 1 sentyabr 1924-cü il. “Yeni Qafqasiya” jurnalı.
“Azərbaycan” jurnalı, Ankara, il 3, sayı:8(32), noyabr 1954-cü il.
Cəfər Seyidəhməd Krımər haqqında
-
“Cəfər Seyidəhməd ...Milli Azərbaycan nəşriyyatını
təqib edənlər bu imza altında çıxan məqalələrdəki
doğmalıq və canlılığı bilirlər. Bir çoxumuz Cəfər bəyi
nitq söylərkən də görmüş, onun sadə sürən bir yazıçı
deyil, məharətli bir natiq olduğuna da qane olmuşdur.
Yazılarında və çıxışlarında şəkilcə də parlaq olan
Cəfər Bəyin ürəklərə keçən ötkünlüyü, şübhə yoxdur
ki, onun yüksək idealizmindən gəlir.
Bu idealizmin nə olduğunu anlamaq üçün “Yeni
Qafqasiya”dan başlayaraq bu günə qədər çıxan nəşriyyat kolleksionlarımızın,
sadə, 27 Nisan və 28 Mayıs nüsxələrindəki Cəfər Bəy məqalələrinə baxmaq
yetərlidir.Əsir Türk elləri arasında milli faciəsi daha ağır olan qardaş Krım
tarixinin həqiqi məhsulu olan Cəfər bəyi, bu məqalələrində də Qaspirallı
Böyük İsmayıl Bəyin ənənənsinə sadiq bir ideya adamı olaraq görürük.
Bir ceyrək əsrdən bəri, həyatının ən gənc çağını canından artıq sevdiyi
gözəl yurduna həsr edən Cəfər Bəy ortaq düşmənə qarşı yürüdülən istiqlal
mücadiləsinin ancaq birlikdə yapılacaq ciddi bir həmlədə müvəffəq olacağına
inananların başda gedənidir”.
”Cəfər Seyidəhməd üçün”. “Qurtuluş”
jurnalı,il-2, sayı-11, sentyabr 1935-ci il.
Əli Mərdan bəy Topçubaşov haqqında
-
“Əli Mərdan bəy, heç şübhəsiz Mirzə Fətəli,
Həsən bəy və İsmayıl Mirzələrin canlandırdıqları
milli-kültür hərəkatını milli qurtuluş yoluna
çəkən böyük mücahidlərdəndir. Fəqət Əli Mərdan
bəyi bu üç ustaddan olduğu kimi müasiri olan
digər bəzi ideoloqlardan ayıran bir şey vardır ki, fikirçisi olmaqdan ziyadə,
işçisi idi. Onun bütün həyatı, tətbiqatda, həmdə milli davanın vəkilliyi
kimi, məsuliyyətli işlərin tətbiqində keçmişdir... Bir millətin siyasi tarixində bu dərəcədə mühüm və davamlı bir yer tutan adam üçün öldü deyərlərə - inanmayın! – Əli Mərdan Bəy
ölməmişdir!..”” Qurtuluş jurnalı,Berlin, noyabr 1934 cü il sayi-1
Nəsib bəy Yusifbəyli haqqında - “Nəsib bəyin
Azərbaycan istiqlal hərəkatındakı rolu sadə nazirlikdə
və başvəkalətdə olduğunu söyləməklə ifadə
edilə bilməz. Onun hərəkatdakı həqiqi rolu sonra
tutduğu bu rəsmi mövqelərdən çox daha əvvəl başlamışdır.
Bu rol onun Gəncədə 1917-də “Türk
Ədəmi-Mərkəziyyət Xalq Firqəsi” adı ilə təsis
edilən siyasi Azərbaycan firqəsinin təşkilinə təşəbbüs
etməsi ilə başlar. Azərbaycan ideyasını siyasi
bir tələb maddəsi şəklində formula etmək şərəfi
mərhum Nəsib bəyindir.
Nəsib bəyin xatirəsi istiqlalçı Azərbaycan nəslinin zehnində səmimi
bir milliyyətpərvər, demokrat və həqiqi bir radikal olaraq qalmışdır.
Müasir Avropa kültürü ilə bərabər, türkcədəki iqtidarı və milli həyat,
ədəbiyyat və tarixi haqqındakı mərbudiyət (bağlılıq) və ihatəsi (əhatə)
ilə əkranı (yüksək şəxslər) arasında mümtaz(parlaq) bir mövqe tutan bu
mücahidin üfulu (batma,qürub) bütün Azərbaycan gənclərini dərindəndərinə
müfəssir(təfsir,şərh edən) eyləmiş, hər kəsin qəlbini ciddən qanatmışdır.
...Müzəffər İstiqlal nəslinin ilk yapacağı şükran (minnətdarlıq) vəzifələrindən
birincisi siyasi azərbaycançılığın ilk carçılarının - Nəsib bəy
adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə tikdirməkdən
ibarət olmalıdır”. “Yusif bəyli Nəsib bəy” məqaləsi. “Odlu Yurd” jurnalı.
İl-1-sayı-3, 27 aprel, 1929-cu il.
Tofiq Fikrət haqqında - “Təvatürlə (ağızdan-
ağıza yayılma) aldığımız müəssif(təəssüf doğuran)
xəbərlərə görə, türk şairi Tofiq Fikrət bəy
ölmüşdür. İştə (budur), “tarixi-qədim”in bir cilvəyi-
dühası daha!
Türk ədəbiyyatının Osmanlı şivəsi ilə aşina
olanlar bu gün sənət naminə duyduğumuz böyük
bir təsirlə vəfatını xəbər verdiyimiz Tofiqin “tarixi-
qədimini bilməz deyildirlər...
Bir şair üçün təsaviri-xəyaliyyəsini həqayiqi-həyatda görmək,
kəndisinə daldığı zaman kəndi hissiyyatını oxşamaq üçün yazdığı
nəşidələri görmədiyi, bilmədiyi ağızlardan eşitmək nə böyük bir hədiyyə,
nə böyük bir zövqdür!”. “Açıq söz”, 20 sentyabr 1917, N570.
Əbdürrəhman Fətəlibəyli-Düdənginski
haqqında - “Ölülərimizi xeyirlə yad etmək kültürümüzün
və ictimai tərbiyəmizin vəzifəsidir. Siyasət
və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların
həyatını obyektiv bir qavryışla təsvir və
təqdir etmək – tarixçinin vəzifəsidir; məzarları
başında məziyyətlərindən bəhs etmək isə tərhim
(yad etmə) törənlərinin ənənəsidir.
...Mərhum hərarətli bir vətənsevər və atılqan
bir mücahiddi. Hadisələrin gedişi ilə bildiyimiz
fəaliyyət sahəsinə hənuz (hələ) atılmadan cəbhədə
adı duyulmayan bir əsgər ikən açığa vurduğu hissiyat onun səmimi bir
vətənsevər olduğunu göstərir.
Hərb bitdikdən sonra müxtəlif macəralardan keçən Fətəlibəyli,
nəhayət amerikalılar tərəfindən maliyyələşdirilən, Münhendə təsis edilmiş
“Qurtuluş” radiosu Azərbaycan şöbəsinin şefi idi. Bolşevizmə qarşı
mücadilə edən Amerikan Komitəsi mərhumun şəhid olması münasibəti
ilə yayınladığı təbliğdə, onun bacarıqlı bir radio təbliğatçısı olduğunu bildirməkdədir.
Bolşeviklər özlərinə məxsus vəhşi bir üsulla müxaliflərini, tədhişə varıncaya
qədər hər cürə vasitələrlə aradan götürüb məhv etməyə çalışırlar.
Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayı sayılmaqla bitməz...
...Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücahiddi. Hadisələrin
sövqiylə(axarı ilə) ), bildiyimiz fəaliyyət sahəsinə hənuz (hələ)
hələ atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən açığa vurduğu
hissiyyat onun səmimi bir vətənsevər olduğunu göstərir.
Qurtuluşu müəqqəq olacaq (həyata keçəcək) hürr və müstəqil
vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini
andığımız Mərhum da olacaqdır”. “Azərbaycan” jurnalı, il:3;
sayı:9(33), dekabr 1954-cü il.