Əli bəy Hüseynzadə (Böyük türkçü alim,
mütəfəkkir, tanınmış mətbuat xadimi): “Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir
mücahit sifətiylə çalışdınız, bir çox mühüm hadisələri
yaxından gördünüz, müxtəlif cərəyanların
içində oldunuz və sərgüzəştlərlə dolu bir həyat
yaşadınız!”
Həmdulla Sübhi Tanrıövər (Türkiyənin Mətbuat
və Milli Təhsil Nazirliyində yüksək vəzifələrdə
çalışmış, Türkiyənin Rumıniya Böyükelçisi olmuşdur):
“Ustadı uzun illərdən bəri tanıyıram. Onunla
məmləkətin həm daxilində, həm xaricində bərabər
çalışmışıq. Eminlə “Türk Yurdu”nda, “Türk Ocağı”nda,
Ankarada və Buxarestdə bir yerdə olmuşuq.
Çox qiymətli dostumuzu itirdik. Bədbəxt türk elləri
bizə çox qiymətli övladlar göndərdi: Qaspiralı İsmayıl,
Əli bəy Hüseynzadə, Ağaoğlu Əhməd, Yusif Akçura, Cəfər Seyidəhməd,
Sədri Məqsudi və daha bir çoxları. Məhəmməd Əmin Rəsulzadə
bunlardan biri idi. Türk millətləri üçün onların hürriyyət və istiqlalları
yolunda can verənlərin röyaları təhəqqüq
edəcəkdir”.
Cəfər Seyidəhməd Krımər (Krım
tatarlarının lideri, Krım Cümhuriyyətinin keçmiş
Hərb və Xarici İşlər Naziri): “Bir gün həyatınızı
yazacaq bəxtli bir türk gənci, yaxud da şəxsiyyətinizi
canlandıracaq bir türk sənətkarı, ömrünüzün hər
dövrünü qavrayıb anladıqca “nə şərəflidir mənə ki,
bu yaşamağa dəyər səhifələri canlandırıram” – deyə
sevinəcəkdir, bunların əsərlərini oxuyan və ya seyr
edənlər də Sizi daima sonsuz məhəbbət, hörmət,
rəhmətlə anacaqlardır”.
Zəki Vəlidi Toğan (Böyük mütəfəkkir,
ictimai-siyasi xadim, Başqırdıstan Respublikasının
ilk rəhbəri): “Biz Rusiya əsiri türklər 1917-
ci il inqilabına qüvvələri bir zümrə olaraq girdik.
Bunu təmsil edən Məhəmməd Əmin Rəsulzadə
oldu. Rusiya inqilabı başlandıqdan sonra Azərbaycan
türk mərkəziyyət “Müsavat” partiyası
proqramı bizə gəldi. Məhəmməd Əmin Rəsulzadənin
göndərdiyi proqram və məktub Peterburqda
bomba kimi partladı.
...Əgər bu mühit əzizləri seçən bir mühit olsaydı, mən mərhum
Məhəmməd Əmin Rəsulzadənin əziz olaraq seçilməsinə rəy verərdim. Bu
günə qədər onun əleyhinə olanlar tövbə etməlidir. Yoxsa Allah
günahlarını bağışlamaz!
Məhəmməd Əmin Rəsulzadəni öldükdən sonra da yaşatmaq üçün
azərbaycanlılar onun yolunu davam etdirməlidir!”
Abdulla Battal Taymas (Kazan türklərinin
lideri): “Məhəmməd Əmin Rəsulzadə yalnız
azərbaycanlılar üçün deyil, bütün türklər üçün
böyük bir dəyərdi. Ölümü də bütün türklük üçün
böyük bir dərddir. O, inandığı mübarizə uğrunda
hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət,
həyatını fəda etmişdi. Özü də nadir olan bir idealist
idi. O, bu dünyadan ayrılmışsa da, tarix səhifələrimizdə,
beynimizdə və qəlblərimizdə daima
yaşayacaqdır.
Məhəmməd Əmin Rəsulzadə bir cəmiyyət adamı
idi. Cəmiyyətimizi yaşatmağa və səadətə çatdırmağa çalışanlardan idi.
Məhəmməd Əmin Rəsulzadənin apardığı mübarizə və ideal
ölməyəcəkdir, yaşayacaqdır, dayanmayacaq və irəli gedəcəkdir”.
Mirzə Bala Məmmədzadə (Böyük mütəfəkkir,
tanınmış ictimai-siyasi və mətbuat xadimi): “Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə
“İnsanlara hürriyyət, millətlərə istiqlal!” – deyə
dünyaya göz açdı və yenə “İnsanlara hürriyyət,
millətlərə istiqlal!” – deyə həyata göz yumdu.
O, prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu
yolda fədakarlıq, əzm və səbatın da bir timsalı idi.
Çünki o, tam mənası ilə fəzilət sahibi, kamil bir
insandı”.
Əhməd Cəfəroğlu (Tanınmış dilçi-alim,
türkoloq, İstanbul Universitetinin professoru):
“Vücudunu bu gün göz yaşları içində Anadolunun
əziz torpaqlarına əmanət etdiyimiz böyük ustad
Məhəmməd Əmin Rəsulzadə Milli Hürriyyət və
İstiqlal uğrunda əlli ildən bəri şanla və şərəflə apardığı
çətin mübarizə yoluna gənc yaşlarında Bakıdan
başlayaraq Tehranda və İstanbulda eyni şövq və
həyəcanla davam etmiş, hadisələrin seyrinə təkrar
Azərbaycana dönmüş, orada yandırdığı müqəddəs qurtuluş məşəlini
1917-ci ildə Moskvada toplanan türk və müsəlman nümayəndələrinin
tarixi qurultayına qədər götürmüş, orada inam ilə qəlbləri alovlandırmış,
dönüşündə Azərbaycanın rus zülmündən qurtuluşunda və istiqlalını elan
edişində baş rolu oynamış, bolşevik istilasından sonra yenə yurdunu tərkə
məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış...Nə şərəfli bir həyat!”
Noy Jordaniya (Gürcüstanın sabiq prezidenti,
1918-1921-ci illər): “M.Ə.Rəsulzadənin kitabı
məhz böyük bir mədəni məsələni - ənənələrin
mühafizəçiləri nöqteyi -nəzərindən təfsir edən
dairələrə cavabdır. İmperializmin bütün növləri üçün
eyni bir xəstəlik xarakterikdir: tarixi korluq. Tarix
onlardan asılı olmayaraq öz yolunu davam
etdirməkdədir; olacağa çarə yoxdur”.
Əbdülvahab Yurdsevər (Azərbaycan Milli
Mərkəzinin Başqanı): “Mücadilə dövründə olan
ümumi toplantılarda Emin bəy daima yerli və
yabançı müarizlərinə(qarşı çıxan,etiraz edən)
kəskin zəkası, sağlam məntiqi, bəlağəti, qüvvətli
fikirləri, realist görüşləri və üstün iman və qüdrəti
ilə qalib gəlirdi. Emin bəyin olduğu hər toplantının
nəticəsi öncədən məlumdu. Azərbaycanın fəhlə,
kəndli və ziyalı kütlələri onu hər tərəfdə həyəcan və
hərarətlə qarşılar, söylədiklərini diqqətlə dinlər və
təkliflərini həmrəyliklə qəbul edirdilər. O,
qarşısındakı adamın şəxsinə toxunmazdı, xüsusi hallarını dilə almağa
tənəzzül etməzdi, fikrə - fikirlə, dəlilə - dəlillə cavab verərdi.
Onun üçündür ki, ən azğın fikir düşmənləri belə Emin bəyin şəxsinə
hörmət edər, səbatına heyran qalırdılar”.
Məhəmməd Kəngərli (“Azərbaycan Milli
Mərkəzi”nin sabiq Başqanı): “Böyük insan
Məhəmməd Əmin Rəsulzadənin bu fani
dünyadan haqq dünyaya gedişi Milli davamızda
açılan yaranın qısa surətdə yaxşılaşması və
meydana gələn təcrübə, nüfuz boşluğunun
doldurulmasının nə qədər zor və imkansız
olduğunu sizlər də təqdir edərsiniz. Fəqət yenə də
buraxmış olduğu müqəddəs mirasına sahib çıxan
milli duyğularla, gənc bir nəslin mövcudiyyətini
görməklə təsəlli tapdığımızı inamla bildirmək
istəyirəm. Bu mənada deyirik ki, millətimiz qədirbiləndir. Əziz Rəsulzadənin
gözləri arxada qalmasın, bizlər hizmət edənləri və bizi yönləndirənlərimizi
hər zaman izhar etməkdən böyük mənəvi zövq duyan bir
topluyuz”.
Əhməd Qaraca (“Azərbaycan Kültür
Dərnəyi”nin Baş katibi): “Millətlərin həyatında
olduğu kimi, insanların da həyatında böyük və
önəmli, enişli, çıxışlı nöqtələr var. Hələ belə
insanlar, ulu bir öndər, bir aksiyon adamı olaraq
ömrünü millətinə bağlamış, millətin acısıyla
ağlamış, sevinciylə sevinmiş, ona yol göstərən bir
hadi olmuşdur. Azərbaycan türklərinin böyük
öndəri Məhəmməd Ə min R əsulzadə də belə ulu
kişilərdən biridir. O, Azərbaycanın olduğu qədər
türklük aləminin də böyük liderlərindəndir.
Ömrünün 50 ildən çoxunu türklük üçün, vətəni və milləti üçün sevə-sevə
xərcləyən, əsrimizin ilk yarısını adıyla şərəfləndirən böyük Türk
insanlarından biri də heç şübhə yox ki, Məhəmməd Əmin Rəsulzadədir”.
Cəmil Ünal (“Azərbaycan Kültür
Dərnəyi”nin Başqanı):
“Məhəmməd Əmin
Rəsulzadə həyatı boyunca heç bir zaman xalqı
əleyhinə olacaq yabançı bir ideologiyanın əsiri
olmamışdır. Məhəmməd Əmin Rəsulzadə,
Azərbaycanın bağımsızlığı üçün ən müqəddəs
varlığı: ailəsini, hətta həyatını fəda etmiş bir milli qəhrəmandır. Onun ən
böyük sərvəti – 27 Aprel 1920-ci ildə vətəni işğal edənlərin və
yardımçılarının çirkli əllərindən aldığı, yurd xaricinə çıxardığı Üçrəngli Bayraq olmuşdur. Məhəmməd Əmin Rəsulzadəni 28 Mayıs 1918-ci il
tarixində Milli Şura başqanlığına seçənlər Azərbaycanın gerçək
təmsilçiləri olmuşdur. Onlar dövlət vəzifələrində heç bir məqamın
tələbçisi olmadan o şərəfli görəvi Məhəmməd Əmin Rəsulzadəyə
vermişdilər”.
Əbdürrəhman Fətəlibəyli – Düdənginski
(Azərbaycan legionerlərinin komandiri,
“Azadlıq” radiosu Azərbaycan redaksiyasının
Baş redaktoru): “Mərhəba, çox möhtərəm Məhəmməd
Əmin! Əziz yurdumuz Azərbaycanın
yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki
bütün əsgərlərimiz adından salamlayıram.
Məmnunluqla Sizə bildirməliyəm ki,
vətəndaşlarımız yurdumuzun hürriyyəti və
Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə böyük uğurlar
qazandılar və misli görünməyən qəhrəmanlıqlarıyla millətimizin şərəf və
heysiyyatını yüksək bir səviyyəyə qaldırdılar...
Biz irəlidə də millətimizin hürriyyəti və Böyük Almaniya uğrunda
fədakaranə bir tərzdə döyüşəcəyik. Cəbhədəki bütün əsgərlərdən Sizə
salam. Sizə yaxşı səhhətlər diləyirəm. Sizin: Ə. Düdənginski –
Fətəlibəyli”.