E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

       AZƏRBAYCANIN YAZIÇI VƏ ŞAİRLƏRİ HAQQINDA FİKİRLƏRİ


Nizami Gəncəvi (1141-1209)

Klassik İran ədəbiyyatının Firdovsidən sonra ən böyük ustadı Azərbaycan şairi Nizamidir. “Sirlər Xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi Gözəl” və “İsgəndərnamə” adlarını daşıyan b eş mənzuməni bir cild içində toplayan “Xəmsə”siylə tanınmış olan Nizaminin dünya ədəbiyyatında müstəsna bir yeri vardır. Şeirə nisbətlə, çox zaman XII yüzilə romantik epopeya dövrü deyilir, çünki bu dövrdə Gəncəli Nizami yaşamışdır. Nizami Firdovsinin yaratdığı Şovalyə (cəngavərlik) romanının dar çərçivəsini aşaraq, lirik eşq əfsanəsi yazmış və beləliklə, hissi romançılığın əsasını qoymuşdur. Bəzi Şərq tənqidçiləri kimi, Qərb tənqidçiləri də üslub və hekayəçilikdə onu Firdovsidən üstün tutarlar. Nizaminin sənətkarlığı, aşıqca məsnəvi yazmaqdakı yeniliyi təqdir olunmuş və özünə Farsca və Türkcə mübaliğsiz, yüzlərcə bənzətmələr yazılmışdır... Şairliyindən, fantaziyasından və ədəbiyyatdakı mövqeyindən çox bəhs olunan bu şəxsiyyətin iki tərəfi nisbətən örtülü və ya tamamilə qapalı qalmışdır. Bunlardan biri şairin azərbaycanlı bir Türk olması və Türklük duyğusu daşıması, o biri də yetişdiyi məmləkətin geopolitikasından doğan siyasi məsələlərlə candan bağlı olmasıdır. Mövzuları baxımından xalis bir türk olan bu şair eyni zamanda, Qafqazın siyasi müqəddəratı ilə dərindən bağlı bir yurddaşdır. Cahan hakimiyyəti Nizamiyə görə heç bir zaman qara niyyət və qaba qüvvətlə təmin oluna bilməz. Millətlərə zorla deyil, mənəvi nüfuzla ancaq təsir edilə bilər. Yetişir ki, onların vicdanlarına xitab edilə bilsin! Dünyanı siyasətən fəth etdikdən sonra, İsgəndərə göydən bir səs “Ya İsgəndər, indi də peyğəmbər olacaq, dünyanı yenidən başdan dolaşacaq, millətləri Tək Allahlıq dininə gətirəcəksən – demişdir. Bu ilahi xitab qarşısında sarsılan İsgəndər: - Mənmi peyğəmbər?! Möcüzəm nə olacaq? – deyə soruşmuş və tərəddüd göstərmişdir. O zaman ilahi səs İsgəndərə: - Möcüzən bu, bütün millətlərin dilini tərcüməsiz anlayacaqsan; millətlər də sənin Rumcanı, eyni şəkildə vasitəsiz anlayacaqlardır”. Milli vicdanın tərcümanı dil deyilmidir?.. ...Elədirsə, şair demək istəyir ki, millətlərarası nizam ancaq milli haqların tanınması ilə kökləşə bilər! İnsanlığın susadığı tək dünya barışının bundan daha yüksək formulunu kim vermişdir?!” M.Ə.Rəsulzadə. “Azərbaycan şairi Nizami və dünyanın bu günkü durumu”. “Qafqasya” jurnalı, Münhen 1952-ci il N 13,səh.5-8.


Məhəmməd Füzuli(1494-1556)

“XIX əsrin əvvəllərinə qədər Azərbaycan ədəbiyyatı bütünlüklə Füzulinin təsiri altında olub. Onun əsərləri toplusu bu gün də hər bir ədəbi-təhsilli azərbaycanlının stolüstü kitabına çevrilib. Bir qədər əvvəl Bakıda onun yaradıcılığının 400 illiyi qeyd edildi. Şairin ayrı-ayrı şeirləri məşhur məsəllər kimi xalqın danışığında istifadə edilir... Əgər diqqət etsək ki, ona qədər bəziləri, ondan sonra Azərbaycanın ən yaxşı şair və böyük klassikləri olan Fələki və Xaqani Şirvanilər, eləcə də Nizami Gəncəvi həqiqi Azərbaycan şairləri olsalar da fars dilində yazırdılar, onda aydın olar ki, sözün milli mənasında Füzuli hansı ədəbi inqilabı etmişdir. Öz dövrünə görə cəsarəti və bu günkü anlayışa görə dərin mənalı olan Füzulunun milli başlanğıcı öz məqsədinə çatdı. O, tikandan qızılgül düzəltməyi və çətini asan, mümkün olmayanı isə əlçatan etməyi bacardı. Dahi Füzuli demək olar ki, XIX əsrin sonuna qədər bütün şairləri özünün şeiryazma sənətini tədqiq etməyə məcbur edərək, Azərbaycan ədəbiyyatında hakimlik etmişdir”. M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan ədəbiyyatı”, Paris, 1936- cı i,səh.3-4..


Şirvanlı Xaqani (1126-1199)

 “Bir münasibətdə böyük Azərbaycan şairi Gəncəli Nizamidən bəhs etmişdik. XII əsrin məşhur şairlərindən biri də Şirvanlı Xaqanidir. Əsl adı Əlidir. Bir xarratın oğludur... ...Şirvanşahlara o dövrdə Xaqan deyilərdi. Saray şairi olunca, xarratın oğlu Əliyə Xaqanın şairi mənasına gələn Xaqani adı verilmişdir... Azərbaycan tarixinin, Nizami kimi böyük şairlər yetişdirmiş dövrünün Şirvanlı Xaqani seçkin ustadlardandır. Qəsidədən başqa o, ədəbi dəyərləri yüksək olan digər parçalar da yazmışdır. “Mədain Xərabələri” şeiri, çökən insanlıq kültürü ilə yıxılan mədəniyyət abidələrinə ağlayan, qüvvətcə, dünya ədəbiyyatında bərabəri olmayan bir şah əsərdir”. Nizami, Əbül-Üla Fələki və şairə kimi, XII əsr böyük şairlərin yanında, Şirvanlı Xaqani, Azərbaycan yaradıcılığna şərəf verən bir şəxsiyyətdir. Qərb oxuyucularının yaxşıca anlamaları üçün, Avropalı tənqidçilər, Xaqanini fransızların romantik şairi Viktor Hüqoya bənzədirlər. Humanist ruhlu, dünya ölçüsündə yaradıcılıq qüdrətinə sahib olan Xaqani yudunun aşiqi, vətənçi bir şairdir. Şirvan sarayında ulduzu parıldayan və bütün rəqiblərini üstələyən Xaqani, bir intriqa üzündən etibardan düşmüş, həbs edilmişdir. Şairin bu əsnada yazdığı “Həbsiyyə”si ədəbiyyat tarixinin qeyd edildiyi parlaq parçalarındandır”. M.Ə.Rəsulzadə. “Şirvanlı Xaqani”. “Azərbaycan” jurnalı. Ankara, yıl:3, sayı: 9 (33), dekabr 1954-cü il.səh.19-21


Mirzə Şəfi Vazeh (1794-1852)

Mirzə Şəfi özünün liberal və yüksək əxlaqlı baxışları ilə məşhur idi. Nə zaman ki, İran şairi Sədi “Məqsədyönlü yalanı” mənəvi ehkam səviyyəsinə qaldırır, onda gəncəli Mirzə Şəfi hər şəraitdə və hər cürə qeyd-şərtsiz yalanı “Mənəvi ehkam kimi inkar edir” – deyə islam üzrə alman tarixçisi Müller bildirir”.

M.Ə.Rəsulzadə.“Çağdaş Azərbaycan Ədəbiyyatı”. Paris, 1936-cı i,səh.7 (Qafqaz, Türküstan və Ukrayna Xalqları Cəmiyyətində oxunmuş məruzə).


Mirzə Fətəli Axundzadə (1812-1878)

“Mirzə Fətəli Şərq istibdadının yumşaldılmasını istəyirdi. Halbuki bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziyaları belə kölgədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu tarixdə rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli Qərbi Avropa mədəniyyətini idealizə edirdi. Sovetlər isə burjua adını verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. ...Kommunizmin ana fikri olaraq tərvic olunan allahsızlıqdan bəhs edilərkən bolşeviklər çox dəfə Mirzə Fətəlinin adını anırlar. Onun ateistliyindən bəhs açırlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayın. Mirzə Nəsiman Yaqublu 202 Fətəli yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mübarizə etmirdi. Onun mübarizə etdiyi şey inam və düşüncəyə mane olan sxolastik təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün sovetlərdə hakimdir”. M.Ə.Rəsulzadə. “Mirzə Fətəli Axundzadə”, “Azərbaycan” jurnalı, Ankara, il 4, sayı 10-11 (34-35), yanvar-fevral, 1955, səh.15-16


Seyid Əzim Şirvani (1835-1888)

“Şirvani, forma baxımından Füzulini təqlid edən lirik qəzəllər yazsa da, lakin bəzi şeirlərinin məzmununa görə olduqca parlaq yeni maarifçilik ideyaları ifadə etmişdir. O, oğluna vəsiyyətində ona elmi, sənəti öyrətməyi, zəhməti sevməyi, müasirliyə uyğunlaşmağı vəsiyyət edir ki, bu da “Əkinçi”nin redaktorunun ideyalarını əks etdirirdi: “Qonşulardan və dünyanın mədəni xalqlarından geri qalmamaq. Əgər onlar mövcudluq üçün aparılan mübarizədə məğlub olmaq istəmirlərsə, onda öz qonşularından və dünyanın mədəni xalqlarından geri qalmamalıdır”. M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan Ədəbiyyatı”. Paris, 1936-cı il,səh.10 (Qafqaz, Türküstan və Ukrayna Xalqları Cəmiyyətində oxunmuş məruzə).


Mirzə Ələkbər Sabir (1862-1911)

“Başqa istedadlı şair və yazıçılar arasında “Hop – Hop” təxəllüsü ilə yuxarıda qeyd etdiyimiz məşhur jurnal olan “Molla Nəsrəddin”lə əməkdaşlıq edən xalq şairi – satiriki Sabirin ulduzu parladı. Onun “Hop – Hopnamə”adlı şerlər məcmuəsi tez bir zamanda hər bir savadlı azərbaycanlının yalnız şəhərlərdə deyil, eyni zamanda bütün kəndlərdə stolüstü kitabına çevrildi. Füzulidən sonra Sabir Azərbaycanın ikinci ümumxalq şairidir. Sabir özünün sadə formalı, dərin məzmunlu satirik şeirlərində amansızlıqla müasiri olduğu cəmiyyətin çatışmazlıqlarına gülürdü”. M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan ədəbiyyatı”. Paris, 1936- cı il,səh.10-11


Nəcəf bəy Vəzirov (1854-1926)

 “Vəzirli Nəcəf bəyin simasında Azərbaycan ədəbiyyatı ilə səhnəsi Mirzə Fətəlidən sonra gələn çox mühüm bir nümayəndəsini itirdi. Bütün əsərlərində millət eşqini, xalqa qulluq etmək zövqünü, azadlıq və istiqlal fikirlərini tərənnüm edən bu yazıçı üçün, qısa bir müddətdə olsa da, istiqlal və azadlığa qovuşan vətənini təkrar əsirlik və istila altında buraxıb ölmək qədər bir faciə təsəvvür oluna bilməz. Vəzirli Nəcəf bəyin ölümü öz qəhrəmanı Fəxrəddinin ölümünə nə qədər bənzər!..” “Qafqasya” jurnalı, oktyabr 1952-ci il, N1,səh.7


Cəlil Məmmədquluzadə (1869-1932)

 “Heç kim bizim müasir ədəbiyyatın birinci dövrünün ədəbiyyatçılarının etdiyi kimi, yaşadığı əsrin orta əsrlərdən qalma qaydalarını belə güclü və aşkarlıqla tənqid etməmişdi. Bu tənqid təsvir etdiyimiz mərhələnin sonunda satirik “Molla Nəsrəddin” jurnalının və onun istedadlı redaktoru Cəlil Məmmədquluzadənin simasında özünün yüksək zirvəsinə çatır. Məmmədquluzadənin böyük səs-küyə səbəb olan “Ölülər” pyesi (doğrudur, ikinci dövrə aid olan yazılar) bizim tənqidi ədəbiyyatın ən məşhurudur və müəllif burada özünəməxsus kəskinliklə orta əsr nadanlığının, özündən arxayınlığının, quruluğunun bütün saxta mahiyyətini açıb göstərir, geridə qalmış ruhaniliyin şarlatanlığına və şeyxlərin müxtəlif yalanlarına, xalqın geridə qalmağından öz məqsədləri üçün istifadə etməsinə gülür”. M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan ədəbiyyatı”. Paris, 1936-cı il, səh.9


Hüseyn Cavid (1882-1941)

“Şeyx Sənan” müəllifi Hüseyn Cavid Azərbaycanın sovetləşdirilməsindən sonra bir çox mənzumələr yazır. Bunlardan mənsur “Topal Teymur” ilə mənzum “Peyğəmbər” sovet rəhbərlərini çox məşğul edir. Şairin bu iki əsəri oxucularda olduqca dərin təsir buraxır. Öncə oynanmasına icazə verilən “Topal Teymur” tamaşaçıları həyəcana gətirir. Dövlət teatrında pyes bir neçə dəfə oynanır. Əhali türklüyün ümumi qəhrəman tipi Teymurləngdən fövqəladə dərəcədə məmnun və coşqun olur. Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini qadağan etdilər. “Sovet çörəyini yediyi halda tarixin panturanist tiplərini idealizə etməyə cəsarət edən” şairə qarşı sovet tənqidçiləri atəş püskürürdülər. “Topal Teymur” müəllifinə hiddətlənmiş hökumətin şiddətli cəzalarına qatlanmaq lazım gəlir. Onu sıxışdırırlar, qəzet sütunlarında tənqid edirlər”. M.Ə.Rəsulzadə. “Çağdaş Azərbaycan ədəbiyyatı” mövzusunda Ankara Xalq evində oxuduğu mühazirədən. 1949-cu il. M.Ə.Rəsulzadə. “Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi”. B., 1991,səh.62


Cəfər Cabbarlı (1899-1934)

 “O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır”. “Çağdaş Azərbaycan ədəbiyyatı” mövzusunda Ankara Xalq evində oxuduğu mühazirədən. 1949-cu il. M.Ə.Rəsulzadə. “Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı. Çağdaş Azərbaycan tarixi”. B., 1999, səh.72.


Seyid Məhəmməd Hüseyn Şəhriyar (1905-1988)

 “Ədəbi bir hadisənin bəlgəsini təşkil edən gözəl bir şeir kitabı masamızın üstündədir. “Heydər babaya salam” başlığını daşıyan bu mənzumə Təbriz poçtasının bizə bir sürprizidir. Şeir və sənətdən anlayan zövq sahibi bir ədəbiyyatçının, nəfis və orijinal bir sənət əsəri olan bu mənzuməni ədəbi bir hadisə deyə təqdirdə bizimlə bərabər olacağına qaneyiz. Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası 209 Məzmun baxımından gerçək bir şeir olan bu əsər, şəkil baxımından da incə bir zövqün məhsuludur. Bir nəqqaş, bir həkkak, bir də həttaf tərəfindən etina ilə hazırlanan, yerli bir mətbəənin özəl diqqəti ilə, gözəl bir tərzdə, yaxşı kağız üzərində rəsmli olaraq basdırılan bu 80 səhifəlik kitab naşirlərinin təbiriylə, təbrizli sənətkarların sevən əlləriylə bağlanmış “güldəstə” bir dəməddir. Mənzumə mənşə etibarı ilə azərbaycanlı bir şair tərəfindən “məhəlli Azərbaycan ləhcəsiylə” yazılmışdır. Şəhriyar taxma adını daşıyan şairin əsl adı Seyid Məhəmməd Hüseyndir. Təbriz bölgəsində Heydər Baba dağının ətəyində axan bir çayın kənarında məşhur Qaraçimən ovası ilə Hüsgünab kəndi arasında, dağa nazir Qara-Qurşaq kəndində doğulan M.H.Şəhriyar çağdaş İran şeirinin ən sevimli və tanınmış bir simasıdır. Ədəbiyyatçılardan bir qismi özünü zamanın Sədisi, Hafizi və Nizamisi sayarlar. “Çölhayi Rengarəng” (Çeşidli Güllər) adlı bu ədəbiyyat dərgisində “böyük sənətkar” sifətiylə anılan Şəhriyar yalnız İranın deyil, bütün Şərqin də mədari iftixari bir şair” – deyə öyülməkdədir. Bu günə qədər əsərlərini yalnız farsca yazan Şəhriyarın “Heydər baba”sı Azərbaycanca yazdığı ilk şeir təcrübəsidir”. M.Ə.Rəsulzadə. “Ədəbi bir hadisə”,. “Azərbaycan” jurnalı, 1955, sayı 4-5 (40-41) il – ,səh.2-3.


Almas İldırım (1907-1952)

 “Nəhayət, artıq sitat gətirdiyimiz, Azərbaycanın yeni şairi, bir müddət əvvəl bolşevik rejimindən qaçmış Almas İldırım Azərbaycanı Qafqazdan ayrı düşünmür. O “nadir bir qiymətli cənnəti İrandan, Hindistandan, Əfqanıstandan, Çindən yox, məhz Qafqazdan” tapmışdır. Və bu “Şamilin Qafqazıdır!” Kaş ki, o da onun kimi mübarizə apara biləydi! Göylərə ucalan və azadlıqla nəfəs alıb mübarizəyə səsləyən bu dağları olan Qafqazı o, heç nəyə, heç bir kommunistlərin dünya inqilabına, mələklərin cənnətinə dəyişməz!” Onun bu mövzuda Nəsiman Yaqublu 210 olan şerlərini artıq sitat gətirmişəm. Düşünürəm ki, onların təkrarından biz ancaq qazanırıq: “Mənə deyirlər: unut Vətəni, əvəzində yeni Dünya alarsan! Cavab verirəm: mənim sevgimi, mənim hüququmu, mənim Vətənimi verin!” M.Ə.Rəsulzadə. “ Çağdaş Azərbaycan ədəbiyyatı”. Paris, 1936-cı i,səh.28-29 Qeyd: A.İldırımın bu şeiri sətri tərcümədə verilib.



<<  Geri