E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

ŞƏHİD AİLƏLƏRİNƏ, MÜHARİBƏ ƏLİLLƏRİNƏ MƏNZİLLƏRİN

VƏ AVTOMOBİLLƏRİN TƏQDİM OLUNMASI MƏRASİMİ


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər. Bu dəfə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub.

 Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına və birinci xanıma buradakı yaşayış kompleksləri barədə məlumat verdi. Bildirildi ki, birinci kompleksdə 1890, ikinci kompleksdə isə 1152 mənzil var. Hər 2 kompleks bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Kompleksin ərazisində 280 yerlik uşaq bağçası da inşa olunub. Gələcəyimiz olan uşaqların xoşbəxt böyüməsi, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olması işinə Azərbaycan dövləti daim xüsusi diqqət göstərir. Bu kompleksdə belə müasir bağçanın istifadəyə verilməsi burada yaşayanların övladlarının asudə vaxtlarının səmərəli təşkil edilməsində böyük rol oynayır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva uşaq bağçasında yaradılan şəraitlə və qazilərə verilən yüksək texnologiyalı protezlər və əlilliyi olan şəxslərin əl işlərinə də baxdılar. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvləri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanları ilə görüşdülər.

 

<< Geri