E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

PENSİYA YAŞINA ÇATMIŞ ŞƏXSLƏR ÜÇÜN

SOSİAL XİDMƏT MÜƏSSİSƏSİNƏ ZİYARƏTİ


Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olublar. Mehriban Əliyeva əvvəlcə burada sağlamlığı məhdud insanların yaşayışı ilə maraqlanıb, onlarla söhbət edib. Müəssisə sakinləri ilə görüşdə ahıl insanlar dövlətin onlara diqqət və qayğısından razılıqlarını bildiriblər, rahat yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıblar. Qeyd olunub ki, müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var. Burada yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur. Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 235 nəfər yaşayır.

 

<< Geri