Azərbaycanda bütün dövrlərdə uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti ilə əhatə olunması istər dövlətin, istərsə də cəmiyyətin qarşısında dayanan mühüm vəzifələrdən biri olub. Ölkəmizdə həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam, savadlı, vətənpərvər böyümələri, firavan yaşamaları üçün hər bir şərait yaratmağa çalışırlır. Hazırda respublikada iki milyon altı yüz mindən çox uşaq var, bu, ölkə əhalisinin dörddə birindən bir qədər artıqdır.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi və daha da gücləndirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub.
Mehriban Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. Vacib layihələr çərçivəsində körpələr evləri, bağçalar və internat məktəbləri əsaslı təmir olunur, yeniləri inşa olunur. Fond ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud və fərqli sindromlu uşaqların cəmiyyətə inteqrasiya etməsi üçün mühüm işlər görür. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.