E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 YÜKSƏK TEXNOLOGİYALI PROTEZLƏRLƏ TƏMİN OLUNAN HƏRBÇİLƏRLƏ GÖRÜŞ


Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlayıb. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini həyata keçirib. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib, onlara fərdi yanaşma tətbiq olunub. Belə ki, Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri təhlil edilərək hərbçilərimiz üçün uyğun, müasir protez istehsalçıları olan qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib. Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq 2018-ci və 2019-cu illərdə daha bir qrup Qarabağ müharibəsi əlili Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək texnologiyalı protezlərlə təmin olunub. Ümumilikdə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq aktiv həyata qayıdaraq əmək fəaliyyətini davam etdirir.

 

<< Geri