E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

QARADAĞ RAYONUNDA MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN

KEÇİRİLMİŞ HUMANİTAR TİBBİ AKSİYA


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksində humanitar tibbi aksiya keçirilib. Tədbir iki gün davam edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Türkiyənin “Dünyagöz” xəstəxanalar qrupunun Bakı təmsilçiliyinin təşkil etdiyi aksiyada 300-ə yaxın məcburi köçkünün ödənişsiz oftalmoloji müayinəsi aparılıb.

Humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların görmə ilə bağlı problemlərini aşkar etmək və həllinə kömək göstərmək olub. Müayinəni xəstəxananın müxtəlif oftalmoloji xəstəliklər üzrə ixtisaslaşmış tibbi heyəti aparıb. Görmə qabiliyyətində problem aşkar edilənlərə müvafiq müalicə təyin olunub. Onlardan bəzilərinə eynək yazılıb.

 Aksiya məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Onlar humanitar aksiyaların keçirilməsinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Humanitar aksiyaların məcburi köçkünlər yaşayan digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub..

 

<< Geri