|
Tiflisdə ev-muzeyi
M.F.Axundzadənin ev-muzeyi adlanan bu mədəniyyət ocağı Gürcüstanda yaşayan soydaşlarımızın tez-tez toplaşdıqları yerdir. Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi burada yerləşir. Bir vaxtlar musiqi alətləri muzeyi olan binada 1983-cü ildə M.F.Axundzadənin ev-muzeyi açılmışdır. 2007-ci ilin əvvəlindən hər iki ad ləğv olunaraq - M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi kimi fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyi dahi mütəfəkkirin Tbilisidəki ev-muzeyini alıb. Bu barədə ARDNŞ-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov məlumat verib. Onun sözlərinə görə, iki mərtəbəli binanın üç mərtəbəli edilməsi nəzərdə tutulub. Yeni təmir edilmiş ev-muzeydə həm rəsm qalereyası olacaq, həm də burada xalq sənəti olan xalçaçılıq inkişaf etdiriləcək, dərnəklər açılacaq. Burada Azərbaycanın turizm mədəniyyətini təbliğ edən bir qurum da fəaliyyət göstərəcək. Eyni zamanda həmin evin aşağı mərtəbəsində Azərbaycan milli xörəklərini təqdim edən bir restoranın açılması da nəzərdə tutulur. Hazırda daxili interyerin təmiri gedir. |
|
|