Azərbaycan xalqının milli dirçəliş dövrünə qədəm
qoyması, dövlət və dövlətçilik dəyərlərinin
formalaşması, milli şüurun oyanışı və özünüdərk
prosesində milli mətbuatın rolu böyük və
əvəzolunmazdır.
Azərbaycanın mətbuat tarixi Həsən bəy Zərdabinin
1875-ci ildə yaratdığı “Əkinçi” qəzetinın nəşri ilə
başlamış və qəzetin ilk sayının işıq üzü gördüyü gün
− 22 İyul hazırda Azərbaycanda Milli Mətbuat və
Jurnalistika Günü kimi qeyd olunur.
“Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda
doğurmuşdu. Qəzetin fəaliyyəti Azərbaycanda
maarifçiliyin əsasını möhkəmləndirmiş, millətin yeni
qələm sahiblərinin − təfəkkürlü ziyalıların, neçə-neçə
jurnalist nəslinin yetişməsində böyük tarixi
xidmətlər göstərmişdir. “Əkinçi”, eyni zamanda,
qadın azadlığı və qadın təhsili məsələlərini təbliğ
etmiş, dini mövhumata, xurafata və cəhalətə qarşı
kəskin çıxışlar etmiş, dövrünün ictimai-siyasi,
eləcə də bədii düşüncənin inkişafına böyük təkan
vermişdir. Ən əsası da bütün bu ictimai azadlıq
ideyaları milli dilimizdə − Azərbaycan dilində
reallaşdırılmışdır.
Beləliklə, maariflənmə, müasirləşmə, ümummilli
məqsədlərin təbliği, bəşəri dəyərlərin milli
ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə
yaxınlaşdırılması, hadisələrin obyektiv
işıqlandırılması ilə “Əkinçi” özündən sonra bir sıra
mətbu nəşrlərə cığır açmışdır.
1880-1891-ci illər arasında Cəlal Ünsüzadənin
rəhbərliyi ilə çap olunmuş “Kəşkül” qəzeti, əsasən,
Şərq despotizminin, geriliyin əlehyinə çıxmış,
mədəni inkişafı təbliğ etmışdır.
1881-1919-cu illərdə Bakıda rus dilində işıq üzü
görən “Kaspi” qəzetinin əsas məqsədi milli mənlik
şüurunun formalaşmasına yönəlik təhlillərin
aparılması olmuşdur. Burada Azərbaycanın Avropaya,
bütövlüklə dünya birliyinə inteqrasiyasının etibarlı
əsaslar üzərində qurulması, XIX əsrin sonları XX
əsrin əvvəllərində ölkədə siyasi dərnəklərin siyasi
partiyalara çevrilməsi və onların geniş ideya siyasi
fəaliyyətləri nəticəsində ictimai mədəni düşüncəyə
siyasi ab-havanın daxil olması kimi məsələlər təşviq
edilmişdir.
1903-cü ildə Avropa və Mərkəzi Rusiya qəzet və
jurnallarında fəaliyyət göstərən, jurnalistikanın
Qərb standartlarına kifayət qədər bələd olan
Məhəmməd ağa Şahtaxtlı “Şərqi-Rus” qəzetinin çapına
nail olmuşdur. Tiflisdə fəaliyyətə başlayan,
ictimai-siyasi, iqtisadi, elmi, ədəbi mövzulara yer
verən qəzet ətrafına Mirzə Ələkbər Sabir, Cəlil
Məmmədquluzadə, Abbas Səhhət, Ömər Faiq Nemanzadə,
Firudin Köçərli, Məmməd Səid Ordubadi, Hüseyn Cavid,
Əliqulu Qəmküsar, Əli Nəzmi kimi maarifçiləri
toplamaqla yeni nəsil jurnalistləri yetişdirmişdir.
“Şərqi-Rus”da çalışdığı müddətdə peşəkar jurnalist
kimi yetişən Cəlil Məmmədquluzadə 1906-cı il aprel
ayının 7-də Tiflisdə işıq üzü görən “Molla Nəsrəddin”
jurnalı ilə milli mətbuatın inkişafında əlamətdar
hadisəyə imza atmış və adını Azərbaycam mətbuat
tarixinə qızıl hərflərlə yazmışdır. 1918-ci ilədək
Tiflisdə nəşr edilən jurnal 1921-ci ildə Təbrizdə,
1921-1931-ci illərdə isə Bakıda çap olunmuşdur.
“Molla Nəsrəddin” jurnalı müstəmləkəçilik siyasətini,
cəhaləti, geriliyi, sosial ədalətsizliyi kəskin
tənqid etmiş, qısa bir zamanda oxucu dairəsini
genişləndirmiş, şöhrəti ilə Qafqazın hüdudlarını
aşaraq bütün Rusiyaya, Türk dünyasına, Yaxın və Orta
Şərqə yayılmışdır. Bütün təqib və təzyiqlərə
baxmayaraq, 25 il müddətində fəaliyyət göstərən
jurnalın nəşri müddətində formalaşan
“Mollanəsrəddinçilik” ictimai-ədəbi hərəkatı
Azərbaycan mətbuatının sonrakı inkişafına da böyük
təsir göstərmişdir
Rusiya İmperiyasının sərt senzurası ölkədə nəşr
olunan mətbuat orqanlarının sayının sürətlə
artmasına imkan verməsə də, ölkə ziyalıları ana
dilində qəzet və jurnalların nəşri istiqamətində
ciddi fəaliyyətlərini davam etdirmişlər. Əhməd bəy
Ağayevin, Əli bəy Hüseynzadənin, Əlimərdan bəy
Topçubaşovun, Nəcəf bəy Vəzirovun, Məhəmməd Əmin
Rəsulzadənin və başqalarının yaxından iştirakı və
rəhbərliyi ilə 1905-1918-ci illər ərzində nəşr
olunan “Həyat”, “İrşad”, “Tərəqqi”, “Füyuzat”, “İqbal”,
“Açıq söz” və s. qəzet və jurnal səhifələrində
millətin taleyüklü problemləri müzakirə edilmiş,
milli ideologiyanın, dövlətçilik təfəkkürünün
formalaşması, xalqın siyasi hüquqları, dövrün feodal
geriliyi, kəndlilərin ağır həyatı təsvir olunmuş,
mədəniyyət, ədəbiyyat, dil məsələlərinə diqqət
verilmişdir.
1917-ci ilin sonunda Rusiyada baş vermiş hərbi-siyasi
vəziyyət, Azərbaycan Xalq Cümhuriyyətinin elanı yeni
ruhlu mətbuat orqanlarının yaranması ilə
nəticələnmişdir. 1918-ci ilin mayın 28-də Şərqin ilk
demokratik respublikasının təməli qoyulmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə
xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi
üç ay yaşasa da, onun mətbuatın fəaliyyəti üçün
yaratdığı demokratik mühit, bərabər paritetlər, hər
kəsin məfkurə və özünüifadə azadlığının təmin
edilməsi təcrübəsi tarixdə gözəl nümunə kimi
qalmışdır. Həmin dövrdə söz və mətbuat azadlığını
təsbit edən bir sıra hüquqi sənədlər qəbul
edilmişdir. Xüsusilə də 1919-cu ilin oktyabr ayında
qəbul olunmuş “Mətbuat haqqında nizamnamə” sosial və
siyasi yönümündən asılı olmayaraq, bütün mətbu
nəşrlərin normal fəaliyyət göstərməsi üçün
demokratik şərait yaratmışdı.
Azərbaycanda 1920-ci ilin aprel işğalından sonra
formalaşmış sovet ideoloji sistemi dövrü mətbuata
təbliğat vasitəsi kimi yanaşmış və birpartiyalı
sistemdə yeni siyasi quruluşun üstünlüklərinin izah
olunması jurnalist fəaliyyətinin əsas vəzifəsi kimi
müəyyən edilmişdir. Sovet mətbuatı yarandığı ilk
günlərdən başlayaraq bütün dövrlərdə, o cümlədən
repressiya, İkinci Dünya müharibəsi və “soyuq
müharibə” illərində yalnız təbliğat aləti olaraq
qalmışdır. Sovet dövründə ideoloji kursa uyğun
olaraq, qəzet və jurnalların şəbəkəsi genişlənmiş,
ixtisaslaşmış mətbuat orqanları yaradılmış,
teleradio jurnalistikası təşəkkül tapmışdır.
Sovet hakimiyyəti dövründə Azərbaycan mətbuatı
sosialist realizmi prinsipləri əsasında fəaliyyət
göstərsə də, inkişafını davam etdirmişdir. İdeoloji
buxovların mövcudluğuna baxmayaraq, mətbuat
orqanlarının milli özünüdərkin formalaşmasında böyük
rolu olmuşdur.
XX əsrin 80-ci illərin sonunda SSRİ-də
ictimai-siyasi həyatın demokratikləşdirilməsi
nəticəsində Azərbaycanda başlanmış siyasi oyanış,
Ermənistanın təcavüzkar siyasətinə etiraz ümumxalq
hərəkatına çevrilmişdir. Ölkənin ən ağır günlərində
meydana çıxan “Azərbaycan”, “Aydınlıq”, “Yeni fikir”,
“Meydan”, “Azadlıq”, “Səhər”, “Odlar Yurdu”, “Gənclik”,
“Xəzər” və s. kimi rəsmi təbliğata alternativ olan
qə¬zet¬ və jurnallar qadağaları sındırmağa,
cəmiyyətin obyektiv informasiya təminatını həyata
keçirməyə çalışmışlar.
Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən
sonra respublikada yeni qəzet və jurnallar çap
olunmağa başlamışdır. Bu nəşrlər özünün yeniləşmə və
dirçəliş cizgiləri ilə əvvəlki nəşrlərdən kəskin
şəkildə fərqlənmişlər. İnformasiya məkanının
genişlənməsi jurnalistikada yeni tendensiyaların,
nəşrlərin və radio-televiziya kanallarının müxtəlif
tiplərinin yaranmasına səbəb olmuşdur. |